Azərbaycanda 37-ci il meylləri: Atalar oğullarından niyə imtina edir?

14-09-2015, 06:03
0
Azərbaycanda 37-ci il meylləri: Atalar oğullarından niyə imtina edir?
Image copyrightFacebook pageImage captionHollandiyada mühacirətdə olan Rəsul Mürsəlovdan 7 qohumu, o cümlədən 5 yaşlı bacısı qızı da "imtina edib"

Öz övladlarından imtina edən ailələr, hökuməti tənqid edənlərin yaxınlarına həbs cəzası... Bu, Stalin repressiyaları illərində yox, son həftələrdə Azərbaycanda baş verənlərdir.

Hazırda Hollandiyada mühacirətdə olan müxalifətçi Rəsul Mürsəlovun ailəsi bildirib ki, oğlunun siyasi fəaliyyətinə görə ondan imtina edirlər.

Bu bəyanat, təkcə avqustun əvvəlində tənqidçi Meydan TV rəhbəri Emin Millinin qohumlarının ondan imtina ərizəsini yada salmayıb, həmçinin ölkədə vəziyyətin pisləşdiyini deyən insan haqları müdafiəçilərini təşvişə salıb.

Hərçənd məsələni təhlil edən hakimiyyətyönlülər düşünür ki, bu yolla Azərbaycan hakimiyyətindən "bədbin, kəskin və sərt" bir obraz düzəltməyə çalışanlar var.

İmtina müraciəti

Çərşənbə günü Rəsul Mürsəlovun atasının adından Facebook sosial şəbəkəsində paylaşılan imtina bəyanatında deyilir ki, onlar oğullarına görə məsuliyyət daşımır.

"Rəsul Mürsəlovun siyasi fəaliyyətindən dolayı ondan imtina etdiyimizi bəyan edirik. Bu gündən etibarən biz Rəsul Mürsəlovla heç bir əlaqə saxlamayacağımızı və onu tanımadığımızı bildiririk".

60 yaşlı Maarif Mürsəlli BBC Azərbaycancaya bildirib ki, ailəsi "incidildiyi" üçün oğuldan imtina ərizəsi yazıblar.

"O Hollandiyada, biz burada. Dövlət qurumlarından narahat edirlər, tək məni yox, bütün qohumları. Ona görə yazmışam ki imtina edirəm, yoxdu belə oğlum".

Zaqatala şəhərində yaşayan ata əlavə edir ki, oğlunun yazılarına görə, evinə gah mülki və ya polis geyimində müxtəlif şəxslər gəlir, gah da polis idarəsinə çağrılırlar.

"Heç kim uşağından, oğlundan bezməyib, amma məcbur edirlər ki mən daha imtina edim. Onsuz da onu bu ölkəyə buraxmırlar. Bu ölkəni tərk edibsə, demək, məni də tərk edib. Məcbur etməyin ki, mən də qaçım".

Ailə, həmçinin fəalın evin qeydiyyatından və ailənin adından çıxarılmasını xahiş edib.

Müraciətə fəalın atası ilə yanaşı, anası Sənubər Mürsəlova, bacısı Samirə Mürsəlova, 5 yaşlı bacısı qızı Yasmina Fətəliyeva, xalası Sima Dəmirova və qohumları Rəhman Məmmədov və Rəhman Abdullayev qoşulub.

Sənəd Prezident Administrasiyası, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və Ombudsman Aparatına göndərilib.

"Ağzına skoç vurum?"

Əvvəllər Azərbaycan Demokrat Partiyası, daha sonra Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olan 30 yaşlı Rəsul Mürsəlov 2012-ci il iyulun 12-də Balakəndə Gürcüstana keçərkən saxlanılıb.

Sərhəddi qanunsuz keçməkdə ittiham edilən fəal 1 il 6 ay azadlıqdan məhrum edilib.

2014-cü ilin yanvarında həbs müddəti bitən fəal barədə "dövlətə xəyanət" və "dələduzluq" maddələri ilə cinayət işi açılıb. Həmin vaxt o Gürcüstana gedib və sonradan Hollandiyada sığınacaq alıb.

Rəsul Mürsəlov hazırda tez-tez höküməti tənqid edən bloqpostlar və köşə yazıları yazır.

Maarif Mürsəlov oğlunun həmin vaxt "qanunsuz" həbs edildiyini deyir.

"Mən uşağı 18 yaşına kimi tərbiyələndirib əsgər göndərmişəm. Gələndən sonra dövlət onu pozub, mən pozmamışam".

Oğlunun azadlıq çağırışlarıyla bağlı cənab Mürsəlov qeyd edib ki, oğlu gördüyünü söyləyir.

"Mən nə deyə bilərəm? Uşağın ağzına skoç vurası deyiləm ki? Burada olsa deyərəm, əşi, camaat necə sən də elə".

Bəyanatı barədə heç bir rəsmi cavab almayan ata indi "həbs ediləcəyini" ehtimal edir.

Emin Milli

Avqustun əvvəlində müxalif meylli Meydan TV-nin rəhbəri Emin Millinin 23 qohumu Prezidentə məktub yazaraq, ondan imtina etdiklərini bildirib.

Image captionMeydan TV rəhbəri Emin Millinin 23 qohumu ondan "imtina edib"

Həmin vaxt mediada çap edilən bəyanatı hökümət rəsmiləri təsdiqləməsə də, Emin Milli əmisi oğlu həbs edildiyi üçün qohumlarının imtina müraciəti yazdığını qeyd edib.

Bundan başqa, iyulun sonunda Emin Millinin qaynı da Nazim Ağabəyov narkotik ittihamı ilə həbs olunub. Onun barəsində iki aylıq həbsqətimkan tədbiri seçilib.

