Mehman Əliyev: “Yaxın aylarda vəziyyət daha da pisləşəcək”

3-11-2015, 00:22
0
Mehman Əliyev: “Yaxın aylarda vəziyyət daha da pisləşəcək”

“Seçkilərlə bağlı kifayət qədər mənfi rəylər olacaq” 

 

 
Söhbətimiz seçki gününə təsadüf etdiyindən daha çox seçkisonrakı situasiyadan danışmağa üstünlük verdik. Əslində seçki ab-havasının o qədər də hiss olunmadığı təbliğat-təşviqat dövründən sonrakı səsvermə günündən də qeyri-adi nəsə gözləməyə dəyməzdi. Ancaq bizi narahat edən seçkilərdən sonra Bakı ilə Qərb paytaxtları, həmçinin şimal qonşumuz arasında münasibətlərin necə tənzimlənəcəyi, iqtisadi böhrandan ölkəmizin necə çıxacağı, hakim düşərgədə baş verənlərin haraya aparıb çıxaracağı kimi mühüm məsələlərdir. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə söhbətimizi təqdim edirik. 
- Mehman bəy, parlament seçkilərindən sonrakı Azərbaycanı necə təsəvvür edirsiniz?
- Azərbaycan iqtisadi böhran yaşayır. Düzdür, 1995-ci ildən başlayaraq 1998 və 2008-ci ildə də böhran yaşandı, ancaq onun ciddi təsirləri olmadı. Xüsusilə 2008-ci ildə neftin qiymətinin düşməsi qısamüddətli oldu. Amma indiki böhran kifayət qədər  ciddidir və hakimiyyət çox ciddi problemlər yaşayır. Ciddi şəkildə maliyyə çatışmazlığı var. Əgər vaxtilə beynəlxalq təşkilatlarla əməkdaşlıq o qədər də əhəmiyyət kəsb etmirdi. Çünki neft pulları var idi və Azərbaycan hökuməti beynəlxalq maliyyə qurumları ilə yaxından əməkdaşlığa o qədər maraqlı deyildi. Amma indiki dövr kifayət qədər ağırdır. Biz son aylar görürük ki, hakimiyyət beynəlxalq maliyyə qurumları ilə əlaqələri inkişaf etdirməyə çalışır. Yəni kreditlər almaq və onların vasitəsilə başqa investisiyaları Azərbaycana cəlb etmək istəyirlər. Hətta may ayında Azərbaycan tərəfi bildirmişdi ki, Mədən Sənayesində Şəffaflıq Təşkilatından çıxacaqlar. Vaxtilə Azərbaycan onun üzvü idi, sonra isə öhdəliklərini yerinə yetirmədiyinə görə namizədliyə yönəlmişdi. Özləri də bəyan edirdilər ki, bizə lazım deyil, özümüz çıxacağıq. 
Amma indi dəvət edirlər və deyirlər ki, biz əməkdaşlıq etmək istəyirik, statusumuzun bərpa olunmasını arzulayırıq. Çünki Azərbaycan hökuməti maksimal dərəcədə xaricdən kreditləri ölkəyə cəlb etmək istəyir. Daxili resurslar artıq tükənib, neftin istehsalının azalmağı, qiymətin düşməsi kifayət qədər problemlər yaradıb. Qeyri-neft sektoru da indiki dövrdə onu əvəzləyə bilmir. Ona görə də seçkilərdən sonra Azərbaycan hakimiyyəti davamlı olaraq bu siyasəti aparacaq. Söhbət təkcə maliyyə qurumlarından getmir. Çünki maliyyə qurumları digər qurumlar olmadan bu prosesdə iştirak edə bilməz. Çünki Azərbaycanda qanunun aliliyi, investisiyaların qarantiyalı olması, demokratik və ifadə azadlığı sahəsində problemlər var. Yəni beynəlxalq maliyyə qurumları zəncirvari bir-birinə bağlıdır. Biz bilirik ki, burada ABŞ və Avropa ölkələri aparıcı rol oynayır. Ona görə də Azərbaycan hakimiyyəti bu institutlarla əməkdaşlığa getməyə məhkumdur. Məncə, gələcəkdə bu əməkdaşlıq genişlənəcək. Başqa çıxış yolu yoxdur. 
 
