Belə etsək, havamız da təmizlənər...

28-08-2015, 14:31
0
Belə etsək, havamız da təmizlənər...

Bakıda və Abşeron rayonunun ərazisi illər boyu neft çıxarılan ərazilər olub. Azərbaycan müstəqilliyini əldə edənə qədər sovet hökuməti, ondan əvvəl isə müxtəlif xarici şirkətlər Bakı neftini çıxararaq satıblar və bundan çox yaxşı qazanc əldə ediblər. Həmin şirklətlərin məsuliyyətsiz davranışları, ətraf mühitə və ekologiyaya qarşı etinazsız yanaşma Bakının bəzi hissələrini ekoloji fəlakətlə üzbəüz qoyub.

Azərbaycan dövləti Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılması üçün əsaslı işlər həyata keçirir. Qara şəhər adlanan ərazisinin Ağ şəhərə çevrilməsi, Bibiheybət ərazisində neftlə çirklənmiş torpaqların təmizlənərək yeni infrastrukturun yaradılması, Böyük şor gölünün təmizlənməsi buna misal ola bilər. Ancaq dövlətin gördüyü tərbirlərlə yanaşı özəl sektorun işi də bu məsələdə faydalı ola bilər.

Ancaq özəl sektorun bu işə marağının yaradılması üçün, sözsüz ki, həvəsləndirici tədbirlər də görülməlidir. Misal üçün, qonşu Rusiyada ekoloji cəhətdən yararsız vəziyyətdə olan torpaqların təmizlənməsi üçün maraqlı üsula əl atılır. Həmin ərazilər sahibkarlara güzəştli qiymətlərlə satılır. Əgər sahibkar orada yaşayış binası, ticarət obyekti və ya istehsal müəssisəsi tikməyi planlaşdırırsa, uzun illər vergidən azad edilir. Təki həmin ərazi təmizlənsin və yararlı ərazilərə çevrilsin.

Azərbaycanda da bu üsulu tətbiq etmək olarmı?

İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, Azərbaycanda çirklənmiş torpaqlardan istehsal sahəsinin yaradılması üçün istifadə edilməsi, hətta bu torpaqlardan istifadə edən sahibkarlara güzəştli kreditlərin verilməsi mümkündür.

"Güzəştli kreditlər verilməsi yolu ilə və sahibkarlara digər güzəştlərin yaradılması ilə çirklənmiş torpaqların təmizlənməsi vacibdir. Ona görə də oxşar təcrübənin Azərbaycanda gerçəkləşməsi mümkündür. Ekoloji baxımdan çirkli olan torpaqların yaşayış üçün deyil, biznes və istehsal sahələrinin qurulması üçün istifadə edilməsi daha məqsədəuyğundur. Bu baxımdan həmin torpaqlar satılan zaman qeyri-yaşayış məqsədi üçün satılması və həmin torpaqlardan istifadənin məcburiliyi öz əksini tapmalıdır. Yəni həmin torpaqlardan istifadə edən şəxsin üzərinə öhdəliklər qoyulmalıdır ki, mütləq istifadə etsin", - deyə o əlavə edib.

Belə təcrübənin Azərbaycanda tətbiq edilməsi həm ekoloji baxımdan çirklənmiş ərazilərin təmizlənməsinə, həm də qeyri-neft sektorunun inkişafına xidmət edəcək.

скачать dle 12.1
Xəbər lenti