“Sabirabadlılar bu seçkidə daha bir tarix yazacaqlar”

26-10-2015, 17:22
0
“Sabirabadlılar bu seçkidə daha bir tarix yazacaqlar”

Pənah Hüseyn: “Heç də hər şeyin itirilmədiyi, yola davam qənaətindəyəm və uğur qazanacağıma da inanıram” 

 

 
 
63 saylı Sabirabad birinci seçki dairəsindən deputatlığa namizəd, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Yeni Müsavat” qəzetinə müsahibə verib. Həmin müsahibəni təqdim edirik. 
- Pənah bəy, ölkədə builki Milli Məclisə seçkilər, demək olar ki, hiss olunmur. Siz də bu seçkilərdə deputatlığa namizədsiniz. Seçki kampaniyasının başa çatmasına isə cəmi bir həftə qalır. Vəziyyəti necə dəyərləndirirsiniz?
- Mənim namizəd olduğum 63 saylı Sabirabad birinci seçki dairəsində situasiyanı ümumi fonda əlahiddə, istisnavi hal hesab edə bilərsiniz. Hər halda bu günə vəziyyət belədir. Bizim dairədə seçki mübarizəsinin bütün komponentləri müşahidə olunur. Seçicilərlə açıq hava görüşlərindən tutmuş qara piara qədər. Və tam cəsarətlə deyə bilərəm ki, burda gündəmi biz diqtə edirik və rəqiblərimiz də geri qalmamağa çalışırlar. Amma əlbəttə ki, yamsılama əslə uduzur. Bizim təhlillərimizə görə xeyli qabaqdayıq.
- Rəqiblərimiz dediniz, orda mübarizədə neçə rəqibiniz var ki?
- Mənim rəqibim YAP Sabirabad rayon təşkilatının bəzi funksionerləri və ona dəstək verən bəzi yerli icra hakimiyyəti, bələdiyyə məmurlarıdır. YAP-ın rəsmi namizədi  Elçin Quliyevin də az-çox öz resursları var. Lakin prosesə təsir baxımından bu elə də ciddi rol oynamır.
 
- Yerli icra hakimiyyəti və bələdiyyə strukturlarının kampaniyada iştirakı qanunsuz deyilmi?
- Qanunsuzdur. Lakin mən açıq bəyan eləmişəm ki, müəyyən çərçivədə bu müdaxilədən şikayət verməyəcəm. Mənim şərtim odur ki, “karusel” olmasın, protokollar saxtalaşdırılmasın, qutuya saxta bülleten atılmasın. Qanunsuz da olsa digər başqa   yollarla, məsələn, pul verməklə, inzibati resurslardan istifadə etməklə və sair bu kimi üsullarla həqiqi seçicini qutuya gətirib səsini alsınlar, nəticənu mən qəbul edərəm.
- Pənah bəy, çox əmin danışırsınız....
- Mən builki seçki kampaniyasında respublikada ən çoxsaylı açıq hava görüşlərini keçirə bilmişəm. Məsələn, Quruzma bələdiyyəsi ərazisindəki stadionda görüşdə 700-dən çox seçici iştirak etdi. Digər görüşlərimiz də bir qayda olaraq 200-dən çox insan iştirak edir. Belə görüşlər bəziləri, elə dostlarım üçün də gözlənilməz olub. Mənə dedilər ki, feysbukda həmin dostlardan biri adımı çəkməsə də bu izdihamlı görüşlərdə “iqtidar izi” gördüyünü və bu səbəbdən məni təbrik etmədiyini yazıb. Allah ağıl versin. Bu həftənin 3-cü günü saat 4-də Sabirabad şəhər bələdiyyəsinin mərasim evində böyük görüşüm olacaq. Həm də bu kütləvi görüşlər seçicilərlə görüşlərimizin görünən kiçik bir hissəsidir. Mən özüm həyətlərdə, məhəllələrdə, evlərdə, küçələrdə, bazarda, 5, 10, 20 nəfərin iştirk etdiyi yüzlərlə görüş keçirmişəm və seçkiyə qalmış bu sonuncu həftədə belə görüşlərin sayı bir neçəyə qatlanacaq. Rayon seçki qərargahımızın, məntəqə seçki qərargahlarımızın üzvlərinin sayı yüzlərlədir və onlar da seçicilərlə iş apaırlar. Nail olacağıq ki, ünsiyyət qurmadığımız bir yer, seçici qrupu qalmasın.

