“Rusiyapərəstlərin hakimiyyətdə böyük nüfuzu var”

15-04-2016, 18:52
0
“Rusiyapərəstlərin hakimiyyətdə böyük nüfuzu var”

«Baş verənlər Kremlin planlarına uyğun gəlmədiyindən, Rusiya burada aranı qarışdırdı»

Elçin Şıxlı: «Əli Kərimliyə qarşı bu addımlar «beşinci kolonun», sovet dövründən qalmış düşüncənin təzahürüdür»

Aprelin 2-dən 5-nə qədər cəbhə bölgəsində yaşanan aktiv hərbi əməliyyatlar Azərbaycan cəmiyyətində canlanmaya səbəb oldu. Ordumuzun keçirdiyi uğurlu əməliyyatlar nəticəsində düşmən ağır itki verərək, strateji əhəmiyyətə malik bir sıra yüksəkliklərdən geri çəkildi. Amma baş verən olaylarla bağlı hələ də bir sıra cavabsız suallar qalmaqdadır. Müsahibimiz nəşrini dayandırmış “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlıya gündəmdə olan sualları ünvanladıq.

– Elçin bəy, cəbhə xəttində sükutun birdən-birə pozulmasına səbəb nə oldu? Münaqişənin qısa müddətə olsa belə donun açılması kimə lazım idi?

– Mən belə fikir yürüdə bilərəm ki, bu hadisələrdən əvvəl baş verən olaylara diqqət yönəltmək lazımdır. Azərbaycanın dövlət başçısı ABŞ-da təşkil olunan nüvə sammitinə getdi. Eyni zamanda səfərdən öncə Novruz Bayramı ərəfəsində hamı olmasa da siyasi məhbus sayılan şəxslərdən bir neçəsi azadlığa buraxıldı. Rauf Mirqədirov və Intiqam Əliyev isə məhkəmədən azad edildi. Bütün olanlar ona işarə edirdi ki, Azərbaycan Qərblə arasında olan gərginliyi aradan qaldırmağa və Rusiyadan aralanmağa doğru gedir. Düzdü Sarkisyan da həmin sammitə qatılmışdı. Amma onun vəziyyəti tam başqa cür idi. Bütün bu olanlar Kremlin regionla bağlı planlarına heç uyğun gəlmirdi. Ona görə Rusiya burada aranı qarışdırdı. Rusiya burada adi prinsipdən istifadə etdi. Dovşana dedi qaç, tazıya dediÿtut və Rusiya Ermənistanı təhrik etdi ki, cəbhə bölgəsində atəşkəsi pozsun. Xatırlayırsınızsa martın 21-dən 25-nə qədər Qazaxda müəyyən atışma olmuşdu. Əsas məqsəd də o idi ki, bizim diqqətimizi cəbhənin bu bölgəsinə yayındırsınlar. Amma görünür, bizimkilərin məlumatı var idi və ya bu məlumatı da elə ruslar ötürmüşdü ki, əsas hücum Qarabağ cəbhəsindən olacaq. Ordumuz da buna hazır idi. Rusiyanın nəzərincə ermənilər bizim mülki obyektləri atəşə tutanda ordumuz da onlara sadəcə adi rejimdə cavab verməli idi. Amma ermənilər bizim bu dərəcədə geniş miqyaslı və uğurlu hücuma keçəcəyimizin fərqində deyildilər. Digər ölkələr baş verənlərə bir neçə gün öncə reaksiya verməyə başlasalar da, Rusiya ilk gündən reaksiya verməyə hazır idi. O saat xarici işlər, müdafiə nazirləri, baş nazirin müavini və nəhayyət Putin özü baş verənlərə reaksiya verdi.

“Qarabağda baş verənlər Rusiyanın Azərbaycana və Qərbə mesajı idi”

– Rusiyanın baş verənlərə dərhal, bütün səviyyələrdə reaksiya verməsi və rus diplomatlarının səfərlərinin başlanması nəyin təzahürü idi? Bununla Rusiya münaqişənin məhz onun inhisarında olduğunu göstərməyə çalışırdı?

