Metroda pul xırdalamağı unudaq?

29-10-2015, 00:11
0
Metroda pul xırdalamağı unudaq?
Mətbuata müraciət edən bir neçə oxucu istər metrodan, istərsə də "Bakubus" avtobuslarının xidmətindən yararlanarkən ödəmə terminallarında gediş haqqını yükləyərkən xırda problemi ilə üzləşdiklərini deyirlər. İctimai nəqliyyatdan istifadə edən sərnişinlər xüsusən metrodakı kassaların bağlanmasından sonra bununla bağlı ciddi narahatlıq yaşandığından şikayət edirlər. 
 
Məsələ ilə əlaqədar Milli.Az-ın sorğusunu cavablandıran "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib ki, əvvəllər metroda fəaliyyət göstərən kassaların fəaliyyəti əslində pul xırdalamaq deyildi: "Kassaların əsas işi metro kartlarının satışını və onlara gediş haqqının yüklənməsini həyata keçirmək, eyni zamanda gediş kartlarında hər hansı problemin yarandığı təqdirdə onları həll etmək idi. Təbii ki, dövriyyədə pul olduğuna görə, ehtiyac olduqda sərnişinlər yaxınlaşdığı zaman bəzən həmçinin onlar üçün iri nominallı pulları da xırdalayırdılar. Lakin metroda gediş haqqının "Bakıkart"la ödənişi sisteminə keçiləndən sonra bunu etmək mümkün olmadı. Çünki həm kartın satışı, həm də gediş haqqının yüklənməsi funksiyasını "Bakıkart" terminalları həyata keçirir. Ona görə də görə biləcəyi bir iş qalmadığından metrodakı kassaların fəaliyyəti dayandırıldı. Qeyd edim ki, mən özüm də bəzi ölkələrdə metrodan istifadə edərkən kassalarda pul xırdalandığını görməmişəm". 
 
Qeyd edək ki, müasir dövrdə mövcud texniki imkanlar daxilində bəzi aparatlar var ki, örada ödəmə əməliyyatı aparıldıqda onlar özləri avtomatik qaydada qalıq pulu qaytarır. 
 
Belə bir fuksiyanın yerinə yetirilməsi üçün "Bakıkart" aparatlarında dəyişiklik edilə biləcəyi və bununla əlaqədar başqa əlavə tədbirlərin görülə biləcəyi ilə bağlı "Bakıkart" layihəsinin rəhbəri Ceyhun Əliyevə müraciət edilib. Layihə rəhbəri Milli.Az-ın sorğusuna cavabında bildirib ki, hələlik belə bir şeyin həyata keçirilməsi planlaşdırılmır: "Əvvəlcədən bu layihə planlaşdırılanda layihə çərçivəsində hər bir şəxsin özünə lazım olduğu qədər pulu gətirib terminaldan istifadə etməsi nəzərdə tutulub. Hazırda da bununla əlaqədar bir şey planlaşdırılmır. İrəlidə bununla bağlı ciddi tələb olarsa, bu məsələyə baxıla bilər. Çünki "Bakubus"ın hava limanı xətlərindəki terminallarımız qalıq xırda pul qaytarır. Bunu "28 May"dakı və ya hava limanındakı terminalda görmək olar. Amma şəhərdaxili yerlərdəki terminallar bu funksiyanı yerinə yetirmir. Çünki layihə əvvəlcədən bu cür planlaşdırılıb". 
скачать dle 12.1
Xəbər lenti