İlham Şaban: “2016-cı ildə Azərbaycanı ürəkaçan mənzərə gözləmir”

26-10-2015, 17:19
0
İlham Şaban: “2016-cı ildə Azərbaycanı ürəkaçan mənzərə gözləmir”

İlham Şaban: “Rusiya qazının Gürcüstan bazarında hegemonluğundan söhbət gedə bilməz...”

 

 
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin qonşuluğunda görüşdük. Müsahibimi bu ünvana bağlayan tellərdən danışmaq artıqdır. İlham bəy bir zamanlar reytinqi ilə “meydan oxuyan” bu ali təhsil müəssisəsinin avtomatika fakültəsində təhsil alıb, daha sonra “Azneft” istehsalat birliyində kəşfiyyat quyuları üzrə əməliyyat operatoru vəzifəsində çalışıb. Elə ölkənin taleyində həlledici rola malik olan neft-qaz məsələlərindən, islahat gözləntilərindən, gömrüklə bağlı yeniliklərdən bəhs edən söhbətimizə universitetlə bağlı düşüncələrini bölüşməklə körpü saldı: 
- Neft Akademiyasi artıq Dövlət Neft və Sənaye Universitetinə transformasiya edilib və onun rektoru nə neftçi, nə kimyaçı nə neft sənayesinin avtomatikası üzrə olan mütəxəssis deyil. O, metallurqdur. Mən bu təhsil ocağında oxuyanda onunla fəxr edirdim, elə hər bir mənada… Bakıda hansısa bir təhsil ocağı “AZİ” ilə elmdə, olimpiadalarda, mədəni-kütləvi aktivlikdə, idmanda müqayisə oluna bilərdimi? Bunun üçün onların sadəcə imkanları yox idi. Çünki o zamanın Neft və Kimya İnstitutu bütün SSRİ-də məşhur idi, burada 3 minə yaxın xarici tələbə təhsil alırdı. 1988-ci ilin aprelində bu instituta Moskvadan rəngli displeyli İBM komputeri verilmişdi ki, o zaman heç Mərkəzi Komitədə yox idi. Təbii ki, təhsilin səviyyəsi də yüksək idi. 
Burada qayda-qanun rektor İbrahimov olanda dillər əzbəri səviyyəsində idi. Hətta 80-ci illərdə “KVN”-də belə bir fraza vardı ki, SSRİ-də 3 yerdə siqaret çəkməklə mübarizə tam həllini tapıb: 1-ci Aeroflotda, 2-ci Metropolitendə və AZİNEFTEXİNM-də. Professorlar belə 4-cü mərtəbədən düşüb 1-ci mərtəbədə, xüsusi ayrılmış yerdə siqaret çəkərdilər. Rəqəmsal lövhələrdə tələbə-müəllim heyəti lazim olan informasiya ilə operativ təchiz edilərdi. O dövr üçün bunlar tamamilə yenilik idi və elə institutun laboratoriyalarinda hazirlanırdı. Hələ sizə institutda fəaliyyət göstərən lokal TV-dən demirəm. Mən özüm ilk məqaləmlərimi institut qəzetində yazmışam. Yəni aktiv tələbə qarşısında çoxlu imkanlar vardı. Ancaq 2012-ci ildən Bakı Ali Neft Fəaliyyəti yarandı və bununla da Neft Akademiyasının neft yönümündə inkişaf perspektivləri tormozlandı. Çünki SOCAR-a lazım olacaq kadrlar artıq yeni ali təhsil məktəbində yetişdiriləcək. Bundan əlavə BP şirkəti özünə lazım olan kadrları çoxdan özünün inandığı özəl universitetlərdən yığır.
 
- İlham bəy, qaz mövzusuna keçid edək. Doğrudanmı Azərbaycan qazı artıq özü üçün yetərli deyil ki, Gürcüstan bazarındakı mövqelərini də itirmək təhlükəsi yaranıb?
