Mehman Əliyev: Hakimiyyət siyasi məhbusları azad edəcək

14-09-2015, 18:03
0
Mehman Əliyev: Hakimiyyət siyasi məhbusları azad edəcək

ATƏT seçkilərə müşahidəçi göndərməyəcək; Avropa Şurasının da belə qərar verəcəyi gözlənilir; yaşananlar Azərbaycana nə vəd edir?

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bu il noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə göndərməkdən imtina edib. Bu barədə qurumun sentyabrın 11-də yaydığı bəyanatda məlumat verilib.
 
Büronun direktoru Michael Georg Link seçkilərdə müşahidəçi qismində iştirakdan imtina etmələrinə belə aydınlıq gətirib: “Müşahidəçilərin sayına Bakının qoyduğu məhdudiyyətlər effektiv və etibarlı seçki müşahidəsi aparmağa imkan vermir. Ona görə də, təəssüf ki, biz ümumilikdə bu seçkiyə müşahidəçi göndərməmək qərarına gəldik. Azərbaycan hakimiyyətinin müşahidəçilərin sayına qoyduğu inadlı məhdudiyyətlər bu ölkənin ATƏT qarşısında öhdəliklərinə və Büronun müşahidə missiyasının mandatına ziddir”.
Heç şübhəsiz ki, seçki öncəsi Avropa Parlamentinin məlum qətnaməsi, ardınca ATƏT-in bu cür qərarı Azərbaycan üçün müsbət mənada heç nə vəd etmir. Qarşıdakı günlərdə də seçkiləri müşahidə edəcək xarici təşkilatların bir qisminin də ATƏT-in mövqeyini dəstəkləyəcəkləri deyilir. Xüsusilə, Avropa Şurası Parlament Assambleyasının buna bənzər qərar verəcəyi gözlənilir. Bütün bunlar onu göstərir ki, nüfuzlu xarici təşkilatların builki seçkilərlə bağlı mövqeləri indidən bəllidir.
 
“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev ATƏT-in qərarının əvvəlcədən gözlənildiyini bildirdi: “Ola bilsin ki, Avropa Şurası da bu cür qərar qəbul etsin. Əslinə qalsa, ATƏT-in qərarı gözlənilən idi. Açığı, baş verənlərdə Belarus variantını daha çox görürəm. Lukaşenkonun 2010-cu il seçkilərində bu cür qərar verildi. Müşahidəçilər göndərilmədi. Parlament seçkilərində də ATƏT-in müşahidəçiləri olmadı. Amma ardınca Belarusda dustaqlar buraxıldı, bəzi qaydalar aradan qaldırıldı. Yəni elə də ciddi bir problem yaşanmadı. Münasibətlər sistemi bərpa olundu. Müşahidəçilərin gəlməməsi hakimiyyət üçün yaxşı göstərici olacaq. Azərbaycandakı seçkilər əvvəlkilərə  bənzəyəcək. Seçkilər tam rahat, hakimiyyətə sərf edən şəkildə keçiriləcək. Heç bir problem olmayacaq. Amma müşahidəçilərin olmaması parlament seçkilərinin nəticələrini ciddi şəkildə şübhə altına qoyacaq”.
 
“Turan” rəhbəri gələcəklə bağlı proqnozlarını da verdi: 
“ Hakimiyyət siyasi məhbusları azad edəcək. Avropada müsbət qarşılanacaq. Bundan başqa, hesab edirəm ki, Azərbaycanla Avropa arasında strateji müqavilələr imzalanacaq. Başqa məsələlər də ortaya çıxacaq. Bakı-Tiflis-Qars dəmiryolu açılacaq. Bu baxımdan hesab edirəm ki, son günlər yaşananlar ciddi bir gərginliyə gətirib çıxarmayacaq.
 
Düşünürəm ki, Qərbin Azərbaycanla bağlı siyasəti burada stabilliyin olmasıdır. Çünki burada çox böyük layihələr var. Bu baxımdan Qərb stabilliyi hər şeydən üstün tutur. Əlbəttə ki, iqtisadi və siyasi islahatların aparılması, Qərb standartlarına uyğunlaşdırılması gündəmdədir”.
 
M.Əliyev Azərbaycan hakimiyyətinin son günlərdə yaşananlarla bağlı sərgilədiyi münasibətə də mövqeyini açıqladı: “Azərbaycan iqtidarının mövqeyini başa düşmək olar. Çünki birinci dəfədir ki, Avropa Parlamentində bu cür məsələlər ortaya qoyulub. Reaksiya məlumdur ki, bu tipdə də olmalı idi. Bu tipli təzyiqlər, bu cür də reaksiyaları ortaya çıxarır. Başqa bir yolu da mümkün deyildi”.
 

 

Müsahibimiz Avropanın Azərbaycandakı seçkilərə olan münasibətinə baxmayaraq, ölkə müxalifətinin böyük kəsiminin seçkilərdə iştirakına da aydınlıq gətirdi: “Açığı deyim ki, bu seçkiləri mən ”sövdələşmiş seçki" kimi görürəm. Demokratik seçki əhval-ruhiyyəsi yoxdur. Heç bir sahədə bu yoxdur. Çox ciddi nöqsanlar var. Ona görə də, bu şəraitdə demokratik seçkilərin keçirilməsi mümkün deyil. Hər hansı bir müxalifətçi parlamentə gedəcəksə, bu, sövdələşmə əsasında olacaq. Ona görə də, mən sövdələşmiş seçki deyirəm. Ümumiyyətlə, Azərbaycanın gələcəyi idarə olunan demokratiya çərçivəsində baş verəcək. Onsuz da biz islahatlara gedirik. Qəbul edilmiş büdcə layihələri, eləcə də, bəzi sazişlər onu göstərir ki, Qərblə ciddi əməkdaşlıq mövcuddur. Ona görə də, iqtisadi, siyasi islahatlar idarə olunan demokratiya şəraitində baş verəcək. Dəyişikliklər qaçılmazdır. Neft erası artıq bitib. Ona görə islahatlar prosesinə gedirik. Bu prosesdə müxalifətin necə iştirak etməsi məlumdur. Bilirəm ki, hansı danışıqlar gedib, hansı vədlər verilib. Özlərindən soruşsanız, deyəcəklər".
скачать dle 12.1
Xəbər lenti