“Mamaya telefonda dedim, ata getdi...”

11-09-2015, 13:47
0
“Mamaya telefonda dedim, ata getdi...”

Mahal İsmayıloğlunun evindən reportaj; mərhum jurnalistin həyat yoldaşı və qızı danışdı: “Gözüm hər yerdə onu axtarır, inana bilmirəm... ”

 

Son dəfə bu evə gəlişim 2008-ci ildə olmuşdu, deyəsən. Binanın girəcəyini güc-bəla ilə tapanda yadıma düşdü. Onda da xəstə idi. Ürəyi əziyyət verirdi. Əməliyyat olunacaqdı. Öyrədilmiş adamlar bağ qonşularından birinin əli ilə məhkəməyə vermişdilər Mahal İsmayıloğlunu. Tutdurmaq istəyirdi hakimiyyət... Şər qarşısında ürəyi dözməmişdi, öncə həkim qapısında, sonra da xəstə yatağında tapmışdı özünü...
Bu dəfə yollar bizi yenə onun evinə, amma cümə axşamı məclisinə gətirdi. Qapıda bizi gözüyaşlı qoyub getdiyi xanımı, iki qızı qarşılayır. İtkini hələ qəbul edə bilməyiblər. Həkim səhlənkarlığı, bahalı tibbi xidmətlər, pulsuzluq, çarəsizlik.... 
“Xalq qəzeti”nin keçmiş baş redaktoru, tanınmış jurnalist Mahal İsmayıloğlunun ölüm xəbərini alan gündən müzakirə olunan bu səbəbləri indi ailə üzvlərinin dilindən eşidirik. Mahal bəyi dünyadan aparan yollar barədə yaxınları danışır. Yana-yaxıla... 
19 ildir xəstəliklərin pəncəsində idi
Həyat yoldaşı Səfurə xanım M.İsmayıloğlunun keçmişi barədə məlumat verir. Öyrənirik ki, ümumən 19 ildir ki, xəstəlik tanınmış jurnalistin yaxasından əl çəkmirmiş. İlk əməliyyat 1998-ci ildə noyabrın 2-də Ankara nümunəvi xəstəxanasında baş verib. Həmin vaxt ürəyinin 1 damarı dəyişdirilib. 2003-cü ilin aprel ayında miokard infarkt keçirib. 2004-cü ildə ürəyinin 4 damarından baypas əməliyyatı keçirib. 2010-cu ildə yenə ürəyindən ağır cərrahiyyə əməliyyatı keçirib. Ürəyinin 6 damarı dəyişdirilib. 
2013-cü ildə isə daha bir ağır xəstəlik - böyrək çatışmazlığı da onda baş qaldırıb. Bütün cəhdlərə baxmayaraq müalicə mümkün olmayıb. 2014-cü ilin aprel ayında Türkiyədə sağ böyrəyi əməliyyatla götürülüb. Tezliklə eyni xəstəlik daha davamlı şəkildə sol böyrəkdə yaranıb. Böyrək çatışmazlığı ilə yaşamağa məcbur olub... 
“Ölən günə qədər bilmədi ki, böyrəyində xərçəng var”
Belə baxanda bir neçə cümləlik xəstəlik tarixçəsidir. Amma bunların hər biri ailəyə, onun üzvlərinə ciddi travma, ağır günlər yaşadıb. Həyat yoldaşı danışır ki, həkimlər ona böyrək probleminin gizli şəkildə özünü göstərdiyini bildiriblər: “Halbuki ürək əməliyyatından keçən zaman onun bütün analizləri götürülmüşdü. Böyrək problemi olsa, həmin vaxt ortaya çıxardı. Bizə deyildi ki, böyrəyində kista var. Amma bizə deyilməmişdi ki, böyrəyində xərçəng var. O, ölən günə qədər bilmədi ki, böyrəyində xərçəng var. Mən bilirdim. 1 il 8 ay çəkdi. O biri böyrəyində şiş onu yemişdi. Bunu əməliyyat edən zaman professor Faruk Yağçı dedi ki, o biri böyrəyin zədəlidir. Birini götürsək də, o birini də dializə salmalısınız. Orda dedilər ki, böyrək törəməsidir. Mahal Anadolu ləhcəsində böyrək törəməsi və kanser sözlərinin tərcüməsini bilmədiyi üçün bunun kista olduğunu düşünürdü. Gürcüstana da getmişdi. 
Türkiyədə əməliyyat olunanda həkimlərdən soruşdu ki, nə qədər yaşayacam? Həkim dedi, Allah nə qədər ömür veribsə, o qədər. Dedi, bəs əməliyyat olmasam? Dedi, onda 2-3 ay. Bu yerdə Mahal dedi ki, onda qayıdaq evimizə, öz evimdə ölüm. Dedim,  bəs o qızları kimə tapşırırsan?! (gözləri dolur). Onu güclə razı saldım. Qaça-qaça həkimin dalınca getdim ki, əməliyyata razıyıq. Ona dedilər ki, ya böyrək köçürülməsi lazımdır, ya dializ". 
Səfurə xanım deyir ki, ölüm haqda heç danışmazdı: “Bircə dəfə dedi ki, gedim bağı notariusda qızım Ayanın adına keçirim. Vəsiyyətnamə yazım qoyum. Onda da ağzından vurdum ki, yaxşı şey yaz, yaxşı şey olsun. Təkcə bir dəfə onda ölümə işarə vurmuşdu. Belədə isə bu insan bir dəfə də ölüm haqqında düşünmürdü”. 
 
