“Rusiyanın ölkəmizdəki «5-ci kolonu» hərəkətə keçib»

23-04-2016, 12:56
0
“Rusiyanın ölkəmizdəki «5-ci kolonu» hərəkətə keçib»

«Rusiyanın vasitəsilə 5 rayonun azad olunacığına dair aparılan təbliğat onların təxribatıdır»

Gültəkin Hacıbəyli: «Putin dünyaya, xüsusi olaraq, Türkiyəyə «Qafqaz mənim bostanımdır, bura heç kimi buraxmaram» ismarışını ötürürdü»

Qarabağda birdən-birə genişmiqyaslı hərbi əməliyyatların başlamasının səbəbi Ilham Əliyevin ABŞ-a səfəri də göstərilir. Ekspertlərin fikrincə, bu hadisələrin dövlət başçısının ABŞ səfərindən dərhal sonraya təsadüf etməsi Rusiyanın mesajı idi. Müsahibimiz Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyliyəilk sualımız bu məqamla bağlı oldu.

– Cəbhədə baş vermiş son hadisələrin Rusiyanın Azərbaycan siyasi rəhbərliyinə təzyiqi olduğuna olayın ilk günündən şübhə etməmişəm. Təsadüfi deyil ki, istər Azərbaycan cəmiyyəti, istərsə də dünya ictimaiyyəti bunu heç bir tərəddüdsüz, məhz belə də qəbul etdi. Rusiya xüsusi xidmətləri əvvəllər bu tipli addımlar atmazdan öncə daha səbrlə davranar, daha uyğun vaxt seçərdilər. Görünür, Rusiya siyasi rəhbərliyinin yaşadığı siyasi, geosiyasi, iqtisadi və sosial kataklizmlərlə bağlı əsəbləri elə tarıma çəkilib, eləcə də, Azərbaycanı Qərblə yaxınlaşmaqdan çəkindirmək istəyi elə güclü olub ki, bu dəfə heç səbrlərini basıb bir həftə gözləyə bilmədilər. Prezident Əliyev elə Vaşinqtonda olarkən rus diversiya maşını cəbhənin hər iki tərəfində hərəkətə keçib və istər Azərbaycan, istərsə də Ermənistan bu silahlı qarşıdurmaya məcburən cəlb olunub. Görünür, prezidentin ABŞ səfərindən öncə son illər hədsiz dərəcədə repressivləşən Azərbaycan siyasi hakimiyyətinin birdən-birə 15 siyasi məhbusu azadlığa buraxması Rusiyada Azərbaycanın Vaşinqtondakı müzakirələrdə nə dərəcədə irəli gedə biləcəyi və üzərinə hansısa öhdəliklər götürə biləcəyi ilə bağlı ciddi narahatlıq yaradıb. Onlar bu qənaətə gəliblər ki, mesaj prezident Əliyevə elə Vaşinqtonda olduğu müddətdə çatdırılmalıdır. Rusiyanın belə kobud davranmağının bir səbəbi də, əslində, dünyaya açıq mesaj ünvanlamaq niyyəti  ilə bağlıdır. Suriyadan yarımçıq çıxıb özünü yaxın Şərq bataqlığından birtəhər xilas edən, lakin avtoritar xarizması istər xaricdə, istərsə Rusiyanın daxilində ciddi zədələnmiş Putin bununla dünyaya və bu dəfə xüsusi olaraq, Türkiyəyə “Qafqaz mənim bostanımdır, bura heç kimi burxmaram” ismarışını ötürürdü. Hər iki mesaj o qədər aydın və açıq idi ki, onları anlamamaq və ya başqa cür anlamaq mümkün deyildi.

“Rusiyanın işğalçı imici çılpaqlığı ilə ifşa olundu”

– Hakimiyyət niyə cəmiyyətdə və orduda yaranmış ruh yüksəkliyini nəzərə almayaraq atəşkəsə getdi? Sizcə, gedilməliydimi?

