“Azərbaycanda qiymətlər yenə qalxacaq”

26-04-2016, 11:56
0
“Azərbaycanda qiymətlər yenə qalxacaq”

«Hökumət elə vəziyyət yaradıb ki, marketlərin qiymətləri qaldırmadan keçinməsi mümkün deyil»

 

«Qeyri-neft sahələrinə investisiya qoyluşu azalıbsa, hansı iqtisadi inkişafdan danışa bilərik»

Nemət Əliyev: «Marketlərin müraciəti ölkənin bütün ticarət sisteminin həyəcan təbili kimi qəbul edilməlidir»

2016-cı ilin birinci rübünün statistik göstəriciləri maraqlı faktları ortaya qoydu. Hələ nəzərə almaq lazımdır ki, bu göstəricilər rəsmi rəqəmlərdi və tam reallıqları əks etdirmir. Elan olunan rəqəmlərə görə, ÜDM-də 3.5 faiz azalma var. Ticarət əməliyyatlarının həcmi azalıb, on il ərzində ilk dəfə ticarət dövriyyəsində mənfi saldo yaranıb. Gündəmdə olan bu və başqa sualları AXCP Rəyasət Heyətinin üzvü, iqtisadçı alim Nemət Əliyevə ünvanladıq.

– Bu ilin üç aylıq sosial-iqtisadi göstəricilərinin təhlili onu deməyə əsas verir ki, vəziyyət həddindən çox ağırlaşıb. ÜDM, rəsmi statistikanın elan etdiyinə görə, 3.5 faiz azalıb. Ancaq Statistika Komitəsi bir qayda olaraq azalma tempini gizlətmək məqsədilə qiymətlərin səviyyəsini tam nəzərə almır. Üç aylıq ÜDM-in həcmini dollara çevirib müqayisələr etsək, məlum olur ki, əvvəlki ilin üç ayı ilə müqayisədə bu göstərici 5 milyard dollar və ya 38 faiz azalıb. Investisiya qoyluşu əhəmiyyətli dərəcədə, rəsmi statistikaya görə, 35 faizə yaxın azalıb. Xarici valyutaya – dollara çevirib müqayisə etsək, təxminən 50 faizə yaxın azalıb bu göstərici. Xarici müəssisə və təşkilatlar tərəfindən Azərbaycan iqtisadiyyatına kapital yatırımı I rübdə 24 faizə qədər düşüb. Bütövlükdə qeyri-neft sektoruna pul yatırımı 80 faiz azalıb. Real sektor üzrə bu göstərici 29 faiz, xidmət sektoru üzrə 87 faiz enib. Bir-iki istisna ilə demək olar ki, bütün sahələrə pul qoyuluşu kəskin şəkildə azalıb. Bu göstəricilərin azalması fonunda, təbii ki, əhalinin alıcılıq qabiliyyəti kəskin şəkildə pisləşib. Əlbəttə ki, belə vəziyyətin yaranmasında neft amilinin rolu var. Amma neftin qiymətlərinin aşağı düşməsi 2014-cü ilin sonlarından gözlənilən idi. Odur ki, hökumət qabaqlayıcı tədbirlər görməli, ciddi islahatlara təkan verməliydi.  Lakin bunun öhdəsindən gələ bilməyib. Təəssüflə deməliyəm ki, sosial və iqtisadi göstəricilərin bu qədər pisləşməsinə baxmayaraq hələ də islahat məsələsində elə də ciddi tərpənişlərin şahidi ola bilmirik. Hökumət üzərinə düşən vəzifələri yerinə yetirə, rüşvətxorluğu, inhisarı aradan qaldıra bilməyib. Normal idarəetməni həyata keçirə biləcək bir idarəetmə sistemi qurulmayıb bu ölkədə. Maddi istehsalı, xidməti stimullaşdıran proqramlar, tədbirlər hələ də diqqəti cəlb etmir. Investisiyaya artmaqda olan təlabat ödənilməlidir. Bunlar olmayacaqsa, gələcəklə bağlı nikbin proqnoz vermək çox çətindir. Təsəvvür edin ki, Maliyyə Nazirliyi belə bir çətin zamanda bəyan edir ki, büdcədə 1 milyarddan çox pul artıqlığı yaranıb. Bu onun göstəricisidir ki, hökumət əlində olan sərbəst maliyyə vəsaitlərindən də səmərəli istifadə edə bilmir. Gərəksiz və yarıtmaz idarəetmənin, təbii ki, sosial-iqtisadi vəziyyətin pisləşməsində rolu böyükdür.

