Moskva İrəvanın qiymətli hədiyyəsini qaytardı

18-03-2023, 13:19
8 057
Moskva İrəvanın qiymətli hədiyyəsini qaytardı

Rusiya “qulpsuz çamadan”dan imtina edəcəkmi?

Rusiya-Ermənistan münasibətlərində maraqlı olay yaşanıb. Belə ki, bu günlərdə Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinə göndərdiyi bahalı hədiyyə geri qaytarılıb. Bu barədə İrəvandakı “168" qəzeti yazıb. Lakin nəşr bunun nə hədiyyə olduğunu yazmayıb.

Qeyd edək ki, Volodin Putinin ən yaxın silahdaşlarından, hətta varislərdən biri sayılır. Yəni bu, əslində Kremlin Paşinyan iqtidarından narazılığının daha bir göstəricisi hesab edilməlidir.

Sirr deyil ki, hazırda Moskva-İrəvan münasibətlərində ən gərgin, hətta kritik dövrdür. Hərçənd baş nazir Nikol Paşinyan son vaxtlar Rusiyanın əleyhinə, Qərbin lehinə tez-tez reveranslar eləsə də, Moskvadan asılılığı azaltmağa və onun “orbiti”ndən uzaqlaşmağa da cürət eləmir. Paşinyan iqtidarı ənənəvi erməni bicliyi ilə “ikili oyun” oynayır.

Hər necə olmasa, məsələn, Rusiya Ermənistana təbii qazı özünün daxili bazar qiymətinə (120 dollar min kub metr üçün), yəni ən ucuz qiymətə satır. Bu qiyməti bir azca qaldırmaq və ya dünya qiymətinə (500) yaxınlaşdırmaq yetər ki, Ermənistan qarışsın. Rusiyadan başqa da heç bir dövlət, o sırada İran ona ucuz qaz satmaz (Bəlkə ən ucuz qazı elə Azərbaycan satar, əgər Ermənistan özünü normal aparsa və 5 prinsip əsasında sülh müqaviləsi imzalasa...).             

Alen Simonyana gəlincə, bu adam qatı anti-Rusiya mövqeyi ilə tanınan “sorosçu” kardlardandır. Az öncə o, KTMT haqda sərt sözlər işlətmiş, bu qurumu faktiki mənasız və Ermənistan üçün faydasız adlandırmışdı. Yeri gəlmişkən, KTMT baş katibi dünən iki günlüyə İrəvana səfərə gəlib.  

Bəs “hədiyyə” olayının davamı nə olacaq? Rusiya günün birində Ermənistan adlı “qulpsuz çamadan”dan imtina edəcəkmi? Rusiya Ermənistana dəstək verməsini tam olaraq dayandıra bilərmi?

Qabil Hüseynli: “İranın fəlakəti bundan sonra başlaya bilər” | RealMedia.az

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a deyib ki, Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinə göndərdiyi bahalı hədiyyənin geri qaytaılrması etiket qaydalarından uzaqdır: “Rusiya Ermənistanı marionetkaya çevirib. İndi də oyuncağa çevirdiyi Ermənistana naz edir. Bunun səbəbi də odur ki, Ermənistan bəzi məqamlarda müstəqil davranır. Bu isə Rusiyanın xoşuna gəlmir. Ermənistanın siyasi oyunbazlıq etməsini Rusiya heç cür həzm edə bilmir. Bu cür oyunları Rusiya özünün Cənubi Qafqazdan çıxarılması prosesinə dəstək kimi başa düşür. Buna baxmayaraq Rusiya Ermənistanda çox ciddi kök salıb. Ermənistanda Rusiyanın bir neçə hərbi bazası var. Onun sərhədlərini Rusiya qoşunları qoruyur. Bölgədəki rus sülhməramlıları da Rusiya maraqlarından çıxış edir. Hədiyə vermə və geri qaytarma bir oyundur. Bu oyun daxili auditoriyalara hesablanıb”.

Politoloq deyir ki, Rusiya Ukraynada, Yaxın Şərqdə olduğu kimi Cənubi Qafqazda da beynəlxalq hüquq qaydalarından çox kənara çıxır: “Sırf imperialist və müstəmləkə dəyərlərindən çıxış edir. Bu nöqteyi-nəzərdən də hədiyyənin geri qaytarılmasını imperialist ədası kimi də qəbul etmək olar, Ermənistanın ”iki stul"da oturmaq şakərinə cavab da hesab etmək olar".

Politoloqa görə, yaxın müddətə Rusiya-Ermənistan münasibətlərində kəskinləşmə gözləmək əbəsdir: “Çünki Qərb də Rusiya ilə Ermənistanın münasibətlərinin kəskin pisləşməsini istəmir. Paşinyan başda olmaqla Ermənistan hakimiyyəti ”iki stul"da oturma siyasətini həyata keçirir. Paşinyan komandası Rusiya ilə əlaqələri pozmamağa çalışır. Ermənilərin əsas niyyəti Qərbə inteqrasiya və Rusiya ilə ənənəvi strateji müttəfiqlik siyasətini davam etdirməkdir. Bu da mümkünsüzdür. Son zamanlar Azərbaycanın Qərblə fəal əməkdaşlıq siyasəti Ermənistanı Rusiyaya doğru daha çox itələyir. Bu gedişat Ermənistanın Avropaya açmaq istədiyi qapını bağlayır və Ermənistan Rusiyanın ağuşuna yuvarlanır. Zənnimcə, Ermənistanın  illərlə yürütdüyü prinsipsiz siyasət bu cür nəticəyə gətirib çıxarmalı idi".

Politoloq deyir ki, Rusiya-Ermənistan münasibətlərinin bu şəkil alması Azərbaycanın xeyrinədir: “Düzdür, biz Rusiyaya nə qədər normal münasibətlər bəsləsək də, Rusiya ilə yaxın qonşuluq münasibətlərini qorumağa çalışsaq da, Rusiya Azərbaycana pisliklər etməkdə davam edir. Buna misal kimi son dövrdə sülh yaratma prosesinə mane olması, separatçılara Azərbaycanla dialoq qurmağa imkan verməməsi, Rusiya sülhməramlılarının bölgəyə silah daşımasında iştirak etməsini göstərmək olar. Bu gün Rusiya Qafqazla bağlı müstəmləkə siyasətini dəyişmək istəmir. Rusiyanın bu siyasəti pis vərdiş halına gəlib və bundan çəkindirmək mümkünsüzdür”.

Ekspert Rusiya-Ermənistan münasibətlərində qalxıb-enmələrin davam edəcəyini vurğulayıb. Bildirib ki, Rusiya heç bir halda öz xoşuna Ermənistandan imtina etməyəcək...

скачать dle 12.1
Xəbər lenti