“Mənim şərtim odur ki, ”karusel" olmasın, protokollar saxtalaşdırılmasın, qutuya saxta bülleten atılmasın" 

 
- Seçkilərə münasibətdə ümumi laqeydlik, süstlük, və passivlik şəraitində sizin bəhs etdiyiniz bu fəallığın səbəbini necə izah edirsiniz?
- Açıqcası bu, dairədəki seçkiətrafı ab-hava ilə əlaqədardır. Belə bir fikir formalaşıb ki, bu dairədə saxtakarlığa icazə və yol verilməyəcək. YAP rayon təşkilatı öz namizədi üçün çalışır və bu zaman icra hakimiyyəti və bələdiyyələrin resurslarından bəhrələnir. Məsələn, inzibati qaydada öz namizədinin görüşlərinə müəllimləri, həkimləri, büdcədən maliyyələşən digər idarə-müəssisələri cəlb edir və bəzən də elə olur ki, məsələn, eyni məktəbin müəllimlərini 2-3 “görüşə” aparırlar. Ancaq etiraf edim ki, bəzi halları nəzərə almasaq, mənə kampaniyada, nə icra hakimiyyəti, nə polis və nə də digər strukturlar tərəfindən kömək edilməsə də, ciddi maneələr də yaradılmayıb. Bu da bizə kifayət edir. Hər halda, bu, reallıqdır ki, şəxsi siyasi reytinq və populyarlıq, tanınma baxımından indiki YAP namizədinin mənimlə Sabirabadda rəqabət aparması çətindir, bəlkə də mümkün deyil. Bundan əlavə, Sabrabadda bir Ceyhun Osmanlı sindromu var. Mənim fikrimcə, rəqiblərimiz Ceyhun Osmanlı olayının, təcrübəsinin Sabirabadın ictimai fikrində səbəb olduğu təlatümləri doğru-düzgün hesablaya, bu baxımdan elə də uğurlu namizəd müəyyənləşdirə bilməyiblər. 
Ona görə onlar həm də məcbur olub belə bir təbliğat üsulu seçdilər ki, seçim Pənah Hüseyn-Elçin Quliyev arasında yox, iqtidar və müxalifət arasındadır, kimə səs verilməsi  konkret namizədə yox, ölkənin rəsmi siyasi rəhbərliyinin kursuna münasibət məsələsidir. Əlbəttə ki, ölkədəki indiki real siyasi situasiya və siyasi qüvvələr nisbətində opponentin təbliğatının bu formada qurulması, mənim üçün ümumiyyətlə  problem yaratmır desəm, doğru olmaz. Lakin əvvəla, dediyim həmin real siyasi situasiya gözlə görünəcək, hiss olunacaq dərəcədə dəyişməkdədir. Həm də bu məsələdə rəqiblərimiz ifrata vardılar və cəmiyyətdəki müxalif əhval-ruhiyyəni ümumiyyətlə heçə saymaqla, məncə, strateji səhvə yol verdilər. Məsələn, mənim anadan olduğum kənddə süni bir görüş keçirib, məsələlərdən baş çıxarmayan birinin dili ilə “yox olsun müxalifət” şüarınıı səsləndirdilər. Sizi inandırıram ki, orda olan YAP üzvləri belə buna əl çalmayıblar. 
