“Proses dəyişikliklərə doğru gedir”

27-10-2015, 21:04
0
“Proses dəyişikliklərə doğru gedir”

“Ölkədəki böhran yaraları üzə çıxarmağa başlayıb”

Mehman Əliyev: «Hakimiyyət geniş və ciddi islahatlara getməyə hazır deyil, bununla bağlı vahid planı da yoxdur»

«DİN də, MTN də, Prezidentin Mühafizə Xidməti də dinləyir»

Son zamanlar Azərbaycan hakimiyyətinin yuxarı eşalonunda sanki bir çaşqınlıq yaşanırdı. Əvvəlcə bu prosesin Nəqliyyat naziri Ziya Məmmədovun “vurulması” ilə bitəcəyini düşünənlər gözlənilmədən sürprizlə qarşılaşdı. Milli Təhlükəsizlik Nazirliyi və onun ətrafında baş verən hadisələr ölkə gündəminini dəyişdi. Generalların yarpaq tökümü seçki qarışıq gündəmdə olan bütün məsələləri arxa plana keçirdi. Yüksək çinli məmurların, həm də dövlətin təhlükəsizliyinə sorumlu olan şəxslərin həbsi günün əsas mövzusu oldu. Bu hadisələrin gedişi və gələcəkdə nələrin ola biləcəyi ilə bağlı suallarımızı “Turan” Informasiya agentliyinin direktoru, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Mehman Əliyevə ünvanladıq. Onun cavablarının, əziz oxucular, sizin üçün də maraqlı ola biləcəyini düşünürük.

“Xaricilər çox sürətlə pullarını ölkədən çıxarır”

– Mehman bəy, ölkədə hər kəs Ziya Məmmədovun vəzifədən kənarlaşdırılacağını gözlədiyi vaxtda Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsi ilə vidalaşdı. Nələr baş verir?

– Iş ondadır ki, Ziya Məmmədov məsələsi devalvasiyadan sonra Beynəlxalq Bankdan götürülən böyük məbləğli kreditlərlə bağlıdır. Məndə olan məlumata görə, ordan böyük məbləğdə kreditlər götürülüb. Hazırda həmin pulların qaytarılması prosesi gedir. Tam qaytarıldıqdan sonra Ziya Məmmədovu vəzifəsindən azad edəcəklər. Hara göndərəcəklər… o artıq başqa məsələdir. MTN məsələsi isə qəflətən baş verdi. Bunun qəfilliyi dərhal nazir təyin olunmaması ilə də özünü göstərdi. Biz Namiq Abbasovun işdən çıxarılmasını yada salsaq, görərik ki, o zaman nazirin vəzifəsindən azad edilməsi və yeni nazirin təyin edilməsi eyni vaxtda baş vermişdi. Həmin vaxtda Namiq Abbasovun işdən azad edilməsi qəfil olmuşdu, onun xəbəri olmadan məsələ həll olunmuşdu və dərhal da Eldar Mahmudov həmin posta gətirilmişdi. Burda isə hələ də bu hal baş verməyib. Görünür, bu daha gözlənilməz olub. Əvvəlcədən hazırlanmayıb. Deməli, məsələ başqadır.

– Bu məsələdə müxtəlif versiyalar səslənir, onlardan biri də Beynəlxalq Bankla əlaqələndirilir. Daha doğrusu Eldar Mahmudovun Cahangir Hacıyevlə quda olmasını əsas götürənlər var…

– Mənim fikrimcə, Beynəlxalq Bank problemində qohumluq əlaqələri rol oynaya bilməz. Bu siyasi məsələ deyil. Adətən siyasi məsələlərdə qohumluq əlaqələrinə görə qohumları, yaxınları cəzalandırırlar. Cahangir Hacıyevin işi siyasi məsələ deyil, sırf maliyyə ilə bağlı bir hadisədir. Orda pulların paylanması prosedurları pozulmuşdu. Verilən kreditlərin təminatı olmayıb, zənglər əsasında verilib, zəngləri də yüksək vəzifəli şəxslər edib və sairə. Bu məsələlərlə bağlı onlarda məlumatlar da vardı. Iqtisadi durum pisləşməsəydi, yəni neftin qiyməti kəskin aşağı düşməsəydi, xarici investorlar Beynəlxalq Bankda olan pullarını ölkədən çıxarmasaydılar, bu cür olmazdı bəlkə də.  Bu proses keçən ilin payızından başlamışdı. Xaricilər çox sürətlə pullarını ölkədən çıxardılar və bu, bankın çökdürülməsində ciddi amil oldu. Prezidentin yanvar ayının 10-dakı bəyanatını yada salın: “bizim manat güclüdür, hətta avrodan və dollardan daha etibarlıdır”. Eyni zamanda dövlət başçısı dəvət etdi ki, investorlar pullarını manatla saxlasınlar. Bu onunla bağlı idi. Xarici investorlar öz pullarından narahat idilər. Hakimiyyət ciddi böhrana qədər buna əhəmiyyət vermirdi. Çünki pullar gəlirdi və bu məsələlər ört-basdır olunurdu. Yalnız gələn pullar azaldıqdan sonra başladılar araşdırmağa ki, pulları kim götürüb və bundan sonra həmin pulların qaytarılması proseduru başladı. Bunun nəticəsində də ciddi problemlərin olması aşkara çıxdı. Qeyd etdiyim kimi, bu təkcə Cahangir Hacıyevin problemi deyildi. Burda birbaşa yuxarı zənglər əsasında pullar verilmişdi. Bu məsələni kontrol edən orqanlar Mərkəzi Bank, Maliyyə Nazirliyi prezidenti bu barədə məlumatlandırmamış olmazlar. Yəni prezidentin bu məsələdən xəbərsiz olması mümkünsüzdür.