- Amma seçkilər ərəfəsində Bakıya xeyli təpkilər gəldi, Azərbaycan da adekvat reaksiya verdi. Yəni bu kimi hallar seçkidən sonra münasibərləri gərginləşdirməyəcək?
- Yox. Qərb, sadəcə olaraq, öz xəttini davam etdirir. Brayza, ardınca Morninqstar Azərbaycan tərəfini dəvət edirdilər ki, gəlin təkamül yoluyla islahatlar aparın, müsəlman aləmində yenə də liderliyi edin. Hətta deyirdilər ki, əks halda bu, inqilabi proseslərə gətirib çıxarar. Azərbaycan hakimiyyəti bütün resursları mobilizə edib ehtimal olunan inqilabi vəziyyətin qarşısını almağa çalışırdı və islahatlara hazır olmadığını ifadə edirdi. Amma böhran vəziyyəti tamam başqa situasiya yaradıb, hakimiyyətin mövqeləri xeyli zəifləyib. Qərb də bunu başa düşür. Seçkilərlə bağlı da kifayət qədər mənfi rəylər olacaq. Yəni demək olar ki, yarı-legitim tanınma olacaq. Bu isə Azərbaycan hakimiyyətinin mövqelərini daha da zəiflədəcək. Burda bir məsələ də var: İlham Əliyev üçün çox vacibdir ki, onun qərarlarını çevik şəkildə təsdiqləyən qanunverici orqan olsun. Yəni ona opponentlik edən və ya nəzarət edən hansısa qurumun olmasını istəmir. Ona görə də seçkilərin bu formada keçirilməsi onun üçün çox vacibdir. Hesab edirəm ki, Cəmil Həsənlinin elan etdiyi siyahı öz təsdiqini tapacaq. Bu proses tamamlanandan sonra hakimiyyət müəyyən əməkdaşlığa gedəcək,  çünki buna məhkumdur, ayrı çıxış yolu da yoxdur. 
- Yay aylarında bizə müsahibənizdə demişdiniz ki, ilin sonlarına doğru hansısa ciddi addlmların atılacağını gözləyirsiniz. MTN ətrafında baş verənlər gözləntilərinizə daxil idi, yoxsa sizin üçün də gözlənilməz oldu?

“Bizi çox böyük və maraqlı dəyişikliklər gözləyir”

- Bu məsələdən danışanda ümumi vəziyyətə baxmalıyıq. Yaz aylarında biznes adamlarının da həbsləri oldu. Ziya Məmmədovun imperiyasının dağılması da unudulmamalıdır, ondan bu gün pulları qaytarmağı tələb edirlər. Yəni bu böhran vaxtilə ört-basdır edilən xeyli problemləri üzə çıxartdı. Sistemdə belə problemlərin olacağı gözlənilən idi. MTN məsələsinə gəldikdə, əlbəttə, orda kifayət qədər problemlər var. Amma bu, daha çox xarici faktora bağlıdır. Burada mən daha çox Rusiya faktorunu görürəm. Məncə, Moskva Bakıya Rusiyaya qarşı hansısa əməliyyatların keçirilməsi, qeyri-dostluq hərəkətlərinin olması faktlarını ortalığa qoyub. Yəni yuxarı səviyyədə buna reaksiya verməyə məcbur olublar və reaksiya da bu formada oldu. İndi deyirlər filankəsin villası var. Məmurların hamısının villaları, biznesi var. O təbəqədə bu, cinayət sayılmır, bu, normal hal kimi qəbul olunur. Əslində MTN işinin arxasında tamam başqa məsələlər durur. Məcbur idilər ki, bu cür reaksiya versinlər, başqa çıxış yolu yox idi.
 