– Rusiya bu münaqişəni sovet dövründə yaradıb. Eyni zamanda Cəfər Cabbarlının “1905-ci ildə”sini yada sala bilərəm. Bütün bunlar hamısı Rusiyanın şovinist imperiya düşüncəsinin nəticəsidir. Rusiya o zamandan başlayaraq regionda yerləşən millətləri bir-birinə düşmən edib. Şimali Qafqazda inquşla-çeçen, kabardinlə-balkar düşməndir. Bu siyasət region boyu hər yerdə baş veriri. Bu yeni bir şey deyil. Sadəcə olaraq əgər Rusiya münaqişənin qızışmamasını, problemin həllini istəsəydi çoxdan həll yolu tapılmışdı. Rusiya ən azı əlini tam çəksəydi ermənilərlə biz problemin həllini tapacağdıq.ÿYa kimsə döyülüb, təslim olacaqdı, ya da danışıqlar aparılacaqdı ki, olan-olub gəlin məsələni danışıqlar yolu ilə həll edək. Sadəcə olaraq digər ölkələrdən fərqli olaraq Rusiyanın Cənubi Qafqaza təsir imkanı yaxındadır. Rusiyanın Ermənistanda hərbi bazaları var. Yeganə fərq ondadır ki, Rusiyanın Azərbaycanda hərbi mövcudluğu yoxdur. Rusiya hər hansı yol ilə Azərbaycan ərazisinə daxil olmaq istəyir. Hazırda Rusiya ona çalışır ki, sülhməramlılar adı altında qoşunlarını Qarabağa salsın. Bu addımdan sonra biz Qarabağ problemini öz xeyrimizə həll edə bilməyəcəyik. Rusiya Qarabağda son baş verənlərlə göstərmək istədi ki, regionda ağa mənəm. Eyni zamanda bir qədər də Azərbaycanı qorxutmağa çalışır ki, Qərbə doğru bir qədər də irələsəz, 2008-ci ildə Gürcüstanda törətdiklərimi başınıza gətirərəm. Amma Rusiya onsuz da 2008-ci ildə Gürcüstanda etdiyini Ermənistanın əli ilə 20 faiz torpağımızı işğal etməklə reallaşdırıb. Rusiya Qərbə də nümayiş etdirir ki, region onun əlindədir. Qərbin regiona qoşun göndərməyi bir qədər qəliz məsələdir. Gərək bu barədə Obama qərar versin, daha sonra isə bu qərar Konqress və Senatda dəstək alsın. Bundan başqa Amerika siyasətində belə bir kəlmə var – “topal ördək”. Obamanın prezidentliyi bitir. Yeni prezident seçilməmiş, işə başlamamış ABŞ-dan konkret addımlar gözləməyə dəyməz. Amma Rusiyada Putin qərar verir və bu qərar parlamentdə müzakirələrdən dərhal keçirilir.

“Rusiya mətbuatının beynində imperiya düşüncəsi hökmrandır”

– Rusiya mətbuatının Qarabağda baş verənlərlə bağlı tutduğu mövqe müstəqil mətbuatın yanaşması idi, yoxsa Azərbaycana qarşı mövqe kənardan alınan əmrin icrası idi?

– Rusiyada mətbuat deyə bir şey qalmayıb. Rusiyada ancaq təbliğat və təşviqat aparan aparat var. Rusiya mətbuatı müstəqil deyil. Ola bilsin ki, bir-iki media özünü müstəqil elan edə bilər. Amma bu müstəqillik də hələ tam məlum deyil. Bəzi istisnalar nəzərə alınmaqla Rusiya mətbuatının beynində imperiya düşüncəsi hökmrandır. “Exo Moskvı” deyirlər müstəqildir. Amma onun yiyəsi “Qazprom”dur. “Qazprom” isə Putin deməkdir. Türkiyə ilə problemlər yaranmamışdan əvvəl hansı Rusiya telekanalını açırdınsa, bütün müzakirələr Ukrayna ətrafında idi. Sonra Suriyada rus təyyarəsi vurulandan sonra, mətbuatın diqqəti yönəldi Türkiyəyə. Səhərdən-axşama qədər mətbuat Türkiyəni yıxıb-sürüyürdü. Hazırda da eyni üsullar ilə, eyni simalar başlayıblar Azərbaycanı pisləməyə. Amma bir məqamı da vurğulamaq yerinə düşər ki, ermənilərin Rusiyada mövqeləri güclüdür. Statistikaya görə, Moskvada əhalinin sayına görə ruslardan sonra ikinci yerdə azərbaycanlılar gəlir. Ermənilər isə dördüncü, beşinci yerdədir. Amma güc, intellektual potensial, təsir mənasında ermənilər bizdən öndədir. Ermənilər bütün sahələrdə təmsil olunub. Rusiyada kinorejissorlar, redaktorlar, jurnalistlər, politoloqlar, analitiklər arasında erməni çoxdur və onların hamısı rus dilini çox gözəl bilir. Bizim problemimiz isə odur ki, Rusiyada olan intellektual azərbaycanlılar barmaqla sayılır və üzdə olanlar da rus dilini o qədər də yaxşı bilmir.