– MTN-lə bağlı versiyalardan biri də nazirin xarici dövlətlərlə əlaqələrinin olmasıdır. Bu versiyanı diplomat Arif Məmmədov qeyd etmişdi. Bu mümkün ola bilərmi?

– MTN-in müxtəlif xarici kəşfiyyat orqanları ilə əlaqəsi ola bilər, bu normal haldır. Bu əlaqələr birtərəfli də ola bilər, ikitərəfli də. Müəyyən öhdəliklər var. Bunun  informasiya mübadiləsi, informasiyanın ötürülməsi səviyyəsində olması normaldır. Müəyyən əməliyyatların da birgə keçirilməsi tam qanuna uyğundur. Yəni bu əlaqələr  bütün dövlətlərlə var. Amma o başqa məsələ ki, Eldar Mahmudov Israil kəşfiyyatının agentidir, o artıq ayrı bir ittihamdır. Məncə, bu ortada yoxdur.

“Kiminsə əlinə bir qədər imkan düşüb, reketçiliklə məşğul olub”

– Mehman bəy, açıq görünür ki, hakimiyyət bu məsələdən uduşla çıxmaq, dividend götürmək istəyir, sahibkarlara basqıları, onların fəaliyyətinə qanunsuz müdaxiləni əsas götürür. Buna münasibətiniz necədir?

– Bəli, bu versiya sadəcə fikir yayındırmaq məqsədi daşıyır. Daha çox sıravi vətəndaşı çaşdırmaq niyyəti güdür. Belə baxanda sistem bunun üzərində qurulub. Bütün dövlət orqanları, icra hakimiyyətləri – vergisi, polisi, gömrüyü, fövqəladə halları, yəni bütün orqanlar sahibkarlara, necə deyərlər, divan tutublar. Təkcə iş adamlarına qarşı deyil, eləcə də bu problemlər sıravi vətəndaşlara qarşı da edilib. Kiminsə əlinə bir qədər imkan düşüb, reketçiliklə məşğul olub. Sahibkarın, vətəndaşın cibinə girib. Bu versiya cəfəngiyyatdır. 2005-ci ildə də buna bənzər bir hadisə oldu, Əli Insanovla Fərhad Əliyevi həbs edəndə əvvəl dövlət çevrilişinə cəhdlə tutdular, sonra iqtisadi cinayətkarlıqla onları ittiham etdilər…

– Mehman bəy, rəsmi mediada bu məsələlərdə bir qədər susqunluq hiss olunur. Bu nə ilə əlaqədardır?

– Bu o deməkdir ki, yüksək səviyyədə, yəni Prezident Admistrasiyası səviyyəsində bu kampaniyanın aparılmasına razılıq yoxdur. Bu, adətən, onların himayəsində olan media qurumlarına ötürülür. Orda da nəzarət olunur ki, nəyi danışmaq olar, nəyi yox. Burada da əsasən mövzunu iqtisadi problemlərə və vəzifədən sui-istifadəyə yönəldirlər.

– Yadınızdadırsa, Gülər Əhmədova məsələsində onun “ağzımı açdırmayın” deməsindən sonra ona qarşı bir yumşalma oldu, yüngül cəza verildi və bir müddətdən sonra da həbsdən azad edildi. Indi həbs olunanlar daha məlumatlı adamlardır. Bunların əlində müxtəlif kompromatlar ola bilər. Sonrakı proseslərə bunun hansı təsirləri ola bilər?

– Düzdür, Gülər Əhmədova belə bir bəyanat vermişdi. Amma o,  emosionallıqdan irəli gələn bir ifadə idi. O istəsəydi də danışa bilməzdi. Buna görə hesab etmirəm ki, ondan qorxub onunla mülayim davrandılar. Hakimiyyət bildi ki, ona qarşı Elşad Abdullayev vasitəsi ilə bir kampaniya başlayıb, ondan çıxış yolu kimi Gülər Əhmədovanı həbs etdi və sonra da sakitlik yaranan kimi türmədən buraxdı.