 

- Əvvəla ondan başlayaq ki, çox təəssüf ki, Azərbaycanın rəsmi şəxsləri bu məsələyə operativ münasibət bildirmədilər. Gürcüstanda isə bir-birinin ardınca yeni-yeni xəbərlər peyda olmağa başladı. Ancaq cəmiyyətin gözündən o da yayınmırdı ki, qısa bir müddətdə Bakıya rəsmi Tiflisdən yüksək çinli məmurlar səfər edir. Görüşlərlə bağlı geniş məlumatın verilməməsi isə şübhələri daha da artırırdı. Nəticədə regional mətbuatda müxtəlif səpkili materiallar dərc edilirdi ki, bunlar da çox zaman reallığı əks etdirmirdi. Məsələni mürəkkəbləşdirən digər amil isə bir qədər sonra Rusiya mətbuatında qaz mövzusunda çap edilən məlumatların sürətlə Gürcüstan və Azərbaycan mediasında tirajlanması idi. Təbii ki, burada ortada olan maraqlar idi. Ancaq gəlin görək reallıq nə yerdədir. Gürcüstanın energetika naziri Kaza Kaladze ilk dəfə mediaya sentyabrda açıqlama verdi ki, “Qazprom” nümayəndələri ilə Brüsseldə görüş keçiriblər. Görüşdə Gürcüstandan üçüncü ölkəyə qaz həcmlərinin ötürülməsi və Gürcüstana Rusiya qazının kommersiya idxalı məsələləri müzakirə edilib. Qeyd edim ki, görüşün keçirilməsi heç də Gürcüstan tərəfinin istəyi ilə baş tütmamışdı. Bu “Qazprom”un xahişi ilə reallaşmışdı. Səbəbi isə onunla əlaqəli idi ki, Ermənistandakı Razdan istilik-elektrik stansiyasının 5-ci enerji blokunun 2016-cı ildən tam gücü ilə işə salınması planlaşdırılır. Hazırda bu heç 30% layihə gücündə belə çalışmır. Ermənistanın buna getməsi isə gələn il qışın sərt keçməsi proqnozları yönümündə təbii qaza olan tələbatın artımı ilə əlaqələndirilir. Onu deyim ki, artıq bir çox ölkələr gələn ilin qış mövsümünə ciddi hazırlıq görürlər, çünki hidrometroloji proqnozlar həqiqətən sərt qış anonsu ediblər. Belə olan tərzdə Gürcüstanın da qaza olan tələbatı 10%-ə qədər artmalıdır. Ancaq Azərbaycan Gürcüstanı xəbərdar edib ki, belə olan halda onun artacaq tələbatını ödəyə bilməycək. Bir daha qeyd edirəm Gürcüstanın artan tələbatını – bu təqribən 300 milyon kubmerə qədər ola bilər. Çünki Azərbaycanın daxilin qaz tələbatı da obyektiv səbəblər üzündən artır, ikincisi “Şahdəniz” konsorsiumu daha çox təbii qazı Türkiyə bazarına ötürməkdə maraqlıdır, çünki orada qiymətlər daha bahadır və bu xarici şirkətlərin marağındadır, nəinki Gürcüstana regional qiymətə müəyyən qaz həcmlərini yönəltməyə. Onsuz da bu həcmlərin bir qismi Gürcüstana 2013-cü ilin yayından yönəldilir.
- Deməli Gürcüstan buna sırf iqtisadi məqsədlə gedir və burada siyasi motivlər yoxdur?
- Rəsmi Tiflis də situasiyanı gözəl dərk edir. Onun Rusiya ilə diplomatik əlaqələri 2008-ci ilin avqustundan kəsilib, iqtisadi əlaqələri çox məhduddur. Və ən əsası bu iki qonşu dövlətin dünyaya baxışları diametral fərqlənir və son “gurultulu” hadisələr zamanı beynəlxalq təşkilatlarda səsvermə zamanı Gürcüstan Rusiyanın əleyhinə səs verib. Bunları Kreml yaddaşa yazır və enerji alqı-satqısı zamanı təbii ki, “yada salır”. Ona görə də Tiflis almaq istədiyi Rusiya qazının qiymətini mümkün qədər “yumşaltmaq” istəyir və bu cür manevrlər edir. 
