“Əli Kərimli göstəriş verib ki, İlham Əliyevin üçüncü dönəm prezident olmasını tənqid etməyin...” – Razi Nurullayev

20-10-2015, 00:18
0
“Əli Kərimli göstəriş verib ki, İlham Əliyevin üçüncü dönəm prezident olmasını tənqid etməyin...” – Razi Nurullayev

AXCP – nin yeni sədri: “Bizim məqsədimiz hakimiyyətə gəlməkdir”; “Heç bir halda Azərbaycan Xalq Cəbhəsi Partiyasının adı dəyişdirilməyəcək”

 

İki gün əvvəl qurultay keçirərək və sədr seçilərək AXCP-nin rəhbəri olduğunu elan edən Razi Nurullayev musavat.org-a müsahibə verib. Müsahibəsində o, qurultaydan sonrakı hədəflərindən, hakimiyyətlə dialoq gözləntilərindən, o cümlədən 2018-ci illə bağlı planlarından danışıb.
- Razi bəy, iki gün əvvəl səs-küylü qurultay keçirdiniz. Bununla bağlı reaksiyalar, münasibətlər necədir? Xüsusən qarşı tərəfin, Əli Kərimli Cəbhəsinin hadisəyə münasibətindən xəbəriniz varmı?
- Hər bir zaman qarşı tərəf haqqımızda qərəzli fikirlər yürütməyə hazırdır. Amma bu dəfə fərqli oldu. İzlədim və belə məlumat da gəldi ki, göstəriş verilib qurultay barədə heç nə yazmasınlar. Çünki onun təbliğatını qurmaq lazım deyil. Əks təqdirdə, qurultayımız alınmasaydı, orada cəbhəçilər olmasaydı, 1200 nəfərdən artıq insanla qurultay keçirməsəydik, o zaman əllərində bunu bayraq tutaraq müxtəlif hədyanlar danışmağa başlayardılar. Halbuki, Əli Kərimli 600-650 nəfərlə qurultay keçirib. Amma görünən o qədər aydın oldu ki, oradakı coşqu o qədər çox oldu ki, ...oradakı insanların gözündə yaş var idi, orada sevincindən ağlayan insanlar var idi, o səmimiyyəti, coşqunu gördülər, mən açığını deyim ki, neçə illərdən bəri mən belə coşqu görməmişdim, bu cür yanaşma görməmişdim. Təbii ki, bu baxımdan düşünürəm ki, onlar bizə qarşı əks təbliğat qura bilmədilər. Əlavə olaraq deməliyəm ki, doğrudan da bu gün bizə gələn reaksiyalar budur ki, bizi təbrik edirlər, dostlarımızı təbrik edirlər. Və deyirlər ki, siz doğrudan da tarix yazmağı bacardınız. Və mən düşünürəm ki, yeni tarix yazılıb, o günkü coşqu, ab-hava 20 il bundan qabaqkı müxalifətin ab-havası idi. Biz siyasətdə yeni bir nəfəs gətirə bildik. Siyasətdə ölü prosesi diriltməyə doğru gedirik.
- Bundan sonrası nə olacaq? Hədəfləriniz, planlarınız nədən ibarətdir?
- Təbii ki, biz təşkilatlanmanı, rayon şöbələrinin gücləndirilməsini, qalan rayonlarda da təşkilatlanmanı davam etdirəcəyik. İkincisi, hazırda sənədlər hazırlanır və qurultay sənədləri ilə birlikdə Ədliyyə Nazirliyinə təqdim olunacaq. Ədliyyə Nazirliyindən də tələbimiz budur ki, hüquqi təmsilçi kimi bizi tanısınlar. Bu iki məsələnin üzərində fokuslaşmışıq. 
- Qeydiyyata alınmağınız nə dərəcədə realdır?
