Bahar Muradova: “İndi nə təklif edirsiniz, bizi hədələyənlərin qarşısında baş əyək?!”

23-09-2015, 19:34
0
Bahar Muradova: “İndi nə təklif edirsiniz, bizi hədələyənlərin qarşısında baş əyək?!”

“Bu, oyundur, siyasət deyil!”

 

 
Milli Məclisin sədr müavini Bahar Muradova ilə budəfəki söhbətimiz parlamentdəki iş otağında baş tutdu. Müsahibəyə keçid etməzdən əvvəl köməkçisinin gətirdiyi seçki ilə bağlı bəzi sənədləri imzaladı və deklarasiyanı göstərərək “baxa bilərsiniz, nə maşınım var, nə də bağ evim”-söylədi. 
84 saylı Füzuli seçki dairəsindən YAP-ın namizədi olan xanım vitse-spiker qeyd etdi ki, artıq imzatoplama kampaniyası bitmək üzrədir. Seçicilərinin kompakt deyil, ölkənin 60-dək şəhər, qəsəbə və kəndində yaşadığını da vurğuladı. Rəqiblərindən heç kəslə şəxsən tanış olmasa da, Müsavatdan Osman Kazımovun namizədliyini irəli sürdüyü haqda məlumatlı olduğunu dedi.
 
- Bahar xanım, müxalifət seçkidə iştiraka həvəsli deyil, bir sıra təşkilatlar və fərdlər seçkidə iştirakdan imtina edib, boykot çağırışları və mesajları eşidilir. Yerlədən gələn təzyiqlərlə bağlı xəbərlər seçkiyə həvəsi xeyli azaldıb. Bu situasiya iqtidar rəsmisi olaraq sizə nə deyir?
- Seçki elə bir prosesdir ki, məncə, burda xüsusi həvəsləndirməyə ehtiyac yoxdur. Çünki bütün seçki hərəkətləri qanunvericiliyə uyğun həyata keçirilməlidir. Özünə inamı, kifayət qədər sosial dayağı, müəyyən proqramı, seçiciyə mesajı, konkret sözü olan şəxslər, siyasi qüvvələr öz qərarlarını müstəqil şəkildə verməlidirlər. Əks təqdirdə, özünə inamı olmayan bir qurumun, onun nümayəndəsinin hansısa süni həvəsləndirmə, stimullaşdırma ilə seçkiyə qatılmasının hansısa müsbət nəticə verəcəyinə inanmıram. 
O ki qaldı boykot çağırışlarının olmasına, bu, yenilik deyil. Mən artıq 4-cü dəfədir seçkiyə qatılıram, bütün seçkilərdə bu çağırışlar, özünü seçkidən kənarda saxlayan şəxslər, qurumlar olub. Mən bunu məqbul hesab etməsəm də, bu qərarı verənlər var və onun da ən müxtəlif səbəbləri ola bilər. Özünün seçkidə iştirakını məqbul hesab etməyən və özünü bu prosesdə aktiv subyekt kimi görməyənlərə görə seçkiyə qiymət verməyin özü də düzgün deyil. Bu, hüquqdur, vəzifə deyil, hər kəs öz hüququnu reallaşdırmaqda sərbəstdir. Amma əlbəttə ki, hökumətin, müvafiq seçki qurumlarının qəbul etdiyi qanunların məqsədi də odur ki, normal seçki mühiti olsun və hər kəs sərbədt şəkildə bu prosesə qatıla bilsin. Hər zaman olduğu kimi, bu gün də ölkəmizdə çox normal seçki mühiti var, hər kəs bu prosesdə iştirak edə bilər. 
- Seçkilərə müdaxiləni qadağan edən qanunlar, prezident sərəncamı var. Bəlkə bir neçə nəfərin cəzalandırılması vəziyyəti müsbətə doğru dəyişərdi. Müxalifət bəyan edir ki, hətta imza verən şəxslər də təzyiqlərdən ehtiyatlanır...

“Heç bir ehtiyatlanma yoxdur və ola da bilməz!”

