“Hakimiyyətdə oğurluq artıq vərdişə çevrilib”

12-04-2016, 11:32
0
“Hakimiyyətdə oğurluq artıq vərdişə çevrilib”

«Başımıza gələn bütün bəlaların baiskarı Rusiyadır»

Eldəniz Quliyev: «Bu hakimiyyətin müalicəsi yoxdur, onu yalnız cərrahi əməliyyat etmək lazımdır»

Aprelin 1-dən 2-nə keçən gecə atəşkəsin pozulmasına ordumuz layiqli cavab verdi. Sonrakı günlər aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində düşmən itki verərək bir neçə strateji əhəmiyyətli yüksəklikləri ələ keçirdi. Xeyli sayda şəhid verməyimizə baxmayaraq, həm orduda, həm də cəmiyyətdə yüksək əhval-ruhiyyə hökm sürürdü. Amma Azərbaycan tərəfi üstünlüyə sahib olduğu bir zamanda Ermənistanın təklifi ilə rəsmi Bakı atəşkəsə razılıq verdi. Ona görə əsas müzakirə olunan məsələlərdən biri hərbi əməliyyatların davam etdirilməsi ilə bağlıdır. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevlə müsahibəmizə ilk olaraq bu sualı ünvanlamaqla başladıq.

– Bunun başqa cavabı yoxdur. Iyirmi ildən sonra torpaq həsrətinə son qoymaq ümidi yaranırdısa, xalq sözün əsl mənasında yumruq kimi birləşib, hətta hakimiyyətə qarşı narazılığı kənara qoyub bir mövqedən çıxış edirdisə, əlbəttə, atəşkəsi saxlamaq olmazdı. Işin başqa tərəfidir ki, orta statistik azərbaycanlıdan fərqli olaraq bəzi adamlar başa düşürdü ki, bu təkcə hakimiyyətin istəyi ilə olmur. Bir çox hallarda hakimiyyət atəşkəsin gələcək taleyi ilə bağlı əmri kənardan alır. Amma xalqın iradəsi ortadaydı. Bir neçə şey var ki, o müqqədəs sayılır. Onlardan biri də xalqın iradəsidir. Müharibənin gözlənilmədən başlayıb, gözlənilmədən saxlanması xalqın iradəsinə qarşı yönəldi. Ona görə bu məsələ məni ağrıdır.

“Milli mövqe hakimiyyəti qane etmir”

– Həm müxalifətdə, həm də cəmiyyətin geniş spektrində cəbhədə atılan addımlarla bağlı dəstək sərgilənirdi. Amma belə görünür ki, Azərbaycan hakimiyyəti bunun əleyhinədir və iqtidar bu cür mövqeyi üstünlük təşkil etməsini istəmir?

– Bu barədə və bu mövzuda ən parlaq və ən vicdanlı çıxışı AXCP sədri Əli Kərimli etdi. O, sözün əsl mənasında ortaya vicdanlı vətəndaş mövqeyi qoydu. O hətta ona ola biləcək mümkün zərbələri də gözünün önünə adı. Amma hətta bu da heç cür demokratik düşərgənin mütərrəqi insanları qəbul etməyən iqtidarı qıcıqlandırdı. Bir qrup adam istiqamətləndirilərək Əli Kərimlinin evinin önündə aksiya keçirir. Əli Kərimlinin evinin qarşısında aksiya keçirənlər merkantilizmə yoluxmuş, pozğun siyasət yürüdənlərdir. Bu bir daha sübut etdi ki, Milli Şuranın vacib məqamlarda, böhran zamanında xalqın mövqeyini ortaya qoyması nəinki iqtidarı qane etmir, əksinə, bir az əsəbiləşdirir. Üç günlük müharibədə Azərbaycanın demokratik düşərgəsi, başda Milli Şura, AXCP olmaqla təkcə xalqın yanında olmadı, elə xalqın özü oldu. Amma hakimiyyət bu cür səfeh adamları Əli Kərimlinin evinin önünə yığaraq aksiya keçirdi. Bəlkə də ora toplaşanlar arasında nəyin baş verdiyini başa düşən də var idi. Amma onların bir çoxu ora niyə gəldiklərini başa düşmürdü.

“Yeni Müsavat” sonuncu hadisəyə münasibətdə millət üçün rəhmətə getdi”

– Hakimiyyət Əli Kərimlinin evinin qarşısında bu rüsvayçı aksiyanı keçirməklə nəyə nail olmaq istəyir?

