İsa Qəmbər: “Qarabağ məsələsinin hərbi yolla həlli indiki mərhələdə real görünmür”

1-10-2015, 11:27
0
İsa Qəmbər: “Qarabağ məsələsinin hərbi yolla həlli indiki mərhələdə real görünmür”

İsa Qəmbər: “Azərbaycan hakimiyyəti ölkəni nə Rusiyaya, nə də Qərbə doğru aparır. Hakimiyyət Azərbaycanı sürətlə uçuruma doğru aparır. Qarşıda uçurumdur”

 

 
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin “Yeni Müsavat”a müsahibəsinin ikinci hissəsini təqdim edirik.
- İsa bəy, bu dəvətlər, iştiraklar həm də bir həmrəylik ovqatı yaratmaq, umu-küsüləri aradan qaldırmaq şansı deyilmi?
- Təbii, burada bütün məqamlar var. Ancaq Azərbaycan Xalq Cəbhəsi Partiyası yenə deyirəm ki, zamanında milli-azadlıq hərəkatının rəhbəri Əbülfəz Elçibəyin liderliyində bizim yaratdığımız bir təşkilatdır. AXCP bizim təşkilatımızdır. Bu gün həmin təşkilatın davamçıları bizi qurultaylarına dəvət etsələr də, etməsələr də biz o təşkilatı öz təşkilatımız hesab  edirik.
 
- Zaman gedir. Siz indi o yaşa gəlmisiniz ki, rəhmətlik Əbülfəz Elçibəy bu yaşlarında Azərbaycan Xalq Cəbhəsi Partiyasına rəhbərlik etməklə yanaşı, bütün müxalifət düşərgəsi üçün bir toparlayıcı funksiyasını da icra edirdi. Problemli, mübahisəli məqamlar olanda ağsaqqal kimi məsələyə qarışır, çox zaman da durumu belə demək mümkünsə, demokratiyanın xeyrinə həll edirdi. Siz artıq Müsavat Partiyasının başqanı deyilsiniz, ancaq Azərbaycan müxalifətinin liderlərindən biri statusunuzu qoruyursunuz. Sizin Əbülfəz Elçibəyin bir zamanlar üstləndiyi missiyanı üzərinizə götürüb, müxalif düşərgədə bir düzən, birlik yaratmaq fikriniz varmı?
- Hər zamanın öz şərtləri və imkanları, hər siyasətçinin öz üslubu olur. Biz sizin dediyiniz missiyanı indiki mərhələdə birbaşa deyil, nümunə göstərməklə, cəmiyyətə zəruri ideyalar təqdim etməklə həyata keçirməyi daha səmərəli sayırıq. Eyni zamanda siyasi partiyaların hamısına düşünüb daşınmaq, keçdikləri yolu diqqətlə gözdən keçirib, nələri düz, nələri yanlış etdiklərini analiz etmək üçün müddət tanımaq lazımdır. Yəni imkan verilməlidir ki, hər bir partiya öz yolunu dəqiqləşdirsin. Əminəm ki, məqamı yetişəndə Azərbaycanda həqiqətən demokratik dəyişikliklər istəyən bütün qüvvələr - siyasi partiyalar da, media strukturları da, jurnalistlər də, vətəndaş cəmiyyəti təmsilçiləri də bir arada olacaqlar. Və bu birliyin də biz vahid təşkilat kimi deyil, demokratik düşərgə tərəfindən qəbul edilən vahid hədəf uğrunda funksional əməkdaşlıq modeli kimi məqsədəyğun olacağını düşünürük. 
- Siz bayaq əsas fəaliyyətinizin Strateji Düşüncə Mərkəzi ilə bağlı olduğunu dediniz. Qurumun gündəliyində nələr var? Regionun, Azərbaycana yaxın coğrafiyanın, bütünlükdə dünyanın gərgin gündəmi ilə bağlı proqnozlarınız nədir?
 

“Seçkilərin antidemokratik şəraitdə keçirilməsi, ölkədə bu qədər siyasi məhbusun olması, vətəndaş azadlıqlarının bu dərəcədə məhdudlaşdırılması Azərbaycanın təhlükəsizliyi üçün çox ciddi problemə çevrilib”