- Təbii ki, Ədliyyə Nazirliyinin yerinə heç nə deyə bilmərəm. Amma bizim gözləntilərimiz budur ki, nazirlik iki qurultayı müqayisə etmək imkanına malikdir. İştirakçıların siyahısına baxıb iştirakçıları analiz etmək imkanına malikdirlər. Eyni zamanda, çıxışları analiz etmək imkanları var. İctimai rəy, ictimai təpki və hər iki tərəfin bacarıqları və Cəbhəyə bağlılıqları, AXCP adından iddialığının əsaslılığı və faktlara söykənməsi nə dərəcədədir. Hesab edirəm ki, bütün bu əsaslar bizdə daha çoxdur. Çünki Əli Kərimli 2010-cu ildə qurultay keçirmişdi və dörd illik müddət keçəndən sonra da sədr kimi fəaliyyət göstərirdi. Amma bu, qanun pozuntusudur, həm partiya nizamnaməsinə görə, həm də “Siyasi partiyalar haqqında qanun”a görə. Eyni zamanda, ictimai rəy onu çox qınadı ki, gizli səsvermə keçirmədi, alternativ səsi boğdu. Halbuki guya özü alternativlik üçün mübarizə aparır. Azad söz, media, demokratiya üçün mübarizə apardığını deyir. Amma bu, özünü doğrultmadı. Onun etmədiklərini biz etdik, cəbhəçilərin istəyini biz yerinə yetirdik. AXCP-nin nizamnaməsinə dəyişiklik etdik. Bundan sonra partiyada ömürlük sədrliyə yox dedik, iki dəfə müddətinə endirdik və sədr bu neçə ildə nəsə etməlidir. Ondan sonra yenə partiyada üzv kimi qala bilər, hansısa missiya daşıyıcısı ola bilər. Amma artıq kresloya yapışıb qala bilməz, bu, məqbul sayıla bilməz. Bu, çox mütərəqqi addım oldu. Çox gözəl bir addım oldu. İkincisi, hər bir zaman Əli Kərimli deyib ki, mən Avropaya inteqrasiya tərəfdarıyam, Azərbaycanın Avropa yolunda olmasını istəyirəm. Amma faktiki olaraq bununla bağlı heç bir addım atılmayıb. Bu addımı biz artıq, partiyanın nizamnaməsinə avrointeqrasiya ilə bağlı hissə əlavə etdik. Artıq nizamnamənin tələbindən biri də avrointeqrasiyadır. Bundan böyük cəsarətli addım ola bilməz. Bu gün biz bunu etdik.   
- Elə bil sizin alternativləriniz də bir qədər görüntü xarakteri daşıyırdı. Məsələn, sədrliyə namizədlərdən Səbuhi Əliyev dedi ki, mənə səs verin, amma mən öz səsimi Razi bəyə verəcəm. Sizcə, sizin alternativlərin Əli Kərimlinin alternativi olan Sahib Kərimlidən nə fərqi var idi?
- Təbii ki, mən hesab edirəm ki, müəyyən müqayisə ola bilər. Amma ki, buradakı coşqulu, gurultulu işin aparıcısı mən idim. Təbii ki, onlar da mənim dostlarımdır. Biz iki aydır bir yerdəyik və bir komanda şəklində fəaliyyət göstəririk. Bu işin daha çox ideoloji, təşkilati və digər bütün ağırlığını mən daşımışam. Və onun üçün də dostlarım da bilirdi ki, mənim daha çox səs almaq imkanlarım var. Amma yenə də onlar namizəd oldular, özlərini yoxladılar. Mən də təbii ki, istəyirdim ki, daha çox namizəd olsun, amma iki namizəd oldu. Biz gizli səsvermə keçirdik. Artıq orada səsini kiməsə verməyi demək özü də bir təbliğatdır. Bu, düzgün addımdır. Eyni zamanda, bu, seçiciyə demək deyil ki, gedin Razi bəyə səs verin. Əslində seçici gedir gizli qutuya, kabinədə kimə səs verəcəyini özü müəyyənləşdirir. O baxımdan, demokratiya pozucu bir hərəkət etmədik. Kifayət qədər düzgün və şəffaf seçki keçirildi və Azərbaycan Xalq Cəbhəsi Partiyasının tarixində ilk oldu. Gizli səsvermə ilə, alternativ səsi boğmadan seçki keçirdik. Əli Kərimli buna getməyə cəsarət etmədi. Hansı ki, hər bir kəs partiyada əmin idi ki, Əli Kərimli gizli səsvermə ilə də seçkini uda bilərdi və udacaqdı da. Çünki oradakı insanların hamısı ona bağlı şəxslər idi. O, artıq beyni yuyulmuş, zombiləşmiş insanlar idi. Amma yenə də buna cəsarət etmədi ki, birdən çıxmadım, çıxmadım. Yəni bu, insan bu qədər narahat oldu ki, ictimai qınağı nəzərə alaraq, bütün o məzəmməti üzərinə alaraq açıq səsvermə keçirdi. 