- Bu fikirlərin kifayət qədər əsası yoxdur. Çünki proses başlayandan ciddi təzyiqlər barədə, kimlərəsə məhdudiyyətlərin yaradılması ilə bağlı konkret faktlar haqda məlumat almamışam. Əgər belə faktlar varsa, mən çox xahiş edirəm, aidiyyəti qurumlara müraciətlər edilsin. Həmin qurumların öhdəliyidir, vəzifəsidir ki, bu faktları araşdırsın və müvafiq qiymət versin. Amma bunaqədərki dövrdə seçki prosesinə hüququ və səlahiyyəti olmadığı halda müdaxilə edənlərin cəzalandırılması faktları kifayət qədər var. Bu, Azərbaycan hökumətinin, mövcud hökumətin siyasi iradəsidir. Seçki prosesi heç kəsə məhdudiyyət yaratmadan, qanun çərçivəsində, normal ahəngdə getməlidir. Buna mane olan vəzifəli, fiziki şəxslər cəzalarını alıb, bundan sonra da belə olacaq.    
- Belə bir rəy var ki, hakimiyyət namizədlərinin mandatla rahat təmin olunması üçün dar şəkildə, alternative və müşahidəçi azlığı şəraitində seçkini keçirmək, beləliklə, parlamentdə fərqli səslərin faizini minimuma endirmək istəyir. 90-cı, 2000-ci illərdə müxalifətçilərin müəyyən sayı olsa da, hakimiyyət ciddi problemlə üzləşmədi. Elə isə hakimiyyət nədən Milli Məclisdə müxalif səsdən ehtiyatlanır? 
- Heç bir ehtiyatlanma yoxdur və ola da bilməz! Söhbət ictimai-siyasi arenadakı insanlarımızdan gedir də, onlar meydana yeni çıxmayıblar ki. Müxalif mövqeli bu şəxslər uzun illərdir Azərbaycanda siyasi proseslərdə iştirak edirlər, kimlərsə fəaliyyətini konstruktiv formada göstərir, kimlərsə də radikal şəkildə, başqaları da özü üçün ayrı forma seçir. İndiyə kimi bu insanların siyasətlə məşğul olması hakimiyyət üçün hansısa bir problem yaradıb bəyəm? Yaratmayıb. O insanlar onsuz da tənqidlərini edirlər, hakimiyyətin fəaliyyəti ilə bağlı hər cür fikirlərini ifadə etmək üçün şərait var, istər yazılı media, istər elektron media olsun. Ölkəmizə gələn müxtəlif beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşürlər, mövqelərini açıq şəkildə ifadə edirlər. Əlbəttə ki, müəyyən narahatlıq doğuran açıqlamalar olur, bəzi hallarda ayrı-ayrı şəxslərin fəaliyyəti dövlətə və milli maraqlara ziyan vurur. O ki qaldı parlamentdə fərqli səslərdən çəkinməyə, belə bir çəkinmək ola bilməz, mümkün də deyil. Azərbaycan müstəqilliyini bərpa edəndən bəri, 1 ili çıxmaq şərtilə, qalan illərdə YAP hakimiyyətdədir və bu müddətdə Azərbaycanın hardan-hara gəldiyi göz önündədir. Bu inkişafı əldə etmək məhz bu siyasi qüvvənin payına düşüb, əlbəttə ki, xalqın mütləq əksəriyyətinin dəstəyi ilə. 
- Bahar xanım, ötən illərdə Ərdoğan hökuməti də Türkiyəni inkişaf etdirdi, amma bu, parlamentin əsasən AKP-lilərdən təşkili ilə nəticələnmədi...