“Bir də gördüm ki, atamın üzünü mələfə ilə örtdülər”
Atasının ölümündən qısa müddət sonra yazdığı ürək dağlayıcı anım yazısı ilə bütün mənzərəni təsvir edən evin sonbeşiyi Ayanın yadında isə daha çox başqa fraqment qalıb: “Bir dəfə mən otağımda oturmuşdum. Gəldi yanıma. Dedi ki, səndən xahişim var, son şansım sənsən. Dedim, necə kömək edə bilərəm? Dedi, könüllülərə diqqət böyükdür - mən Avropa Oyunları yarışında könüllülər dəstəsində idim - bacarsan könüllülər arasında bir kampaniya təşkil et mənə yardımla bağlı. Amma Mehriban xanımdan razılıq al. Bu müraciəti hazırladıq. Bank hesabını yazdıq, müraciətimizi etdik. Aradan bir müddət keçdi. Bank hesabına baxdım, dedilər 1 manat. O pulu da yoxlama məqsədilə dostum atmışdı”.

Mahala oksigen vermədilər dializdə, versəydilər, ölməyəcəkdi”

 
Həm Səfurə xanım, həm də Ayan atasının ölümündə həkim səhlənkarlığı, vaxtında və lazımi müdaxilənin olmamasını əsas götürür. Həyat yoldaşı deyir ki, dializ zamanı halı pisləşən M.İsmayıloğluna oksigen verilməli olduğu halda, bu, edilməyib. Qızı son anlarında atasının yanında olub: “Mən atama uzaqdan baxırdım. Xadimə imkan vermirdi ki, palataya keçim. Tez-tez anama zəng vurub məlumat verirdim son vəziyyətlə bağlı. Bir də gördüm ki, həkimlər qaçışmağa başladı... Səs-küy düşdü, qaça-qaça gəldim otağa. Bir də onda gördüm ki, atamın üzünü mələfə ilə örtdülər. Qulağımda telefon, anama dedim ki, mama, ata getdi...”
Ayan deyir ki, atasının ölümündən sonra xəstəxanaya getmişdilər: “Tibb bacılarından soruşdum ki, atama halı pisləşən zaman oksigen verildi? Cavab verdilər ki, bizə kim demişdi ki, oksigen verək? Bu, tibbin əlifbasıdır, bunu etmək üçün həkimdən göstəriş almaq lazımdır?”
Son dövrlər M.İsmayıloğlu yazmağa ara veribmiş. Məcburən təbii ki. Yoldaşı Səfurə xanım deyir ki, əslində yazılarını bərpa etmək istəyirmiş: “Son vaxtlarında dedi ki, ay Nazlı, mən sənə yük olmuşam, hər zaman dərmanlarımı sən almısan. Başlayacam yazmağa, qoy mənim də evə bir xeyrim dəysin. Sonra da Azər Ayxana zəng vurub, yazmaq istədiyini dedi. O da ”yazın, gözləyirik" dedi. Amma gördüm ki, otura bilmir, əziyyət çəkir. Ağrıları imkan vermirdi ki, rahat şəraitdə otursun, fikrini cəmləşdirib yazısını yazsın. Onda dedim ki, ay Mahal, ac-susuz qalmamışıq, mənim aldığım pulla qayğılarımızı həll edə bilərik. Şirniyyat sexində işləyirəm mən. Pis-yaxşı pul qazanıb, evin qayğılarını həll edirəm". 
 