– Mehman bəy, bir sıra tanınmış jurnalistlərə də qarşı MTN əməliyyatlar keçirmişdi və həmin jurnalistlər təqib olunub həbsə atılmışdılar. Xədicə Ismayılın, Rauf Mirqədirovun, Pərviz Həşimlinin işi də MTN-in nəzarətində idi…

– Hələ öncədən Aqil Xəlillə bağlı belə əməliyyat olmuşdu. Orda birbaşa MTN-in maraqları vardı, MTN onun ölkədən çıxarılmasına mane olurdu. Kifayət qədər canfəşanlıq edirdi ki, həmin məsələ yayılmasın. Eləcə də, Leyla Yunusun məsələsində onun ölkədən çıxmasına müdaxilə olunmuşdu. Prinsipcə, onun ölkədən çıxmasına razılıq verilmişdi. Amma sonradan bu mümkün olmadı və məsələnin istiqaməti dəyişdi.

“Hakimiyyət geniş və ciddi islahatlara getməyə hazır deyil”

– Bu son olaylar hansısa dəyişikliyə səbəb ola bilərmi?

– Ölkədəki böhran bu proseslər vasitəsi ilə, istər Beynəlxalq Bank məsələsi, istərsə də MTN məsələsi ilə bağlı həmin yaraları üzə çıxarmağa başlayıb. Vaxtilə neft dolları ilə ört-basdır olunan məsələlər indi özünü büruzə verməyə başlayıb. Bu getdikcə çoxalacaq. Bugünkü durum qısamüddətli bir vəziyyət deyil, ona görə də Azərbaycanda xeyli müsbət dəyişiklərə gətirib çıxara bilər. Bu da onunla bağlıdır ki, indiki hakimiyyətdəkilər öz kreslosunu qorumaq üçün cəmiyyətə, iqtisadiyyata münasibəti dəyişməlidir. Artıq yeni bir dövrdür, yeni münasibətlər olmalıdır. Ona görə də bu problemlər getdikcə artacaq, şişəcək. Hər şey ondan asılıdır ki, hakimiyyət bütün bu baş verənlərə nə qədər çevik,  adekvat cavab verəcək. Impulsiv şəkildə müəyyən qərarlar qəbul olunub, amma radikal şəkildə hansısa tədbirlərin görülməsi baş vermir. Çünki müəyyən çaşqınlıq var. Hakimiyyət geniş və ciddi islahatlara getməyə hazır deyil, bununla bağlı vahid planı da yoxdur. Bu isə hələ ki vaxt itkisidir. Bu isə daha böyük fəsadlar verə bilər. Amma buna baxmayaraq proses dəyişikliklərə doğru gedir və bu proses dönməzdir.

– Bunun davamı ola bilərmi? Yenə yüksək vəzifəlilərdən kimlərsə həbs oluna, postundan uzaqlaşdırıla bilərmi?

– Açığı, inamıram ki, Eldar Mahmudov həbs olunacaq. Həbs olunanlar da müəyyən vaxtdan sonra buraxılacaq. Bu iş də əvvəlkilər kimi yaddan çıxacaq. Bu, iqtisadi məsələ deyil, bu tamam başqa bir şeydir. Bu, xarici amilə bağlıdır. Bakı  Telefon Rabitəsi Istehsalat Birliyinin sədrinin bu işdə adının hallanması dinləmələr məsələsinin real olduğunu göstərir. Yadınızdadırsa, Xədicə xanım barəsindəki şantaj videosunun ərsəyə gəlməsində bu qurumun rolu olmuşdu. Bu barədə dəfələrlə hüquq mühafizə orqanları qarşısında məsələ qaldırıldı, ancaq heç bir tədbir görülmədi. Heç kim cəzalanmadı. Indi nə baş verir bəs? Bu, beynəlxalq və siyasi məsələdir, problemin kökünü də burda axtarmaq lazımdır.

– Dinləmə məsələsinə toxundunuz, yeni qanuna görə dinləyənlərin sayı çoxalacaq…

– Onsuz da bu dinləmələr qanunsuz şəkildə əvvəllər də olub. AXCP-nin kirayə götürdüyü ofis partladılan zaman onun sahibi dedi ki, FHN 300 minlik avadanlıq alıb, onlar da dinləmə ilə məşğuldurlar. Fövqəladə Hallar Nazirliyinin dinləməyə nə dəxli var? O kimi dinləyir? Yəni onsuz da bütün qurumlar əvvəllər də bu işlə məşğul olublar, DIN də, MTN də, bəlkə Prezidentin Mühafizə Xidməti də, hətta bu işə mobil operatorları da qoşublar. Azərbaycanda hakimiyyətin vətəndaşları izləməsi onsuz da geniş hal almışdı. Sadəcə indi bunu qanuniləşdirirlər.

скачать dle 12.1
Xəbər lenti