Qərbdən bizə gələn zir-zibil: “qatil” realiti-şouları...

6-10-2015, 23:32
0
Qərbdən bizə gələn zir-zibil: “qatil” realiti-şouları...

 Məmməd Süleymanovun yazısını təqdim edir.

Qatil olmağa hazırlaşan 26 yaşlı amerikalı gənc saytlardan birində tədris müəssisəsinə silahlı hücum edərək bacardıqca çox tələbəni öldürmək istədiyini yazır. Cəmisi bir nəfər onu bu fikrindən daşındırmaq istəyir, yerdə qalanlar isə ona silah seçimində məsləhətlərini verirlər.

Səhəri gün - oktyabrın 1-də o, Oreqon ştatının Rouzburq şəhərindəki kollecə hücum edir, 4 pistoletdən atəş açaraq 10 nəfəri qətlə yetirir, 7 nəfəri də yaralayır.

Saytdakı yazışmalarında o, qətlam törətmək istəyini bu motivlə əsaslandırmağa çalışır:"Bu, mənim xəbərlərin qəhrəmanına çevrilmək üçün yeganə şansımdır".

Sonra isə Rocer Elliotun xatirəsini yad edərək "Gözəl bir gün olacaq" yazır. Rocer Elliot ötən il Kaliforniya universitetində 6 tələbəni öldürən şəxsdir.

Təhrifli özünütəsdiq, informasiyaya çevrilmək maniyası, məşhurlaşmaq yanğısı - budur qətliamın motivi. Və qatil bilir - mütləq ondan danışacaqlar. Mətbuat bu tip qatilləri həm yetişdirir, həm də məşhur edir. Qüsurlu dövrə bu cür qapanır.

***

Məktəblərin (orta və ali) qatillər üçün ov yeri olması epopeyası ötən əsrin son illərində başladı. 1999-cu il, aprelin 20-də 17 və 18 yaşlı 2 gənc ABŞ-da Kolumbayn orta məktəbində 15 şagirdi öldürdü və 19-nu yaraladı.

Bu haqda Maykl Mur ABŞ sistemini pisləyən "Kolumbayn üçün boulinq" sənədli filmini çəkdi. Və nə qəribə ki, sonrakı illərdə ABŞ-da Kolumbayn fanatlarının hadisənin ildönümlərinə təyin etdiyi bir neçə məktəbli qətliamı baş verdi, ya da qarşısı alındı. Mənfur insident yoluxdurucu oldu.

Qurbanlarının sayına görə isə "məktəb qətliamları" arasında ilk yeri Virciniya Texnoloji Universitetindəki (yenə ABŞ) qanlı olay tutur. 2007-ci il, aprelin 16-da (yenə də Kolumbaynın ildönümü ərəfəsində) əslən Cənubi Koreyadan olan 23 yaşlı Ço Sın Xi 32 şagird və müəllimi qətlə yetirdi.

O, ilk qətli universitetin yataqxanasında törətdi. Bundan sonra hələ 2 saat oturub məktub yazdı, videoməktubu NBC telekanalına yolladı, sonra 800 metr məsafədəki dərs korpusuna getdi.

Bunlar onun soyuq ağılla və məqsədyönlü şəkildə hərəkət etdiyinin sübutlarıdır. O, əvvəldən planlaşdırmışdı - bacardıqca daha çox adamı qətlə yetirmək.

Dərs korpusunda o, daha 30 nəfəri öldürdü və 40-a qədərini yaraladı. Sonra da gülləni başına çaxdı.

NBC kanalına göndərilən məktubun yalnız bir hissəsi açıqlandı. Serial qatil orada yazmışdı: "Sizə "Mercedes"lər, qızıl zəncirlər, kapital, araq və konyakınız, əyləncələriniz azlıq edirdi, it uşaqları. Bunlar sizə yetmirdi... Mən İsa peyğəmbər kimi ölürəm ki, zəiflər və müdafiəsizlər üçün nümunə olum..."

İsus Xristos 33 il yaşayıb. Qatilin əməlləri də 33 ölü ilə nəticələndi (özünü də saymaqla) - nə bir nəfər az, nə bir nəfər çox. Deməli, o, heç də affekt vəziyyətində olmayıb, planlı və soyuqqanlı hərəkət edib. Motiv isə - məşhurlaşmaq. İsus Xristos kimi...

Ümumiyyətlə, bu tip qətllər ABŞ-da mütəmadi təkrarlanır. Oreqon ştatındakı son qətlamdan sonra rəqəmlər açıqlandı: ABŞ-da son 3 ildə məktəblərə 142 dəfə silahlı hücum olub.

Barak Obama isə söylədi: "Biz dünyanın yeganə ölkəsiyik ki, kütləvi qətllər hər bir neçə aydan təkrarlanıb. Və bu, adiləşib!"

Buna baxmayaraq silah satışını məhdudlaşdırmaq üçün ABŞ-ın heç bir prezidenti cəhd belə göstərmir.