- Ədliyyə Nazirliyi sizi qeydə almasa, növbəti addımlarınız nə olacaq? Ad dəyişikliyi olacaqmı cəbhədən digər qopanlar kimi? 
- Birmənalı şəkildə deyirəm ki, heç bir halda, Azərbaycan Xalq Cəbhəsi Partiyasının adı dəyişdirilməyəcək. Bunun altını xətləyərək xüsusi vurğulayıram. Ədliyyə Nazirliyinin bizi qeydə alıb-almamasından asılı olmayaraq da, fikrimiz dəyişə bilməz. Biz AXCP olaraq varıq və bu haqda ümumiyyətlə nə düşünmüşük, nə mübarizə aparmışıq. Gələcəkdə də müzakirələrin aparılması gözlənilmir. 
- Bəs qurultayla Əli Kərimlinin AXCP-sinin neçə faizi sizin tərəfinizə keçdi? Nəfər olaraq, say olaraq, şöbə olaraq partiyanın neçə faizini öz tərəfinizə çəkə bildiniz? 
- Hal-hazırda 57 rayon şöbəsini yenidən qurmuşuq. Dünən də 57 rayon şöbəsindən gələn 1200 nəfərdən artıq üzvlə biz qurultay keçirə bildik. Elə şöbələr var ki, böyük hissəsi bizim tərəfimizə keçib. Məsələn, Suraxanı rayon şöbəsinin artıq 90 faizi bizim tərəfimizdədir. Oradan yüzdən artıq cəbhəçi bizim tərəfimizə keçdi. Cəbhənin ən güclü şöbəsi Suraxanı şöbəsi idi, ən çox da gənclərdən təşkil olunmuşdu. Artıq o gənclərin hamısı bizim yanımızdadır. Və bütün digər rayonlarda da faiz göstəricisini bilmirəm açığı, amma bilirəm ki, bizim təşkil etdiyimiz rayonlarda hamısında köhnə hərəkatçılar və cəbhəçiləri ətrafımıza yığdıq və şöbələri qurduq. Siz düşünməyin ki, Əli Kərimlinin yanında minlərlə insan var. Əli Kərimlinin yanında indiyə kimi görünən 500-600 nəfər cəbhəçi var idi, artıq onun çox hissəsini biz öz tərəfimizə çəkə bilmişik. Digər qalanlar isə passivləşiblər, düşüncə içərisindədirlər. Artıq Əli Kərimlinin yanında olanlar hər kəsin bildiyi, zombiləşmiş, beyni yuyulmuş və şeytan obrazına girmiş insanlardır.  
- Onları öz tərəfinizə çəkmək istəyərsiz?
- Orada bir neçə mən dediyim, şeytan obrazına girmiş, zombiləşmiş insanlar var. Onların, zombiləşmiş insanların müalicəsi yoxdur. Hələ ki, müasir tibdə zombiləşmiş insanların müalicəsi yoxdur. Ona görə də biz onları qəbul edə bilmərik. Onlar artıq Azərbaycan cəmiyyəti, xalqı üçün, dövlətçiliyimiz üçün və Cəbhə üçün itirilmiş personajlardır. Odur ki, mən onlara şeytan obrazı deyirəm. Amma yenə də orada müəyyən qədər təmiz, əxlaqlı insanlar qalıb. Onlar düşünürlər. Mən düşünürəm ki, ağıllı qərar qəbul edib əsl AXCP-nin yanında yer alacaqlar. 
- Parlament seçkilərinə qatılmağın tərəfdarı olduğunuzu açıqlamışdınız. Kifayət qədər ciddi arqumentlər də səsləndirmişdiniz ki, boykot heç bir halda məntiqli addım deyil. Amma getmədiniz, əks arqumentləriniz nə dərəcədə güclü oldu?