“Bütün seçkiyə qatılanların nümayəndəsi parlamentə düşə bilər və düşmə ehtimalı da var”

- İstəyirsiniz biz deyək ki, bəli, biz müxalifətin onlara lazım olan bəlli sayda parlamentdə təmsil olunmasına şərait yaradacağıq?  Biz bu sözü deyə bilmərik. Bu, qanunaziddir. Belə bir mövqeni bizdən niyə eşitmək istəyirsiniz ki?! Müxalifət ona görə mövcuddur ki, mübarizə aparsın, özünün əhatə dairəsini genişləndirsin, seçicilərin etimadını qazansın və daha çox səs toplayıb parlamentə gəlsin, bizimlə mübarizəsini parlament səviyyəsində davam etdirməyə başlasın. Bununçün hər cür şərait var. Bu gün ölkədə YAP yox, başqa bir siyasi qüvvə iqtidar olsaydı, məgər biz onlardan tələb edəcəkdik ki, siz bizə şərait yaradın, 25-30 yer ayırın, gələk oturaq və başlayaq sizinlə müxalifət-iqtidar oyunu oynamağa? Bu, oyundur, siyasət deyil! Biz bu oyunda iştirakçı ola bilmərik! 
- Ötən seçkilərlə bağlı Avropa İnsan Haqları Məhkəməsinin də qərarı var və Azərbaycan hökuməti bəzi faktlara görə cərimələnib...
 

- Heç kim müəyyən faktların olub-olmadığını inkar etmək niyyətində deyil. Biz heç əvvəl də bu mövqedə olmamışıq. Kimsə desə ki, proses tam qanunauyğun olub və heç bir qanun pozuntusu olmayıb, kimlərinsə hüquqları pozulmayıb, bunu heç kəs demir. Əks təqdirdə, bu məsələlər gedib Avropa Məhkəməsinə çıxmazdı. Vətəndaş ölkədəki aşağıdan-yuxarı bütün məhkəmə instansiyalarını keçir, Avropa Məhkəməsinə müraciət edir, sonda belə bir qərarı alırsa, bunun özü Azərbaycanın insanların hüquqlarına, haqqına normal yanaşmasının və qanunlarımızın buna imkan verdiyinin göstəricisidir. Tək-tək olan belə hallar isə seçkinin nəticələrini şübhə altına almağa imkan vermir. 
 
- Seçkidən öncə xəbərlər dolaşırdı ki, parlamentin tərkibində azı 70 faiz dəyişiklik olacaq, ancaq olmadı.
- Əvvəldən bu informasiyaların reallıqla əlaqəsi çox az idi. 
- Siz növbəti parlamenti necə təsəvvür edirsiniz, indiki tərkibdən nə ilə fərqlənəcək? 
- Bu gün seçkiyə hansı qüvvələr qatılıbsa, yəqin ki, onların nümayəndələri seçiləcək. Mən faiz deyə bilmərəm, amma güman edirəm bütün seçkiyə qatılanların nümayəndəsi parlamentə düşə bilər və düşmə ehtimalı da var. 
 
- Milli Məclisin iclaslarında bəzən YAP-çıların hətta hakimiyyətə problem yaradan çıxışları olub. Sədarətdə təmsil olunan şəxs kimi belələrini daha yaxşı müşahidə etmisiniz. Növbəti tərkibdə onları yenə görmək istərdinizmi?
- Əslinə qalsa, mən cəmiyyətimizdə, məişətimizdə, ictimai-siyasi mübarizə müstəvisində insanların fəaliyyətində bəzi cəhətlər var ki, onları görmək istəməzdim. Bu, mənim istəklərimə və yanaşmama məxsusdur. Parlament isə təkcə mənim istəyimlə qurulmur. Xalq bəzi hallarda - başqa ölkələrin nümunəsində də bunu demək oalr - elə şəxslərə səs verir ki, hətta məntiqini anlaya bilmirsən. Qonşu ölkələrin parlamentlərində o qədər absurd, avantürist çıxışlarla özünü göstərən insanlar var ki, uzun illər fəaliyyət göstərirlər və konkret seçiciləri də var. Görünür, oxşar düşüncəli adamlar bir-birini tapır.
- Bizim parlament həm də susan deputatları ilə fərqlənir...
- Əlbəttə, susmaq hər zaman qızıl deyil. Görünür, bu da özünüifadə formasıdır və mənim təqdir etmədiyim formadır. Şəxsən mən heç zaman susa bilmərəm. Bu, insanın seçimi ilə bağlı məsələdir. Milli Məclisdə sizin “susan” adlandırdığınız deputatların bir qismi öz seçki dairələrində çox ciddi fəaliyyət ortaya qoyur. Bəziləri hansısa məsələ ətrafında fikir bildirməkdənsə, konkret işlərlə məşğul olmağa üstünlük verir. Ona görə də mən onların hamısına bir ad altında - “susan deputatlar” deyib qiymət verməyin tərəfdarı deyiləm. Ən düzgün qiyməti də seçicilər verir. Dünya ölkələrində də belə nümunələr kifayət qədərdir, bəziləri çıxışlarını yazılı təqdim edir. Mən 15 ildir ATƏT PA-da iştirak edirəm. İnanın, orda 15-20 ölkənin nümayəndəsinin aktiv iştirakının şahidi oluruq.
- AŞ PA-nın nümayəndə heyəti hazırda parlamentdədir, qurumun seçkiyə müşahidəçi göndərəcəyi gözləniləndir. Ancaq Avropa İttifaqı, ATƏT və Avropa Parlamenti ilə münasibətlər fərqlidir. Bu vəziyyət seçkinin legitimliyinə nə dərəcədə təsir göstərə bilər?
 