- Bəs, Eldar Mahmudovun “dərin dövləti”, dövlət çevrilişi cəhdləri və s. bağlı deyilənlər? 
- 26 apreldə Rusiya televiziyasında Putin haqda film getdi. Orda Putin birbaşa deyir ki, mən 2002-ci ildə Buşa zəng edib demişdim ki, Azərbaycan ərazisindən ABŞ-ın kəşfiyyat idarəsi Rusiyaya qarşı əməliyyatlar keçirir və Bakı da buna dəstək verir. Buş isə deyib ki, xəbəri yoxdur, onları cəzalandıracaq və s. Amma Putin deyir 1 ay sonra  Dövlət Departamentindən məktub aldıq ki, biz harada və necə işləyirik, özümüz bilərik. Bu, onu göstərdi ki, məsələ həll olunmayıb. 27 apreldən isə Azərbaycan mediasında, əsasən də hökumətyönlü mediada anti-amerikan kampaniyası başlayır. Sanki Azərbaycan tərəfi demək istəyirdi ki, o, Amerikanın müttəfiqi deyil, əksinə, Amerikaya qarşıdır. Yəni burda nələr baş verirsə, Azərbaycanın xəbəri yoxdur, ya da məcburi şəkildə etdirmək istəyirlər. Rusiyanın Təhlükəsizlik Şurasının katibi Patruşev də elan etdi ki, bir sıra MDB dövlətlərinin ərazisində ABŞ-ın iştirakı ilə bioloji silahlar hazırlanır. O ölkələrin adını çəkmədi. Amma fakt odur ki, MDB dövlətlərindən bəhs etdi. Özü də Qazaxıstanda keçirilən zirvə görüşündən sonra Azərbaycanda həbslər, kənarlaşdırmalar başladı. Orda da əsas məsələ terrorizmlə mübarizə idi. Putin də elan etdi ki, Moskvada antiterror mərkəzi yaradılır və bütün MDB-nin milli təhlükəsizlik xidmətləri orda əməkdaşlıq etməlidir. Bu isə yeni situasiya yaratdı. Ona görə də, məncə, bu problemlər ordan qaynaqlanır. 
- Deməli, Azərbaycan çox çətin situasiya ilə qarşı-qarşıya qalıb... 
 - Son vaxtlar Azərbaycana Rusiya tərəfindən ciddi təzyiqlər var. Məsələn, Qarabağ kartından istifadəni aktivləşdiriblər, Sterliqovun Şuşaya getməsi də bunun tərkib hissəsiydi. Yazılara, şərhlərə baxıram, bütün bunlar idarə olunan prosesdir. Mən Ramiz Mehdiyevin son məqaləsini də nəzərdən keçirtdim. Orada Qərbi əməkdaşlığa dəvət edir. Orda üç maraqlı məsələ var. Yazır ki, 20 0anvar, Xocalı hadisəsi və Qarabağın işğalı ilə bağlı Amerikanın Azərbaycana kifayət qədər dəstəyi olmadı. Amma yazılmır ki, bu cinayətləri hansı ölkə törədib. Azərbaycanda “20 yanvar”, “Xocalı” və “Qarabağ” deyəndə hamı gözünün qabağına Rusiyanı gətirir. Amma Rusiya ilə bağlı orda bir şey yoxdur. Yəni açıq görünür ki, Rusiyadan ehtiyatlanma var.  
- Müsavat Partiyası son günlərdə seçkidə iştirakdan imtina etdi, bundan əvvəl bir sıra təşkilatlar də boykot qərarı vermişdi. Seçki ilə bağlı verdiyi qərarları müxalifətə nə qazandıracaq və seçkisonrası situasiyanı necə görürsünüz?
 - Müxalifətin bir qrupu əvvəldən seçkiləri boykot etdi -  Milli Şura, AXCP kimi qurumlar. Burada hakimiyyətin də çox günahı var. Bir şey var ki, Müsavat, REAL, NİDA seçkilərə girərək və seçkilərdə iştirakları ilə sübut etdilər ki, seçkilər qeyri-demokratikdir. Onlar səsvermə ərəfəsində seçki oyunundan çıxdıqlarını elan etdilər. Onlar seçki prosesindən kifayət qədər istifadə edib hakimiyyətin qeyri-demokratik seçki aparması ilə bağlı faktları toplayırlar. Bu qurumlar bilirdilər ki, səsvermə günü onlara bu imkan verilməyəcək, çünki bütün seçki komissiyaları hökumətin əlindədir və orada başqa bir şey baş verməyəcək. Ola bilər ki, orda iştirak edən namizədlər tərəfindən yeni pozuntular qeydə alınacaq, bu, qaçılmazdır. Amma bütövlükdə onlar seçki prosesinə girərək seçkinin antidemokratik olduğunu sübut etdilər. Bu şəraiti yaradan da hakimiyyət oldu. Həqiqətən də Azərbaycanda seçki əhvali-ruhiyyəsi və seçki prosesi yox idi. 
