Maliyyə Nazirliyi Cahangir Hacıyevin ittihamlarından yayınır

1-11-2016, 22:37
0
Maliyyə Nazirliyi Cahangir Hacıyevin ittihamlarından yayınır

Müzəffər Baxışov: «Azərbaycanda müstəqil istintaq qrupu yoxdur ki, istintaqı tam, hərtərəfli aparsın və cinayət törədəni məsuliyyətə cəlb etsin»

 

Beynəlxalq Bankın keçmiş prezidenti, bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilən Cahangir Hacıyevin məhkəmədəki son sözündə Maliyyə Nazirliyinə, ələxsus nazir Samir Şərifova qarşı sərt ittihamlar yer alıb: «2015-ci il aprel ayında mən xaricdə olsam da, bir çağırışla Azərbaycana qayıtdım. Məhkəmədə dövlət ittihamçısı belə bir söz işlətdi ki, mən həmin vaxt şahid qismində çağırılmışdım və dindirilmişdim.  Cinayət işi aprel ayında açılmışdı, amma şübhəsiz ki, bundan öncə hazırlıq işləri gedir. Bunu hər kəs bilir ki, cinayət işi apreldə açılsa da, Beynəlxalq Bankın keçmiş rəhbərliyi, həmçinin əlaqəsi oldu-olmadı, digər şəxslər barəsində hər zaman qaralama əməliyyatları olub. Bunun baiskarı isə hər kəsə bəlli olan Maliyyə Nazirliyidir. Yəni demək istəyirəm ki, mən gəlməyə bilərdim. Amma bir zəng və mən istənilən köməyi geri qaytara bilmədim, bank sistemində olan böhranın həlli üçün ölkəyə qayıtdım. Qayıtdıqdan sonra tamam başqa ab-hava gördüm. İşdən zərrə qədər anlayışı olmayan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bankın Problemli Kreditlər Departamenti kimi fəaliyyət göstərir və 500-600 manat borcu olan şəxsləri belə, incitməkdə davam edirlər. İstintaqın çox bəh-bəhlə iddia etdiyi 400 milyon krediti onlar qaytarmayıblar. Bilavasitə mənim köməyimlə o kreditlər qaytarılıb və əksər hissəsi də səhmlərin təhvil verilməsi hesabına əldə edilən rəqəmlərdir. Sonradan bəlli oldu ki, Maliyyə Nazirliyi 184 milyonluq səhmləri alıb, vədinə əməl etməyib, və səhmlərin realizə edilməsi nəticəsində əldə olunan vəsaiti ehtimal olunan gecikmiş kreditlərə yönəltməyiblər».

C.Hacıyev onu da bildirib kiəllərində haqlı olduğunu sübut edən videogörüntülər var: «Ümumiyyətlə, cinayət işi Beynəlxalq Bankın İdarə Heyəti sədrinin birinci müavini Emil Mustafayevin ərizəsi əsasında açılıb. Əvvəla, əfsuslar olsun ki, məhkəmə olaraq, Emil Mustafayevdən soruşağa imkan yaratmadınız ki, bu ərizəni kimin diqtəsi ilə yazdığını ondan soruşaq. Ümumiyyətlə, bu layihələrdən və kreditin yönəldildiyi sferalardan onun xəbəri varmı? Əlbəttə, “yox” deyəcəkdisə, bziim özümüzə görə qeydlərimiz, həttda video-görüntülər var ki, o layihələrə birbaşa Emil Mustafayev faktiki rəhbərlik edib. Aylıq hesabatlar və hesablaşmalar məhz layihə rəhbərləri tərəfindən Emil Mustafayevə edilib. Amma məhkəmə təktərəfliliyini bir daha büruzə verdi və Emil Mustafayevə nə məni, nə vəkillərimi, nə də digər müdafiəçilərin sual verib, onun dediklərinin əksini sübut etməsinə imkan vermədi. Əlbəttə, burada şübhə yaranır ki, məhkəmə ya öz mülahizəsilə, ya da tapşırıqla Beynəlxalq Bankın indiki rəhbərliyini qorumağa boyun olub. Məhkəmə gedişatda qeyd etdi ki, “narahat olmayın, sonrakı mərhələlərdə Emil Mustafayevi yenidən şahid kimi dindirməyə cəlb edəcəyik”. Amma nə oldu? Məhkəmə tamaşası vədinə əməl etmədən, tələm-tələsik yekunlaşdı».

C.Hacıyev daha sonra vurğulayıb ki, S.Şərifov bir çox məqamlara görə məsuliyyətə cəlb olunmalıdır: «Dövlət ittihamçısı səthi olaraq bəzi məsələlərə toxundu, amma işin dərinliyinə varmadı, yaxud da varmağa cəsarət etmədi. Dövlət ittihamçısı Beynəlxalq Bankın Moskva törəmə bankından danışdı. Heydər Əliyevin bir tapşırığı ilə iki həftə ərzində Rusiyada, elə onun iştirakı ilə törəmə bank açmışıq. Oradakı o Mərkəzi Bankın əfsanəvi sədri Geraşenko demişdi ki, Rusiyanın 170-180 illik bank tarixi ərzində heç bir bank iki həftəyə açılmayıb. Bizim dövrümüzdə həmin bank Rusiyadakı 1300 bank arasında 100-lüyə daxil idi. Hər zamn likvidliyi ilə seçilən banklardan olub. Nə oldu, qısa müddət ərzində Samir Şərifovun yarıtmaz siyasəti və səriştəsiz kadrları təyin etməsi nəticəsində digər layihələr kimi, o bankın da sonuna çıxdılar».

