Paris terrorunun təşkilatçısı məhv edildi - FOTO
19-11-2015, 16:16
0
Paris terrorunun təşkilatçısı məhv edildi - FOTO
Parisdə baş vermiş terror aktlarının təşkilatçısı hesab olunan Əbdülhəmid Əbaud Parisin yaxınlığındakı Sen Deni rayonunda xüsusi əməliyyat zamanı məhv edilib.
Bu haqda RTL telekanalı Fransa kəşfiyyatının keçmiş əməkdaşı olan terror üzrə ekspert Klod Monikeyə istinadən xəbər verir. Onun sözlərinə görə, əməliyyat zamanı üç terrorçu məhv edilib ki, onlardan biri də Ə.Əbauddur.
Əbaudun öldürülməsi haqda, həmçinin, The Washington Post qəzeti də kəşfiyyatdan olan 2 mənbəyə istinadən yazır. Məlumat hələlik rəsmi təsdiqini tapmayıb. Fransa prokuroru Fransua Molens bircə onu qeyd edib ki, yaxalanan terrorçular arasında Əbaudun adı yoxdur.
Molens bildirib ki, Sen Denidə zərərsizləşdirilən terrorçular Fransada yeni terror aktları təşkil etməyi planlaşdırıblar. Fance 2 telekanalının verdiyi məlumata görə, yeni terakt Parisin Şarl de Qoll hava limanında baş verəcəkdi. Ehtimal edilir ki, terrorçular bu rayonda yerləşən Quatre Temps ticarət mərkəzinə hücum etməyi planlaşdırıb.
Kiv-də yayılan məlumatlara əsasən, terrorçuların olduğu Sen Denidəki mənzilə hücum noyabrın 18-də, səhər saat 4:30 radələrində başlayıb. Nəticədə 7 şübhəli şəxs saxlanılıb.
Hücum zamanı mənzildə olan qadınlardan biri "şəhid kəməri"ni işə salıb. Güclü partlayış baş verib. Həmin qadın və daha bir terrorçu dərhal ölüb. Digəri isə polis tərəfindən məhv edilib. Əməliyyat zamanı 5 polis əməkdaşı da yaralanıb.
Xatırladaq ki, noyabrın 13-də, cümə axşamı Fransanın paytaxtı Parisdə yüzlərlə insanın ölümü və yaralanması ilə nəticələnən 6 terror hadisəsi baş verib. Terakt nəticəsində 132 nəfər ölüb, 350-dən çox adam isə yaralanıb.
Hadisənin məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürüb.
скачать dle 12.1