– Bu suala qısa cavab vermək çətindir. Yaranmış indiki durumda Azərbaycan siyasi hakimiyyətinin Rusiyanın birbaşa təzyiqləri, hətta, əminəm ki, təhdid və hədələri qarşısında geri çəkilməmək şansı yox idi. Putinlə Əliyevin telefon danışığında nələrin müzakirə olunduğunu bilmirik, ancaq rusların Dərbəndə qoşun yığmasından, eləcə də Gümrüdəki rus hərbi bazasından hamımız məlumatlıyıq. Azərbaycan siyasi rəhbərliyinin gerçəkdən də irəli getmək və ən azı Ağdərə, Füzuli və Cəbrayılı azad etmək niyyəti olub. Müdafiə Nazirliyi hətta Xankəndinin havadan vurulacağını anons etmişdi. Bu, ciddi niyyətə bənzəyirdi. Belə bir fikir olmasaydı, bunu elan edib sonradan insanlara xəyal qırıqlığı yaşatmağın mənası da yox idi. Axı insanlar gec-tez itkilərin hesabını soracaqlar. Digər tərəfdən, ölkədəki dərin sosial-iqtisadi böhran və iki devalvasiyanın ağır fəsadları fonunda ictimai rəydə öz mövqelərini tamamən itirmiş, nüfuzdan düşmüş hakimiyyətə Qarabağ qələbəsi hava-su kimi lazım idi. Eyni zamanda beynəlxalq siyasi konyunktur son onillər ərzində heç vaxt olmadığı qədər əlverişli idi. Rusiyanın işğalçı imicinin bütün çılpaqlığı ilə ifşa olunması, rusların Gürcüstanda və Ukraynadakı hüquqazidd davanışları fonunda Qərb, demokratik dünya artıq gürcü və Ukrayna xalqları ilə yanaşı Azərbaycan xalqına da öz ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa etmək haqqını tanımağa meyillidir. Ona görə də beynəlxalq basqı bu dəfə həmişəkindən daha az, məhz ona görə də Rusiyanın basqısı bu dəfə həmişəkindən daha çox oldu. Bu vəziyyətdə Azərbaycan hakimiyyətinin savaşı davam etdirmək şansı yox idi. Ancaq Azərbaycan hakimiyyəti niyə bu vəziyyətə düşdü, niyə ölkəmizi Rusiyadan bu dərəcədə asılı duruma salıb, niyə Türkiyə, Avropa Birliyi, ABŞ, NATO kimi potensial hərbi-siyasi müttəfiqlərimiz olduğu halda faktiki Rusiya qarşısında təklənmiş duruma düşmüşük kimi suallara cavab vermədən vəziyyəti tam və dolğun şəkildə dəyərləndirmək mümkün deyil. Bu vəziyyətə görə milli və dövlət maraqlarını, o cümlədən, Qarabağın maraqlarını bir çox məqamlarda hakimiyyət maraqlarına qurban verən Azərbaycan iqtidarı məsuliyyət daşıyır. Bu məqamlarda, təəssüf ki, hakimiyyət, sözsüz ki, kifayət qədər ciddi olan Rusiya təzyiqi faktorundan həm də öz korporativ maraqları naminə bəhanə kimi yararlanmağa çalışır. Hakimiyyət maraqlarının prioritet təşkil etdiyi şəraitdə isə torpaqlarımızın azadlığından danışmaq mümkün deyil.

“5-ci kolon təbliğat maşınını işə salıb”

– Hazırda Azərbaycan mətbuatında rusiyalı ekspertlərə, KIV-ə istinadən belə bir təbliğat aparılır ki, Kreml yaxın zamanlarda işğal altında olan 5 rayonun azad edilməsinə nail olacaq. Bu təbliğatı necə qarşılayırsız?