“Ən böyük arzusu nəvə sahibi olmaq idi”
 

MAHAL İSMAYILOĞLUNUN SON GÜNLƏRİNİN FOTOSU
Söhbət dolaşıb, qızı Ayanın yazdığı anım yazısına çatır. 19 yaşlı Ayan deyir ki, o yazını yazmaq çox ağır gəlib ona. Əvvəl statuslarında atasının durumunu, çəkdikləri ağrıları bölüşürmüş. Amma heç vaxt belə bir sonluğu, bunun sətirlərə töküləcəyini təsəvvür etmirmiş. “Jurnalist olmaq istəyərsizmi siz də? Atanızın yolunu davam etdirmək üçün...” deyə soruşuram, cavab gözlənilməz olur: “Atam mənim jurnalist olmağımı istəmirdi. Deyirdi ki, sən dilini yığan deyilsən (gülür). Düzü, heç vaxt atamın məqaləsini də oxumamışam. Amma bəzi yazılarını saxlayırdı, ondan götürülən müsahibələr də arxivdə var”. 
Mahal bəyin ən böyük arzusu nə olub? Tanınmış jurnalist ölümündən əvvəl bu haqda heç danışıbmı, bölüşübmü bunu yaxınları ilə? Yoldaşı deyir, nəvə sahibi olmağı çox arzulayırmış: “Deyirdi, nəvəm olsun, mindirim onu maşına, aparım bağa, ya da Xızıya. Ancaq ailə ilə bağlı olurdu arzuları. Oturub deyirdi ki, indi mənim nəvə oynadan vaxtımdır”.
M.İsmayıloğlunun sağlığında ən çox sevdiyi məkan Novxanıdakı bağı olub.  “Yeni Müsavat” 2007-ci ildə “Bağ mövsümü” rubrikasında onun bağ sevgisini oxuculara çatdırmışdı. Gözü kimi baxdığı ağaclar, sevimli itləri və sair... Ayan deyir ki, atası olmadan o bağa getmək onlar üçün çətin olacaq: “Atanın ölümündən sonra bir dəfə bağa getmişdim, ordan gətiriləcək şeylər var idi. Orda hər bir şey onu xatırladır. 264 ağac var bağımızda. Demək olar ki, 80 faizi onun calağıdır. İndi hər şey solub. Ölümündən 40 dəqiqə sonra evə gəldik. Masasının üstündəki saatı da əlimizdən düşüb qırıldı”.
 
Səfurə xanımsa onunla son aylardakı söhbətlərindən birini xatırlayır: “Mənə ”Nazlı" deyirdi. Bir gün qayıtdı ki, ay Nazı, mən gün-gündən əriyirəm, zəifləyirəm. Ancaq böyrək köçürmə, transplantasiya lazımdır. O da çox bahalı işdir. Dedim, Allah kömək olacaq. Mən ondan gizlin evi, bağı satlığa qoydum, amma heç nə alınmadı. Allah bütün qapıları bağladı sanki. Belorusiyada bir həkimlə danışdıq. 70 minə razılaşmışdıq. Axırıncı sözü oldu ki, Nazlı, bir şeyi səninlə məsləhətləşmək istəyirəm. Dedi, internetdə bir şey yazaq ki, mənə bu əməliyyatda kömək etsinlər, əvəzində o torpağımızı verək. Dedim, yazaq. Bağı da, evi də satlığa qoymuşam dedim. Qayıtdı ki, bu evi satlığa qoysan, çox şey uduzacaqsan. Bura heç vaxt dəymə dedi. Amma bağı mən öləndən sonra sat dedi. Dedim, ay zalım, öləndən sonra sat nə deməkdi? Elə sağlığında sataq, pulunun da sənə xeyri dəysin də. Sağkən özün sat. O bağ sənə ürək, böyrək olmayacaq ki. Sat, canını qurtar da. İnanın, o bağla nəfəs alırdı. Deyirdi ki, oranı satsam, ürəyim partlayar. Torpaq da satılmadı. Özü kimlərə ağız açmışdı, danışmışdı".

