Azərbaycanda çıxılmaz lombard uçurumu

31-10-2015, 17:04
0
Azərbaycanda çıxılmaz lombard uçurumu
İnterpolun web-saytına istinadən məlumat yayılıb ki, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 192 ünvanında fəaliyyət göstərən lombardın sahibi Tahirə Alaz ad və soyadda qadın vətəndaşların ona etibar etdikləri qiymətli əşyalarını götürüb, yoxa çıxıb. Qadın ölkədən qaçdığından barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib. Bu yaxınlarda oxşar məlumat da oxumuşduq. Son vaxtlar lombard fəaliyyəti ilə məşğul olanlardan şikayətlər çoxalıb.  Milli.Az xəbər verir ki, "Bizim Yol" qəzetinin əməkdaşı bu sahədə qanunvericilik bazası, real vəziyyət və dünya təcrübəsini araşdırıb. 
 
Lombard fəaliyyəti Azərbaycanda Mülki Məcəllənin (MM) cəmi 9 bəndlik 302-ci maddəsi ilə tənzimlənir. "Əşyanın lombardda girovu" maddəsinin 1-ci bəndinə görə şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədi ilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. 2-ci bənddə deyilir ki, əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. 3-cü bəndlə saxlanca qoyulan əşyalar lombarda verilir. 4-cü bənddə yazılır ki, lombard girov götürdüyü əşyanı onun girova qəbul olunduğu anda eyni növlü və keyfiyyətli əşyanın bazar qiymətinə uyğun müəyyənləşdirilən qiymətinin tam məbləğində girov qoyanın xeyrinə sığorta etdirməlidir. Lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarının olmadığı 5-ci bənddə əksini tapıb. 6-cı bənddə lombard girov qoyulmuş əşyanın itirilməsi və zədələnməsi üçün məsuliyyət daşıyır. 7-ci bənddə deyilir ki, əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. Söhbəti gedən maddənin 8-ci bəndində lombardlar tərəfindən fiziki şəxslərin onlara mənsub əşyanın girovu müqabilində kreditləşdirilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir, 8-1. bəndində isə lombard cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə onun üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirməlidir. 
 
Sonuncu bənddə deyilir ki, əşyanın lombardda girovu haqqında müqavilənin girov qoyanın hüquqlarını bu Məcəllənin ona verdiyi hüquqlara nisbətən məhdudlaşdıran şərtləri əhəmiyyətsizdir. Lombardların fəaliyyəti üçün ikinci əsas 1997-ci ildən etibarən "Lombard fəaliyyətinə xüsusi razılıq, lisenziya verilməsi qaydalarının təsdiq edilməsi" haqqında Nazirlər Kabinetinin qərarıdır. Amma faktiki ölkədə bu fəaliyyətə lisenziya verən orqan olmadığından lombardlar da lisenziyasız işləyirlər. Sadəcə qeydiyyatdan keçib, VÖEN-lə fəaliyyət göstərirlər. Odur ki, sahibi də hər kəs kimi heç bir öhdəlik hiss etmədən və məsuliyyət daşımadan istədiyi vaxt qapısını bağlayıb arzuladığı yerə gedə bilər. Necə ki, indi bunu edirlər. Bizdə qanun olmadığından bir hadisə baş verəndə "lombard haqqında qanunu pozdu", demirik, dələduzluq adlandırırıq. 
 