Ancaq bir şeyi Gürcüstan hökumətində də, “Qazprom”da da yaxşı bilirlər – Rusiya qazının bu bazarda hegemonluğundan söhbət gedə bilməz. Belə ki, 2016-cı ildə Gürcüstan-Rusiya qaz işbirliyi başlayacağı zamandan cəmi 3 il sonra “Şahdəniz-2” layihəsinin həcmlərinin artması ilə yenidən “Qazprom”un kommersiya həcmlərindən imtina gündəmə gələ bilər. Çünki Azərbaycan qazının nəqlindən Gürcüstan təqribən 1 milyard kub metr tranzit alacaq. Bu isə onun istehlak həcmlərinin o zaman üçün 45%-ni təşkil etməlidir. 
- Bir məsələnin düyününü müəyyən qədər də olsa açdıq. Bəs neft aləmində nə dəyişiklər var?

Professorlar belə 4-cü mərtəbədən düşüb 1-ci mərtəbədə, xüsusi ayrılmış yerdə siqaret çəkərdilər”

- Ondan başlayaq ki, cari il üçün beynəlxalq maliyyə qurumlarının və enerji agentliklərinin ilin əvvəlində verdikləri optimist proqnoz Brent markalı neftin bir bareli  üçün 57 dollar, normal halda – 55 və neqativ variantda 53 dollara hesablanmışdı. Ancaq ilin ikinci rübündə neft qiymətləri yüksək həddə oldu – maksimal qiymət 68 dollara qədər yüksəldi. Nəticədə ilin birinci yarısında Azərbaycan neftinin orta ixrac qiyməti maliyyə nazirliyinin rəsmi açıqlamasına görə, 59,4 dollar təşkil etdi. Brent markalı neft üçün isə 57,5 dollar. Bu, həqiqətən qlobal bazar üçün yaxşı bir məlumat idi, hasilat şirkətlərinin çoxusu özlərinin büdcəsini 50 dollardan planlaşdırmışdılar və gəlirlik səviyyəsini qoruya bilirdilər. Ancaq III rüb başlayar-başlamaz bazarda qiymətlərin enməsi prosesi başladı. Bu isə İran faktoru ilə bağlı idi. Belə ki, 14 iyulda Vyanada rəsmi Tehran nəhayət ki, Qərb nümayəndə heyəti ilə nüvə proqramı ilə bağlı razılıq sazişini imzaladı və bu bazarlara kifayət qədər təsir etdi. Bazarlara daha böyük neqativ hadisə  isə avqust ayında Çindən vurulan zərbə oldu – bu ölkənin fond birjası sözün əsil mənasında “çökdü”, daha sonra milli valyutası dəyərsizləşdi və nəhayət, Çin iqtisadiyyatının azalma tempi təkcə nefti deyil, digər xammal bazarlarına da - dəmir, alüminium, kömür, mis və s. - öz neqativ təsirini büruzə verdi. Avqust ayının üçüncüongünlüyündə Brent markalı neft 42 dollara qədər ucuzlaşdı. III rübdə Azərbaycan neftinin orta ixrac qiyməti 48,7 dollara qədər ucuzlaşdı. Yəni ilin birinci yarısı ilə müqayisədə qiymətlərdə 18% azalma müşahidə olunub. Bu faktın özü bir daha onu göstərir ki, xammal bazarı nə dərəcədə qeyri-stabildir. İqtisadiyyatın bir xammaldan asılı olması bu mənada çox risklidir.
- Necə bilirsiniz, qiymət baxımından hökumətin pozitiv proqnozları özünü doğruldacaqmı?
