"HEÇ KİMİN MÖVGEYİNƏ İDDİALI DEYİLƏM"

16-11-2015, 06:44
0
"HEÇ KİMİN MÖVGEYİNƏ İDDİALI DEYİLƏM"

qaynarxeber.org saytının əməkdaşı Sara Əhməd ictimai fəal, blogger Ruslan Məmmədzadə ilə maraqlı mövzular ətrafında söhbət edib.

 Müsahibədə bloggerin şəxsi həyatından ölkənin ictimai durumuna qədər geniş mövzularda səmimi söhbət baş tutub.

 

- Salam. Ümid edirəm ki, söhbətimiz səmimi alınar.

- Salam. Ümid etməyin, əmin olun. (gülür)

- Ruslan Məmmədzadə kimdir ? Necə təqdim olunmağı sevirsiniz ?

- Ruslan Məmmədzadə elə Ruslan Məmmədzadədir. Adi, sıravi bir vətəndaş.Təqdim olunanda da belə təqdim olunmağımın tərəfdarıyam. Rahatçılıq üçün “Ruslan” deyə bilərsiniz, ya da “Ruslan bəy”. Yetər ki, “müəllim” deməyin.

- Niyə ? Deyəsən, təhsil aldığınız illərdə müəllimlərinizlə probleminiz olub axı ? Yoxsa başqa bir səbəb var ?

- Yox, qətiyyən, heç bir problemim olmayıb. Əksinə, çox gözəl müəllimlərdən dərs almışam. Həmişə, hər yerdə də demişəm, indi də bir daha burda təkrar edirəm: insan olmağımda, vətəndaş olmağımda, gördüyünüz Ruslan olmağımda müəllimlərimin əməyi valideynlərimin əməyiylə bərabərdir. Sadəcə, indi hər şey bir az başqa cürdür. Müəllimlər o qədər çirkaba batıb ki, o söz mənim gözümdən düşüb. Yumşaq desək, allergiyam var bu sözə qarşı. O üzdən yan qaçıram bu sözdən. Sözlərimlə müəllimlərin xətrinə dəymək, onları incitmək istəmirəm. Təbii ki, hamısı belə deyil. Elə mənim dərs aldığım müəllimlərdən indi yaşayanları, dərs deyənləri də var. Eyni zamanda tanımadığım neçə-neçə müəllimlər var ki, onlara da bu sözlərim aid deyil. Fəqət, nə edək ki, bu sözlər müəllimlərimizin çox böyük hissəsinə aiddir artıq. Bu isə faciəmizdir bizim.

- Son cümlənizlə razılaşmamaq qeyri-mümkündür... Ruslan bəy, insanlara baxış mövqeyiniz maraqlıdır. Necə düşünürsünüz, birmənalı şəkildə yaxşı, ya da pis insan var, yoxsa ?

- Mən "yoxsa" variantını seçirəm )) Birmənalı şəkildə yaxşı, ya da pis insan yoxdur. Kimdəsə yaxşılıq çoxdur, kimdəsə pislik. Bəlkə, elə dünyanı da maraqlı edən məhz budur. Yaxşılarla pislərin mübarizəsi.

- Aha,hətta belə. Sizcə, kim qalib gələcək ? Yaxşılıq, ya pislik ?

- Nağıllarda-filanda yaxşılıq, xeyir sonda pisliyə, şərə qalib gəlir. Məncə, bu yalnız nağıllarda da olur. Ancaq həyatda hər şey fərqlidir. Şəxsən mən pisliyin zəfər çaldığını görmüşəm, özü də dəfələrlə...

- Sizcə,insanlar niyə yalan danışır ?

- Yalan danışmaq üçün o qədər səbəblər var ki, saymaqla bitməz. Yalan həyatımızın bir parçasıdır.

- Statuslarınızda geniş və müasir düşüncəli Ruslanla yanaşı olduqca mühafizəkar Ruslanı da görmək olur. Realda Ruslan necə biridir ?

- Rus demişkən, "koqda kak".Elə də oluram, belə də oluram. Əgər müasirlik deyəndə tərbiyəsizlik, böyüyə-kiçiyə hörmətsizlik nəzərdə tutulursa, - necə ki, bizim cəmiyyət, çox təəssüf ki, müasirliyi belə başa düşür - hə, onda mən qatı mühafizəkaram. Yox, əgər müasirlik bunlar deyilsə, onda düşünürəm ki, məndə müasirlik mühafizəkarlıqdan daha çoxdur.

