Mərkəzi Bank bir ayda 1.2 milyard dollar itirdi

6-09-2015, 18:39
0
Mərkəzi Bank bir ayda 1.2 milyard dollar itirdi
Valyuta ehtiyatlarımız bir ildə 52% əriyib; Müxalifət lideri xəbərdarlıq edir: "Ölkə uçuruma yaxınlaşır"
 
Azərbaycanın Mərkəzi Bankı 31.08.2015-ci il tarixinə valyuta ehtiyatlarının məbləği barədə məlumatı açıqlayıb.
 
Avqustun 31-nə Mərkəzi Bankın valyuta ehtiyatları 7 mlyard 315.4 milyon dollar təşkil edib. Bu, İyulun 31-i ilə müqayisədə 1 milyard 186,1 milyon dollar və ya 14% azdır.
 
1 ildə 52% itki
 
Avqust ayındakı itki ilə Mərkəzi Bankın valyuta ehtiyatı təxminən son bir ildə 52 faizə yaxın azalıb. 2014-cü ilin 30 iyul tarixində Mərkəzi Bankın valyuta ehtiyatları 15 milyard 193.4 milyon dollara çatmışdı. Bankın hazırkı ehtiyatları həmin pik səviyyə ilə müqayisədə  7 milyard 847,8 milyon dollar və ya 51,7% azdır.
 
Göründüyü kimi, valyuta ehtiyatlarının ötən ilin yayından başlayan azalma tendensiyasını bu ilin əvvəllərində həyata keçirilən 34%-lik devalvasiya da dayandıra bilməyib. Təkcə avqust ayında 1.2 milyard dollar itkinin olması isə hökumətin yaxınlarda yenidən devalvasiyaya gedəcəyi ehtimalını gücləndirir.

Ekspertlər hesab edir ki, prosesin bu cür davam etməsi ciddi iqtisadi kataklizmlərə səbəb ola bilər. Onların sözlərinə görə, maliyyə böhranını əsas səbəblərindən biri ölkə iqtisadiyyatının neftdən asılılığıdır. Ekspertlər hesab edir ki, problemdən çıxış yolu təkcə devalvasiya deyil, hakimiyyət iqtisadi sahədə ciddi islahatlar aparmalı, kənd təsərrüfatı və sənaye inkişaf etdirilməli, monopoliya aradan qaldırılmalıdır. 

 
Müxalifətdən reaksiya
 
Məsələyə müxalifətdən də ilk reaksiya gəlib. AXCP sədri Əli Kərimli facebook səhifəsində buna münasibət bildirib. O, yazıb:
 
“Mənə nə?” deyib keçməyin. Hamımıza dəxli var bu söhbətin. Yalnız avqust ayı ərzində ölkənin valyuta ehtiyatları daha 1.2 milyard dollar (14 faiz) azaldı. Son bir ildə Mərkəzi Bankın ehtiyatlarının 8 milyardı gedib. İndi ehtiyatda 7.3 milyard dollar pul qalır. Neft Fondu da aydan-aya əriyir. Xarici borclar isə artır. Büdcə gəlirləri dramatik şəkildə azalır. Ən optimist proqnozlara görə, bu il büdcə gəlirləri nəzərdə tutulduğundan 4 milyard manat az olacaq. Amma bu rəqəm də büdcə gəlirlərinin hansı həddə azaldığını dəqiq ifadə etmir. Çünki bu il büdcəyə toplanması gözlənilən manat əvvəlki illərdəki manatdan deyil, 34 faiz ucuzlaşdırılmış manatdır. Dollarla ifadədə isə bu il gözlənilən büdcə gəlirləri məsələn, 2013-cü ilin büdcə gəlirlərindən 10 milyard dollar az olacaq.

Və bütün bunlar o deməkdir ki, manatın yeni devalvasiyası qaçılmaz olacaq, büdcə xərcləri, dövlət investisiyaları azalacaq, iş yerləri kütləvi şəkildə bağlanacaq, qiymətlər elə artacaq ki, bir azdan indiki qiymətlərə şükr edəcəyik, cəmiyyətdə sosial gərginlik ciddi şəkildə artacaq. Bütün bu ağır nəticələrdən isə qaçmaq olardı. Rezervləri tükəndirmədən iqtisadi islahatlara başlamaq lazım idi. Hələ də gec deyil, amma bir azdan gec ola bilər.

Ölkədə xalq tərəfindən seçilmiş, xalqa canı yanan, iş bacaran, məsuliyyətli bir hökumət olmadığına görə bu qorxulu tendensiyanı durdurmaq üçün heç bir tədbir görülmür. Ölkədə aparılan ən ciddi islahat isə belə görünür ki, rüşvətxorluqları ilə ad çıxarmış icra başçılarının bir rayondan başqa rayona keçirilməsi imiş.

Kəmərlərinizi bağlayın, əziz vətəndaşlar, avtopilotla idarə olunan ölkəmiz çox təəssüf ki, sosial-siyasi uçuruma yaxınlaşır.

azadliq.info

скачать dle 12.1
Xəbər lenti