C.Hacıyevin ittihamları bununla bitmir. C.Hacıyev daha sonra davam edir: «Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, onu öyrədən Samir Şərifovun adından ictimaiyyətə fantastik rəqəmlərlə pulların ofşor zonalara köçürüldüyü iddiası ilə təqsirsizlik prezumpsiyamızı pozmaqdansa, ictimaiyyətə açıqlama versin ki, nəyə görə dövlət adından təyinat alan Beynəlxalq Bankın Moskva bankının rəhbərliyi barəsində “çirkli pulların yuyulması” ittihamı var? Bəlkə Samir Şərifovun adamı olan şəxslər barəsində açılan cinayət işini də də təcridxanadan mən idarə etmişəm?

Sizlər onsuz da Hollivud kinolarında olmayan fantaziyanızdan istifadə edib, məni və digər saxlanılan şəxsləri “cinayətkar qrup kimi” təqdim etməyə öyrəşmisiz. Maliyyə Nazirliyinin rəhbərlmiyi bu gün leqal yollarla deyil, bu gün cinayətkar aləmlə əlbir olub, Beynəlxalq Bankın Moskva bankını ayaqda tutmağa çalışır».

C.Hacıyevin sözlərinə görəhəmçinin 2015-ci ilin aprel ayında ölkəyə qayıtdıqdan sonra mənim tərəfimdən qısa zamanda “Qazprom”la Metanol zavodunun işlədilməsi istiqamətində danışıqlar aparılmışdı, “Qazprom”la SOCAR arasında ölkəyə 2 milyard kub qazın gətirilməsi haqqında müqavilə bağlanmışdı: «Onun 750 milyon kub metri məhz Metanol zavoduna verilmişdi. Və qısa müddətdə – 2 ay ərzində 9-10 milyon kredit qaytarılmışdı. Lakin Maliyyə Nazirliyi maneə törətməklə bu proseslərin qarşısını aldı. Metanol zavodu ilə “Qazprom” arasındakı əməkdaşlıq müqaviləsinin tam sürətilə davam etməsinə Maliyyə Nazirliyi məneə oldu və kontrakt pozuldu. Baxın, bu gün Metanol zavoduna qoyulan sərmayələr – hardasa 600-700 milyon dollar vəsait demək olar ki, batdı».

Bəs, C.Hacıyevin səsləndirdiyi ittihamları necə dəyərləndirmək olar? Məhkəmə bu ittihamlarla bağlı hansı addımları atmalıdır?

muzeffer-baxishov

Hüquqşünas Müzəffər Baxışov hesab edir ki, C.Hacıyevin söylədikləri əsaslı fikirlərdir. Bu şəxsin Beynəlxalq Bankın İdarə Heyətinin sədri olduğunu xatırladan M.Baxışov bildirdi ki, onun bu cinayətləri kimlərlə törətdiyi bəllidir: «Onun cinayəti törətdiklərinin bir qismi qalıb kənarda, digər qismini məsuliyyətə cəlb ediblər. Ona görə təsadüfi deyil ki, Cahangir Hacıyev bəyan edir ki, müəyyən şəxslər var ki, onlara da kredit verilib, amma onların adı çəkilmir. Bütün bunlar Azərbaycan reallıqlarıdır. Azərbaycan reallığında bu qəbil məsələlərdə göstərişlər olmalıdır ki, həmin şəxsləri cinayət məsuliyyətinə cəlb etsinlər. Elə bir göstəriş olmasa heç kimi cinayət məsuliyyətinə cəlb etməyəcəklər. O cümlədən də Samir Şərifovu. Bu hamıya bəllidir. Hamı bilir ki, Beynəlxalq Bankın Müşahidə Şurasına Maliyyə Nazirliyi rəhbərlik edib və bütün qərarlar Maliyyə Nazirliyinin nəzarəti ilə qəbul edilib. Cahangir Hacıyevin söylədiklərini gərək prokurorluq nəzərə alsın, istintaqı aparan orqan istintaqı hərtərəfli aparsın və konkret şəxslərə çıxsın. Bizdə də cinayət törədilən şəxslərə çıxılır və yüksək instansiyaya bu barədə məlumat verilir. Əgər həmin instansiya həbsə icazə versə, gərəkən addımlar atılır. İcazə verməsə həmin şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Azərbaycanda müstəqil istintaq qrupu yoxdur ki, istintaqı tam, hərtərəfli və müstəqil aparsın və cinayət törədən istənilən şəxsi məsuliyyətə cəlb etsin».

скачать dle 12.1
Xəbər lenti