- "Heç vaxt eləmərəm"dediklərinizdən kiçik də olsa, birini etmisinizmi ?

- Bu ifadə mənim üçün ən qorxulu ifadədir. Çalışıram ki, ondan, ümumiyyətlə, istifadə etməyim. Səmimi deyirəm, özümü dərk edəndən "heç vaxt eləmərəm" dediyim heç bir şeyi etməmişəm. Yəqin ki, bundan sonra da etmərəm.

- Ruslan Məmmədzadə kimdən və nədən qorxur ?

 

- Kim olaraq qorxduğum yoxdur. Uşaqlıq dövrünü çoxdan keçmişik. Amma nələrdənsə qorxuram. Ən çox da yaxınlarıma, sevdiklərimə bir şey olmağından qorxuram. Təbii ki, başa düşürəm, insan əbədi varlıq deyil və s. Amma yenə də qorxuram. Eqoistlik kimi görsənə bilər, amma deyəcəm. Əgər seçim imkanım olsaydı, mənə nəsə olmağını seçərdim, nəinki sevdiklərimə, əzizlərimə bir şey olarsa, onun əziyyətini çəkməyi...

- Ətrafinizda ikiüzlü dostlar çoxdur, yoxsa cəsur düşmənlər? Hansılarıyla savaşmaq daha asandir ?

- Dost deyə biləcəyim bir nəfər var həyatımda. Lap dəqiq desəm iki nəfər. Düzdür, ikincisini, yalan olmasın, 7-8 ildir görmürəm. Görməməyimin səbəbi də özüməm. Səhvim olub və o səhvi də düzəltməmişəm. Bəlkə də, bu müsahibəni oxuyacaq, bəlkə də, yox. Hər halda, burdan ona salam deyirəm. Amil, sən yaxşı oğlansan. Ətrafımda nə ikiüzlü dostum var, nə də ki, cəsur düşmənim. Çünki mənim dostum ikiüzlü ola bilməz. Amma dost olmayan, ancaq ikiüzlü olan insanlar zaman-zaman ətrafımda olub, var və ,gümanki, olacaq. Bilirsiniz, məncə, bunun olması daha yaxşıdır. Yəni, mənim üçün daha yaxşıdır. Ona görə ki, mən onlara baxıb digərlərinin qədrini bilirəm. Düşmənlərim isə kifayət qədər çoxdur. İçlərində bircə nəfər də olsa cəsurun görməmişəm. Hamısı alçaq və şərəfsiz. Bir şeyi də qeyd etmək istəyirəm. Məndən xoşu gəlməyən adamlar da var. Hansı ki, içlərində kifayət qədər mərd, cəsur, şərəfli insanlar da var. Amma onlar mənimlə düşmənçilik etmirlər. Etsələr-etsələr rəqabət apara bilərlər ki, buna da normal baxıram. Və onların heç biriylə də problemim yoxdu. Yəni, bunların içində cəsurları var, ancaq düşmənlərimin içində yox. Sualın ikinci hissəsinə gəlincə, hansılarla savaşmaq daha asandır ? Hər halda cəsur düşmənlə savaşmaq daha yaxşı və daha asandır. Ən azından, bilirsən ki, öləndə də kişi kimi öləcəksən və kişi əlindən öləcəksən, daha kürəkdən vurulan zərbəylə yox.

- Ən zəif xüsusiyyətiniz nədir ?

- Məncə, səbirsiz və emosional olmağım. Ən pis xüsusiyyətim hansıdır deyə soruşsanız, deyərəm ki, söyüşcül olmağım (gülür)

- Həyatınızdakı ilk məğlubiyyətiniz nə olub ? İtirdikləriniz sizə nə qazandırıb ?

- Əgər atamın xərçəng xəstəliyinə təslim olmasını saymasam, həyatda məğlubiyyətim olmayıb.Ancaq mən onu şəxsi məğlubiyyətim sayıram. Çünki onunla bərabər o xəstəliyə qarşı mübarizə aparmışam və onunla bərabər də yenilmişəm. O həyatını itirib, mən isə atamı. Təbii ki, itirdiklərilə bərabər insan nələrisə qazanır. Bərkiyir, təcrübəsi artır, refleksi güclənir. Ancaq bu ağlı başında olan insanlara aiddir. Ağılsızlar ha itirsin, ha başları daşdan-daşa dəysin, xeyri yoxdur. Onlar ancaq itirəcək, heç nə qazanmayaraq itirəcək.