- Azərbaycanın da, dünyanın da gündəmində olan bütün köklü məsələləri müzakirə eləməyə çalışırıq. Milli Strateji Düşüncə Mərkəzi fəaliyyətə başlayanda ilk açıq tədbirlərimiz Azərbaycana, bütünlükdə Qafqaza Rusiya təhlükəsi ilə bağlı olmuşdu. O zaman Rusiya təhlükəsi ölkə üçün bəlkə də indiki qədər açıq-aydın görünmürdü. Eyni zamanda hələ dünya Rusiyanın çevrəsindəki ölkələr üçün necə böyük bir təhlükə olduğunu açıq-aydın etiraf etmirdi. Biz bu haqda geniş müzakirələr təşkil etdik, açıq toplantı keçirdik, sənəd hazırladıq, həmin sənədi müzakirələrdən sonra qəbul etdik. Sonrakı tədbirimiz Qarabağ probleminə həsr olunmuşdu. Biz Qarabağ problemi yaranan gündən problemin bugünkü durumuna qədər məsələni ətraflı müzakirə etməyə çalışdıq. Göründüyü kimi, Milli Strateji Düşüncə Mərkəzi əsasən ölkənin köklü məsələlərini müzakirə etməyə çalışır. Eyni zamanda Azərbaycanda daxili vəziyyət o qədər bərbaddır ki, biz ölkənin iç problemlərini də müzakirə etmək məcburiyyətindəyik. Söhbət həm seçki məsələlərindən, həm siyasi məhbuslarla bağlı durumdan, həm vətəndaş cəmiyyətinin problemlərindən, həm media azadlığından gedir. Milli Strateji Düşüncə Mərkəzi olaraq biz bu məsələləri müzakirə etmək məcburiyyətindəyik.

“Rusiyanın Azərbaycanın başına gətirdiyi ən böyük faciələrdən biri indiki rejimi formalaşdırması və onu uzun illərdir Azərbaycanın rəhbərliyində qoruyub saxlamasıdır”

 Çünki bu problemlərin hamısı Azərbaycanın təhlükəsizliyi üçün gerçək bir təhdidə çevrilib. Seçkilərin antidemokratik şəraitdə keçirilməsi, ölkədə bu qədər siyasi məhbusun olması, vətəndaş azadlıqlarının bu dərəcədə məhdudlaşdırılması Azərbaycanın təhlükəsizliyi üçün çox ciddi problemlər yaradıb. Bu problemlər gündən-günə böyüyür. Beynəlxalq təşkilatların da son dönəmlər ortaya qoyduğu mövqelər məhz bundan xəbər verir. Bütün bu məsələlər Milli Strateji Düşüncə Mərkəzinin gündəmindədir. İş üsulumuz da yaranandan bəri müəyyən olunduğu kimidir - həftədə bir dəfə toplaşırıq və qapalı müzakirələr keçiririk. 
“Qapalı müzakirə” deyəndə jurnalistlərdə həmin yığıncaqlara xüsusi maraq oyanır. Yəni biz mediasız, açıq, səmimi, ciddi müzakirələrə üstünlük veririk. Ancaq gündəmin konkret məsələsi ilə bağlı hansısa sənəd, yaxud tövsiyə xarakterli paket hazırlanması ehtiyacı yaranırsa, artıq həmin məsələ ilə bağlı baxışımızı cəmiyyətə açıq təqdim etmək mərhələsi gəlirsə, dəyirmi masa, konfrans formatında toplanıb düşüncələrimizi cəmiyyətə təqdim etməyə çalışırıq. Təxminən bu ritmdə çalışmalarımız davam edir. Proqnoza gəldikdə isə, məncə, təkcə MSDM üçün deyil, düşünən, dünyanın gedişini diqqətlə izləyən hər kəsə aydın olmalıdır ki, dünya böyük dəyişim dövrünü yaşayır. Yeni dünya düzəni formalaşır. Bu dövr bir çox ölkələrdə avtoritar rejimlərin çökməsi, köklü demokratik dəyişikliklərin gerçəkləşməsi və bütövlükdə azad dünyanın əhəmiyyətli dərəcədə genişlənməsi ilə yekunlaşacaq. Bu proqnoz Cənubi Qafqaza da aiddir.
- Azərbaycana Rusiya təhlükəsini xüsusi vurğuladınız. Artıq hər kəsdə belə təsəvvür formalaşıb ki, Azərbaycan Qərblə strateji müttəfiqlik xəttindən uzaqlaşaraq çox sürətlə Rusiyaya yaxınlaşır. Doğrudanmı Azərbaycan xarici siyasətdə Qərb xəttindən tamamilə imtina edərək könüllü şəkildə Kremlin təsiri altına düşür?
 
