“Azərbaycan yeganə müttəfiqi Türkiyəni də itirə bilər”

12-10-2015, 17:43
0
“Azərbaycan yeganə müttəfiqi Türkiyəni də itirə bilər”

Sülhəddin Əkbər: “Suriyanın Əfqanıstanlaşması prosesi başlayıb"; 

 

 
Müşahidələr göstərir ki, Rusiya öz istəyi ilə düşdüyü Suriya bataqlığında digər bir sıra ölkələri də batırmağa çalışır. Proseslərin hətta dünya müharibəsinədək apara biləcəyi indiki gərgin geopolitik durumda daha çox proqnozlaşdırılır. Durumu Azərbaycan Atlantik Əməkdaşlıq Təşkilatının  və Azad Demokrat Partiyasının (AzDP) sədri Sülhəddin Əkbərlə birgə təhlil etməyə çalışdıq. “Yeni Müsavat”ın qonağı olan S.Əkbər bölgədə baş verənləri incəliyinə qədər şərh etdi. İlk sualımız isə qardaş ölkədə baş verən və hər birimizi üzən dəhşətli terror olayı ilə bağlı oldu:
- Sülhəddin bəy, Türkiyədə baş verən dəhşətli terror aktı ilə bağlı nə deyə bilərsiniz? Bu, ənənəvi teraktlar silsiləsinin davamıdır, yoxsa...
- Əvvəlcə qardaş Türkiyə xalqına baxşsağlığı diləmək istəyirəm  və baş vermiş terror hadisəsini qətiyyətlə pisləyirəm. Baş verən hadisəni qiymətləndirmək üçün üç əsas faktora diqqət yetirmək lazımdır. Birincisi, hazırda Türkiyə dövləti, onun silahlı qüvvələri, xüsusi xidmət orqanları eyni zamanda bir necə terror təşkilatına qarşı mübarizə aparır: PKK, İŞİD və digərlərinə qarşı. İkincisi, Türkiyə gərgin ictimai-siyasi atmosferdə seçkiyə gedir və burada həm daxili, həm müəyyən xarici qüvvələrin siyasi maraqları var. Üçüncüsü isə Rusiyanın müdaxiləsindən sonra Suriya böhranının mürəkkəbləşməsini nəzərə almaq lazımdır. Məncə, bu terror hadisəsinin səbəbləri, təşkilatçıları axtarılarkən onun arxasında duran qüvvələrə və bu üç amilə diqqət yetirmək gərəkdir.
- Davamında nələr gözlənilir? Əgər artıq sivil insanlara qarşı bu cür dəhşətli planlar qurulursa, bu, Türkiyənin də İraq və Suriyaya çevrilməsində maraqlı olan dairələrin mövcudluğuna dəlalət etmirmi? 

“Yaxın perspektivdə hər tərəfdən Azərbaycana təzyiqlərin artacağını düşünürəm”

- Qlobal miqyasda yanaşsaq, “soyuq müharibə” bitəndən sonra yeni dünya nizamının yaranması prosesi gedir və görünür ki, bu proses hələ çox çəkəcək. Bu prosesdə bütün qlobal və regional güclər öz təsir sferalarını artırmaq istiqamətində bəzən hərbi vasitələrlə, bəzən də yumşaq gücdən istifadə edərək ciddi səy göstərirlər. O baxımdan Yaxın və Orta Şərqin, eyni zamanda postsovet məkanının geopolitik taleyinin həll olunduğu bir zamanda Türkiyə də böyük regional güc kimi nəzərə alınır. Türkiyənin hər hansı bir istiqamətdə aktiv müdaxiləsinin qarşısınınn alınması üçün onun daxilən zəiflədilməsi bu güclərin hamısının marağındadır. 
Bu baxımdan Türkiyədə baş verən prosesləri yalnız daxili ictimai-siyasi, və ya etnik-siyasi faktorlarla baxmaqla qiymətləndrmək düzgün olmazdı, eyni zamanda xarici faktorları da nəzərə almaq lazımdır. Həm Balkanlarda, həm Qafqazlarda, həm də Yaxın və Orta Şərqdə gedən proseslərdə Türkiyənin aktiv iştirakı bu regionlarda marağı olan Rusiya və İran kimi həm regional güclərin, həm də böyük güclərin - ABŞ, İsrail, Avropa Birliyi və bəzi Avropa Birliyi ölkələrinin marağındadır. Təbii ki, son hadisələri də nəzərə alsaq, Türkiyənin Suriyada aktiv rol oynamaq istəməsi, orda xüsusi strateji maraqları olan Rusiya və İranın maraqları ilə toqquşur və bu baxımdan da hətta Rusiyanın sanksiyalar tətbiq edildiyi bir zamanda, Türkiyəyə ehtiyacının artıdğı bir zamanda Ankara ilə qarşılaşmaqdan çəkinməməsi onu göstərir ki, bu regional güclərin, xüsusən də Rusiya və İranın Suriyada strateji maraqları çox ciddidir və onlar hərbi gücdən istifadə etməkdən belə çəkinməyəcəklər.
 