– Hakimiyyətin yüksək kalibrli məmurları, bunu təşkil edənlər çox pintidilər. Onların pintiliyi aksiyaya cəlb olunan tör-töküntüdən də göründü. Ikinci tərəfdən, o da göründü ki, hakimiyyətin bu ideoloji məsələlərlə məşğul olan məmurları bu cür iri ideoloji boşluğun olduğunun fərqində deyillər. Yoxsa bu qədər düşünülməmiş addım atmazdılar. Əslində, təşkil olunan bu aksiya demokratik düşərgənin imicinə, o sıradan Əli Kərimliyə divident gətirdi. Məni düşündürən və əsəblərimə toxunan daha bir məqam var. O da “Yeni Müsavat”ın bu xaric oxuyan xora qoşulmasıdır. Qüdrət Həsənquliyev və başqaları məlumdur. Elə siyasətçilər var ki, onlar siyasətin arxivinə yollanmalıdır. Amma Qüdrət Həsənquliyev siyasətin zibil qutusuna göndərilməlidir. Bununla “Yeni Müsavat” da zibil qutusuna göndərilməli olanların siyahısına qoşulur. “Yeni Müsavat” neçə ildir ki, hakimiyyətin əlinə oynayır. Amma mən daha bu dərəcədə gözləmirdim. Belə bir məsəl var – hara gedirsən get, bircə rəhmətə getmə. “Yeni Müsavat” sonuncu hadisəyə münasibətdə millət, xalq üçün rəhmətə getdi artıq. Millətin mənafeyinə toxunan hadisələr görünməz əlin işarəsi ilə yumruğa çevrilir. Sadəcə olaraq bunlar əvvəlki ənənəni davam etdirərək, istədilər ki, bu yumruq açılsın. Yumruğun açılması üçün də barmaq silkələməyə başladılar. Amma hakimiyyətin bu siyasəti əks-effekt yaratdı. Hamı gördü ki, sözün əsl mənasında demokratik düşərgə öz siyasətində, xalqa, torpağa münasibətdə səmimidir. Amma digərləri, kadr arxasında qalanlar qeyri-səmimi və bir qədər riyakardırlar.

“Qarabağla bağlı şansdan bizi məhrum etdilər”

– Bir neçə yüksəklik üçün bu qədər dirəniş göstərən ermənilər danışıqlar masasında Azərbaycana güzəştə gedərlərmi?

– Mən bir vətəndaş, millətini, xalqını sevən bir şəxs kimi düşünürəm ki, biz onları güzəştə getməyə məcbur etməliyik. Amma donuz da darıdan öz xoşuyla çıxmır. Güzəşt heç zaman xoşluqla olmur. Ona gərək məcbur edəsən. Nə qədər ədalətli mövqe ortaya qoyursansa, güzəştə bir o qədər böyük ümid bəsləmək olar. Erməni və güzəşt, erməni və hadisələrə ədalətli, real baxış bir-birinə antonimdi. Ona görə biz erməniləri torpaqlarımızdan çıxmağa, danışıqlar prosesində güzəştə getməyə məcbur etməliyik. Bu, tanrıdan göndərilən bir şans idi və bizi bu şansdan məhrum etdilər. Bu gün də kimsə bunun haqqında danışırsa, nədənsə düşmənə çevrilir. Əli Kərimlinin statusuna, xalqı sevməsinə, vətən üçün yanmağına görə əgər bunlar belə edirlərsə, o zaman dünyanın axırıdır. O zaman gəlin Azərbaycanın adını Haiti qoyaq və 30-cu illərə qayıdaq.

– Maraqlıdır ki, başqa vaxtı Qərbdən gələn demokratiya, insan haqları, seçkilərlə bağlı çağırışları qulaqardına vuran Azərbaycan hakimiyyəti Rusiyanın təşəbbüsü ilə gerçəkləşən atəşkəs çağırışına dərhal razılaşdı…

– ANS-də “Hesabat” verlişində Mirşahin Ağayev bütün verlişi ona həsr etdi ki, Rusiyanın yürütdüyü siyasət düzdür, Rusiya bizim dostumuzdur və sair. Adamda vicdan olar. Bu dəqiqə hətta körpə uşaq da bilir ki, başımıza gələn bütün bəlaların baiskarı Rusiyadır. Qarabağ, 20 Yanvar dərdi də, bu gün bizim müstəqil olmamağımızın səbəbkarı da Rusiyadan əsən küləklərlə bağlıdır. Bunu bilməyənmi var? Azərbaycan hakimiyyəti çox istəsəydi və demokratik iqtidar olsaydı, istənilən həmləyə heç olmasa müqavimət göstərərdi. Son hadisələrdə Azərbaycanın Rusiyanın basqısına qətiyyən müqavimətini görmədim. Belə görünür ki, Azərbaycanın Rusiyaya qarşı mübarizəsində immun çatışmazlığı var. Yəni bu üzdən Azərbaycan Rusiyaya dirəniş göstərmir. Bu çox ağrılı məsələdir. Bəlkə də bizim bütün dərdlərimizin diaqnostikasını ortaya qoyan mövzudur.