Qeyri-rəsmi məlumatlara görə ölkədə 1200-dən artıq hüquqi və fiziki şəxs lombard xidməti göstərir. Bu sahədə baş verən dələduzluq hadisələri qanunvericilik bazasının mükəmməl olmadığı qənaəti yaradır. İqtisadi ekspertlərə görə problemin kökündə lombardların Maliyyə Nazirliyi və Mərkəzi Bank qarşısında məsuliyyət daşımadıqları durur. Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov vətəndaşlara təhlükəsizlik baxımından bank olmayan kredit təşkilatlarına müraciət etməyi məsləhət görüb. Bu xidmətlər həm təhlükəsizlik baxımından, həm də faiz dərəcələrinə görə də fərqlənir. Fiziki şəxslərin təklif etdiyi faiz dərəcəsi ildə 60% civarında, bank olmayan kredit təşkilatlarının təklif etdiyi faiz dərəcəsi isə 25-30% arasında dəyişir. Lakin fiziki şəxslərin göstərdiyi lombard xidmətləri üstünlük təşkil etdiyindən problemlərə də elə ən çox bu sahədə rast gəlinir. İş adamı Tağı İbrahimovla ortağı Rauf Hüseynov arasında maliyyədən doğan münaqişənin nəticəsi olaraq ikincinin qızı redaksiyamıza müraciətində ağır duruma düşdükləri səbəbindən zinət əşyalarını lombardlarda girov qoyduğunu deyirdi. Təhminənin sözlərinə görə, 2011-ci ildən ailəsini bu şəkildə "xilas" etməyə çalışır, lakin lombardlar onun qiymətli əşyalarını bir-bir "udub". Deyir, qəbzlərdə az göstərsələr də əslində faiz dərəcələri yüksəkdir. İkincisi bahalı qızılların müqabilində verilən borc azdır - qramına ən yaxşı halda 10-15 manat, bəzən bundan da aşağı. Üçüncüsü də faizi ödəmədiyiniz hər keçən gün üçün əlavə faiz hesablanır və ən pisi də odur ki, heç cür güzəştə getmirlər. Sanki işin başından məqsəd yalnız pul qazanmaq deyil, eyni zamanda vətəndaşlara məxsus qiymətli əşyaları qoparıb əlindən almaqdır. Dediyinə görə, faiz dərəcələrinin hesablanmasında da müştərini aldadırlar, hesablama qaydasını soruşduğu zaman izah olunmur, son rəqəm deyilir. 
 
Ən çox şikayətləndiyi də H2 adında bir firmadır. Verdiyi nömrəyə zəng elədim, dəstəyi götürən olmadı. Müsahibimin sözlərinə güvənsəm qanunvericilikdə deyildiyi kimi ona məxsus əşyalar lombard tərəfindən indiyədək heç də açıq hərraca çıxarılaraq, satılmayıb, sadəcə onlara "əl qoyulub". Təhminə nəhayət təzəlikcə bir lombarda rast gəlib, 5 faizlə pul buraxırlar, əşyaları da digərləri kimi insafsızcasına ucuz qiymətləndirmirlər. Təqdim etdiyi qəbzlərdə 30 qramlıq iki cüt sırğa üçün 550 manat borc veriblər ki, burada qızılın hər qramı 18 manatdan hesablanıb. Aylıq ödəniş 28 manatdır. Təhminə lombarda üz tutmağının səbəbini orada prosedurun yüngül olduğu, bank və kredit təşkilatları kimi pul almaq üçün uzun müddət gözləmək lazım gəlmədiyi ilə izah edir. Onun sözlərinə görə, banklar tərəfindən verilən istehlak kreditlərinə sərt tələblər də o və onun kimiləri etibarsız qurumlara müraciətə sövq edir. 
 
Müşahidələrə görə lombardlarda aylıq faiz dərəcələri 5-7%, illik 60%-dən yuxarıdır. Müqayisə üçün qeyd edim ki, bank və bank olmayan maliyyə qurumlarında illik faiz dərəcəsi 26-34% təşkil edir. Bu gün lombardlar demək olar ki, bütün dünyada geniş yayılıb. Onlar verdikləri borc pul müqabilində asanlıqla sata biləcəkləri əşyaları qəbul edir, kütləvi şəkildə İsveçrə saatları və qiymətli metallar, məişət texnikası, əntiq əşyalar, bahalı xəzlər alırlar. Artıq son vaxtlar bahalı mobil telefonlar və portativ kompüterlər də girov kimi götürülür. 
 
