Türkiyədəki seçkilər-proqnozlar

24-06-2018, 13:37
6 554
Türkiyədəki seçkilər-proqnozlar

Ələsgər Əhmədoğlu

24 iyun Seçkiləri-proqnozlar

Türkiyədə erkən Prezident və parlament seçkiləri öncəsi çoxlu fərqli təxminlər, versiyalar dilə gətirilir.
Mən də Türkiyəni az-çox tanıyan və seçki öncəsi prosesləri müşahidə edən biri olaraq seçkilərə 1 gün qala öz düşüncələrimi və təxminlərimi paylaşmaq istəyirəm.
Bu seçkilərin əvvəlki seçkilərdən ən ciddi fərqi ölkədə son 2 ildə fövqəladə vəziyyət elan edilmiş olmasıdır. Düzdür, bu vəziyyət toplumun böyük bir hissəsini narahat etmir, çünki məhz toplumun dirənci ilə baş tutmayan dövlət çevrilişi cəhdindən sonra tətbiq edilən bir rejimdir və bəlli bir qrupa yönəlikdir. Amma nəticə etibarı ilə demokratik seçkinin bütün atributlarından söz gedirsə, bu rejimin tətbiqi təkbaşına onun legitimliyinə kölgə salır.
Bunu da vurğulamaq lazımdır ki, Türkiyə seçkiöncəsi mühiti izlədikdə bütün neqativlərlə bərabər, rəqabətli şəraitdə bir kampaniya keçdiyi, müxalifətin öz elektoratına geniş çıxış imkanlarının olduğu, hökuməti çoxyönlü açıq tənqid imkanlarının mövcudluğunu müşahidə edirik. Əlbəttə, medianın, xüsusilə elektron medianın tam müstəqilliyindən danışmaq çətindir. Lakin yenə də müəyyən pəncərələr var. Bir sözlə, siyasi tərəflər, o cümlədən iqtidar seçkidə cəmiyyətin mövqeyini qazanmaq üçün cəhd edir və bu proses həlledicidir. Alternativ yolla hakimiyyətdə qalmaq, iqtidara sahiblənmək kimi açıq cəhdlər yoxdur və toplumda bizdəki kimi seçki institutuna inamsızlıqdan söhbət belə gedə bilməz. Yəni hər kəs səbirsizliklə sandıqlardan (seçki qutularından) çıxacaq nəticəni gözləyir.

Seçkiöncəsi siyasi tərəflərin şansı nədir?