- Belə bir mühitdə seçkiyə getmək hakimiyyətin nəyinə lazım idi? Aparıcı siyasi təşkilatların 3-5 üzvünün parlamentə düşməsi çoxmu təhlükəli idi?
- Hakimiyyət nəyin bahasına olursa-olsun lazımi parlamenti formalaşdırmaq istəyirdi. Yoxsa sonradan bizi tənqid edəcəklər, danlayacaqlar, bunu nəzərə almırlar. Hesab olunur ki, yenə də müəyyən qurumlarla münasibətlərdə yumşalma, əməkdaşlıq olacaq, vəziyyət düzələcək. Necə ki, Lukaşenko bunu etdi, siyasi məhbusları buraxdı, yenə də yumşalma, əməkdaşlıq mühiti var. Yəni hakimiyyət üçün bu parlamenti indiki məqamda bu formada formalaşdırmaq vacib idi. Bu şəkildə formalaşdırılan parlament istənilən qərarı şərtsiz qəbul edəcək. Azərbaycanda Rusiyanın maraqlarından danışarkən demək olmaz ki, Bakı bunu istəyir və təmin edir. Bu, məcburiyyətdən irəli gəlir. Məsələn, Rusiya tərəfi həmişə Azərbaycandan tələb edir ki, daha çox onun mallarını alsın, onun ərazisinə investisiya qoysun, rus şirkətinə şərait yaratsın. Bir də tələb olunur ki, Azərbaycan ərazisindən Rusiyaya qarşı istifadə olunmasın. Rusiyanın başqa istəyi yoxdur. Biz əgər iki ölkənin ticari münasibətlərinə baxsaq görərik ki, 90 faiz Moskvanın xeyrinədir. Biz onlara nə satırıq ki? Yayda bir az xiyar-pomidor, badımcan veririrk, ondan başqa nəyimiz var ki? Hərbi texnikadan tutmuş ərzağa qədər biz onlardan alırıq. 
- Mehman bəy, ümumiləşdirəndə yaxın aylarda bizi nələr gözləyir?
- Yaxın aylarda vəziyyət daha da pisləşəcək. Çünki iqtisadi durum getdikcə pisləşir. Ona görə də intensiv şəkildə hakimiyyət çalışacaq ki, bir tərəfdən Qərblə münasibətləri düzəltsin, beynəlxalq institutları cəlb etməklə xarici investisiyaları bura gətirsin. Bunun  üçün xeyli qərarlar verilməlidir... Bir də ki, daxili atmosferi canlandırmaq, iş adamlarını hərəkətə gətirmək üçün liberal addımlar atmaq lazım gələcək. Məsələn, prezident qərar verdi ki, 2 illik  yoxlamalar dayandırılsın. Bu daha çox təbliğati məsələdir. Burada kompleks şəkildə qərarlar lazımdır. Bir tərəfdən insanlar qərarın dəyişilməzliyinə inansınlar, digər tərəfdən stimul yaranmalıdır ki, insanlar gedib uzunmüddətli kreditlər alıb harasa yatırsınlar. Yəni bu, çox ciddi məsələdir. Hakimiyyət buna gedəcək. 90-cı illərdə hakimiyyət ilk növbədə məhz maliyyə resurslarının hamısını əlinə keçirtməyə, biznesi sıxışdırmağa çalışdı ki, bütün biznesmenlər hakimiyyətlə işləsin. 
O cümlədən də medianın iqtisadi cəhətdən çökdürülməsi, sonra ələ alınması prosesi getdi. Bu gün əks proses gedir. Yəni azadlıq vermək üçün bir tərəfdən iqtisadi qərarlar verilməlidir, digər tərəfdən qanunun aliliyi təmin olunmalıdır, məhkəmələr azad olunmalıdır. Azad cəmiyyət olmayan yerdə azad, liberal iqtisadiyyat mümkün deyil. Ona görə də bizi çox böyük və maraqlı dəyişikliklər gözləyir. Azərbaycan hakimiyyəti bu vaxta qədər Qərbin ortaya qoyduğu məsələləri qəbul etmirdi, çünki neft pulları var idi, güclü idi. Bundan sonra isə Qərbin təkliflərini qəbul etməyə məcbur olacaq... Ancaq vəziyyət çox sürətlə dəyişir. Keçən il heç kim gözləmirdi ki, bir il sonra bu hadisələr baş verəcək. Mənsə keçən ilin avqustunda deyirdim ki, ilin sonunu gözləməyin, ilin əvvəlində dəyişikliklər olacaq, hakimiyyət insanları bundan artıq sıxışdıra bilməyəcək. Onda mənə deyirdilər sən çox optimistsən. İndi gözlənilir ki, gələn il Rusiya üçün ən çətin, böhranlı il olacaq. Rusiyada vəziyyət çətin olacaqsa, görün Azərbaycanda necə olacaq. Elə bu gün yoxsulluq, işsizlik artmaqdadır, şəhərdə nə qədər dükanlar bağlanıb. Vəziyyət göz qabağındadır...   
     
Elşad PAŞASOY
 
скачать dle 12.1
Xəbər lenti