“Neft tükənəndə” – Bu yazını mütləq oxuyun!

19-09-2015, 04:38
0
“Neft tükənəndə” – Bu yazını mütləq oxuyun!

Alfred Kox

(5 il sonrakı mülahizələr)

Dünya inkişaf edir, Rusiya isə həmişə olduğu kimi yerində saymağa cəhd edir.

Həqiqət mübahisələrdə, o cümlədən öz- özünlə mübahisələrdə meydana gəlir. Böhran zamanlarında həyat çox proqnozları alt- üst edir, xüsusilə əhəmiyyətli görükən olaylar isə çox sürətlə arxa plana atılır.
Forbesin yeni layihəsi tanınmış ekspertlərə və ictimai fikrin liderlərinə imkan verir ki, bir zamanlar irəli sürdükləri səsli- küylü, bəzən hətta, provokativ proqnozlara yenidən baxaraq hansı düşüncələrinin çin çıxdığını, indi hansı fikirlər üzərində israr etdiklərini götür- qoy etsinlər.

2010- cu ilin yanvar ayının 26- da slon.ru saytında mənim “Neft qurtaranda” adlı, Yuriy Şevçukun eyni adlı mahnısının təhlili üzərində qurulan yazım dərc edilmişdi.

Forbesin baş redaktoru Elmar Murtuzayev mənə təklif etdi ki, özümün beş il əvvəlki mülahizələrimlə mübahisə edim və görək, o zamandan bəri nə dəyişib?

Həmin yazını bir daha soyuq başla oxudum və əminliklə deyə bilərəm ki, sizin oxumağınız bir yana, klaviaturaya döyəcləməyə ərindiyim bəzi ikinci dərəcəli məqamları çıxmaq şərti ilə həmin yazıya heç nəyi əlavə etməzdim: hər şey düppədüz yazılıb.

Nə baş verir? Bunun adını nə qoyaq? Məncə, Stolıpin belə demişdi ki, Rusiyada 10 il ərzində hər şey dəyişir, 100 il ərzində isə heç nə. İndi isə zaman o vaxtlarda olduğundan daha sürətlə şütüyür və mən hesab edirəm, belə demək doğru olardı ki, bir gündə hər şey dəyişir, beş il ərzində isə heç nə dəyişmir.

Başa düşürsünüzmü, heç nə dəyişməyib?!

Sizi deyə bilmərəm, amma mən çıldırmaq həddindəyəm: heç nə baş verməyib!

5 il əvvəl həmin yazım dərc olunandan bir gün sonra Stiv Cobs ilk İPad- ın təqdimat mərasimini keçirmişdi. Rusiyada isə heç nə baş vermədi.

O yazıdan bir il sonra Misirdə və Liviyada onilliklərin diktatorları olan Hüsni Mübarəki və Müəmmər Qəddafini süpürüb atan inqilablar baş verdi. Rusiyada isə uzun müddətdir ki, hakimiyyətdə yerləşən “Vahid Rusiya” partiyası növbəti dəfə parlament seçkilərini uddu.

Daha bir il sonra alimlər adron kollayderinin vasitəsilə məşhur Hiqts bozonunu kəşf etdilər. Bizdə, Rusiyada isə 2008- ci ildə köhnə prezident Putini əvəz edən prezident Medvedevi yeni prezident Putin əvəz etdi.

2013- cü ildə Çilidəki Atakama səhrasında dünyanın ən güclü teleskopu quraşdırıldı və 1200 il ərzində ilk dəfə olaraq bir qeyri avropalı Roma Papası seçildi. Ruaiyada isə vəhşicəsinə qalmaqallar üzərində, nəhayət, uzun illərdən sonra gerçək müxalifətçi Navalnıy Moskvada mer seçkilərinə buraxıldı, ikinci yeri tutdu. Amma təbii ki, seçkilərdə bu zamana qədər də Moskva meri kürsüsündə Putinin adamı olaraq əyləşən, əslən Tümenli və Moskvaya heç bir aidiyyəti olmayan Sergey Sobyanin qalib gəldi.