- Seçkilərin nəticələrinə heç bir təsiri olmayacaq. Seçki prosesindəki nəticələri seçicilər müəyyən edir. Qalan rəylər də buna uyğun şəkildə formalaşdırılmalıdır. O ki qaldı kimlərinsə seçkini boykot etməsinə, Avropa Parlamentinin mövqeyinə, biz bu qurumun üzvü deyilik və onun üzvü olmayan ölkədəki proseslər haqqında qəbul etdiyi qətnaməyə münasibətimizi bildirmişik. Avropa Parlamenti heç bir siyasi, hüquqi, etik çərçivələri gözləmədən bu sənədi qəbul edib. Bunu kimsə Azərbaycanın imicinə vurulan zərbə kimi qəbul etmək istəyirsə, yanılır. Əlbəttə, onların timsalında belə bir cəhd olub. Amma Avropa Parlamenti ilk növbədə zərbəni özünə vurdu. 

İndiyə kimi bu insanların siyasətlə məşğul olması hakimiyyət üçün hansısa bir problem yaradıb bəyəm?”

- Ancaq sanksiya xəbərdarlıqları var, bu hədələri ciddi saymırsınız?
- İndi siz bizə nə təklif edirsiniz? Təklif edirsiniz ki, hansı səbəbdən, hansı məqsədə xidmət etməsindən, hansı dairələrin marağına uyğun olmasından asılı olmayaraq, bizi hədələyənlərin qarşısında baş əyək? 
- Təbii ki, söhbət baş əyməkdən getmir. Amma deyəsən, bir dəfə də söhbətimizdə demişdim, bütün bu tənqidi müddəalar bizim Qarabağa gedən yolumuza düzülmüş minalardır, iqtidar bunun fərqindədirmi?
 
- Siz çox gözəl bir söz işlətdiniz  - Qarabağa gedən yolda düzülmüş minalar... Siz həmin qətnaməni və onun qəbuluna çalışan dairələrin fəaliyyətini bu minalardan biri hesab etmirsinizmi?
 
- Bəlkə də belədir, etirazım yoxdur. Amma bəlkə müəyyən addımlar atılsa, mənzərə dəyişərdi. Məsələn, siyasi motivlə həbs olunanlarla bağlı...
- Əgər bu sənəd balanslı tərtib olunsaydı, orda fəzadan götürülən yox, həqiqətən mövcud olan nöqsanlarla yanaşı, müsbət qiymətləndirmələr də əksini tapsaydı, bu illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın səviyyəsinə uyğun mövqelər əksini tapsaydı və bunlar balanslı şəkildə bir-biri ilə əlaqədə verilsəydi, o sənəd samballı olardı, yoxsa bu şəkildə? Hər hansı bir müsbət cəhəti görmədən yalnız özlərinin maraqlarına xidmət edən neqativ cəhətlərin sadalanmasından ibarət olan bir sənəd bizim üçün niyə vacib sənəd kimi qəbul olunmalıdır və biz niyə onu yerinə yetirməklə onların alqışını qazanmağa çalışmalıyıq? 
скачать dle 12.1
Xəbər lenti