“Ermənilərdən güclü olduğumuzu sübut etdik”

– Hərbi əməliyyatların başladığı ilk gündə institutlarda, idarə və təşkilatlarda belə bir təbliğat aparılırdı ki, hərbi əməliyyatlar davam etməlidir. Amma hazırda rəsmi təbliğat tamamilə dəyişib və hərbi əməliyyatların davamını istəyənlər az qala vətən xaini elan edilir…

– Mən əvvəlcədən də düşünürdüm ki, bu qısa müddətli hərbi kampaniya olacaq. Çünki uzun müddətli müharibə aparmaq üçün gərək hazırlıq olsun. Durduğun yerdə, qəfildən müharibə aparmaq çətindir. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan iqtisadi cəhətdən Ermənistandan nə qədər güclü olsa da müharibə aparmaq üçün çox ciddi resurslar lazımdır. Hazırda neftin qiymətləri də azalıb və iqtisadiyyatda yenidənqurma həyata keçirilməlidir. Bu olmasa müharibəyə gedib, iqtisadi cəhətdən çökə bilərik. Daha sonra Rusiya silahı bizə böyük pullara satır, Ermənistana isə bu silah kreditlə belə verilir. Bundan başqa Azərbaycana bu silahlar pulumuz olduğu müddətdə satıla bilər. Pulumuz bitəndə isə Rusiya silah satışını dayandıra bilər. Eyni zamanda o da nəzərə alınmalıdır ki, ordumuzun istifadə etdiyi silahların böyük əksəriyyəti rus silahıdır. Təsəvvür edin Azərbaycanın mərmisi bitir və Rusiya da mərmi satmaqdan imtina edir. Bu məqamları nəzərə alaraq mən düşünürdüm ki, bu qısa müddətli hərbi kampaniya ola bilər. Yəni biz Ermənistana göstərdik ki, biz döyüşə bilik, biz itkilərdən belə qorxmuruq. Birinci Qarabağ müharibəsində itki olanda millətdə müəyyən dərəcədə sarsıntı əmələ gəlirdi. Indi isə itkilərimizin olmasına və bunun bizə təsir etməsinə baxmayaraq, hamı deyir ki, millət sağ olsun. Mən gənclərdə bir məqamı müşahidə etdim. Yaşlı nəsil bir qədər ehtiyatlı davransa da, gənc nəsil də bu qorxu yoxdur. Maşallah. Millətdə ruh yüksəkliyi oldu və düşünüldü ki, biz gedib Qarabağı alacağıq. Amma bunun siyasi, geosiyasi məqamları var. Danışıqlar prosesində biz daha məğlub tərəf kimi təmsil olunmayacağıq. Biz danışıqlar masasına güclü tərəf kimi oturacağıq. Istənilən kampaniya, istənilən müharibə danışıqlar masası arxasında bitir. Amma bir məğlub tərəf kimi sülhə imza atasan, bir də var qalib tərəf kimi. Biz hazırda danışıqlarda istinad etdiyimiz nöqtəmizi düzəltdik. Sübut etdik ki, güclü ordumuz, güclü döyüş ruhumumuz və əzmimiz var. Amma informasiya cəhətdən də biz bu cür əməliyyatlara hazır olmalıyıq. Biz informasiya baxımından hətta özümüzə də uduzduq. Bizim informasiyalarımız əvvəlcədən hazır olmalı idi. Nə deyəcəyimizi, addımlarımızı necə izah edəcəyimizi əvvəlcədən hazırlamalıydıq.