- Təbii ki, bu gün də bildirirəm ki, siyasi partiya varsa, seçkidən kənarda qalmamalıdır. Azərbaycanda demokratik, normal seçki keçirilmir, seçkilər saxtalaşdırılır. Və bu seçkilərin də əvvəlcədən təyinatlı olacağı hər kəsə bəlli idi. Amma mən düşünürdüm ki, pulsuz efir vaxtı verilir, insanlarla toplaşmaq üçün şərait yaradılır, başqa vaxt bu şəraitlər yoxdur. Birbaşa sən özün vəzifə gərəyi rayonlara səfər edib seçicilərlə görüşürsən. Bu baxımdan, bizim üçün məqbul idi. Öz dostlarıma da dedim ki, kim istəyirsə, namizədliyini versin və bu imkanlardan yararlansın. Amma mən çox vacib bir qurultaya hazırlaşırdım. Düşünün, mən namizəd olsa idim, parlament seçkisinə qatılsa idim, seçiləcəyimə də əmin deyiləm, seçkilərin bəri başdan müəyyən olunduğunu, təyinatlı olduğunu da bilirəm. O zaman mən cəbhəçiləri də başıma yığaraq dünənki qədər möhtəşəm bir qurultay keçirə bilərdimmi? Xeyr və mən təbii ki, daha böyük qurultay keçirməyi nəzərdə tutdum, daha çox təşkilatı işlərə üstünlük verdim. AXCP-nin yenidən qurulmasına sərf etdim. Amma təbii ki, azad və demokratik seçkilərin keçirilməsinə inansaydım, o zaman bəlkə də başqa cür qərar da verə bilərdim. Amma müqayisə etdim və ikinciyə üstünlük verdim ki, daha çox yeni nəsil, yeni nəfəs gətirməliyəm. Və bu işdə mən çox başarılı oldum. Artıq məni bu gün yüzlərlə insan təbrik edir. Hansı ki, o insanlar feysbuk sosial şəbəkəsində mən bu işə başlayan zaman məni kəskin tənqid edirdilər. Bu gün isə məni təbrik edirlər. Çünki onlar bizim gücümüzü gördülər. Bizim necə möhtəşəm qurultay keçirdiyimizi gördülər. Coşqusunu, səs-küyü və eyni zamanda, yeni nəfəsin, yeni simaların gəldiyini gördülər. O baxımdan, mən düzgün qərar verdiyimə əminəm.    
- Belə iddialar da var ki, cəbhəçilərin sizin tərəfinizə keçməyinin bir səbəbi olaraq maliyyə imkanlarınızın, maliyyə rıçaqlarınızın olmasıdır. Yəni ağır durumda olan insanlar maliyyə səbəbindən sizə sığınıblar. Bu, nə dərəcədə doğrudur? 
- Təbii ki, yanlış məlumatdır. Bir yandan Əli Kərimli qeyd edir və ictimai rəyə yeritmək istəyir. Bildirir ki, artıq cəbhə silkələnib, burada əqidəli və mənə bağlı insanlar qalıb. Neçə illərdir bunu təkrar edir. Cəbhənin bir ailə olduğunu vurğulayır hər zaman. Necə olur ki, Əli Kərimlinin varlığına, cəbhəçiliyinə inandığı yüzlərlə insan onun yanından gedir və birdən-birə hamısı satqın olur, pula satılır? Onda belə çıxır ki, Əli Kərimli hər şeyi öz arşını ilə ölçür. Çünki zamanı ilə doğrudan da pul ilə deputat yerləri alıb, hökumətdən pul alıb partiya saxlayıb, deputat yerlərini pulla alıb və satıb. O baxımdan, öz arşını ilə ölçür. Niyə indi cəbhəçilər Raziyə gəlib dedilər ki, bizə pul ver, sənin yanında olaq? Məgər Razidə pulmu var idi onlara versin? Məgər Razinin həyat şəraiti, sürdüyü həyat kənardan görünmürmü, bilinmirmi? Çox insanlar, cəbhəçilər onsuz da buna inanmadı. Mən Cəbhədə olan zaman da müəyyən qədər imkanım olub. Cəbhəçilərə birinin dərmanını, reseptini almağa kömək etmişəm, birinin xəstə vaxtı yanına gedib balışının altına pul qoymuşam, birinin başqa problemini həll etməyə çalışmışam, müəyyən köməkliklər