Mən, onların əksinə, “Azadlıq- 2015"-in Milli Birlik platformasından çıxış edirəm, hər yerdə bəyan edirəm ki, Pənah Hüseyn deputat seçilsə, əlbəttə siyasi müxalifət mövqeyində qalmaqda davam edəcək, müxalifətçiliyindən əl cəkməyəcək, lakin təkcə müxalifətin yox, siyasi mənsubəyyətindən, ona səs verib-verməməsindən asılı olmayaraq bütün seçicilərin, bütün sabirabadlıların, bütün Azərbaycan xalqının deputatı olacaq. Mən indiki gərgin vəziyyətdə cəmiyyəti siyasi qütblərə bölünməni dərinləşdirməyin yox, daxili gərginliklərin azaldılmasını, bunun ifadəsi kimi milli birliyin həyati zərurətini irəli sürüb əsaslandırıram. Sizi inandırıram ki, bu məsələyə maraq, dəstək, sosial və siyasi problemlərə maraqdan az deyil və indiki situasiyada bəlkə də daha çoxdur. Bizim platformamızdakı demokratik inkişav və sosial dövlət şüarlarının milli birliklə üzvi sistem halına salınması, təqdim olunması insanlar tərəfindən tam anlamla qarşılanır. Bu gün gizli deyil ki, həm müxalif, həm də iqtidar düşərgəsində işlənib hazırlanan və son bir ildə həyata keçirilməyə cəhd olunan, təssüf ki, hazırda ciddi problemlərlə üzləşən, açıqcası bu seçkilərdə iqtidarın seçdiyi yanaşma üzündən ciddi  böhran keçirən bu kursun şəxsləndirilmiş ifadələrindən birinin də Pənah Hüseyn olduğu bəllidir.  Adamlar bu kursu və onu irəli sürənləri anlaşıqla qarşılayırlar və təqdir edirlər. Bundan əlavə, mənim seçki komandamda illərlə bir yerdə olduğumuz dostlarımızla yanaşı əhəmiyyətli şəkildə yeni, xeyli gənc var və bu, bütün görüşlərdə görünür. Opponentin, belə demək mümkünsə, komandası isə demək olar ki, bütünlüklə 2010-cu ildəki Ceyhun Osmanlı komandasıdır. 2010-da Ceyhun Osmanlıya  tərif yağdırıb onu Sabirabadın, Azərbaycanın xilaskarı kimi təqdim edən eyni şəxslər, eyni sifətlər  indi mənə rəqib olan Elçin Quliyevi tərifləyib ona səs verməyə çağırırlar. Elə bu hal rəqiblərimizin uğursuzluğunu əvvəlcədən müəyyən edib.  
- Pənah bəy, zaman-zaman bir çoxları milli birlikdən danışıb və danışırlar. Etiraf edək ki, bu anlayış bu səbəbdən yıpranıb. Həm də bu anlayış çox mücərrəddir, ümumidir, hər siyasi qüvvə də öz maraq və mənafelərini milli birlik adı altında siyasi bazara sürür. Sizin “milli birliyinizdə” nə var ki, insanların dəstəyini almağa ümid edirsiniz?
- Əvvəla, dünyada, regionda və konkret bizim ölkədə də açıq-aydın görünən geosiyasi, hərbi-siyasi, iqtisadi və sosial böhran cəmiyyəti həyacanlandırıb və insanlar bu böhranın Azərbaycanda da fəsadlara səbəb olacağı ehtimalından ciddi narahatdır. Mən deyərdim ki, sosial instinktiv olaraq belə təhlükəli çıxış yollarının  şərti kimi birləşmək məsələsi, milli birlik məsələsi önə çıxıb. Eyni zamanda bizim platformada bu anlayış, Qarabağ məsələsində dünya qarşısında vahid mövqe nümayiş etdirmək, iqtidarla müxalifət arasında geniş  dialoq başlanması və bütün problemlərin danışıqlar yolu ilə həll edilməsi və nəhayət, din pərdəsi altında zühur edən ekstrmizm və terrora qarşı mübarizədə cəmiyyətimizin birliyini nəzərdə tutur. Və bir daha təkrar edirəm, bizim anlamda, seçki plaformamız  kontekstində milli birlik demokratik inkişaf və sosial dövlət  və bunları reallaşdıracaq köklü islahatlarla bir sistem halında təqdim edilir. 