- NATO və Türkiyə həmin an üçün hazırdırmı? 
- Mənə elə gəlir ki, Rusiyanın son müdaxiləsinə qədər bu hazırlıq yox idi. Yalnız indi Rusiyanın hərbi əməliyyatlara müdaxiləsi və elan etdiyinin əksinə, əsas hədəf kimi, İŞİD-i deyil, Bəşər Əsəd müxalifətini, xüsusən də mötədil qüvvələri seçməsi artıq ABŞ başda olmaqla Türkiyə də daxil, NATO ölkələrini ciddi şəkildə düşündürməyə başlayıb. Məncə, yalnız bundan sonra onlar Rusiya və İrana qarşı adekvat tədbirlər görmək haqqında artıq düşünməyə başlayıblar və bəzi addımlar da atılmağa başlanılıb.
- Qərb Gürcüstan və Ukrayna nümunəsindəki kimi, Türkiyəni də Rusiya qarşısında tək qoya bilərmi?
 
 

 
- SSRİ-dən fərqli olaraq, Rusiya artıq supergüc deyil. Onun xüsusən də iqtisadi gücünün yetərsizliyi, texnoloji baxımdan geri qalması, hərbi gücünün də, xüsusən də maliyyə-iqtisadi cəhətdən yetərsizliyi bu dövlətin supergüc rolunu oynamasına imkan vermir. Amma buna baxmayaraq, Rusiya bu cəhdləri etməkdədir. Onu nəzərə almaq lazımdır ki, Suriya Rusiyanın “uzaq” xaricdə yeganə hərbi bazasının olduğu bir ölkədir. Eyni zamanda burada İranla maraqları təbii olaraq üst-üstə düşür, yəni Tehranla təbii müttəfiqliyi var və Suriyada bu səbəblərdən müqavimət göstərmək potensialı var. Burada SSRİ dövründən qalma əlaqələri və bu əlaqələrin potensialını da nəzərə alsaq, onda Rusiyanın İranla birlikdə Suriyada nədən belə qüvvətli dirəniş  göstərdiyi aydın olar. Yəni postsovet məkanından fərqli olaraq, Suriya ilə Rusiyanın birbaşa fiziki-coğrafi bağlılığı yoxdur. Əgər ABŞ və NATO məsələyə ciddi baxarlarsa, Suriya məsələsində aktiv siyasət yürüdərlərsə, Rusiyanın burada dirəniş göstərmək imkanı yoxdur. Təkcə bir rəqəmi demək istəyirəm. Bu günlərdə ABŞ Konqresinin Nümayəndələr Palatası Pentaqonun büdcəsini təsdiq etdi - 615 milyard dollar. Rusiyanın gələnilki dövlət büdcəsi isə cəmi 205 milyard dollar nəzərdə tutulur. Yəni təkcə Pentaqonun  büdcəsi, bütövlükdə Rusiyanın dövlət büdcəsindən düz 3 dəfə böyükdür. Bu, onu göstərir ki,  uzunmüddətli strateji dirəniş baxımından Rusiyanın  perspektivi yoxdur. 
Rusiya yalnız müharibə həddində təhdid stratejisi ilə ABŞ, Avropa Birliyi və Türkiyəni çəkindirməyə çalışır. Yəni Rusiya düşünür ki, nə ABŞ, nə Türkiyə, nə də NATO Suriyadan ötrü Rusiya ilə hərbi qarşıdurmaya girməyəcək, bundan çəkinəcəklər. Bu, Rusiyanı cəsarətləndirir. Xüsusən də 2008 - Gürcüstan və 2014 - Ukrayna böhranlarından sonra Rusiya bir qədər də cəsarətlənib. Burada daxili-siyasi amili də nəzərə almaq lazımdır. Rusiyada maliyyə-iqtisadi, sosial-iqtisadi vəziyyət ağırlaşdıqca Putinin qorxusu artır və öz reytinqini yüksəltmək üçün diqqəti xarici hərbi siyasətə yönəldir. Bu kontekstində təbii ki, Türkiyə Rusiya ilə qarşıdurmadan çəkinməyə çalışacaq. Son insidentlər zamanı Türkiyənin ilk açıqlamalarından bəlli oldu ki, Ankara bunu Türkiyə-Rusiya qarşıdurması kimi yox, Rusiya-NATO qarşıdurması kimi qiymətləndirməyə daha çox üstünlük verdi. Eyni zamanda təhdid edilən sərhədlərin NATO sərhədləri olduğunu bildirdi və buna da ABŞ-la NATO-dan adekvat cavab gəldi. O baxımdan yaranmış böhranın dərinləşəcəyi halda bu qarşıdurmanın Rusiya-Türkiyə qarşıdurması yox, Rusiya-NATO qarşıdurması olacağını düşünürəm. 
- Üfüqdə dünya müharibəsi görünürmü? 
- Görünmür. Bu gün tərəflər arasında vəkalətlə müharibə gedir. Yəni üçüncü ölkələr  və üçüncü qüvvələr üzərindən müharibə gedir. Amma birbaşa hərbi konfliktin olacağı riski artsa da, məncə, hələlik tərəflər bundan qaçınmağa çalışacaq. Çünki bu günlərdə Pentaqon və Rusiya Müdafiə Nazirliyi arasında başlanan danışıq da bundan xəbər verir. Onlar Suriya hava məklanında ABŞ və Rusiya hərbi təyyarələrinin qarşılaşmaması üçün danışıqların ilk raundunu reallaşdırdılar. Məncə, tərəflər bundan qaçmağa çalışacaq, amma vəkalətlə müharibənin qızışacağını düşünürəm. 
