"Qalatasaray" Bakıya məğlubiyyətlə gəlir

18-03-2023, 13:20
9 911
"Qalatasaray" Bakıya məğlubiyyətlə gəlir

Türkiyə Super Liqasında XXVI tura start verilib.

"Report"un məlumatına görə, açılış oyununda Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Konyaspor" evdə "Qalatasaray"la qarşılaşıb. Görüş meydan sahiblərinin əzmkar qələbəsi ilə başa çatıb - 2:1.

Hesabı 31-ci dəqiqədə qonaqlardan Miloş Raşitsa açıb. Meydan sahibləri 62-ci dəqiqədə Soner Dikmenin dəqiq zərbəsi ilə tarazlığı bərpa ediblər. Oyunun əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə isə Oğulcan Ülgün Konya təmsilçisinə qələbə qazandıran qolu vurub.

Matça start heyətində başlayan Emreli 79-cu dəqiqədə məhz Ülgünlə əvəzlənib. 26 yaşlı hücumçu 15-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Emrelinin komandası bu qalibiyyətlə rəqibin 14 oyunluq qələbə seriyasına son qoyub.

Bu nəticədən sonra xallarını 34-ə çatdıran "Konyaspor" 8-ci pillədə qalıb. "Qalatasaray" isə 60 xalla turnir cədvəlinə başçılıq edir.

Qeyd edək ki, "Qalatasaray" martın 26-da Bakı Olimpiya Stadionunda "Qarabağ"la xeyriyyə oyunu keçirəcək. Qarşılaşma saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

скачать dle 12.1
Xəbər lenti