Müxalifətin mühüm bir kəsiminin böykot etdiyi bu seçkilərdə iştirakımızın da bu kursun tərkib hissəsi olduğunu insanlara izah etməyə çalışıram və məncə yuxarıda da dediyim kimi, bu, anlayışla qarşılanır. Hərçənd ki, bu kursun bizdən asılı olmayan səbəbdən hazırda ciddi böhran keçirdiyi də göz qabağındadır. Bu Milli Məclis seçkilərində bütün istiqamətlər üzrə bizim gözləntilərimizin əksinə olaraq milli birlik dediyimiz modelin işləməyə başlaması üçün malik olduğu şansları təəssüf ki, doğrultmadı. Bütün siyasi müxalifətin seçkilərə qatılması üçün irəli sürülən şərtlər yerinə yetirilmədi, hətta müzakirəyə alınmadı. Təsəvvür edin ki,   “Azadlıq 2015" seçki blokundan 7 partiya sədrindən yalnız 3-ü namizəd kimi qeydə alına bildi. KXCP sədri Mirmahmud bəy, Azadlıq pariyasının sədri Əhməd bəy, AİP sədri F.Əliyev, Aydınlar Partiyasının sədri Q.Əlibəyli, AXP sədrinin birinci müavini Q.Sadıqov, onlarla digər naizədlərimiz qeydə alınmadı. Əvəzində, məsələn, bizim dairədə təmamilə qondarma şəkildə 6- 7 namizəd qeydə aldılar və onların da 4-ü qeydə alınandan bir neçə gün sonra namizədliklərini geri götürdü, digər dördü də heç görsənmir.
 Belə absurd olarmı? Televiziya efir vaxtının ləğv edilməsi ilə seçki bir tərəfə, seçki görüntüsünü belə yox elədilər. Lakin belə bir şəraitdə də ümid qalır ki, hələ çıxış yolları tükənməyib. Seçkilər hələ keçirilməyib. Boş qala biləcək yerlərə əlavə seçkilər imkanları qalır. Milli Məclisdən əlavə, yenə bizim platformamızdakı, Nazirlər Kabinentinin oliqarxsızlaşdırılması və siyasi müxalifət cəlb edilməklə milli birlik hökuməti yaratmaq və s. imkanlar da qalır. Son günlər hakim düşərgədəki təbəddülatlar, bunun yanğıları, bəzi antiböhran tədirləri də yeni gözləntilər əhval- ruhiyyəsi doğurmuşdur. Tam əminliklə deyirəm ki, bu cür gözləntilər əhval-ruhiyyəsi şəraitində son illərdə müxalifət düşərgəsinin bütün kəsimlərinin iştirakı ilə işlənib hazırlanmış və bu seçkilərdə ”Azadlıq-2015"-in seçki platformasının əsasına qoyulmuş milli birlik, demokratik inkişaf, sosial dövlət konsepsiyası, koklü demokratik və sosial islahatlar proqramı nəzərə alınarsa, böhran situasiyasından çıxmaq üçün  əlverişli siyai-sosial mühit formalaşa bilər. Odur ki, heç də hər şeyin itirilmədiyi və yola davam qənaətindəyəm və uğur qazanacağımıza da inanıram. Başqa düzgün alternativ də görmürəm. Sabirabadlılar 2005-də seçkilərdə bir tarix yazdılar. İnşallah bu dəfə də yeni bir tarix yaradacaqlar. 

 

скачать dle 12.1
Xəbər lenti