“Bakıya qaçan erməni siyasətçi paytaxtımızla tanış olur” - Novella Cəfəroğlu

20-09-2015, 21:59
0
“Bakıya qaçan erməni siyasətçi paytaxtımızla tanış olur” - Novella Cəfəroğlu

Akif Nağı: “Ermənilərin yenidən Bakıya qayıdışına göz yummaq olmaz” 

 

 Xəbər verildiyi kimi, sentyabrın 17-də ailəsi ilə birlikdə Azərbaycana qaçan Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan rəsmi Bakıdan siyasi sığınacaq istəyib.  Vaan Martirosyan 18 sentyabr tarixində Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib ki,  rəhbərlik etdiyi təşkilatı Sərkisyan hakimiyyətinə qarşı müxalif fəaliyyəti səbəbindən Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb. Bu səbəbdən də, o, özünün və ailəsinin təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq, Azərbaycana gəlib.
Məsələ ilə əlaqədar Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Yeni Müsavat”a açıqlamasında öz narazılığını bildirib. Akif Nağı söyləyib ki, QAT ənənəvi mövqeyinə sadiq qalaraq, hər hansı erməninin Azərbaycana gətirilməsinin, onlara xoş münasibət göstərilməsinin əleyhinədir:
“Ermənilər hər zaman Azərbaycana və azərbaycanlılara qarşı xəyanət mövqeyində olublar. Onlardan yaxşı nə isə gözləmək olmaz. Onun Bakıya gəlişi göstərdi ki, Ermənistanda vəziyyət həddindən artıq ağırdır. Sadəcə olaraq, digər ermənilər qaçmağa yer tapmadıqları üçün oradadırlar. Avropa və Rusiya onları qəbul etmir. Buna görə də məcbur qalıb Azərbaycana üz tuturlar. Eyni zamanda, qorxurlar ki, Ermənistan hakimiyyəti onları Avropada da, Rusiyada da ələ keçirə bilər. Qeyd etdiyim kimi, biz hər hansı bir erməninin Bakıya gəlməsinin əleyhinəyik. Azərbaycana qarşı törədilmiş işğal, terror və saxta təbliğata görə hər bir erməni məsuliyyət daşıyır. Ermənilər 200 il bundan əvvəl yaşadıqları ölkələrin - İran və Türkiyə  - hökumətlərinə xəyanət etdilər, ona görə də həmin ölkələri tərk etməli oldular. Onları qəbul edən, sığınacaq verən biz olduq, Qarabağ, İrəvan, Zəngəzur, Göyçə və digər gözəl bölgələrimizdə yerləşdirdik. Cavabında isə xəyanət, torpaq iddiası, təcavüzə məruz qaldıq. Vaxtı ilə Azərbaycanın sabiq rəhbəri Əbdürrəhman Vəzirov sevinərək deyirdi ki, ermənilər qayıdırlar. İndi o cür halın yenidən yaranmasını istəmirik. Hesab edirəm ki, bu  beynəlxalq təşkilatlara mesaj olmalıdır.  Onlara nümayiş etdirilməlidir ki, Ermənistandakı rejim işğalçı və zorakı rejimdir.  Bu hadisə beynəlxalq təşkilatlara təsir etməli, onların gözünü, nəhayət ki, açmalıdır. Ermənistan rejimi o qədər həyasızlaşıb ki, öz vətəndaşlarını da məhv etmək, onlara zülm etməkdən çəkinmir. İnsanlar zülmün əlindən hətta düşmən ölkəyə qaçmaq məcburiyyətində qalıblar. Bu beynəlxalq təşkilatlar üçün ciddi bir siqnaldır. Beynəlxalq təşkilatlar bu hadisədən ciddi nəticələr çıxarmalı,  Ermənistan rejiminin işğalçı, təcavüzkar, terrorçu, həmçinin antidemokratik fəaliyyəti ilə bağlı təcili və təsirli qərarlar qəbul etməli, addımlar atmalıdır. Eyni zamanda ermənilərin  Azərbaycana gəlişinin kütləvi hal almasına imkan verilməməlidir”. 
Akif Nağı bildirib ki, Bakıya gələn erməni ailəsi ilə görüşməyi düşünmür:
“Ümumiyyətlə, mən erməni görəndə əsəbiləşirəm. Ona görə də mümkün deyil ki, hansısa erməni ilə görüşəm, salamlaşam. Onlar bizim düşmənimizdir və mövqeyimiz də onlara qarşı birmənalı, dəyişməzdir”.
Vaan Martirosyanın Azərbaycandan sığınacaq alması üçün kömək etməyi xahiş etdiyi hüquq müdafiəçisi Novella Cəfəroğlu isə “Yeni Müsavat”a erməni ailənin hazırkı vəziyyətindən danışıb: “Onların vəziyyəti yaxşıdır. Bakını çıxıb gəzirlər, tanış olurlar.  Hər şeydən razıdırlar”.
 
Hüquq müdafiəçisindən erməni ailəsinin harada qaldıqlarını da soruşduq. O isə bildirdi ki, bu barədə məlumat verə bilməz.
Əli Rais, musavat.org
скачать dle 12.1
Xəbər lenti