Parlament hökumətin layihəsinə yox deyir – Ermənistanda

24-10-2018, 17:52
8 250
Parlament hökumətin layihəsinə yox deyir – Ermənistanda

Ermənistan parlamenti Seçki Məcəlləsinə və uyğun qanunlara dəyişikliklər layihəsini qəbul edə bilməyib. Oktyabrın 22-də keçirilən səsvermədə sənədin keçməsi üçün gərəkli 63 səsi toplamaq mümkün olmayıb, layihəni 56 deputat dəstəkləyib. Bu, sabiq prezident Serj Sərkisyanın sədrlik etdiyi Respublika Partiyasından olan deputatların iclası boykot etməsinin nəticəsidir.

Baş nazir əvəzi Nikol Paşinyan Respublika Partiyasını sabotajda günahlandıraraq növbədənkənar parlament seçkisinin alternativinin olmadığını bildirib. O qeyd edib ki, hətta indiki qanunlar əsasında keçiriləcək seçkidə xalqın qələbəsi qaçılmazdır, geriyə, korrupsiya sisteminə dönüş mümkünsüzdür.

Seçki qanunvericiliyinə dəyişikliklər layihəsi Ermənistan hökumətinin təşəbbüsüdür. Layihə parlament seçkisində ərazilərdən namizəd vermək qaydasının ləğvini nəzərdə tutur. Partiya və blok seçkidə ölkə üzrə vahid namizəd siyahısı təqdim etməlidir.

Parlamentə keçid həddini partiyalar üçün 5 faizdən 4 faizə, bloklar üçün 7 faizdən 6 faizə endirmək təklif edilir.

Digər təklifə görə, heç bir qüvvə parlament üzvlərinin 54 faizi qədər mandat almasa, yeni seçki keçirilir. Həmçinin müxalifət parlamentdə azı dörd qüvvə ilə təmsil edilməli, onun mandatlarının sayı deputatların üçdə birindən az olmamalıdır (Ermənistan Konstitusiyasına görə, parlamentin deputatlarının sayı azı 101 nəfərdir).

Nikol Paşinyan və onun hökuməti oktyabrın 16-dan istefadadır. Prezident Armen Sərkisyan hökuməti müvəqqəti olaraq əvvəlki heyətə tapşırıb.

İstefa növbədənkənar parlament seçkisi planının tərkib hissəsidir. Ölkə konstitusiyasına əsasən, baş nazir istefa verdikdən sonra parlament iki həftə ərzində hökumətin yeni başçısını seçməlidir. Əks halda qanunverici orqan buraxılır. Plana əsasən, yeni baş nazir seçilməyəcək, parlament buraxılacaq və dekabr ayına növbədənkənar seçki təyin olunur.

2008-ci ildən prezident postunu tutan Respublika Partiyasının sədri Serj Sərkisyan bu il aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq xalq etirazlarına görə aprelin 23-də istefa verib. Xalq etirazlarına başçılıq edən Vətəndaş Sazişi Partiyasının sədri Nikol Paşinyan mayın 8-də baş nazir postuna keçib.

İndiki parlament 2017-ci ilin yazında seçilib. Vətəndaş Sazişi Partiyasının və müttəfiqlərinin yaratdığı “Çıxış” bloku parlamentdə 9 mandata sahibdir. Ermənistan Respublika Partiyasının parlament fraksiyası 51 nəfərdən, böyük əksəriyyəti Çiçəklənən Ermənistan Partiyasının üzvləri olan Sarukyan bloku 31 nəfərdən, Daşnaksütun Partiyasının fraksiyası 7 nəfərdən ibarətdir. 7 deputat heç bir fraksiyaya qatılmır.

скачать dle 12.1
Xəbər lenti