2016 -cı ilin büdcəsi:Hansı xərclər ixtisar olunacaq?

9-09-2015, 17:26
0
2016 -cı ilin büdcəsi:Hansı xərclər ixtisar olunacaq?

Ötən ilin avqustundan başlayaraq, neftin qiymətinin aşağı düşməsi tendensiyasının davamlı xarakter alması 2014-ci ilin sonu, 2015-ci ilin əvvəlində qəti şəkildə yəqinləşəndən sonra Azərbaycanın builki büdcənin icrası və 2016-cı ilin büdcəsinin formalaşdırılması ilə bağlı problemlərin üzə çıxacağı gözlənilən idi.

Bununla bağlı ekspert dairələrində başlayan müzakirələr sonradan hökumət səviyyəsinə qalxdı və 21 fevral devalvasiyasından sonra rəsmilərin də nümayişkarənə optimizmi arxa plana keçdi. Artıq daha çox ehtiyatlı açıqlamalara və 2016-cı il büdcəsi ilə bağlı qənaətin vacibliyinin vurğulanmasına üstünlük verildi.  2016-cı il dövlət büdcəsinin müzakirəsi ilə bağlı Prezidentin rəhbərliyi ilə keçirilən bugünkü müşavirədə də gəlirlərin azaldığı, xərclərin ixtisar edilməsinin zəruri olduğu bəyan edilib. Prezident İlham Əliyev müşavirədə deyib: “Gələn ilin büdcəsi real vəziyyəti nəzərə almalıdır. Gələn ilin büdcəsi daha çox sosial yönümlü büdcə olmalıdır. Əlbəttə, ən böyük prioritet təşkil edən investisiya layihələri də icra edilməlidir Ancaq prioritet olmayan, o qədər də vacib xarakter daşımayan layihələri büdcə, investisiya proqramlarına salmamalıyıq. İsrafçılığa yol verilməməli, maliyyə nizam-intizamı daha da gücləndirilməlidir. Çalışmalıyıq ki, vəsaitə qənaət edək. İndi bütün ölkələr bu siyasəti aparır, biz də bu siyasəti daha ciddi şəkildə aparmalıyıq. Əvvəlki illərdə biz çalışırdıq ki, ölkə qarşısında duran bütün sosial-iqtisadi məsələləri həll edək. Məhz ona görə bəzi hallarda o qədər də prioritet təşkil etməyən layihələrə də vəsait ayırırdıq ki, daha da sürətli inkişaf getsin. Çünki görüləsi işlər kifayət qədər çox idi”.

Ekspertlər dəfələrlə qeyd edirdilər ki, neft gəlirlərinin azalması hökuməti xərcləri azaltmağa məcbur edəcək. Prezidentin bununla bağlı son çıxış isə artıq bütün şübhələrə son qoydu. Əminliklə söyləmək olar ki, 2009-cu ildən bəri ilk dəfə olaraq büdcə xərcləri kəskin şəkildə azaldılacaq.

Bəs xərclərin azalması hansı sahələri əhatə edəcək? 2016-ci il büdəcəsi nə qədər azalacaq? Qənaət tədbirləri nələri əhatə edəcək? Bu suallara aşağıda cavab verməyə çalışmışıq.

2015-ci ilin büdcəsində nələri etmək olmayacaq?

Əvvəlcə builki budcəyə nəzər salaq. Builki büdcə kifayət qədər ambisiyalı idi. 2015-ci il  büdcəsinin xərclərinin 21 milyard 100 milyon manat təşkil edəcəyi proqnozlaşdırılırdı. Bu, ölkə əhalisinin hər nəfərinə 2200.00 manat vəsaitin düşməsi deməkdir.

Builki büdcənin gəlirlərinin 19 milyard 438  milyon manat təşkil edəcəyi nəzərdə tutulmuşdu. Bu vəsaitin 6 milyard 702  milyon manatını əhalinin və qeyri-neft sektorunun büdcəyə ödədikləri vergi və rüsumlardan formalaşacağı hədəf  götürülmüşdü. 12 milyard 688   milyon manatını neft gəlirləri, 48 milyon manatını isə digər mənbələrdən əldə olunacaq gəlirlərin təşkil etməsi nəzərdə tutulmuşdu.

2015-ci ildə ölkə üzrə 4.4% iqtisadi artım təmin olunmaqla 59,8 milyard həcmində ÜDM-in istehsalı proqnozlaşdırılırdı. Qeyri-neft sektorunda 39,5 milyard manat əlavə dəyərin formalaşması gözlənildiyi qeyd olunmuşdu. Bu, 2014-cü illə müqayisədə 8.2% real artım deməkdir. ÜDM-in strukturunda qeyri-neft sektorunun payının 34 faiz olacağı təxmin edilmişdi.