- Hökumət neftin qiymətinin tezliklə artmasına əvvəlcə ümid edirdi. Yadınızdadırmı, il boyu həm Dövlət Neft Şirkəti rəhbərliyi, həm energetika nazirliyi rəsmiləri, həm də hökumət üzvləri necə nikbin açıqlamalar verirdilər: tezliklə neft 80-90 dollar qiymətə çatacaq, hətta bir az əvvəl 100 dollarlıq həddi keçəcəyə cəmiyyəti əmin etmək istəyirdilər. Mənə elə gəlir ki, bu da 2009-cü ildə yaşanan ssenarinin təsirindən qaynaqlanırdı. O zaman neft 148 dollardan 6 ay müddətində 39 dollara kimi endi və cəmi 1 il sonra yenidən bazarda öz mevqeyini bərpa etməyə müvəffəq oldu. 
Ancaq indi situasiya bambaşqadır. Belə ki, 1995-2004-cü illərdə dünya üzrə neft şirkətlərinin kəşfiyyat işlərinə ümumi investisiyaları 1 trilyon dollar olmuşdusa, 2005-2014-cü illərdə bu göstərici 3,2 trilyon təşkil etmişdi. Nəticədə çıxarıla biləcək ehtiyatlar son 10 ildə dəfələrlə artmışdı. Bundan əlavə dünyanın ən böyük istehlak bazarlarında ciddi keyfiyyət dəyişikliyi baş vermişdi – yəni Avropa daha istehlakı artırmırdı, o cümlədən ABŞ - dünyanın ən qlobal istehlakçılarından biri - öz istehsalını ildən ilə artırmaq yolunda fantastik uğurlara imza atırdı. Dünyada neftin sənaye üsulu ilə çıxarılmağa başlanmasından - 1871-ci ildən indiyə qədər hələ heç bir ölkə dalbadal 3 il gündəlik neft hasilatını 1 milyon bareldən çox artırmağa nail olmayıb. BP WORLD STATISTICAL REVIEW-in məlumatına görə, 2014-cü ildə ABŞ-da gündəlik neft hasilatı artımı rekord həddə - 1,6 milyon barel olub. Bu isə təbii ki, şist neft yataqlarında qazılan quyuların hesabına əldə edilib. Rusiya və Səudiyyə Ərəbistanı elə hesab edirdilər ki, neftin qiyməti aşağı düşən kimi ABŞ-da neft hasilatı çökəcək, çünki şist quyuların rentabelliyi buna imkan verməyəcək. Həqiqətən də, məntiq bunu tələb edir. Ancaq qiymət aşağı endikcə, quyuların sayı təqribən 1000 ədəddən çox azalsa da ABŞ-da neft haslatında kifayət qədər azalma baş vermədi. 
- Bunun sirri nədəydi? 
- BP şirkətinin iqtisadçısı Vladimir Drebentsovun izahına görə, bunun əsas səbəbi, ABŞ-da mütərəqqi texnologiyaların tətbiqi sayəsində istismar quyularının məhsuldarlığının 5-7 dəfə artırılması idi. Ona görə də bu sayda quyunun istismar fondundan müvəqqəti çıxarılması ABŞ-da hasilata elə də təsir etmədi. İkinci faktor isə layların neftverimliyinin artırılması yönümündə atılan texnologiyaların tətbiqidir. Nəticədə ABŞ bazarına yönələn neft digər bazarlarda özünə müştəri axttarmalı olur və neft qiymətdən düşür. Bu baxımdan hazırda ABŞ-ın dünya neft bazarına və təbii ki, qiymətlərinə təsiri OPEK ölkələrindən daha effektlidir.    
- Növbəti ilin daha böhranlı olacağı proqnozlaşdırılır. 2016-cı ilin neft qiymətləri necə ola bilər? 
- Təəssüf ki, burada hələ ürəkaçan bir mənzərə yoxdur. Bunu oktyabrın 21-də Vyanada OPEK-in keçirdiyi texniki iclası bir daha nümayiş etdirdi. Belə ki, OPEK bu təşkilata üzv olmayan 8 neft ölkəsinə dəvət göndərsə də, Azərbaycan, Oman və Norveç iclasa qatılmadılar. Rusiya iclasa qatılsa da hasilatı azaltmaqda maraqlı olmadığını bildirdi, çünki başa düşür ki, bu resursdan çox asılıdır və bazarda onun yerini çox tez tuta bilərlər. Ümumiyyətlə, belə bir qorxu hər bir dövlətdə var. Çünki İranın da qlobal bazara daxil olması ilə rəqabətin daha da güclənməsi proqnoz edilir. Başqa bir oyunçü isə İraqdır – onun ümumiyyətlə, heç kəs qarşısında öhdəliyi  yoxdur: buradakı xarici şirkətlər hasil etdikləri neftin həcminə görə pay alırlar və buna görə də hasilatın artırılmasında daim maraqlıdırlar.