2014- cü ildə ABŞ- da çoxdəfəli istifadə üçün istehsal edilən “Dragon V12” kosmik gəmisi təqdim edildi, Ukraynada isə rusiyapərəst korrupsioner prezident Yanukoviçi devirən, ölkənin Qərb yönümlü inkişaf kursunu möhkəmləndirən inqilab baş verdi. Rusiya bu inqilabı 150-200 il əvvəlin reaksiyası ilə qarşıladı: Krımın anneksiyası və Donbasda vətəndaş müharibəsini alovlandırmaqla.

2015- ci ildə neftin qiyməti düşdü və dünya Amerikada “slans inqilabına” şahidlik etdi, Avropa isə alternativ enerji tədqiqatlarının ilk məhsullarının istehsalına başladı. Çin böhrana girdi və böhran əleyhinə proqramlarla öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoydu. Rusiya isə bəyan etdi ki, bunlar boş şeylərdir və neft istehsalını artırmağa davam etdi.

Bu arada Boris Minayevin maraqlı bir qeydinə rast gəldim. Bu qeyd ondan ibarətdir ki, bir şagird Minayevlə söhbət zamanı onun “Şirin körpəliyi” əsərini- ki, bu əsərdə Rusiyanın 1956- cu ildə Macarıstan üsyanını yatırtması ilə bağlı epizod var, Qarin Mixaylivskinin “Qaranlığın körpəliyi” əsəri ilə dolaşıq salıb, çünki həmin əsərdə rusların 1849- cu ildə Macarıstanda üsyanı boğması haqqında epizod təsvir edilib.

Heç nə dəyişməyib! Qafqaz müharibəsi, Ukraynanın ruslaşdırılması…

İvan Qroznının zamanında Krım türkləri Moskvanı yandırdılar, Çariça Sofyanın zamanında Qolitsın Krımı fəth eləməyə getdi, Anna İonanovnanın zamanında Minix Krım savaşını qazandı, Yekaterina ananın zamanında Potyemkin Krımı Rusiyaya birləşdirdi, Nikolay zamanında onu itirdilər, Aleksandrın zamanında geri qaytardılar, Stalin zamanında verdilər və aldılar, Xruşşov zamanında hədiyyə etdilər və nəhayət, bizim Voldemarın zamanında yenidən ələ keçirdilər. Ora dart- bura çək… İnsanlar telefon, avtomobil, kosmik gəmi, kompyuter kəşf edirlər, biz isə Krımı gah verib gah da almaqla vaxt öldürürürük.

Eyni məqsədlər, tərəqqinin eyni qabalıqla inkarı və status- kvonun saxlanması uğrunda eyni savaş. Daha əvvəllər Nişdadt sülhünün, Kiçik Qaynarca (Aman Allah!) sülhünün, Vyana konqresinin, indi isə Yalta və Potsdam sülhünün nəticələrinin saxlanması uğrunda savaş. Elə təəssürat yaranır ki, Metternix hələ də sağ- salamatdır, Bismark özünün kobud ruscası ilə donquldanır, Çörçill isə səhər brendisini içdikdən sonra xoşbəxtcəsinə siqarını qullablayır və əlbəttə ki, Putin də bu zatlarla birlikdə dünyanın xəritəsini masanın üstünə sərib geopolitik nüfuz sərhədlərini müəyyən edir. Həm də bizim şadlığından şitlik edən patriot yığını tullanıb- düşərək bəlağətlə tarixi qürur çırtlayırlar: Birinci Nikolaydan indiyə qədər “Rusiya kənd təsərrüfatı, sənaye və ticarət ölkəsi deyil, Rusiya hərbi təyinatlı ölkədir və onun missiyası bütün dünyanı yerində oturtmaqdır”, Üçüncü Aleksandrdan bəri Rusiya toparlanır, “Rus çarı tilov atıbsa Avropa gözləməlidir”, “Rusiyanın iki müttəfiqi var: ordu və donanma”… Bu qafa ilə hara getmək olar? Bunlar kimə nə demək istəyirlər? Yəni, nə olsun ki?

Krlm fəlakətindən sonra dördnala silahlandılar, ordu- donanma yaratmağa girişdilər. Rus- yapon savaşı başladı və bəlli oldu ki, bizdə heç zibil də yoxdu, nə ordu, nə donanma var. Ortada yalnız əsgər bədbəxtlığı və general kütbeyinliyi var. Üstəlik, həmişə olduğu kimi yalın əllə döyüşürlər. O zamana qədər də əli yalın idilər, ondan sonra da və həmişə.