Çünki Rusiyanın Suriyada hərbi varlığını artırması və niyyətləri ABŞ-la, NATO-ya, Türkiyəyə bəllidir.Yeri gəlmişkən, bu plan üç variantlıdır:
Birincisi, Əsəd rejimini qorumaq və onun nəzarətində olan ərazini böyütmək; ikincisi, bu, mümkün olmasa, əsasən Şam, Hums, Hama, Lazkiyə bölgələrini əhatə edən Nüsayri dövlətini qurmaq - Aralıq dənizi və Livan sərhədlərini əhatə etməklə, bu da mümkün olmasa; üçüncüsü, Rusiya Tartusdakı hərbi dəniz bazasını, Lazkiiyədə isə yeni qurduğu hərbi hava bazasını, bununla da Suriyadakı maraqlarını qorumaq niyyətindədir ki, Əsəd sonrası Suriya quruculuğunda da iştirak etsin. Bu niyyəti bildiklərinə görə, artıq ABŞ və Türkiyə başda olmaqla Suriyanın dostları mötədil Suriya müxalifətinə hərbi dəstəyini artıracaq. Suriya Milli Şurasının sədri Halid Hocanın canlı efirdəki müsahibəsini dinlədim. Orda bildirdi ki, onlara tank və uçaq əleyhinə müasir silahlar verilməyə başlayıb, artıq 18 tank bu silahlarla vurulub. Yəni bu, o deməkdir ki, Suriyanın Əfqanıstanlaşması prosesi başlayıb. Bir tərəfdən Avropa Birliyi, ABŞ  və müttəfiqləri Rusiyaya tətbiq edikləri sanksiyaları sərtləşdirəcəklər, dünya bazarında neftin qiymətini aşağı salacaqlar...
Yeri gəlmişkən, neftin qiymətinin 30-35, hətta bəzi mütəxəssislərə görə, 20 dollara qədər endirilməsi nəzərdə tutulur. Bu, realdır. Artıq Səudiyyə Ərəbistanı birtərəfli qaydada neftin qiymətinin endiriləcəyini açıqladı. Bu, Əfqanıstanlaşma məsələsinə daha bir misal. İkinci misal isə artıq Səudiyyə Ərəbistanının dini liderlərinin Rusiyaya qarşı cihad elan etməsidir. Yəni dediklərim artıq yeni anti-Rusiya stratejisindən və Suriya məsələsinin Əfqanıstanlaşacağından xəbər verir. Əfqanıstanda dönüm  nöqtələrindən biri təyyarə əleyhinə raketlərin - “Stinqer”in əfqan mücahidlərinə verilməsi oldu. Burda daha müasir silahlar Suriya müxalifətinə verilir. Bir tərəfdən neftin qiymətnin endirilməsi, digər tərəfdən sanksiyaların sərtləşdirilməsi, üçüncü bir tərəfdən də Suriya müxalifətinə müasir silahların verilməsi, eyni zamanda islamçı qüvvələrin Rusiyaya qarşı cihad elanı...Üstəlik, Rusiya daxilində, xüsusən də Şimali Qafqaz və Mərkəzi Asiya istiqamətində terror qruplarının hərəkətə keçməsi gözlənilir. Bunlar yeni stratejinin elementləridir. Yəni proses nə qədər mürəkkəbləşsə də, strateji perspektivdə Rusiyanın buna qarşı duracaq - lap İranla birgə - potensialı yoxdur. 
Strateji baxımdan Rusiya orda məğlubiyyətə məhkumdur. Məncə, Rusiyanın çökdürülməsinin sürətləndirilməsi üçün o, Ukrayna böhranından əlavə bir böhrana - Suriya böhranına - salındı. Ola bilsin ki, Rusiya İraqa, yaxud yenidən Əfqanıstana cəlb olunsun. Bu hadisələr də gözləniləndir. Amerika və müttəfiqlərindən fərqli olaraq, Rusiyanın potensialı məhdud olduğu üçün Moskva mübarizəni mümkün qədər lokallaşdırmağa çalışmaq əvəzinə, geopolitik və geostrateji qarşıdurma cəbhəsinin genişləndirilməsinə “gedir”. Amerika isə düzgün olaraq strateji qarşıdurma cəbhəsini genişləndirmək xəttini tutur ki, Rusiya çöksün. Rusiya da strateji qarşıdurmanın cəbhəsinin genişləndirilməsinə yanlış olaraq “həvəslə” gedir. Rusiyanın başlıca strateji səhvi odur. 
- Sülhəddin bəy, Azərbaycan vaxtilə Əfqanıstan əməliyyatlarında Qərbin təmsil olunduğu blokdaydı və hava məkanını, aerodromlarını açıq elan etmişdi, elə bu gün də antiterror koalisiyasındayıq. Bəs, dediyiniz kimi, Əfqanıstanlaşacaq Suriya ilə bağlı əməliyyatlarda Bakı Rusiyanın tərəfində dayana bilərmi? Ümumən kəsişən maraqlarda Azərbaycanın yeri hardadır?
 
