Banklardakı əmanətlər sürətlə çıxarılır

12-10-2015, 16:36
0
Banklardakı əmanətlər sürətlə çıxarılır


Oqtay Haqverdiyev: Bir ayda milyonlara manat əmanətin çıxarılması ölkədə neqativ proseslərin real olduğunu təsdiqləyir.

Oqtay Haqverdiyev: «Bir ayda milyonlara manat əmanətin çıxarılması ölkədə neqativ proseslərin real olduğunu təsdiqləyir»
 
Mərkəzi Bank 1 sentyabr 2015-ci il tarixinə olan məlumata görə, əhalinin banklardakı əmanətinin 7 milyard 320,3 milyon manat təşkil etdiyini bəyan edib. Bu da avqust ayının 1-nə olan göstərici (7 milyard 605,1 milyon manat) ilə müqayisədə 284,8 milyon manat azdır.
 

 

Məlumata görə, avqust ayında və sentyabr ayının əvvəlində daşınmaz əmlak bazarında aktivlik artıb, bəzi hallarda isə qiymət artımları da müşahidə edilib. Buna baxmayaraq, ümumi qiymət səviyyəsində artım olmayıb.
 
“Value and Sources” konsaltinq şirkəti bazarda aktivliyin artmasını banklardakı əmanətlərin bir hissəsinin daşınmaz əmlaka yönəlməsilə əlaqələndirib: “Çünki daşınmaz əmlak bazarını pul vəsaitləri ilə ”qidalandıra” biləcək başqa mənbələr yoxdur. Iqtisadi aktivlik aşağı düşdüyündən əhalidə sərbəst pul vəsaitlərinin cəmləşməsi prosesi çox aşağı səviyyədədir. Bazarın kreditləşməsi sabit qalıb, gözləntilər isə neytraldır. Sentyabr ayının ikinci yarısından aktivlik bazarda yenə aşağı düşmüşdü. Təhlil yazılarında qeyd etmişdik ki, artıq bir neçə aydır bank sektorundakı vəziyyət daşınmaz əmlak bazarında qiymətlərə dəstək göstərir. Bu dəstək qiymət artımına yox, qiymətlərin düşməsi tempinin azalmasına xidmət edirdi”.
 
Qeyd edək ki, manatın məlum devalvasiya qərarından sonra ölkədə baş verən iqtisadi duruma görə vətəndaşların banklara olan etibarı itmişdi. Doğrudur, rəsmi çevrə ölkədə maliyyə sabitliyinin olduğunu iddia etsə də, reallıqda bunun işartısını görmək olmur. Əhali banklara qoyduğu əmanəti gah dollarla, gah da əksinə etməyə çalışırdı. Hazırda isə vətəndaşlar öz əmanətlərini banklardan kütləvi şəkildə çıxarmağa başlayır. Əmanətlərin cəmi bir ay ərzində 284 milyondan çox azalması təkcə əhalinin artıq banklara etimadsızlığının göstəricisi deyil, həm də çətin iqtisadi durumuna görə ehtiyat vəsaitlərindən istifadə etməsi deməkdir.
 
Iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyir ki, prosesin özü əhalinin real həyat səviyyəsinin aşağı düşməsi anlamına gəlir. Ekspertin sözlərinə görə, rəsmi rəqəmlər bunun əksini göstərsə də, əhalinin inflyasiyaya nisbətən pul gəlirlərinin artdığı deyilsə də, bu, həqiqət deyil: “Əhalinin banklardan əmanətlərini çıxarması həyat səviyyəsinin aşağı düşməsini göstərir. Deməli, insanların əldə etdiyi gəlirlər, maaş və pensiyaları indiyə qədər onları qane edirdisə, qiymətlərin artımı, məlum devalvasiya qərarından doğan problemlər hazırda əhalini çətin duruma salıb. Onlar artıq yığdığı əmanətlərdən istifadə etmək məcburiyyətində qalıblar. Ümumlilikdə isə bir ayda milyonlara manat əmanətin banklardan çıxarılması ölkədə neqativ prosesin real şəkildə olduğunu təsdiq edir”.
скачать dle 12.1
Xəbər lenti