– Bu, Rusiyanın ölkəmizdəki “5-ci kolon”unun təxribatıdır. “3 günlük” müharibə nəticəsində ən çox itkiyə məruz qalan Rusiyanın Azərbaycandakı imici oldu. Ictimai fikrin bizim üçün əlçatan olan ən obyektiv indikatoru – sosial şəbəkələrdə son günlər Rusiyaya qarşı aqressiya inanılmaz şəkil alıb və hətta Ermənistana qarşı aqressiyanı üstələyib. Sadə vətəndaşlarımız Qarabağın işğalının səbəb-nəticə determinizminin mahiyyətinə vardıqca, Rusiya daha qabarıq və daha kobud konturları ilə irəli çıxdı. Son savaşın bəlkə də ən pozitiv nəticələrindən biri budur. Rusiyanın nüfuzunun tamamilə yıprandığını, “sülhpərvər” maskasının tamamən yırtılaraq gerçək işğalçı obrazında meydana çıxdığı bir zamanda “5-ci kolon” öz nəzarətində olan təbliğat maşınını işə saldı. Bu, əslində, köhnə nağıllardır. Cəmiyyətə 5 rayonun azad edilməsi kimi təqdim edilən “xilas planı” əslində 2007-ci ildə sonradan yenilənmiş Madrid prinsiplərindən başqa bir şey deyil. Azərbaycanın dövlət maraqlarına sarsıdıcı zərbə vuran, dövlət müstəqilliyimizi təhdid edən və Azərbaycan dövlətçiliyinin altına mina qoymağa bərabər tutula bilən bu prinsipləri, nə qədər qəribə olsa da, o vaxt da Qarabağ məsələsində maksimalist mövqe tutan Ermənistan siyasi rəhbərliyi rədd etmişdi. Yeri gəlmişkən, bunun üçün onlara böyük təşəkkür düşür. Madrid prinsiplərinə görə Ermənistan işğal etdiyi 5 rayonu – Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını qaytarır və Azərbaycan dərhal Ermənistanla bütün kommunikasiyalarını açır. Laçın rayonunun yalnız 13 kəndi Azərbaycanın birbaşa yurisdiksiyasına qaytarılır, Laçının digər kəndləri və rayon mərkəzinin özü isə dünyada eni və uzunluğuna görə analoqu olmayan nəhəng bir dəhliz formatında Dağlıq Qarabağla Ermənistanı birləşdirməli idi. Ermənilər Kəlbəcərin Azərbaycana qaytarılmasına da müxtəlif saxta bəhanələrlə əngəl olmağa çalışıblar və mən burada, heç şübhəsiz ki, Azərbaycana və Türkiyəyə qarşı uzunmüddətli strateji planlar quran rus barmağını görürəm. Madrid prinsiplərinə görə, sülhməramlı qüvvələr Qarabağa, eləcə də Laçın və Kəlbəcər rayonlarına yerləşdirilməlidir. Bu isə, Azərbaycanın dövlət müstəqilliyinə təhdiddir. Sülhməramlı qüvvə adı ilə Laçına və Kəlbəcərə yerləşmiş Rusiya hərbçilərini sonradan oradan heç kim çıxara bilməyəcək və Ermənistan Rusiyanın “sülhün təminatçısı” kimi bu iştirakına həmişə təkid edəcək. Beləliklə, Madrid prinsiplərinin reallaşması Azərbaycanı həmişəlik olaraq Laçın və Kəlbəcər rayonlarının itkisi ilə barışmaq gerçəyi ilə üz-üzə qoyur. Ancaq itklərimiz bununla bitmir. Madrid prinsiplərinə görə, Azərbaycan Qarabağın özünü birdəfəlik itirir və hətta bu itkini qəbul etməsilə bağlı beynəlxalq öhdəliyə də imza atmalıdır. Yəni bununla Azərbaycan, nə vaxtsa güclənib Qarabağı geri qaytarmaq şansını da itirir, çünki imzalanacaq