“Məmurlar oğurluqla məşğul olmağı adi hal sayır”

– Ilham Əliyev keçirdiyi bütün müşavirələrdə məmurlara dövlət büdcəsini boş-boşuna xərcləməməyi, sadə həyat tərzi sürməyi tapşırır. Amma Hesablama Palatasının 2015-ci il ilə bağlı hesabatı göstərir ki, elə müşavirədə əyləşən məmurların rəhbərlik etdiyi qurumlar dövlət vəsaitlərinin idarə edilməsində hansı nöqsanlara imza atıblar…

– Əgər kreptokratik rejim mövcuddursa, məmurların böyük əksəriyyəti kreptokratiyaya – oğurluq etmək xəstəliyinə düçar olur. Bunun müalicəsi yoxdur. Bu xəstəliyi yalnız cərrahi əməliyyat etmək lazımdır. Ona görə Azərbaycandakı siyasi rejim ya öz-özünü dəyişməlidir, ya da təbii yol ilə dəyişilməlidir. Hakimiyyətdə oğurluq artıq vərdişə çevrilib. Bu hakimiyyətdə oğurluq etməyən məmur ifadəsi yoxdur. Məmurların hamısı oğurluqla, korrupsiya ilə məşğul olmağı adi hal sayır.

“Siyasi motivlərlə həbs olunan Qarabağ qaziləri azad edilməlidir”

– Hazırda həbsdə olan siyasi məhbuslar arasında iki Qarabağ qazisi də var. Hər iki şəxs AXCP üzvüdür. Rəyasət Heyətinin üzvü Asif Yusifli və partiya üzvü Qədir Xudabaxşiyev. Sizcə, Qarabağ uğrunda mübarizə apardığını bəyan edən hökumət bu şəxslərə, ümumiyyətlə, siyasi məhbuslara münasibətini dəyişməlidirmi?

– Siyasi məhbuslar, inanclı kəsimin nümayəndələri  şərlənərək, böhtanla həbs olunublar. Hazırkı ruh yüksəkliyində hakimiyyət nümayəndələri gərək şərlədikləri  Qarabağ qazilərinə qarşı humanistlik göstərəydilər. Amma iqtidar bunu etmədi. Əksinə, son zamanlar yenə də repressiv siyasətlərini işə salıblar. Yenə də sözünə, əqidəsinə görə həbs olunanlar oldu. Hazırda həbsdə yatan siyasi məhbusların tam əksəriyyəti onları orada yatızdıranlardan daha vətənpərvər, xalqsevərlərdir. Ay iqtidar, hər şeyi unutmaq olar, amma Allahı heç zaman unutmayın. Bilin ki, qandal vurduğunuz adamların tam əksəriyyəti günahsızdır. Humanistlik edin. Xədicə Ismayılı, Ilqar Məmmədovu, Hacı Mövsüm Səmədovu azad edin. Eyni zamanda vətəni qoruyan və buna görə sağlamlıqlarından keçən, hazırda həbsdə olan Qarabağ qazilərini azad edin.

“Rus şovinizmi ilə alman faşizmi eyni şeydir”

– Rusiya mediası cəbhədə baş verənlərlə bağlı birmənalı ermənipərəst mövqe sərgilədi. Amma Qərb mediası tam əks siyasət yürütdü. Halbuki, hakimiyyət Qərb mediası ölkəmizdəki insan haqları, demokratiya ilə bağlı materiallar dərc edəndə onları ermənipərəst adlandırır. Məntiqsizlik alınır. Necə olur ki, ermənipərəst media bu məsələdə Ermənistanın tərəfini tutmur. Əslində bu, hakimiyyətin yürütdüyü siyasətin iflası deyilmi?

– Rusiya Ermənistanın hamiliyini edir. Rus ideologiyasının bu məsələlərdə göstərdiyi mövqe ondan ibarət oldu ki, rus şovinizmi ilə alman faşizmi eyni şeydir. Əgər bir ölkədə demokratik təsisatlar istənilən səviyyədə deyil, seçkilər keçirilmir, idarəçilik demokratik proseslər nəticəsində yaranmayıb, o zaman bu dövlət elə pərəstliklə məşğul olacaq. Bu pərəstlik təkcə erməniyə aid edilməyəcək. Bu pərəstlik həm də haqsızlığa, ədalətsizliyə aid ediləcək. Rusiya mediası öz simasını Ukrayna, Suriya hadisələrində göstərmişdi. Qarabağda bu təkrarlandı.

Qərb mediasının siyasətini isə demokratiya müəyyən edir. Qərbdə demokratik institutlar işləyir. Amma Qərb mediasının da çatışmayan cəhətləri var. Lakin cəbhədə baş verənlər o qədər açıq və aydın idi ki, Ermənistanın hücuma keçdiyini gizlətmək olmazdı. Qərb bütün iradlara baxmayaraq ortaya demokratik mövqe qoydu.

– Hakimiyyətin cəmiyyətdə prinsipial, müstəqil mövqe sərgiləyən vəkilləri hədəf alması nəylə bağlıdır?

– Dövlət üç sütun üzərində dayanır. Bunlar qanunverici, icraedici orqan və məhkəmə sistemidir. Bu sütunlardan birində, yəni məhkəmə sistemində qalan az-çox vəkillər mübarizə aparırlar. Hakimiyyətin məhkəmə qolu özünün ifşasını istəmədiyi üçün vicdanlı vəkilləri məhkəmə – teatr səhnəsindən uzaqlaşdırır.

скачать dle 12.1
Xəbər lenti