Dünya informasiya inqilabları ilə nəfəs alır. Alimlər genomun sirrlərinə vaqif olurlar. Kosmik gəmilər Günəş sisteminin hüdudlarından o yana uçmaqdadır. Bəşəriyyət faktiki olaraq, kütləvi aclıq və epidemiya problemlərini həll edib. Hətta Afrikanın bir çox ölkələrində də iqtisadi artım başlayıb. Və bizimkilər hələ mezozoy əsrində əlləşməkdədirlər. Qafası artıq çoxdan bəridir ki, anekdotlara və apokriflərə çevrilmiş tarixi hədislərlə zibillənmiş adamlat tektonik miqyaslı dünya hadisələri barədə xalturaçı taksistin qayğısız elmi təfəkkür tərzi ilə mühakimə yürüdərək cəmiyyətin sifəti ranqına iddia edirlər. Həm də, sadəcə fikir yürütmürlər, başqa cür düşünənləri əzib keçmək iddiasındadırlar! Minlərlə insan onların barmağının səmtinə düzülüb yürüyür, atəş yağdırır, ölür, sonra da bu binəvaların sink tabutlarını sürüyüb evlərinə atırlar. Analarına isə onların məzarı başında ağlamağı da qadağan edirlər. Arvadlarına qan pulu vermirlər. Atalatına deyirlər ki, onların övladı muzdlu döyüşçülər idi. Və bütün bunları vətənpərvərlik adlandırırlar.

Ümumdaxili məhsulunun həcmi 10 faiz aşağı gillənən ölkə hərbi xərclərini artırır. Təhsili, səhiyyəsi, təqaüd sistemi çökmüş ölkə polisə və dövlət çinovniklərinə xərcləri şişirdir. 100 ildir ki, öz insan kapitalını planauyğun şəkildə məhv edən ölkə özünü insanlığın avanqardı və xristian dəyərlərinin mühafizi elan edir.

İllər uzunu istehza etdiyimiz, şərəfinə ən həqarətli lətifələr düzüb – qoşduğumuz Çin bizi basıb keçdi və ölkəmizi öz inkişafının xammal əlavəsinə çevirdi. Amma bizim vecimizə də deyil. Açıq aşkardır ki, bütün dünyanın gördükləri bizim gözümüzə görünmür. Rusiyada deqradasiya baş verir və o, tarix zibilxanasına çevrilir. Axı, aşkardır ki, hamının hərəkət etdiyi sırada dayanmaq olmaz!

Baxın, Elmar, siz məndən soruşursuz ki, 5 ildə nə dəyişib? Mən sizdən soruşuram: 100 il ərzində, 200 il ərzində nə dəyişib ki?! Hanı tərəqqi və inkişaf? Yoxdur və hər yerdə məmur harınlığı, zamanın, insanların və bütün resursların itkisindən başqa heç nə yoxdur!

Oturub- durub düşünürəm ki, Allah bizə daha bir müharibə göstərməsin. Olsa, hər şey əvvəlki kimi olacaq. Daha bir müharibə Rusiyanı çökdürər. Rusiya bitər. Onsuz da itirilmiş kimi bir şeydir. Neçə əsrlərdir ki, onu xərcləyə bildikləri qədər xərcləyirlər. Bəyəm, bu açıq- aşkar görükmür?

Ey böyük Allah! Həqiqətənmi sən bizim günahlarımıza görə bizi yetərincə cəzalandırmamısan? Bu sınaqlar nə qədər olar axı?

Allah haqqı, bütün bunlar dəhşətlidir!

Əgər Allah birisini cəzalandırmaq istəyirsə, əvvəlcə onu ağıldan məhrum edir!

P.S. Alfred Kox rus yazıçısı, riyaziyyatçı və iqtisadçıdır. Yeltsin zamanında baş nazirin müavini olub. 2000- ci ildə Qazpromun qurduğu media holdinqin sədri olub. Sonralar müxalifətə keçib.

скачать dle 12.1
Xəbər lenti