“Baş verənlər MB rəhbərliyinin açıqlamalarını alt-üst etdi”

– Keçən il fevral devalvasiyası zamanı bəyan etdilər ki, bu addımı atmaqda məqsəd ixracmeyilli iqtisadiyatın yaradılmasıdır. Amma ötən müddət ərzində ölkənin ixracla bağlı göstəriciləri artmaq əvəzinə, əksinə, aşağı düşdü?

– Son aylar baş verən hadisələr Mərkəzi Bankın, onu idarə edən hökumətin açıqlamalarını alt-üst etdi. Həqiqətən də Mərkəzi Bank o zaman açıqlama vermişdi ki, milli valyutanı iki dəfədən artıq devalvasiyaya məruz qoymaqda məqsədləri ixracyönümlü fəaliyyəti stimullaşdırmaq olub. Ancaq nəticələr tamamilə başqa mənzərə yaratdı. Məlum oldu ki, ölkənin qeyri-neft sektorunun ixracyönümlü fəaliyyətini stimullaşdırmaq mümkün olmayıb. Yəni konkret halda elə bu ilin rüblük göstəricilərinə nəzər salsaq, görərik ki, Azərbaycanın üç aylıq xarici ticarət dövriyyəsi bütövlükdə 38 faiz azalıb. Ixrac göstəriciləri 47 faiz aşağı düşüb.  Bizim ixracımızının 86 faizi xam neft, neft məhsulları və təbii qazdan ibarətdir. Neft satışı və qiymətlər düşdüyünə görə indi bu göstərici bir az aşağı düşüb. Uzun müddət ərzində ixrac olunan malların içərisində qeyri-neft mallarının çəkisi 4-5% olub. Devalvasiya qərarı verənlərin doğrudan da məqsədləri qeyri-neft mallarının ixracını artırmaq olmuşdursa, demək olar ki, əks-proses gedib. Qeyri-neft mallarının ixracından gəlirlər daha da azaldı. Bu ilin üç ayında qeyri-neft mallarının ixracından əldə olunan gəlirlər 38 faiz azalıb. Əgər 2015-ci ilin birinci rübündə ixrac etdiyimiz qeyri-neft mallarının hər kiloqramını 70 sentdən baha sata bilmişdiksə, təsəvvür edin ki, bu ilin birinci rübündə həmin o kateqoriya malların orta hesabla hər kiloqramını 41 sentə sata bilmişik. Diqqət edirsinizmi,  xaricə satdığımız malların hər kiloqramında 30 sentdən çox itirmişik.

“Hökumət, əksinə, vətəndaşın vəziyyətini ağırlaşdıran siyasət yürüdür”

– Ölkədə iki milyon yarım adamın banka borcu var. Problemli kreditlərin sayı durmadan artır. Vətəndaş günahı olmadan ağır maliyyə zərbəsi alıb. Nəyə görə hökumət fiziki şəxslərin müflisləşməsi haqqında qanun qəbul etmir?

– Bunun bir neçə səbəbi ola bilər. Biri onunla bağlıdır ki, bizim hökumətin operativ şəkildə düzgün qərar qəbul etmək problemi var. Ikinci səbəb odur ki, sahibkarların, ölkədəki müəssisə və təşkilatların, əhalinin real vəziyyətini düzgün qiymətləndirə bilmirlər. Növbəti səbəb odur ki, hökumət əhalinin vəziyyətinin yaxşılaşdırılmasında maraqlı deyil, ya bunu istəmir, ya da bunui bacarmır. Problemli kreditlərin artmasının səbəbi ölkədə aparılan yanlış kredit-pul siyasətidir. Uzun müddət elə siyasət həyata keçiriblər ki, insanlar götürdükləri kreditləri normal şəkildə pul qazanmaqla qaytara bilməyirlər. Faizlər yüksək, gəlirlər isə aşağıdır. Vətəndaşlar bankların yüksək faizlərini qaytarmaq imkanında deyillər. Bu da əhalinin vəziyyətinin ağırlaşmasına və problemli kreditlərin böyüməsinə səbəb olub. Bu azmış kimi iki dəfə milli valyutanı dəyərdən salmaq hesabına dollarla krediti olanların borc yükünü ümumilikdə 5 milyarddan çox artırdılar. Bunun günahı vətəndaşda deyil. Və ya əmanətçilərin manatla saxladıqları əmanətləri kəskin şəkildə dəyərdən saldılar ki, bu da vəziyyəti daha da ağırlaşdırdı. Baxın, bir tərəfdən vətəndaşların maliyyə imkanları məhdudlaşdırılır, digər tərəfdən borcları süni şəkildə şişirdilir. Əgər vətəndaşın borcu artıbsa, ödəmək qabiliyyəti zəifləyibsə, normal hökumətlər vətəndaşına kömək edir. Amma bizdə bu proses tamamilə tərsinədir.