 

“Qarabağ məsələsinin hərbi yolla həlli indiki mərhələdə real görünmür”

- Azərbaycan hakimiyyəti ölkəni nə Rusiyaya, nə də Qərbə doğru aparır.  Hakimiyyət Azərbaycanı sürətlə uçuruma doğru aparır. Qarşıda uçurumdur. Biz bu təhlükəli prosesi dayandırmalıyıq və dayandıracağıq. Azərbaycan hakimiyyəti nə qədər anlaşılmaz, yanlış, nadan bir siyasət ortaya qoysa da Qərbdən tamamilə aralanmaq imkanına malik deyil. Çünki Azərbaycanın köklü maraqları - həm strateji baxımdan, həm siyasi baxımdan, həm də iqtisadi baxımdan Azərbaycanın Qərblə uzunmüddətli strateji əməkdaşlığını tələb edir. Ona görə də bu məsələdə əsas təhlükə müxtəlif qüvvələrin Azərbaycana münasibəti yox, hakimiyyətin xarici siyasətdə absurda yaxınlaşan yanlış xətt yürütməsindədir. Əlbəttə, bu yanlış siyasətin əsas səbəblərindən biri Rusiyanın Azərbaycana təzyiqi və Azərbaycan hakimiyyətinə təsiridir. Rusiyanın Azərbaycanın başına gətirdiyi ən böyük faciələrdən biri indiki rejimi formalaşdırması və onu uzun illərdir Azərbaycanın rəhbərliyində qoruyub saxlamasıdır. Biz ilk növbədə bu vəziyyəti dəyişməliyik. 

“Rusiyanın nəzarəti altında kiçik bir müharibə aparıb bir neçə məntəqəni işğaldan azad edib bunu qələbə kimi təqdim etmək, əvəzində ciddi güzəştlərə getmək Azərbaycan üçün fəlakət ssenarisidir”

- İsa bəy, son aylarda Azərbaycanın Qarabağı hərbi yolla alacağı ilə bağlı xəbərlər gündəmə gətirilir. Cəbhə xəttində tez-tez gərginlik xəbərləri alırıq, şəhidlər veririk. Siz indiki siyasi rəhbərliyin Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün savaş əmri verəcəyini gözləyirsinizmi?
 
- Çətin sualdır. Çünki hər bir Azərbaycan vətəndaşı işğal altında olan torpaqlarımızın azad edilməsinin nə qədər ləngidiyinin fərqindədir. Hamımız torpaqlarımızın tezliklə  işğaldan azad olunmasını istəyirik. Yenə də Azərbaycan hakimiyyətinin yanlış, konsepsiyasız, plansız, proqramsız siyasəti nəticəsində məsələ o qədər mürəkkəbləşib ki, onu asanlıqla həll etməyin mümkünlüyü haqqında düşünmək düzgün olmazdı. Qarabağ probleminin hərbi yolla həlli indiki mərhələdə real görünmür. Rusiyanın nəzarəti altında kiçik bir müharibə aparıb bir neçə məntəqəni işğaldan azad edib bunu qələbə kimi təqdim etmək, əvəzində ciddi güzəştlərə getmək Azərbaycan üçün fəlakət ssenarisidir. Haqqında söhbət gedən kiçik müharibə ssenarilərinin sonunda Rusiya Silahlı Qüvvələrinin sülhməramlı qüvvələr adı altında Azərbaycan torpaqlarının ayrılmaz parçası olan Dağlıq Qarabağa yerləşdirilməsi nəzərdə tutulur. 

“Hər bir Azərbaycan vətəndaşı işğal altında olan torpaqlarımızın azad edilməsinin nə qədər ləngidiyinin fərqindədir. Hamımız torpaqlarımızın tezliklə  işğaldan azad  olunmasını istəyirik”

Bu, Azərbaycanımızın minlərlə şəhid hesabına bərpa etdiyi müstəqilliyin, suverenliyin itirilməsinə bərabər olardı. Buna heç bir şəkildə yol vermək olmaz. Azərbaycan hakimiyyətinin Qarabağ məsələsini başqa bir şəkildə Azərbaycanın xeyrinə həll edəcəyi də görünmür. Ona görə də bu məsələlərə birmənalı cavab verməyi düzgün saymıram. Mən öz tərəfimdən belə hesab edirəm ki, Qarabağ məsələsinin danışıqlar yolu ilə həlli imkanları hələ tükənməyib. Sadəcə olaraq bunun üçün Azərbaycanın çox aydın gerçəkçi bir planı olmalıdır, bu plan üzrə hərəkət edilməlidir. Bu planın içərisində həm ölkədə siyasi-iqtisadi azadlıqların gerçəkləşdirilməsi olmalıdır, həm Azərbaycanın öz geosiyasi seçimini etməsi nəzərdə tutulmalıdır, həm də beynəlxalq münasibətlər sahəsində çox aktiv diplomatik addımların atılması yer almalıdır.

 

скачать dle 12.1
Xəbər lenti