Əlbəttə, fərqli düşüncə də ortaya qoymaq olar: odlu silah olmasa, balta ilə, bıçaqla, lap avtomobillə basıb öldürəcəklər. Çünki söhbət ümumilikdə vətəndaşların nevrotik və psixoloji vəziyyətindən gedir. Aqressiya yetərincə yüksəkdədir, "15 dəqiqəlik məşhurluğ"u isə televiziya təmin edəcək.

***

Oxşar fəlakətlə biz də qarşılaşmışdıq - 2009-cu il, aprelin 30-da Neft Akademiyasındakı qanlı hadisəni xatırlayaq. Və bu dəfə də motivlər oxşar idi. Yəni fəlakətlərdə soyuq ağlınızı işə salıb normal məntiq axtarmayın - o, yoxdur.

Var Con Lennonun söylədiyi "15 dəqiqəlik məşhurluq" motivi. Bu motivi reallaşdırıb Lennonu öldürən Mark Çepmenin xəstə özünütəsdiqi və hadisələri bu axaradək gətirib çıxara bilmiş TV zombiləşdirməsi.

TV-nin buradakı rolu xüsusilə danılmazdır. Dünya telekanalları sanki bir-biri ilə bəhsə giriblər, onların efir vaxtı bayağı şoulardan və kriminal xəbərlərdən ibarətdir. Və bu, qlobal trenddir.

Serial qətllər də "superpopulyar"dır. ABŞ-da gah birisi bütün ailəsini güllələyir, başqası küçəyə çıxıb qabağına keçəni vurur, üçüncüsü kollec, ya universitetdə qırğın törədir...

Sonra bu dalğa Avropaya keçir - Almaniya, İngiltərə, hətta sakit Finlandiya... Və TV-lər böyük həvəslə bunları göstərir.

Aqressivliyi son həddinə çatmış dünyada hər cür psixopat ömürlərinin son 1-2 saatını insanlar üzərində necə hakim olduqlarını özlərinə sübut etmək üçün silaha sarılıb qətllər törədir - TV bəh-bəhlə bunu gecikmiş realiti-şouya çevirir.

Başqa bir psixopat bunu TV-də görüb özünütəsdiq üçün o da əlinə silah alır. Beləliklə, dinamik "qüsurlu dövrə", "lənət qanunu" işə düşür.

Əlbət, bu dəhşətləri qəzetlər də yazır, internet-saytlar da. Ancaq fərq böyük,  effekt fərqlidir. TV-də mənzərə, görüntü, kadrlar, aparıcının (ya səsləndirənin) sarsıntıdan daha çox maraqdan xəbər verən səs və emosiyaları var.

Qəzetdə isə bunlar yoxdur. Qəzetdə baş verənlərə şərh və münasibət, olanların analizi var. TV-də də bu yoxdur. Qəzet oxuyan azdır. TV-yə isə hamı baxır. Bu "TV yaddaşı"nı qəzet kağızı, ya intenet-saytla müqayisə etmək olmaz. Nəticələr fərqlidir.

Bayağı şou-proqramlar klassik mədəniyyəti yox etdiyi kimi, qətl süjet-görüntüləri ilə başlayan xəbər proqramları da formalaşmamış psixikanı əyir. Və aqressiv, zombiləşmiş psixopatlara özünütəsdiq nümunələri nümayiş etdirir.

Sanki bu cür: "Sən zəifsən, hörmətsizsən, heç kəs səni tanımır və səndən danışmır? İstəyirsən xəbərlər səndən bəhs etsin, mənasız personan mövzuya dönsün, adın çəkilsin, teleulduz olasan? Onda bu əclaflar kimi et!"

Və edirlər də. Burada təəccüblü nə var ki? Nə əkirlərsə, onu da biçirlər.

Cılız, xəstə, uğursuz fərdlərə özünütəsdiq və məşhurluq resepti verirlər. Mənfi reseptdir. Ancaq neyləsinlər - müsbət reseptləri yoxdur.

Budur baş verənlərə gətirib çıxaran yol. Və çoxdan məlumdur - TV-lər "işıqlandırmasa", teraktların əksəriyyəti baş verməzdi. Qatillər TV-ni sevir, TV-dən qidalanır. TV də onları sevir. Və birlikdə "qatil inkubatoru" adlı Məhdud Məsuliyyətli Cəmiyyətin aksiyaçıları olurlar.

TV insanlara göstərir - dərhal məşhur olmağın başqa bir yolu da var - gedib öldürürsən və informasiyaya çevrilərək ekrana çıxırsan. Düzdür, neqativ yoldur, özün də çox vaxt ölməlisən. Ancaq "oyun şamlara dəyir". Əvəzində telekanallar bir müddət səni və törətdiklərini göstərir. Vəssalam.

Qərb bütün zir-zibilini bizə də icrac edib.Odur ki, deməyin, 6 il əvvəl Bakıda o psixopatın əlinə silah verib kim Neft Akademiyasının binasına yolladı? Bunu hamı bir yerdə etdi - TV-nin zombiləşdirməsinə aludə olaraq...

скачать dle 12.1
Xəbər lenti