- Azərbaycanın vəziyyəti Əfqanıstan əməliyyatları ilə müqayisədə daha mürəkkəbdir. Çünki 11 sentyabr 2001 hadisələrindən sonra bütün dünya, hətta Rusiya ABŞ-ın antiterror  əməliyyatlarına dəstək verdi. O zaman Bakıda düzgün qərar qəbul olunmuşdu. Azərbaycanın ABŞ və NATO-ya dəhliz verməsi Rusiya və İran tərəfindən sərt qarşılanmadı. Çünki Amerika terrora məruz qalmışdı, bütün ictimai rəy onun tərəfindəydi. İndi isə vəziyyət tamamilə fərqlidir. İndi tərəflər Suriyada strateji qarşıdurma halındadırlar və konflikt dolaylı hərbi fazaya keçib, vəkalətlə müharibə vəziyyətidir. Burada Azərbaycanın yeganə təbii müttəfiqi, hüquqi baxımdansa strateji tərəfdaşı olan Türkiyə Qərb blokunda yer alır və Suriyada aktiv mövqe tutur. Azərbaycan təkcə Rusiya və ABŞ(NATO) arasında seçim etməməlidir. Eyni zamanda Türkiyə və Rusiya arasında seçim etmək zorundadır. Burada Azərbaycanın neytral qalmağa çalışmaq ehtimalı daha böyükdür. Çünki Türkiyəyə görə Rusiya Azərbaycana anlayışla yanaşacaq. Çünki Azərbaycan yeganə müttəfiqi olan Türkiyəni də itirə bilər. Ona görə də Rusiya çalışacaq ki, Xəzər üzərindən, neytral zonadan istifadə etməklə İran-İraq üzərindən hava dəhlizindən istifadə etsin. 
 
- Bu günlərdə Gürcüstanla Azərbaycan arasında nə baş verir? Gürcü baş nazirin Bakıya qəfil səfəri, prezidentin Tiflisə nəzərdə tutulan səfəri, bütün bunlar nədən xəbər verir? 
 
- Rusiya, təbii ki, Ukrayna böhranından sonra bütün MDB məkanında, xüsusən də GUAM məkanında və Cənubi Qafqazda güclənməyə çalışır. Abxaziya, Cənubi Osetiyanı ilhaq edib, orada hərbi bazalar qurub, eyni zamanda Bakı-Supsa kəmərinin bir hissəsini öz nəzarəti altına alıb, üstəlik, Bakı-Tiflis-Türkiyə avtomagistralının da 500 metrliyində dayanıb. Bu, eyni zamanda, Azərbaycana dolayı ilə təhdiddir. Digər tərəfdən, Azərbaycana  birbaşa təzyiqlərini artırıb. Azərbaycana strateji seçim etmək istiqamətində təzyiq göstərir, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə daxil olmasını istəyir, eyni zamanda, konfliktin həllində köməkçi yol seçib: bir neçə ətraf rayonun qaytarılması müqabilində “MDB-nin sülhməramlı qüvvələr”i adı altında münaqişə zonasına girmək və Azərbaycanda hərbi iştirakını legitimləşdirmək istəyir. Bu biri tərəfdən də ABŞ, NATO və Türkiyənin Xəzərdə, eyni zamanda Azərbaycanda hərbi varlığının qarşısını almağa çalışır. Bu baxımdan önümüzdəki yaxın perspektivdə hər tərəfdən Azərbaycana təzyiqlərin artacağını düşünürəm.
скачать dle 12.1
Xəbər lenti