- Demək, gələn ildə neftin qiymətlərinin 30 və hətta 20 dollara düşəcəyi ilə bağlı verilən proqnozlar heç də əsassız deyilmiş...
- Proqnoz vermək indiki şəraitdə həqiqətən çətin məsələdir. Ancaq bir şeyi qeyd edim ki, 2014-cü ilin sonunda neft qiymətlərinin enməsi və bunun 2015-ci ildə davam etməsi ilə bağlı proqnozlar artıq 2013-cü ildə bir sıra neft şirkətləri tərəfindən açıqlanmışdı. O ki, qaldı 2016-cı ilin sözügedən qiymətlərlə bağlı mətbuatda gedən proqnozlarına, onlar əlbəttə, mümkündür. Ancaq qısamüddətli dövr üçün. Yəni ola bilər 1 gün də olsun, 1 saat da. Ancaq bizi bunlar maraqlandırmır. Azərbaycan büdcəsi üçün maraqlı olan orta ixrac qiymətinin 50 dollardan yüksək olmasıdır, çünki büdcənin gəlir və xərc parametrləri bu göstərici əsasında hesablanıb. Ondan yüksək olarsa, hökumət hər rüb prezidentin yanında keçirilən iclaslarda daha ürəklə raport verəcək ki, plan və tapşırıqlar 100%-dən artıq yerinə yetirilib, əks təqdirdə yenə hər şeyi “qara qızılın” üstünə yıxacaqlar...
- Bəlkə elə buna görə də dövlət başçısının son günlər atdığı addımlar ona hesablanıb ki, neftə artıq ümid bağlamaq o qədər də olmaz. Razısınız? 
- Ümumiyyətlə, ümid yaxşı şeydir, ancaq o məşhur filmdəki Müstafa müəllim demiş, gərək sən də bir işin qulpundan yapışasan. Artıq bəllidir ki, neftin həm yaxşı həcm, həm də qiymətləri zamanındakı kimi Neft Fondundan ələk-ələk pullar büdcəyə, oradan da müxtəlif layihələrə ayrılmayacaq ki, sonda da hökumət gəlib prezidentə yaxşı bir hesabat versin ki, qeyri-neft sektorumuz elə inkişaf tempi göztərib ki, “Çin iqtisadiyyatını 40% üstələyib”. Təbii, yuxarılarda real sektorun imkanlarını və perspektivlərini daha yaxşı görməyə başlayıblar və neft gəlirləri azaldıqca, mən deyırdim ki, neft eyforiyasının “dumanı” çəkildikcə çoxları reallıqları daha yaxşı dərk edir. Bu baxımdan hazırkı vəziyyətdən və ola bilsin daha mürəkkəb ola biləcək vəziyyətdən çıxış yolları aranır. Ona görə də bir sıra təxirəsalınmaz addımlar atılır. Prezidentin gömrüklə bağlı verdiyi son qərar məhz (18 yaşına çatmış hər bir fiziki şəxs ölkəyə gömrük rüsumu ödəmədən 10 min dollar dəyərində mal gətirə bilər-E.P.) buna misal ola bilər. Ancaq bu sənəd istehsal və kommersiya sahələrinin stimullaşdırılması üçün atılmış addım deyil. Bunun məğzi, ölkə vətəndaşlarının iqtisadi vəziyyətin çətinləşdiyi bir zaman öz gün-güzəranlarının yaxşılaşdırılması məqsədilə aktivliyə cəlb etməkdir. 