“Düşmən tək Ermənistan deyil”

–  Hərbi əməliyyatlar başlayan kimi müxalifətdən hakimiyyətin bu addımına ciddi dəstək gəldi. AXCP sədri Əli Kərimlinin bu istiqamətdə atdığı addım xüsusilə qeyd olunur. Amma artıq bir neçə gündür ki, AXCP sədri Əli Kərimlinin evinin önündə aksiyalar keçirilir. Aksiyanın səbəbi kimi gətirilən arqumentlər isə olduqca gülüncdür. Hakimiyyətin bu tip addımları cəmiyyətdə yaranmış ab-havaya, mili birliyə ziyan vurmurmu?

– Demokratik düşərgənin kampaniyanın əvvəlində iqtidarla həmrəylik bildirməsinə çox sevindim. Dərrakəli, vətənini istəyən istənilən qüvvə ancaq belə etməliydi. Ermənistanda da bu istiqamətdə hamı birləşdi. Əli Kərimlinin evinin qarşısında aksiya keçirilməsi, şüarlar səsləndirilməsi çeynənmiş addımlardır. Əli Kərimliyə qarşı bu addımlar “beşinci kolonun”, sovet dövründən qalmış düşüncənin təzahürüdür. Müəyyən adamlar var ki, görünür, onlar qarşı tərəfə mübarizəni ancaq bunda görürlər. Başqa intellektual yollar tapmaq yoxdur. Bu dəqiqə məqam idi. Çünki müxalifət, cəmiyyət, iqtidar eyni mövqeyi paylaşırdı. Bizim üçün vacib olan bir millət olmaqdır. Çünki qarşımızda düşmən var. Düşmən tək Ermənistan deyil. Düşmənlərdən biri də Kremldir. Bunların qarşısında biz bir əl olmalıyıq. Kreml Azərbaycana hərbi kontingentini yollamaq istəyir. Biz bunun qarşısını almalıyıq. Biz bir əl olmasaq rus qoşunları Azərbaycan ərazisində möhkəmlənəcək. Biz bunun qarşısını almalıyıq.

– Hakimiyyət daxilində Rusiyafoblar nə dərəcədə güclüdür?

– Onların hakimiyyətdə hansı formada, fərdlər və qruplar şəkilində təmsil olunduğunu deyə bilmərəm. Amma görünən odur ki, onların kifayət qədər böyük nüfuzu var.

– Bir neçə yüksəkliyə görə bu qədər dirəniş göstərən Ermənistanla danışıqlar prosesində nəyəsə nail olmaq olarmı?

– Ermənistanın dirəniş göstərməsi təbii idi. Çünki Ermənistan 22 ildir ki, orada istehkam qurur. Amma ordumuz bu istehkamları dağıdaraq irəli getdilər. Bununla da Ermənistanın “siz bizim mövqelərə yaxın durra bilməzsiniz” arqumenti alt-üst edildi. Azərbaycan hazırda güclü tərəf kimi danışıqlar apara bilər. Azərbaycanda könüllülər orduya getmək istədi. Amma ordu rəhbərliyi dedi ki, buna ehtiyac yoxdur. Amma Ermənistan qoca adamları səfərbər edərək cəbhəyə yolladı. Biz hazırda məğlub durumda deyillik. Amma vəziyəttimiz kifayyət qədər mürəkkəbdir. Mürəkkəb durum isə onunla bağlıdır ki, Rusiya qoşunlarını Qarabağa yeritmək istəyir.

– Hazırda həbsdə olan siyasi məhbuslar arasında iki Qarabağ qazisi də var. Hər iki şəxs AXCP üzvüdür. Rəyasət Heyətinin üzvü Asif Yusifli və partiya üzvü Qədir Xudabaxşiyevdir. Sizcə, Qarabağ uğrunda mübarizə apardığını bəyan edən hökumət bu şəxslərə, ümumiyyətlə, siyasi məhbuslara münasibətini dəyişməlidirmi?

– Mənə elə gəlir ki, bu məsələlər həll olunacaq. Bundan başqa məhkəmə vasitəsilə apellyasiya şikayətləri də olacaqsa, bu məsələlər həll olunacaq. Mənim üçün vacib olan məqamlardan biri Rauf Mirqədirovun azadlığa buraxılması idi. Əgər bu da baş verdisə, bu müsbət bir presidentdir. Düzdür Rauf Mirqədirova bəraət verilməyib. Amma inşallah bu da mümkün olacaq. Mən ümidliyəm. Inanıram ki, siyasi məhbusların azadlığı istiqamətində yenə addımlar atılacaq.

скачать dle 12.1
Xəbər lenti