2015-ci büdcəsində ölkə iqtisadiyyatına 19.8 milyard manat investisiyanın yönəldiləcəyi proqnozlaşdırılmışdı. Bu investisiyalarda xarici investisiyanın payı 27,2 faiz həcmində gözlənilirdi. Dövlət investisiyalarının 11,1 milyard olacağı nəzərdə tutulurdu. Builki büdcədə neft gəlirləri neftin 1 barrelinə görə 90 dollardan hesablanmışdı. Büdcə kəsirinin 1 milyard 662 milyon manat həddində olacağı hesablanmışdı.

Builki budcənin cari xərclərinin 10 milyard 957.8 milyon manat, yəni ümumi xərclərin 51.9% olacağı nəzərdə tutulurdu.

Qeyd edək ki, 2015-ci ilin altı ayında dövlət büdcəsinin mədaxili 7 milyard 807,2 mln. manat, xərcləri 8 milyard 577,9 mln. manat olmuş, 770,7 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb

2015-cü ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 85,0 faiz və yaxud 8 milyard 577,9 mln. manat icra olunub. Cari ilin altı ayında dövlət büdcəsi xərclərinin 4 milyard 423,2 mln. manatı və yaxud 51,6 faizi cari xərclərə yönəldilib. Cari xərclər əsasən büdcə təşkilatlarında çalışanların əmək haqqını, təqaüdlər və sosial müavinətləri, kommunal və kommunikasiya, abadlaşdırma xidmətləri haqqının ödənilməsini və digər zəruri xərcləri əhatə edir...

Dövlət büdcəsi xərclərinin 3 milyard 855,3 mln. manatı və yaxud 44,9 faizi əsaslı xərclərə yönəldilmişdir. Əsaslı xərclər ölkədə həyata keçirilən sosial və infrastruktur layihələrin, əsas vəsait, qurğu və avadanlıqların, xüsusi dövlət alışlarının və digər əsaslı ödənişlərin maliyyələşdirilməsinə sərf edilib.

Gözləmək olar ki, ilin sonuna büdcə kəsiri daha da artacaq. 12 milyard 688 milyon manat neft gəlirlərinin hamısının təmin edilməyəcəyi də şübhə doğurmur. Ən optimist proqnozlara görə, burada 40 faiz azalma baş verəcək.

Dövlət büdcəsində nəzərdə tutulan 11,1 milyard dövlət investisiyalarının hamısını reallaşdırmaq mümkün olmayacaq. Proqnozlara görə, bu istiqamətdə xərcləmələr 50 faizi keçməyəcək.

Sonda builki büdcədə, 2009-cu ildə olduğu kimi, faktiki xərclər icrada proqnozlaşdırılandan kəskin fərqlənəcək. 2009-cu ildə büdcə xərclərinin icra səviyyəsi proqnozlaşdırılanın 85,0 faizi qədər olub. Sonrakı illərdə bu göstəricinin səviyyəsi 2010-cu ildə 95,9 %, 2011-ci ildə 96,6 %, 2012-ci ildə 98,6 %, 2013-cü ildə 96,4 % olduğu halda, 2014-cü ildə büdcə xərcləri 93,3 faiz icra olunub.

2016-cı ilin büdcəsi necə azalacaq?

Müstəqil ekspertlər qeyd edirlər ki, gələn ilin büdcəsində bu ilə nisbətən 6 milyard azala bilər. Büdcənin 7-8 milyard dollar azalacağını proqnozlaşdıranlar da var. Ekspertlərin rəyinə görə, dövlət investisiyalarının həcmi builki 11.1 milyarddan 70-80 faiz azalacaq və 3-4 milyard həddində olacaq. Bu vəsaitin də təyinatı üzrə xərclənib-xərclənməyəcəyi cari iqtisadi vəziyyətdən asılı olacaq.

2006-2008-ci illərdə dövlət büdcəsindən əsaslı vəsait qoyuluşuna yönəldilən vəsait əvvəlki illə müqayisədə hər il 2 dəfədən çox artırılırdı. Lakin 2009-cu ildə büdcədən ayrılan əsaslı vəsait qoyuluşunun məbləği əvvəlki illə müqayisədə 721,8 milyon manat, yaxud 16,9 faiz azaldılmışdı.

Digər ixtisar istiqaməti isə  ümumdövlət xidməti xərcləri ilə bağlı olacaq. Bununla bağlı builki büdcəcə 2 milyard 47 milyon manat nəzərdə tutulmuşdu. Bu xərclərin dövlət büdcəsində xüsusi çəkisi 9,7 faiz təşkil etmişdi. Bu xərclərin, təxminən, 15-20 faiz azalacağı gözlənilir. Əsas bölməyə aid edilməyən xidmətlərə isə 2 milyard 696,9 milyon manat xərclənməsi nəzərdə tutulmuşdu. Qeyd edilən istiqamət üzrə də əhəmiyyətli azalma olacağı təxmin edilə bilər.