“Onu insanların etibarsızlığı sarsıtdı”

“Ən böyük arzusu nəvə görmək idi, qismət olmadı”

Qızı danışır ki, M.İsmayıloğlu sağlığında yardım üçün saysız-hesabsız müraciətlər edib. Kimi söz verib, kimi rədd cavabı verib, pulu olmadığını deyən də olub, telefonunu götürməyən də, telefonu açan kimi üzünə bağlayan da: “Özü imkanı olanda o qədər insana kömək etmişdi, əl tutmuşdu. O insanların ona bu cür münasibəti onu yıxdı. Özünə lap pis təsir etdi, sarsılmışdı”.
Ayan müdaxilə edir: “Görün nə həddə çatdı ki, 19 yaşlı qızına yalvardı ki, mənə kömək elə”.
Yoldaşı isə deyir ki, M.İsmayıloğlu heç zaman ölüm haqqında düşünmür, onun fikrini yaxına buraxmırdı: “Elə bir şey olsaydı, deyərdi, vəsiyyətnamə yazım. O elə bilirdi ki, bircə mənim əlimi tutsa, bütün ağrı-acısı azalacaq. Əlindən tuturdum ha, deyirdi ki, yaxşıyam. İki dəfə yanımda krizis keçirdi. Gözünü açdı və gördü ki, yanındayam. Gözünü açdı. Bu boyda vəfasızlıqlar, etibarsızlıqlar görmüşdü. Mən də qınayırdım ki, görürsən, insanlara bu qədər yaxşılıqlar etdin, sonu nə oldu? Deyirdi ki, yenə imkanım olsa, yenə edərəm ki, qoy utansınlar. Deyirdim, namaz qıl. Cavabı belə olurdu ki, mən namazımı yaxşılıq etməklə qılmışam.  Ruh düşkünlüyünü içərisində yaşayırdı. O biri otaqda telefonla danışırdı, kimlərəsə hirslənirdi. Amma bizim yanımıza keçən kimi əhvalı normal olurdu”.
Ayan daha çox atasının zarafatlarını, atmacalarını xatırlayır: “Bir də görürdün biz bağda olurduq, o şəhərdə. Zəng vururdu ki, Ayka, o sular sonası Aysellə Ayanın anası hardadır? Sonra o da keçdi, anamın adını qoydu Nazlı. Sonuncu dəfə xəstəxanaya gedəndə anamın adını ”ekspert" qoymuşdu. Xəstəxanaya gedirdik. Soruşdu ki, ekspertə zəng etdin? Dedim, ay ata, ekspert kimdir? Dedi, ehh, ananı deyirəm də. Anam onun bütün xəstəlik tarixçəsini, həkimini, iynəsini, dərmanını bilirdi deyə onu elə çağırırdı". 

“Mahal məni aldatdı, yaman aldatdı...”

Yoldaşı son günün əhvalını təsvir edir: “Ölməmişdən bir gün qabaq siqaret istəyirdi. Biz də hirslənirdik ki, niyə çəkir. Dializə gedəndə pis nəticə verirdi. Ayan zəng etdi ki, atam iki siqaret çəkib, birini də istəyir. Ordan zəng etdim ki, ay Mahal, sən mənə söz vermişdin ki, siqaret çəkməyəcəksən. Yenə israr edəndə dedim ki, bax, o ki elədir, mən evə gəlməyəcəm. Dedi, onda mən ölərəm, ay Nazlı. Axırıncı gecə də çox rahat idi. Səhər oyananda iştahla yemək yedi, kompotunu içdi. Səhər o cür gözəl əhvalda olan insan.... bir neçə saat sonra necə dünyasını dəyişə bilər, necə?”
Səfurə xanım bu sözləri təkrarlayır: “Məni aldatdı Mahal, çox aldatdı”.... Deyir, hələ də onun yoxluğuna öyrəşə bilmirlər: “İnanmıram ki, bu insan evdə yoxdur. Səhər yuxudan dururam, gözüm onu axtarır. Axşam gələndə qapının zəngini basıram, qızlar açır. Halbuki sağlığında mən qapını döyəndə heç vaxt qızları açmağa qoymazdı. Özü açardı, sonra da deyərdi ki, ay Nazlı, görürsənmi, qızların sənə qapını açmır”.
скачать dle 12.1
Xəbər lenti