Yaxın dönəmlərdə baş verən iki parlament seçkisinin nəticəsinə baxdıqda, 2015-ci il iyun seçkiləri və noyabr seçkilərinin nəticələrini analiz etdikdə, Əslində, 2015-ci ilin iyununda AKP-nin səslərinin 41 faiz olduğu, qısamüddətli hökumət krizisinin nəticəsində MHP-yə və HDP-yə gedən səslərin 9%-nin noyabrda yeni erkən seçkidə AKP-yə getdiyini müşahidə etdik. Amma bu AKP-nin səsi deyildi, MHP və HDP-yə etiraz edən elektoratın müvəqqəti etiraz səsləri idi(5% MHP və 3 % HDP). Yəni bu gün həmin səslərin bir hissəsi Akşenerə gedəcəyi kəsindir. AKP-nin səsləri təxmini yenə də 40% ətrafında qalacaq. Çünki 2015-ci ilin siyasi konyukturundan ciddi fərqlənən heç nə baş verməyib. Qısmən iqtisadiyyatda və birjada geriləmələr olsa da, bu hələ seçicilərin səsəini etkiləyəcək qədər həyəcanverici səviyyədə deyil. Amma bu reallıqdır ki, Türkiyə seçicilərinin səsinə təsir edən birinci amil iqtisadiyyatın vəziyyətidir. 
Erdoğanın son 16 ildə hakimiyyətdə qalmasının başlıca səbəbi onun özündən öncəki hökumətlərə nisbətən iqtisadiyyatda yaratdığı stabillik və infilyasıyanın təkrəqəmli ədədlərlə ölçülməsi olub. Bu tablonun dəyişməsi onun səslərinə birbaşa təsir edən amil olar. 
CHP-nin son iki seçkidə aldığı səslər 25% və 25,3 % olduğunu nəzərə aldıqda Kılıçdaroğlunun rəhbərlik etdiyi Seçki siyahısına yenə də 25-26% səs veriləcəyini təxmin etmək mümkündür. Akşenerin qurduğu İYİ partiyanın və kürd milliyətçilərinin təmsilçisi HDP-nin səsləri təxminən 10-11% ətrafında gözlənilir. HDP istisna olmaqla digər partiyaların iki əsas seçki ittifaqı ilə seçkiyə girməsi MHP-nin və SP-nin də seçki baryerinə ilişmədən parlamentdə təmsil olunmasına səbəb olacaq ki, bu da təxminən 10% seciciləri əhatə edəcəyi gözlənilir.
Normalda hər partiya ayrı-ayrı seçkiyə girsə və AK partiyanın 40-42% səs toplaması halında 600 millət vəkili olan Parlamentin yarıdan çoxunu götürəcəyi şübhəsiz idi. İndi vəziyyət dəyişib, HDP-nin barajı aşacağı, İYİ partiyanın, MHP-nin və SP-nin ittifaqlarda olduğuna görə baryerə ilişməyəcəyindən 600 millət vəkili daha çox yerə paylanacaq və AK partiyanın çıxaracağı vəkil sayısı yarıdan çox olan 301-ə çatmayacaq. Bu da gələcək TBMM-də AK partiyanın hökmən uzlaşmaçı bir üslub sərgiləməli olduğu, xüsusilə MHP və BBP ilə çox uzlaşmaçı davranmalı olduğunu diktə edəcək.
Prezident namizədlərinə gəldikdə vəziyyət partiyalardakından fərqli olacaq. 
Erdoğanın səsləri AK partiyanın səslərindən daha çox olacaq. Çünki Erdoğana tək AK pariyalılar deyil, MHP də dəstək verir. Son ictimai rəy sorğularını incələdikdə, Erdoğanın təxminən 50% ətrafında səsi olduğunu, 2-ci turun da yaxın ehtimal olduğunu görürük. Məsələn, Gezici qrupunun apaşdırmasında Erdoğanın 48% səsi olduğunu görürük. Bu 3 gün öncə açıqlanan nəticədir. Eyni qrupun 2015-ci il iyin seçkilərindən öncəki anketində AK partiyanın səslərini 1,8% yanılma ilə təxmin etmişdi. AK partiya sorğulardakından 1,8 % çox səs almışdı. Yaxud Optimar adlı araşdırmaçı qrupun sorğularına baxdıqda, 2015-ci il noyabr seçkiləri öncəsi AK partiyanın səslərini 0,5% fərqlə təxmin etmişdi. AK partiya noyabr seçkilərində təxminlərdən 0,5% az səs toplamışdı. Eyni qrupun 3 gün öncə yaydığı anketdə Erdoğanın səslərini 51,6% olduğu göstərilir. Onların 1% yanıldığını nəzərə aldıqda Erdoğanın cüzi fərqlə 50% -lik baryeri aşdığı görünür.
CHP-nin Prezident namizədi Muharrem İnce Kılıçdaroğlu ilə müqaisədə daha yaxşı seçki kampaniyası apardı. Onun səslərinin də CHP-nin ənənəvi səslərindən çox olacağı gözləniləndir. Bu fərq böyük ehtimalla 3% ərtafında olacaq. İncenin alacağı səs təxminən 28% ətrafında gözlənilir. Bu təxminlər də araşdırmalardan və sorğulardan ortaya çıxır. Məsələn, Gezicinin 2015 iyun seçkiləri öncəsi anket sorğularında CHP-nin səsinin 28% olduğu göstərilmişdi, seçkidə nəticə 25% oldu. Yəni 3%-lik CHP lehinə yanılma…
İndi eyni şirkətin 17 iyun tarixli araşdırmasında İncenin səslərinin 29,1% olduğu göstərilib. CHP-nin lehinə öncəki yanılmanı nəzərə aldıqda İncenin 27-28%lik nəticə əldə edəcəyini təxmin etmək mümkündür. Digər araşdırma şirkəti Optimar 2015 noyabr seçkilərində CHP-nin səslərində 0,6% yanılma ilə təxmin etmişdi. CHP noyabr seçkilərində 0,6% daha çox səs toplamışdı. 20 iyun 2018-ci ildə, yəni 3 gün öncə eyni şirkətin apardığı araşdırmada İncənin səsləri 28% göstərilib. Bu da ilkin 0,6% yanılmanı diqqətə aldıqda İncenin 28-29% səs alacağını deməyə əsas verir.
Daha öncəki seçkilərdə də təxminlər edən bu iki şirkətin araşdırmalarında böyük çıxışı gözlənilən Akşenerin, əslində, başlanğıcdan sona doğru xeyli səs itirdiyini və təxminən 10-11% ətrafında səs toplaya biləcəyini göstərir. Namizədliyi irəli sürüləndə Akşenerin səsləri 20% ərtafında təxmin edilirdisə, indi bu rəqəm İncenin pereformansı ilə xeyli geriləmiş vəziyyətdədir. Lakin hələ də Akşenerin namizədliyi Erdoğanın birinci tur şansını az da olsa risqə atır. 
Prezidentliyə namizədlərdən digər 3 nəfərin səsləri, əslində, kəmikləşmiş (marjinal) səslər olduğundan ciddi dəyişik gözlənmir. 
HDP-nin namizədi Demirtaş 10%-lik kürd səslərini yenə də alacaq. Doğu Perincek isə ənənəvi olaraq 1%-in altında səs alacaq. Sadəcə, SP-nin namizədi Karamollaoğlunun səsi ənənəvi Səadət Partiyası səslərindən daha çox olacaq. Lakin 3%-lik səsi keçməyəcək.

Beləliklə, 24 iyun seçkilərində böyük ehtimalla seçkinin taleyi ilk turda həll olacaq. Amma ilk turda həll olmasa, bu zaman İkinci turda Erdoğanın qazanacağı şübhəsizdir.

Seçkilərdəki tarazlıq göstərir ki, Erdoğan növbəti 5 ildə istəsə belə çox sərt ola bilməyəcək və avtoritar meyllərdən uzaq durmalı olacaq. Parlament əvvəlki kimi funksional olmasa da Prezident seçildiyi halda Erdoğanın Parlamentdəki partiya üstünlüyü olmayacaq. Bu isə Erdoğanın uzlaşmaçı siyasət aparmasını diktə ediəcək.

скачать dle 12.1
Xəbər lenti