sazişin təminatçıları qismində ABŞ, Rusiya, Avropa Biirliyi kimi beynəlxalq güclər çıxış edir. Bəs necə oldu ki, Ermənistan özü üçün bu qədər üstün şərtləri ehtiva edən Madrid anlaşmasından imtina etdi? Həmin prinsiplərə görə Dağlıq Qarabağın yekun statusu yalnız Dağlıq Qarabağ ərazisində keçiriləcək referendumda müəyyən edilməli idi. Bunun nə demək olduğunu, hansı siyasi-hüquqi nəticələr doğura biləcəyini təsəvvür edirsinizmi?! Konstitusiyamızın 7-ci maddəsinə görə, Azərbaycan unitar dövlətdir, 155-ci maddə bu məsələni hətta referenduma çıxarmağı qadağan edir. Digər tərəfdən, Ana Yasamızın 11-ci maddəsinə görə, Azərbaycan ərazisi heç bir halda özgəninkiləşdirilə bilməz və Azərbaycanın ayrıca götürülmüş bir ərazisində referendum keçirilə bilməz. Referendum haqqında Azərbaycan Respublikası Qanunu da bunu birmənalı şəkildə istisna edir. Ən dəhşətlisi isə budur ki, Azərbaycan tərəfi o vaxt bu referendumun keçirilməsinə razılıq vermişdi. Ermənilərlə mübahisə yalnız referendumun vaxtı ilə bağlı yaranmışdı. Ermənilər referendumun dərhal, 5 rayonun boşaldılması ilə eyni zamanda keçirilməsində, yəni münaqişənin paket həlli variantında israr edir, Azərbaycan tərəfi isə status məsələsinin mərhələli şəkildə həllinə tərəfar çıxır, referendumun on ildən sonra keçirilməsinə təkid edirdi. Ermənistan məhz bu səbəbdən Madrid prinsiplərindən imtina etmişdi. Azərbaycan o zaman belə düşünürdü ki, on il müddətində neft milyardları hesabına dünyanı və erməniləri ələ alacaq, zəngin bir ölkə qura biləcək və bununla da Qarabağ erməniləri “acından ölən” Ermənistanı yox, “zəngin” Azərbaycanı seçəcək. Bir anlığa təsəvvür edin ki, ermənilər 2007-ci ildə Azərbaycanın bu şərtini qəbul edib və gələn il – 2017-ci ildə Dağlıq Qarabağda referendum keçirilməlidir. “Zəngin” Azərbaycandan əsər-əlamət yoxdur, əksinə, bu gün Ermənistanda orta aylıq əməkhaqqı Azərbaycandan çoxdur. Azərbaycan sosial-iqtisadi böhranla üz-üzədir, ölkənin maliyyə-bank sektoru iflas həddində, kredit reytinqi zibil səviyyəsindədir. Bu xalqın neftdən gələn və ana südü qədər halal olan 180 milyard sərvəti talanıb. Insan hüquqlarının və azadlıqların durumuna görə Azərbaycanın göstəriciləri Ermənistandan daha pisdir. Məsələn, nüfuzlu beynəlxalq dəyərləndirməyə görə Azərbaycan azad olmayan, Ermənistan və hətta Dağlıq Qarabağ qismən azad ərazilərə aid edilib. Ölkədə 100-dən artıq siyasi məhbus var. Görün 9 il öncə ermənilər ağılsızlıq edib Madrid prinsiplərindən imtina etməsəydilər, bu gün biz hansı milli faciə ilə üz-üzə olacaqdıq. Mən bunu, sadəcə, düşünəndə özümü pis hiss edirəm. Yəqin ki, hakimiyyətdəki opponentlərimiz “biz neftin qiymətinin belə kəskin düşəcəyini gözləmirdik” deyəcəklər…

– Sizcə, bu tezis hakimiyyət üçün alibi, özünəbəraət ola bilərmi?

ardı var

 

скачать dle 12.1
Xəbər lenti