göstərmişəm. Amma bir çoxları bunu etmirdilər. Pulla cəbhəçi almaq iddiasına  gələndə, mənim nəyim var idi ki, insanlara verim? Həyat tərzimiz də, Cəbhəni necə qurduğumuz da hər kəsə bəllidir. Onun üçün də onların yeritdiyi bu siyasət də yerimədi. Hərçənd ki artıq sosial şəbəkədə bununla bağlı özlərini bir lağ obyektinə çeviriblər. Deyirlər ki, pul-pul deyirsiniz, o pulu biz görmədik. Artıq məlumatlar paylaşırlar ki, Razi kiməsə on manat verib, kiməsə beş manat verib. Mən cəbhədə olan zaman da AXCP-nin hər hansı bir tədbiri keçiriləndə rayonlardan gələn insanlara hər bir zaman pul verilirdi. Tədbirin keçirilməsi üçün pul toplanırdı, müəyyən büdcə hazırlanırdı və bu, verilirdi.  Elə olurdu bir tədbirin keçirilməsi üçün 3- 5 min manat pul yığılırdı. Hətta 15-20 min pul yığılan tədbirlər olurdu. 2013-cü ildə prezident seçkilərində Cəmil Həsənlinin təbliğatı üçün bəzən çox qorxunc rəqəmlər eşidirəm ki, bu qədər pul yığılmışdı. Banka daxil olan pullar ayrı idi, bu, 30 min civarında idi. Mən dəqiq təsdiq edə bilmərəm, amma qeyri-rəsmi rəqəmlər ondan onlarla dəfə çox olub. Və bu, Əli Kərimlinin ətrafında olan insanlar tərəfindən idarə olunub və kənardakıların bundan xəbəri olmayıb. Əli Kərimlinin ətrafında olan insanlarda, özündə həmişə pul olub. Hər bir zaman onlara maliyyə verilib və onlar hər zaman bütün tədbirlərin hamısını pul ilə təşkil ediblər. Bu gün bizim öz resursumuzla, öz cibimizin, ailəmizin, büdcəsi ilə və kənardan dostumuzun, qardaşımızın, qohumlarımızın verdiyi ianələrlə qurduğumuz iş Əli Kərimlinin xərclədiyi vəsaitlərin heç yüzdə biri deyil. O baxımdan, biz o ləkəni götürmürük və götürməyəcəyik. Orada olan insanlar da, bizim yanımızda olan insanlar da görür ki, biz hansı məhrumiyyətlərlə bu işləri qurmağa çalışmışıq və qurmuşuq.  
- Siz Əli Kərimlinin yanında olanda indikindən qat-qat loyal mövqe sərgiləyirdiniz. Bu dərəcədə radikal deyildiniz. Fərqin səbəbi nədir?
- AXCP-də mən olanda, Əli Kərimlinin o zaman sədr olduğu dönəmdə bütün siyasəti Əli Kərimli təşkil edirdi. Yəni başqasının orada söz demək imkanları məhdud idi, keçərli deyildi. Amma Əli Kərimlinin dediyi, qoyduğu sərhədə uyğun tənqid etmək isə daha çox sözçülük və məntiqsiz bir tənqidə söykənirdi. Deyək, həqiqi müxalifət olmaq üçün İlham Əliyevin adını çəkməli və bir az onun içərisinə təhqiramiz ifadə qatmaq, lağ obyektinə çevirmək və onun aşağılayıcı şəkildə nüfuzunu salmaq üçün cümlələr quraraq tənqid etməlisən. Bu zaman sən əsl müxalifətçisən. Mən indi də bunu etmirəm, o zaman da etməmişəm. Hər bir zaman mən məntiqli siyasət carçısı olmuşam. Bu gün mən tənqid edirəm. Ancaq mənim tənqidimə görə heç kim məni həbs etməz, nə mənim yanımda olan dostlarım həbs olunmaz. Onlara da mən hər gün deyirəm, təhqir və sərt, mənasız tənqid başqa, məntiqli və proqrama söykənən tənqid başqa. Mən hesab edirəm ki, tənqidin və sənin görəcəyin işlərin sərhədi olmalıdır. Deyirik ki, nəyə görə İlham Əliyev Konstitusiyanı dəyişdi və üçüncü dəfə prezident oldu? Nəyə görə İlham Əliyev YAP sədrliyindən getmir? O zaman biz də sədrimizi dəyişməliyik? Biz onu ona deyiriksə, özümüz