 
- Sözlərinizdən belə çıxır ki, bu addım nə büdcəyə, nə də xırda biznesə xeyir gətirməyəcək. Bəs onda hansı məqsədlə atılıb?
- Bu qanundan irəli gələn normativ sənədlər hazırlanıb, əsasnamələri qəbul olunub Nazirlər Kabineti tərəfindən təsdiq edilənə qədər ən yaxşı halda 2016-cı il aprelin 1-dən qüvvəyə minə bilər. O zamana qədər isə görünür daha müəyyən dəyişikliklər olmalıdır. Yəni insanlarda belə bir ümummilli istək yaranmasın ki, hamı qanunun qüvvəyə minməsi anı gözləsin, ondan sonra xaricə gedib Bakıda 10 min manata satılan əşyanı, mebeli və ya brend paltarı 1500 manata alıb sevincək gəlsin. Yəni bu, bir reallıqdır ki, Azərbaycanda qiymətlər xaricdən həmişə dəfələrlə baha satılıb. Mən belə güman edirəm ki, bu qanun indiki formada tətbiq olunarsa, onda bütün bahalı dükanlar sadəcə bağlanmalıdırlar, istər santexnika satsınlar, istər mebel, istərsə də məişət texnikası. Ona görə ki, hətta sanksiyalar altında olan Moskvanın qiymətləri ilə müqatisə edəndə görürsən ki, dünyanın ən bahalı şəhərləri arasında olan Rusiya paytaxtında qiymətlər Bakıdan müəyyən şeylərə necə ucuzdur. Ona görə də çox güman ki, hökumət ilk növbədə bu tip mağazalarda normal qiymətlərin “peyda olması” və onların vergiyə cəlb edilməsinə çalışacaq. Yeri gəlmişkən, adətən, belə mağazalar yüksək çünli məmurların himayəsi altında fəaliyyət göstərirlər və məlum nazir olayı ilə bağlı yazılar da bunu bir daha təsdiqlədi. Yəni “ağ mühasibatlıq” sistemi varlılardan başlamalıdır, çünki kasıbın dövriyyəsi nədir axı? Məntiq bunu tələb edir. 
- İlham bəy, Azərbaycan kimi kiçik ölkədə islahatlar aparmaq doğrudanmı belə bir mürəkkəb və ya çətin işdir? 
- İslahatların aparılması ölkənin ölçüsü ilə ölçülmür. O, hər bir zaman, hər bir ölkədə ağrılı prosesdir. Sadəcə islahatlar üçün komanda və onun cəmiyyətlə iş üslubları müxtəlif olur. Nəticələr isa daha müxtəlifdir: kimdə uğurlu, kimdə bir qədər zəif, kim isə uğursuzluğa da gedir. Sonuncudan heç kim sığortalanmayıb. Ona görə də bu islahata butun hökumətlər bir qədər ehtiyatla yanaşırlar, mən deyərdim ki, çayı üfürı-üfürə içməkdən də ehtiyatlı. Xüsusən də spesifik ölkələr üçün, hansılarda ki, qanunlardan daha çox ənənələr işləyir. 
Ona görə də prezidentin addımlarını qısaca belə qiymətləndirərdim: Hökumətin effektiv fəaliyyətinə heç də inanmır, ancaq bu hökumətdə radikal dəyişiklər etməyə də tələsmir, çünki hər bir dəyişiklik bu sistemdə xüsusi hazırlıq tələb edir; 
Ona görə də ASAN Xidmət kimi, faktiki olaraq hökumətlə paralel funksiyanı daşıyan mexanizm işə salınıb. Çox güman ki, Prezident onun yayılma coğrafiyasının və funksounallığının artırılmasını gözləyir. Sonra isə tədricən Hökumətin müəyyən qurumlarını islahatlar adı altında ixtisarlara yönəldəcək.
 
Bu məsələ faktiki olaraq özünü paralel funksiyalı təhsil oacaqlarında göstərir: effektli olmayanlar ləvğ edilmir hələ, müasirləri yaradılır və köhnələrinə maraq “söndürülür”.
скачать dle 12.1
Xəbər lenti