- Ruslan Məmmədzadə ona qarşı ikiüzlülüyü, xəyanəti bağışlayıbmı?Ümumiyyətlə,bağışlamağı bacarırmı ?

- Xəyanəti heç vaxt bağışlamamışam, heç vaxt da bağışlamayacağam. Fikir verdinizsə, bayaq toxunduğumuz "heç vaxt etməyəcəyəm" ifadəsinə toxunduq (gülür).Bayaq dediyim kimi, bu ifadədədən bacardıqca az istifadə etməyə çalışıram, istifadə edəndə də yüz faiz əmin olub istifadə edirəm. Əminəm ki, Ruslan heç vaxt xəyanəti bağışlamayacaq, necə ki, bu vaxta qədər bağışlamayıb. Bu xəyanət sözünün bütün anlam və formalarına aiddir. İkiüzlülüyü isə situasiyadan asılı olaraq bağışlaya da bilərəm, bağışlamaya da bilərəm. Ümumiyyətlə bağışlamaq məndə o qədər də yaxşı alınmır, məncə. Bəzən olur ki, çox istəyirəm, kimisə bağışlayım, unudum. Ancaq bu məndə üzdə alınır, içimdə, buna kin demək mümkünsə, o kin qalır. Düz anlaşılmam üçün bir şeyi əlavə edim. Əgər bağışlamışamsa, hətta üzdə olsa belə, onda o adamdan heç vaxt, heç bir halda əvəz çıxmıram.

- İnsan bəzən özünü çox yalqız hiss edir. Heç düşünmüsünüzmü ki, sizin ətrafınız dost-tanışla doluykən təksiniz ?

- O qədər... Ümumiyyətlə, özümü daha çox tək hiss edirəm, həm eyni zamanda tək qalmağı da sevirəm.

- Bir ictimai fəal kimi çoxlarını narahat edirsiniz. Bu, sizi sıxmır ki ?

- Yox, qətiyyən sıxmır. Amma, əsəbiləşdirir. Niyə kimlərsə narahat olur ki ? Mən ki heç kimin yerinə, mövqeyinə iddialı deyiləm. İctimai, siyasi, mədəni və yaxud da cəmiyyətin hər hansı bir sahəsində, hər hansı bir məqama, mövqeyə sahib olsam da, bu mənim öz yerim olacaq. Hansısa Əlinin, Vəlinin, Pirvəlinin yox. Odur ki, hər kəs öz işiylə məşğul olsa, daha yaxşıdır. Siz dediniz və bir anlıq mənim beynimdə varlığımdan narahat olan insanların siyahısı canlandı. Türklər demiş, "bayağı büyük bir listedir bu liste". Təsəvvür edin ki, bu “listede” olanlar hələ mənim tanıdıqlarım və bildiklərimdir. Görün, tanımadığım və bilmədiyim nə qədərdir. (gülür) Açığı bir balaca narahat da oldum "uje".

- Bu "uje"ni uje kimi yazaq, yoxsa.....(cümləni bitirməyə imkan vermir)

- Hə, elə "uje" kimi də yazın ) Bilirəm, yazıda düzgün deyil -falan. Ancaq mənim "uje"mə dəyməyin. )

- Tənqidlərə qarşı reaksiyaniz necədir ? Hansı mövzuda tənqidə ehtiyacınız olmadığını düşünürsünüz ?

- Deyirlər ki, dözümsüzəm. Haradasa, razıyam belə deyənlərlə. Çünki içimdə diktatorluğa meyillilik daha çoxdur. Hər kəsə hər haqqı tanıyan demokratdansa, ədalətli diktator olardım. Əgər ədalətli diktator olmaq mümkün bir şeydirsə... Düşünürəm ki, "necə düşünməliyəm" mövzusunda tənqidə heç bir ehtiyacım yoxdur.

- Maraqlıdır, demək, düşünürsünüz ki, insanlara hansısa haqqı verib-verməməyə başqa bir insan və ya insanlar qərar verməlidir ? Düzmü anladım ?