Emin Milli həm qohumlarının imtina ərizəsi və həbsi, həm də Meydan TV ilə əməkdaşlıq edən jurnalistlərin Baş Prokurorluqda dindirilməsini "azad mediaya qarşı təzyiq, azad sözün boğulmasına cəhd" adlandırır.

"Jurnalistlərin valideynlərini rayonlarda polis şöbələrinə çağırırlar, onlara pul, iş yerləri təklif edirlər, qohumlarını işdən çıxarırlar. Başqa tərəfdən jurnalistləri Baş Prokurorluğun Ağır Cinayətlərə dair şöbəsinə çağırırlar", Emin Milli BBC Azərbaycancaya deyib.

"Stalinizmi diriltmə cəhdi"

Sentyabrın 2-dən bəri Meydan TV ilə əməkdaşlıq edən ən azı 5 jurnalist Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində dindirilib.

Cənab Milli qeyd edir ki, həmin şöbəyə çağrılan digər jurnalistlər, o cümlədən Xədicə İsmayıl və hüquq müdafiəçiləri hazırda 7-8 il həbs cəzası alıb, "ora çağrılmağın özü də çox ciddi bir təzyiq mexanizmidir", Milli əlavə edir.

"Bu yaxınlarda ən yüksək səviyyədə, nazir müavini səviyyəsində insanları çağırıb deyiblər ki, qohumlarınıza deyin ki, Meydan TV ilə əməkdaşlıq etməsinlər, yoxsa sizin hamınızı, qohumlarınızı işdən çıxaracağıq".

Milli sual edir: "mən anlaya bilmirəm ki, özlərinin dediyi kimi, güclü bir dövlət bir neçə yazarın könüllü əsaslarla bir saytla əməkdaşlığına niyə belə qısqanclıqla yanaşır?"

İyulun sonunda isə Fransada mühacirət həyatı yaşayan Azadlıq qəzetinin baş redaktoru və Azərbaycan saatı proqramının rəhbəri Qənimət Zahid 3 qohumunun həbs edildiyini bildirib.

Qənimət Zahid vurğulayıb ki, qohumlarının həbsi onun jurnalist fəaliyyəti ilə əlaqədardır.

Baş verənləri "stanilizmi 21-ci əsrdə diriltmək cəhdinə" oxşadan siyasi təhlilçi Ərəstun Oruclu imtina ərizələrini və həbsləri "təhlükəli tendensiya" sayır.

"Hakimiyyət bir-bir, nəyin bahasına olursa-olsun ölkədə hərəkəti susdurmağa, hətta ölkədən çıxmış adamların ailələrini belə hədələməklə, hədəfə gətirməklə geri çəkilməyə məcbur eləmək istəyindədir".

Siyasi təhlilçi qeyd edir ki, bu addımlar, təkcə hakimiyyətlə xalq arasında "uçurumu dərinləşdirmir", həm də "alqışlanmır".

"Bu, artıq bütün qanunlardan, qaydalardan, ənənələrdən, hər bir şeydən kənara çıxan bir dalğadır", o əlavə edir.

"Necə atadır ki..."

Hökumətyönlü millət vəkili isə imtina bəyanatına birmənalı yanaşmır.

"Son dövrdə əvvəlcə övladların, sonra valideynlərin mühacirət etməsi üçün bu, çox əlverişli yollardan birinə çevrilib".

Cənab Oruc BBC Azərbaycancaya deyib ki, "bunu sizə təzyiq altında etdiyini söyləyənlər, başqa şəraitdə əksinə, bu onların öz istəyilə reallaşdığını, övladının bu cür həyat yolu tutmasının onları sarsıtdığını söyləyirlər".

Cənab Oruca görə, indi Azərbaycanın siyasi həyatı ilə bağlı "qara rənglər" həm də belə məsələlərdən doğur.

Onun sözlərinə görə, heç bir təzyiq qarşısında övladından təzyiq etməyənlər də var.

"Mən anlamıram, necə atadır ki, mülki və ya polis geyimlilər ona təzyiq edibdir və o övladından imtina edibsə, başqa şəraitdə hər şeydən imtina edə bilər. Mən bilmirəm, təzyiq hansı xarakterlidir amma prinsiplər olmalıdır".

Bu baxımdan Zahid Oruc Azərbaycandakı vəziyyətin 37-ci illə müqayisəsiylə razılaşmır.

"37-ci ildə o adamlar minimum səviyyədə məsələlərdən bəhs edə bilmirdilər. Bizim gözlərimiz qarşısında iqtidara qarşı ən kəskin tənqidlər elə bu ölkədən söylənmirmi? Ən siyasi ekstremist Taliban təfəkkürlü şəxslər bu cəmiyyətdə mövcud deyilmi?".

Həmçinin oxuyun: Sovetsayağı repressiyalar Azərbaycana qayıdır

Deputat həmçinin əlavə edir ki, hakimiyyətlə normal münasibətlərə malik olduğunu deyənlər də mövcuddur.

"Düşünürəm ki bu məsələ ətrafında problemləri qarşıdurma ilə həll etmək olmayacaq", deyən deputat Azərbaycanda partiyaların ortaq mövqe axtarmalı olduğunu deyib.

Cümə axşamı Avropa Parlamenti qətnamə qəbul edərək, Azərbaycan hakimiyyətini öz siyasi opponentlərini sıxışdırmaqda ittiham edib və insanlara siyasi təqiblər edən rəsmilərə qarşı sanksiyaların tətbiq edilməsinə çağırıb.

BBC Azərbaycan

скачать dle 12.1
Xəbər lenti