Müxtəlif ölkələrdə işləsələr də lombardların prinsipləri eynidir. Hər hansı bir dəyəri olan əmlakın girovu qarşılığında kredit müəyyən müddətdə verilir. Yalnız fərq qanunvericilikdəki məhdudiyyətlər və faiz dərəcələrindədir. Bu biznes ən çox da yüksək həyat standartları olan  iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə vüsət alıb. Lombard şəbəkəsi Amerika, Yaponiya, Avstraliya və Avropa ölkələrində çiçəklənib. ABŞ-da 16 mindən çox lombard var. Başqa dövlətlərlə müqayisədə hüquqi baza burada daha çox təkmilləşdirilib. Ştatlarda belə lisenziyalı orqanlar hələ 27 il bundan əvvəl yaradılmış Milli Lombardlar Assosiasiyasında (NPA- National Pawnshop Association) birləşiblər. ABŞ-da qol saatlarından tutmuş bahalı markalı premium-class avtomobillərinə qədər girov qəbul edilir. Belə kreditlər üçün faiz dərəcəsi illik 36%-dən aşağı deyil. Müştəri əlindən tərpənmək olmur. Qlobal maliyyə böhranı nəticəsində ABŞ-da bir çox banklar öz kreditləşmə proqramlarını "çevirdilər", o boşluğu dərhal lombardlar doldurdu. Fransada 40-dan artıq belə kredit təşkilatı işləyir. Onların illik gəliri 75 milyon avronu aşır. Ölkədə bu növ fəaliyyəti tənzimləyən xüsusi şura da var. Belçikada lombardlar illik 50 milyon avrodan çox gəlir götürür. Lakin bələdiyyələr, şəhər və yerli şuralar tərəfindən onlara ciddi nəzarət edilir. İspaniyada Avropanın ən qədim şəbəkəsi olan 1702-ci ildə yaradılan "Monte Depiedad" fəaliyyət göstərir. Şirkət bu gün ölkədə dominantlıq edir və iri şəhərlərdə 12 filialı var. Almaniyada hərfi tərcümədə "girov qarşılığında borc evi" hətta əhalisinin sayı 50 min olan kiçik şəhərlərdə də çox yayılıb. Ölkədə 4 belə hökumət, 60-dan çox özəl şəbəkə var. Demokratik ölkələrdə paralel olaraq bələdiyyə və özəl lombardlar işləyir. Totalitar ölkələrdə bu maliyyə qurumları sırf hökumətə məxsusdur. Məsələn, İndoneziyada ölkə daxilində 500-dən çox ofisi olan yalnız bir şəbəkə var. SSRİ dövründə lombardlar uzun növbələr, kiçik məbləğdə kreditlər və aşağı xidmət ucbatından yüksək reputasiyaya malik deyildilər, lakin sovetlərin dağılmasından sonra bu institut MDB dövlətlərində "ikinci nəfəs" alıb. Rusiyada da bu biznesi tənzimləyən "Lombardlar haqqında" federal qanun var. Keçən ildən bu sahə Rusiyanın Mərkəz Bankının ixtiyarına verilib. Ölkədə 7800 lombard qeydiyyatdan keçib. Əhalinin yalnız 10 faizi lombardların xidmətindən istifadə edir. Girov predmetinə uyğun olaraq orta aylıq faiz dərəcəsi 5-7%, illik 100%-dən başlayır. Bəzən girov predmetinə uyğun illik daha da çox ola bilir. Reklamlarda günlük 0,2-0,3 faiz göstərilir. Banklarda kreditlərin illik faiz dərəcəsi 30-70%-dir. Moskva lombardlarında orta illik faiz dərəcəsi 156%-dir. Rusiyada girovun 90%-ni zinət əşyaları, 6%-ni məişət texnikası, 4%-ni geyim təşkil edir. Qonşu Gürcüstanda VTB Bank 28-35%-lə lombard xidməti də göstərir. Kifayət qədər ciddi rəqiblərinin olmasına baxmayaraq bu fəaliyyət növü yüz illərdir çiçəklənir və heç də az olmayan gəlir gətirir.  
скачать dle 12.1
Xəbər lenti