“Bu cür uzun müddət davam edə bilməz”

– Manatın kursunu sabit saxlamaq üçün dövriyyədəki manat kütləsi 12 milyarddan 4 milyarada qədər məhdudlaşdırılıb. Eyni zamanda ölkəyə idxal da inzibati yol ilə məhdudlaşdırılıb. Manatın kursunu bu yol ilə saxlamaq mümkün olacaq?

– Mümkün deyil. Uzun müddət süni nəfəslə bu məsələni həll etmək olmaz. Bu qaydada manatın kursunu uzun müddət saxlamaq mümkün deyil. Son bir neçə gündür ki, iri supermarketlər şəbəkəsinin rəhbərləri həyəcan təbili çaldılar. Bildirdilər ki, indiki şərtlər altında, yəni həm də manatın xarici valyutaya hazırkı məzənnəsi şəraitində ticarət şəbəkəsi rentabelli fəaliyyət göstərə bilmir. Çünki qiymətlərin indiki səviyyəsi buna imkan vermir. Odur ki, bunlar vergi dərəcələrinin aşağı salınması hesabına vəziyyətdən çıxmağı təklif edirlər. Yəni dolayı şəkildə bildirilir ki, qiymətlər qalxmasa, ötüşmək mümkün deyil. Deməli, ticarətlə məşğul olanların istəklərinə uyğun şəkildə vergilər enməsə, qiymətlər qalxacaq. Təəssüf ki, proseslər bu istiqamətə yönəlib. Əks halda, iri marketlər bağlana, xeyli insan iş yerlərini itirə bilər. Əslində iri supermarketlərin rəhbərləri bütün ticarət sistemində sahibkarlıqla məşğul olanların ümumi fikrini ifadə edib. Baş verənlərdən çıxan nəticə budur ki, manata bir müddət süni nəfəs verməklə davam etmək mümkün deyil. Yəni inzibati yol bu məqamda müvəqqətidir. Problem köklü şəkildə həllini tapmalıdır. Ticarət şəbəkəsinin xarici valyutaya olan təlabatı tam ödənilməlidir ki, onlar da xaricilər qarşısında olan öhdəliklərini yerinə yetirə bilsinlər.

“Vergilər aşağı salınmayacaq”

– Bu iri marketlər etiraz etdikdən dərhal sonra vergi yoxlamalarına məruz qalıblar. Bu addımı necə dəyərləndirmək olar?

– Dərhal və birmənalı demək olar ki, təzyiq göstərirlər. Vergi orqanlarının iri supermarketlərin təkliflərinə bu cür reaksiya verməsi onu göstərir ki, bunların vergi dərəcələrini aşağı salınmasına həvəsləri yoxdur. Doğrusu, indiki dövrdə büdcə imkanlarının həddindən artıq məhdud olduğu bir zamanda vergi dərəcələrinin aşağı salınması da inandırıcı görünmür. Demək, qiymətlər bahalaşmalıdır. Görürsünüzmü, hökumət necə dilemma yaradıb? Illər uzunu  atılan yanlış addımlardır ki, belə çıxılmaz vəziyyət yaradıb. Əgər ticarət şəbəkəsinin normal fəaliyyətini qoruyub saxlamaq lazımdırsa, belə çıxır ki, qiymətlər bahalaşacaq. Bu isə əhalinin sosial vəziyyətinin bir qədər də pisləşməsinə səbəb olacaq. Çünki əhalinin gəlirlərinin artım tempi, qiymətlərin artım tempindən onsuz da geri qalıb. Hələ rəsmi statistikanın açıqladığına görə, qiymətlər bu üç ayda 11 faiz artıbsa, əmək haqqı 6 faiz artıb. Alıcılıq qabiliyyəti üzrə pisləşmə 4 faizdir. Hələ bu qiymətlərin səviyyəsini aşağı göstərməkdə ad çıxarmış Statistika Komitəsinin rəqəmlərinin müqayisəsinə görə belədir. Xarici valyutaya çevirib hesablasaq, bəlli olur ki, əhalinin pul gəlirləri bu ilin I rübündə 38 faiz, əmək haqqı isə 40 faiz enib. Növbəti bahalaşmanın hansı fəsadlara səbəb olacağını, əhalinin sosial vəziyyətinə nə dərəcədə təsir edəcəyini bu rəqəmlər daha bariz göstərir. Hökumətin əhalinin maaşlarını artırmaq istəyi və imkanları isə çox məhduddur. Təəssüf ki, hökumət bu məsələdə çox həvəssiz görsənir.

скачать dle 12.1
Xəbər lenti