ondan da pis vəziyyətdəyik. Və artıq Əli Kərimli partiyada göstəriş verib ki, İlham Əliyevin üçüncü dönəm prezident olmasını tənqid etməyin, YAP sədri kimi qalmasını tənqid etməyin. Bu məsələlərə toxunmayın. Çünki özünə də toxunur o. Artıq bu, rəsmi göstərişdir partiyada. Amma mən bu gün alnı açığam. İki dəfə limit qoyduq, uzağı iki dönəm, səkkiz il sədr ola bilərəm, bu, mənim fəaliyyətimdən asılıdır. Partiyada kifayət qədər ağıllı adamlar var, onlar da ola bilər. Eyni zamanda, biz özümüzə məhdudiyyət təşkil etdik. Bu gün mən alnıaçıq tənqidimi səsləndirə bilərəm ki, YAP da bizdən nümunə götürsün, iqtidar da, digər partiyalar da. Partiyanın Əli Kərimli hissəsində isə belədir bu qədər oğurladılar, bu qədər apardılar, kimləri tutdular, taladılar, çapdılar, korrupsiya tüğyan edir, yəni boş sözçülük... 
- Sizcə həmin faktlar yoxdurmu?
- Faktlar olsa da, müxalifətin vəzifəsi statistik idarə kimi işləmək deyil ki. Azərbaycanda statistika idarəsi var, statistika ilə məşğul olan ekspertlərimiz var. Amma Əli Kərimli və onun yanında olanların vəzifəsi insanların bildiyi faktları təzədən onlara demək deyil. Sənin işin partiya qurmaq və Azərbaycana dəyişiklik gətirməkdir. Partiya nümunəsi ortaya qoy, güclü bir müqavimət hərəkatı yarat və imkan vermə ki, iqtidar seçkiləri saxtalaşdırsın. Yoxsa hər dəfə insanların bildiyini üzünə demək, Azərbaycanda korrupsiya var demək doğru deyil. İnsanlar deyirlər ki, bunu bilirəm, niyə deyirsən ki? İlham Əliyev də deyir ki, korrupsiyaya qarşı mübarizə aparıram. Əli Kərimli də deyir ki, ölkədə korrupsiya var. O da deyir, bu da deyir, vətəndaş deyir ki, Əli Kərimliyə niyə inanmalıyam? İlham Əliyev deyir korrupsiya idarəsi yaratmışam artıq, yavaş-yavaş da adamları tuturam. O səndən daha inamlı görünür axı. Mən orada olanda onun dediyi formada tənqid edə bilməzdim. Çox pis görünürdük. Çünki Əli Kərimli nümunə yaratmamışdı. Bu gün isə AXCP sədri olaraq nümunə yaratdıq. AXCP sədri kimi addımımız nə oldu? Məhdudiyyət qoyduq sədrlik seçkisinə, avrointeqrasiya ilə bağlı nizamnaməyə düzəliş etdik, gizli səsvermə keçirdik və cəmiyyətə dolğun, gözəl mesajlar verdik. O, bir neçə nəfəri yetişdirir, müəyyən zamanda da onları polisin əlinə verir ki, aparsın atsın həbsxanaya. Amma Əli Kərimli müəyyən insanları müəyyən mərhələyə gətirir, sonra həbsxanaya göndərir. Yenə də düşür sıfır vəziyyətinə. Onun əməyi Sizif əməyidir. Mən düşünürəm ki, indiyə qədər Əbülfəz Elçibəyə etdiyi pisliklərə görə, Elçibəyə qarşı partiyanın daxilində Yurd hərəkatı yaratdığına görə, onun nüfuzunu aşağı salmağa çalışdığına görə Allah onu cəzalandırıb. Ona görə də, o şah Sizif kimi daşı aparıb dağın başına çıxartmaq istəyir, azacıq qalmış dağ yuvarlanır düşür dərənin dibinə, təzədən qaldırır. Həyatının sonuna kimi də Sizif kimi daş qaldıracaq və yenidən daş yuvarlanacaq. Amma hesab edirəm ki, bizim dünənki qurultaydan sonra artıq onun o daşı heç müəyyən bir yerə, iki-üç metr yuxarı qaldırmağa da imkanı olmayacaq. Və ağıllı siyasətçi özü siyasətdən getdiyini elan edərdi və yaxud geri çəkilərdi, cəbhədə də ikitirəlik yaratmazdı. 