- Bəli, düz anladınız. Hər kəsə hər haqqı vermək, uşağın əlinə kibrit, alışqan vermək kimi bir şeydir. Fəsadları katostrafik ola bilər. Yalnız bir məqamı bir daha vurğulamaq istəyirəm. Söhbət ədalətli diktatordan gedir. Əgər belə olmaq mümkündürsə. İndi siyasətçilərdən kimsə bunu oxusa, istehzayla deyə bilər ki, heç ədalətli diktator olarmı ? Məncə, olar və şansım olsa, bunu sınayaram.

- Yazılarınızda mənəvi problemlərdən ürək ağrısı ilə bəhs edirsiniz. Bu problemlərin həlli ən çox kimin üzərinə düşür ?

- “Yazılarınız” deyəndə bir az yekə səslənir e. Mən “yazı” deyəndə əslində başqa şey düşünürəm. Ancaq hövsələm yoxdur sözün əsl mənasında yazılar yazmağa. Mən sadəcə elə-belə, statuslar yazıram. Onu da elə yazmağa çalışıram ki, dostlarımın gözlərini "mazol" etməyim. Ürək ağrısıyla ona görə yazıram ki, mən vətəndaşam, bu ölkəni də sevirəm. Ölkələr zaman-zaman hansısa soyadların, hansısa ailələrin idarəsində olur, ancaq bu əbədi deyil ki. Geci-tezi var hər şeyin və o geci-tez baş verməli olan baş verəndə yenə də hər şey bizim çiyinlərimizə düşəcək. Ya bizim, ya bizim övladlarımızın, ya da bizim nəvələrimizin. O üzdən cəmiyyətdə naqisliklər görəndə insanın ürəyi də ağrıyır, əsəb də keçirir. Bu problemləri həll etmək də sizin, mənim, onun, o birisinin üzərinə düşür. Heç kim oturub gözləməməlidir ki, kimsə gəlib nəyisə dəyişəcək. Kimsə gəlib dəyişə bilər, ancaq heç kimdə o qarant yoxdu ki, o kimsə gəlib hər şeyi məhz sənin istədiyin kimi dəyişəcək. Ona görə də fərd olaraq cəmiyyəti özümüz təşkil edib, özümüz yönləndirməliyik.

- Cəmiyyətimizdə yaranan mənəvi boşluğun səbəbi nədir sizcə ?

- Nə olacaq, mənəviyyatsızlığın təbliği. İnsanlara vicdansız, şərəfsiz, ləyaqətsiz yaşamaq təbliğ olunur. Özü də lap kiçik yaşlardan - bağçadan, orta məktəbdən. Körpə, məsum uşaq görür ki, tərbiyəçi, müəllim ona və onun valideyninə pul kisəsi, potensial qazanc yeri kimi baxır. O uşaqdan mən nə gözləyim ? Uşaq elə biləcək ki, hər şey belə də olmalıdır. Valideynləri vicdanlıdırsa, başa salacaq ki, “oğlum, qızım bu belə olmalı deyil, elə olmalıdır”. Ancaq uşaq görür axı, ətrafında "belə edənlər" daha çoxdur, nəinki valideynlərinin dediyi kimi "elə edənlər". O üzdən "belə edənləri" doğru, valideynlərini isə geridəqalmış fanatik sayacaq. Həmin bu uşaq bağçadan, məktəbdən evə gəlib televizoru açacaq. Nə görəcək ? Bir-biriylə kişi davası edən, “sevgilimdən ayrıldım, indi yenisini axtarıram deyən”, hər gün bir kişinin ağzının içinə girən, hər gün birinin qucağına oturan qadın müğənniləri. Bir-birinə söz atan, qadın kimi qeybət edən, özünü qız kimi əzib büzən kişi müğənniləri. Tamaşaçıya sahəsinin ən yaxşı mütəxəssisi kimi sırınan "mavi" stilistləri. Bütün bunları görə-görə böyüyəcək, sonra çaşıb xəbərlərə baxacaq. Görəcək ki, atasının, anasının, qonşu əminin dedikləriylə televizorda deyilənlər tamamilə fərqlidir. İndi biz bu uşağa necə başa salaq ki, televizorda deyilənə, göstərilənə inanma. Deməzmi ki, bunlar pisdirsə, niyə bütün günü bunları göstərirlər ? Deməzmi ki, kitab oxumaq yaxşı şeydirsə, niyə yağ-bal içində yaşayan Nadir deyir ki, "gedin kitab oxuyanın da soyuducusuna baxın, sonra gəlin mənim soyuducuma da baxın, görün, kiminki doludur." İndi mən bu uşağı necə mənəvi zənginliklə böyüdüm ? Təsəvvür edirsiniz, anası seriala baxanda bu da oturub baxacaq və görəcək ki, orada siqareti, içkini təbliğ etmirlər, çünki qadağandırr, ancaq bacı bacının ərinə girişir, qardaş öz qardaşının arvadına "padxod" edir, qadın ərinə xəyanət edir. Min cür biclik, min cür hiylə görəcək və öyrənəcək, sonra da o yolun yolçusu olacaq. Nə edək ? Televizoru qadağan edək ? İnterneti qapadaq ? Ətrafdan təcrid edək ? Nə edək ? Hər yandan, hər tərəfdən mənəviyyatsızlıq təbliğ olunarkən ortada olan mənəvi boşluğu aradan qaldırmaq qeyri-mümkündür.