Bu il sənaye-tikinti və faydalı qazıntılar funksional istiqaməti üzrə 6 milyard 951.6 milyon manat xərclənəcəyi qeyd olunmuşdu. Növbəti ildə bu istiqamət üzrə nəzərəçarpacaq azalma prqonozlaşdırmaq olar. 2015-ci ildə məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının fəaliyyətinin təmini üçün 1 milyard 227,1 milyon manat xərclənməsi nəzərdə tutulmuşdu. Bu istiqamət üzrə də ayrılan vəsaitin, cüzi də da olsa, azalacağı gözlənilir. Böyük ehtimalla, hökumət müdafiə xərclərini də optimallaşdıracaq. 2015-ci ildə müdafiə xərcləri 1 milyard 778,5 milyon manat təşkil etməli idi.

Azərbaycan 14-15 milyardlıq büdcəyə  qane ola bilərmi?

Dövlət büdcəsinin həcminin azalması hökumət üçün yeni situasiya yaradır və yeni vəzifələr müəyyənləşdirir. Bu, ilk növbədə, dövlət xərclərinin optimallaşdırılması və effektiv menecment tələb edir.

Qeyd etmək lazımdır ki, 2000-ci ildən bəri əvvəlki illə müqayisədə Azərbaycanın dövlət büdcəsinin xərclərində ilk dəfə azalma 2009-cu ildə baş vermişdi: 2008-ci illə müqayisədə həmin il büdcə xərclərinin ümumi məbləği 270,3 milyon manat, yaxud 2,5 faiz azalmışdı. Bunun səbəbi 2008-ci ilin ortalarından ilin sonunadək dünya bazarında neftin qiymətinin kəskin azalması nəticəsində neft gəlirlərinin azalması olmuşdu. Bundan sonrakı dövrdə - 2009-2013-cü illərdə - büdcə xərclərinin ümumi məbləği müntəzəm olaraq artıb, həm də orta illik artım tempi 16%-dən bir qədər çox olub.

Ötən il 2009-cu ildən sonra ilk dəfə olaraq büdcə xərclərinin ümumi məbləğində azalma qeydə alınıb. 2014-cü ildə dövlət büdcəsinin faktiki xərcləri 18 milyard 709,0 milyon manat olub. Bu, əvvəlki ilin xərclərindən 434,5 milyon manat, yaxud 2,3 % azdır.

İndi 2009-ci ildəki vəziyyət daha ağır formada təkrarlanır. Lakin o zaman neftin qiyməti çox qısa zaman kəsyində aşağı düşmüşdü. Azərbaycanda neft hasilatının pik həddi isə qarşıda idi, hasilat artan xətlə gedirdi. İndi isə neftin qiymətinin aşağı düşməsi uzunmüddətli xarakter alıb və ölkədə neft hasilatı azalır. Belə şəraitdə Azərbaycan üçün qeyri-neft sektorunun inkişafı və rasional iqtisadi siyasət, real kompleks islahatlar aparılması prioritetləri ön plana çıxır. Bu prioritetlər isə bu gün Prezidentin ifadə etdiyi kimi, çevik hökumət formalaşdırılmasını tələb edir. Çünki hökumət situasiyanı tam nəzarətdə saxlamaq üçün adekvat reaksiya vermək imkanında və qabiliyyətində olmalı, əldəki resursları səmərəli istifadə etməlidir.

Ekspertlərin fikirincə, müvafiq islahatlar aparılarsa, yaxın perspektivdə əldə olan resurslarla ən azı vəziyyəti kritik həddə çatmağa qoymamaq mümkündür. Səmərəli xərcləmə və paralel olaraq iqtisadi liberallaşma ilə 14-15 milyardlıq büdcə ilə indiki rifahı saxlamaq da mümkün ola bilər.Əks halda iqtisadi vəziyyətin davamlı şəkildə pisləşməsinin qarşısını almaq mümkün olmayacaq.  Dövlət xərclərinin azaldılması avtomatik olaraq işsizliyin artmasına, istehlakın, istehsalın, yaradılan əlavə dəyərin həcminin, ticarətin dövriyyəsinin azalmasına, xidmət sektorunun kiçilməsinə, istehsala dövlət investisiyalarının həcminin aşağı düşməsinə səbəb olacaq.  Bu itkilərin özəl sektorun resursları, xarici investisiyaların hesabına bərpa edilməsi üçünsə çox qısa müddətə genişmiqyaslı islahatlar həyata keçirilməlidir.

Qeyd: Məqalənin hazırlanmasında İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin 2014-cü il dövlət büdcəsinin icrası ilə bağlı tədqiqatından istifadə olunub.

скачать dle 12.1
Xəbər lenti