- Müxalifətin bir hissəsi hakimiyyətlə dialoq tərəfdarı idi və bir neçə bu cür görüş keçirilib. Razi Nurullayev hansı halda hakimiyyətlə dialoqa gedə bilər? Hansı şərtlərlə?
- Mən hakimiyyətlə hər bir zaman dialoqa hazıram. Hər bir şəraitdə. Əvvəllər düşünürdüm ki, öncədən predmeti olsun, müəyyən razılıqlar əldə olunsun, sonra. Amma artıq fikrimi dəyişmişəm. İstənilən dialoqda iştirak edərəm. Amma sonra çıxacam medianın qarşısına, deyəcəm bu dialoqda nə danışıldı, razılaşmadıq, yaxud bu, dialoq deyildi, şou idi, oyun idi. Məsələn, biz təklif etdik ki, belə olsun, onlar razılaşmadılar. Oturduq anlaşmaqdıq, mən hakimiyyətin bu siyasətinə qarşıyam. Biz Türkiyə modeli deyirik. Son parlament seçkilərində də koalisiya qurmaq istədi AKP, amma qura bilmədi. MHP və CHP ilə görüşlər keçirdilər, çox gözəl mədəni şəkildə, sivil və kübar formada mediaya poz verdilər. Şəkilləri çəkildi. Oturdular, danışdılar, anlaşmadılar. Çıxdılar, hər kəs bir-birinin ünvanına çox sərt tənqidlər səsləndirdi. Mən eyni siyasətin Azərbaycanda da oturuşmasına çalışıram. Onun üçün də dialoqa hazıram, iştirak edəcəm. Haqqı haqq, nahaqqı da öz yerində deyəcəm. Azərbaycanda mənim üçün dialoqun predmeti və predmetsiz olduğu vacib deyil. Əsas prosesin olmasıdır və atacağımız addımlar, ictimaiyyətə edəcəyimiz mesajlar önəmlidir.
- Razi Nurullayev kifayət qədər iddialı görünür. Bu, 2018-ci ilin prezident seçkisinə hesablanıb? Prezidentliyə namizəd olacaqsınız?
- Əgər siyasi partiya varsa, iddialı olmalıdır, seçkilərə qatılmalıdır. Prezident seçkisindən kənarda qalmaq partiyanın məhvi deməkdir. Odur ki, bütün tərəfdarlarıma, dostlarıma, bütün cəbhəçilərə bildirmişik ki, bizim məqsədimiz hakimiyyətə gəlməkdir. Hakimiyyət əgər bölüşdürülərsə, ən böyük paya sahib olmaqdır. Mən düşünürəm ki, Azərbaycan xalqının rifahını düşünərək seçkiyə getmək lazımdır. O baxımdan, təbii ki, 2018-ci il üçün çox ciddi hazırlıqlarımız olacaq. Düşünürəm ki, yeni tarixin əsasını qoymuşuq. 2018-ci ildə bu, güclənərək özünün ən yüksək pilləsinə çatacaq. Cəmiyyətə aydın mesajlar verəcəyik. Siyasətçilərin əksəriyyəti ikibaşlı danışırlar, çünki əmin deyillər. Mən əminliklə seçkiyə qatılacam, ya uduzacam, ya da əminliklə qalib gələcəm. Seçki saxtalaşdırılacaqsa, deyəcəm ki, vəziyyət necədir, neçə faiz səs qazanmışam. Bu cür hüquqi şəkildə mübarizə aparacam. Ümid edirəm ki, 2018-ci ildə xalqımızı, millətimizi sevindirəcəyik. 

 

скачать dle 12.1
Xəbər lenti