- Dördüncü hakimiyyətdən razısınızmı ? Deyirlər süquta doğru gedir. Nə düşünürsünüz ?

- Bu haqda da kifayət qədər uzun danışıb sizin də, özümün də vaxtını apara bilərəm. Amma lüzum yoxdur. Dördüncü hakimiyyətin süqutu bundan qabaqkı sualınızda səslənən mənəvi boşluqla bağlıdır. Mədəni, mənəvi boşluğu olan cəmiyyətin hakimiyyəti də, mətbuatı da, ziyalısı da, cəmiyyəti də bizdə olduğu kimi olmalıdır. Bu "iki vur ikidir", Sovet vaxtının məşhur bir lətifəsi var: "Тут не трубу, тут всю систему менять надо". Bax, eyni şeydir, sistem dəyişməlidir, sistem.

- Əgər əlinizdə imkan olsaydi, cəmiyyətimizdə nəyi dəyişmək istərdiniz ?

- Belə sualla qarşılaşacağımı bilsəydim əlimdə uzun bir siyahıyla gələrdim (gülür)

- Dəyişmək istədiyiniz, yəni, bu qədər çoxdur ?

- Bəli.

- “Kişilər ağlamaz” deyirlər. Sizcə, necə, Ruslan bəyi bu günəcən nə ağladıb ?

- Niyə ağlamaz ki ? Kişi məgər insan deyil ? Kişinin məgər hissləri yoxdur ki ? Bizdə insanıq, daşdan, dəmirdən deyilik, soyuq buz parçası deyilik. Ağlamaq da mütləq hönkürtüylə, səs-küylə olmur ki... İçində ağlamaq zahirən ağlamaqdan daha təhlükəlidir. Heç kimə arzu etmirəm ki, ağlasın. Nə daxilən, nə də zahirən. İçimdə ağladığım olub, amma zahirən ağladığım uşaqlıq vaxtını saymasam, atamın dəfnində olub. Hərçənd, onun sabahı bu haqda mənə deyəndə xatırlaya bilmədim. Heç indi də xatırlamıram ağladığımı. Bir nəfər desəydi, bəlkə də, düşünərdim ki, yalan deyir. Ancaq maraq üçün orda olanların bir neçəsindən soruşmuşdum. Hər kəs də təsdiq etmişdi. Ancaq yenə deyirəm, nə onda, nə ondan sonra, nə də indi bunu xatırlaya bilmirəm. Sanki o an silinib beynimdən.

- Çox güman ki, müsahibəmiz doğum gününüzdə yayımlanacaq. Özünüzə nə arzu edirsiniz ?

- Özümə, ailəmə, sevdiklərimə sağlamlıq, sağlamlıq və sağlamlıq arzu edirəm. Qalan şeyləri həll etmək asandır.

- Sonda həyatda ən çox arzuladığınız 3 şey nədir ?

- Qızımın hər mənə ehtiyacı olduğu vaxt yanında ola bilmək. O cümlədən də ailəm və sevdiklərimin. Məncə, bu mənə kifayət edər. Başqa nəsə ağlıma gəlmir.

- Səmimi söhbətiniz üçün təşəkkürlər.Sağ olun.

- Siz sağ olun. Əziyyət çəkdiniz.

qaynarxeber.org

скачать dle 12.1
Xəbər lenti