Yeganə Hacıyeva: “Sanksiyalar üçün münbit şərait var”

14-09-2015, 17:47
0
Yeganə Hacıyeva: “Sanksiyalar üçün münbit şərait var”

“125-lər” Siyasi Klubunun üzvü Yeganə Hacıyevanın “Yeni Müsavat”a müsahibəsi

 

- Namizədliyinizi hansı dairədən irəli sürmüsünüz? İlk mərhələ necə keçdi? Bəzi namizədlər bildirir ki, onlardan qanunvericilikdə nəzərdə tutulmayan sənədlər tələb olunub. Sizdən belə sənədlər tələb olunmadı? 

- Namizədliyimi 26 saylı Sabunçu Birinci Seçki Dairəsindən irəli sürmüşəm. İlk mərhələnin çox da rahat  keçdiyini söyləyə bilmərəm. Məsələn, sənədlərimizi qanunvericilikdə V  çağırış Milli Məclis seçkiləri üçün namizədliyin irəli sürülməsinə rəsmi start verilən gündən  Dairə Seçki Komissiyasına  təqdim etməyə cəhd göstərsək də, buna ancaq bir necə gün sonra nail ola bildik. Sənədlərimin rəsmən sentyabrın 5 dən təqdim etməyimə baxmayaraq isə  hələ də namizədliyimin dəstəklənməsi üçün  imza vərəqlərimi ala bilməmişəm. Ümumiyyətlə isə qeyd edim ki, seçki  qanunvericiliyində  boşluqlar mövcuddur, həmçinin seçki qanunvericiliyi ilə  Mərkəzi Seçki Komissiyasının təlimatları arasında bəzi uyğunsuzluqlar var və bunlar təzad yaradır,   müəyyən məsələlərdə  namizədlər üçün narahatçılıq yaradır. Mən də bu narahatçılıqdan kənarda deyiləm. Digər namizədlər imza toplamağa başlayıb, ancaq biz imza vərəqələrini götürə bilmədiyimiz üçün yubanırıq. Buna görə də mövcud zamandan  seçkidə iştirakın texniki detallarını yekunlaşdırmaq üçün istifadə edirik. Bura seçki qərargahının texniki təchizatından  tutmuş, daha öncədən hazırladığımız seçki strategiyamızın detallarının  dairəyə uyğunlaşdırması işlərini  həyata keçirmək aiddir. 
 
- Yardımçılarınız kimlərdir?
 
- Seçki marafonuna  tamamilə gənclərdən ibarət 230  nəfərlik  konüllülərdən ibarət seçki komandası ilə qatılmışam və  beynəlxalq standartlara cavab verən  bir seçki kampaniyası aparmaq niyyətindəyəm. Bu həmçinin Azərbaycan siyasətində bir ilkdir. Komandamız  məntəqələr və seçici təbəqələri  üzrə fəaliyyət göstərən  işçi  qruplara, yerli və beynəlxalq  PR qruplarına , müşahidəçilər və  lojistik  məsələləri  həll edəcək  qruplara bölünüb. İndi komandalar  üzrə texniki işləri  yekunlaşdırmışıq və seçkiyə tam hazırıq deyə bilərəm. Digər tərəfdən komanda  dairədə  təmasları qurur, dairə ərazisində olan məktəb, gənclər evi, biznes, xidmət obyektləri, bazarlar, məscid  və s.  mərkəzlərlə tanış olurlar. Həmçinin məntəqələr üzrə problemlər və narahatçılıqları öyrənir, bütün bunları  əhatə edən  xüsusi baza yaradırıq. Bu təmaslarda  tanış olduğumuz  yüzlərlə seçici var. Sevindirici haldır odur  ki, tanış olduğumuz  seçicilərimizdən, xüsusilə gənclərdən bizləri tanıyanlar olur. 
Ümumiyyətlə isə tanış olduğumuz  seçicilərdən müsbət impuls alırıq. Xüsusilə namizədin gənc, Avropa təhsilli və iş təcrübəsi, beynəlxalq təşkilatlarda təmsilçiliyi olan bir  xanımın  olması onlarda rəğbətlə qarşılanır. Etiraf etməliyəm ki,   builki  seçki marafonu mənə özümdə və cəmiyyətimizdə bir  çox  xüsusiyyətləri  kəşf etməyə imkan verdi. Bu üzdən hədsiz şadam. Bir şeyi qəti deyə bilərəm, Azərbaycan seçicisi  diqqətsizlikdən, seçkidən-seçkiyə aktivləşən, gözə görünən, öncə söz verən və seçkidən sonra  itib  və bir də  növbəti seçkidə peyda olan millət vəkillərini görməkdən  seçkiyə  güvən limitini  və marağını itirib.  Həmçinin, Azərbaycan seçicisi ona və problemlərinə diqqət  göstərən, fikirlərinin öyrənilməsinə ehtiyac duyan bir seçicidir. Cəmiyyətimizdə kök atmış və uzun illər  mənsub olduğum keçmiş camiənin də  iddia etdiyi kimi, seçkini iqnora qoyan bir seçici deyil. Sadəcə,  özünə diqqətsizlikdən  prosesə marağını itirmiş bir kontingentdir.
- Rəqiblərinizin durumu necədir? Kimlərlə mübarizə aparacaqsız? Dairəni MM-də hazırda təmsil edən Fazil Mustafa haqqında seçiciləri nə deyir? 
- Mən ümumiyyətlə, həyatımda  gördüyüm bütün işləri, verdiyim bütün qərarları  imkanlara və ya fərdlərə görə deyil, dəyərlərə görə formalaşdırıram. Seçki kampaniyamın aparılmasında ən az diqqət yetirdiyim mövzu rəqib və onların fəaliyyətidir. Bu seçki kampaniyasını da fəaliyyətimizi seçiciyə, onun problemlərinə, onun istək və arzusuna  yönəlik və ən əsası isə  fərdlərin deyil, dəyərlərin üzərində qurmuşuq. O üzdən rəqibin kimliyinin bizim üçün əhəmiyyəti azdır.
- YAP-ın siyahısı açıqlanmadığına görə seçkidə iştirak etmək istəyənlərin bəziləri hələ də gözləmə mövqeyindədir. Onların bu addımını necə dəyərləndirirsiz? Sizcə, YAP niyə namizədlərini irəli sürümür?
- Seçkiyə hazırlıq uzun müddətli fəaliyyət tələb edən bir prosesdir. YAP-ın namizədlərinin irəli sürülməsindən sonra seçki gününə çox az bir müddət qalacaq. Bu kiçik zaman müddətində uğurlu seçki kampaniyası qurmaq imkanına şübhə edirəm və indi gözləmə mövqeyində olub hansısa təsadüfi şanslara ümid edənləri qeyri-ciddi siyasətçi kimi qəbul edirəm. YAP-ın namizədlərinin irəli sürülməsinin gecikməsinə gəlsə, bu partiya  minlərlə  üzvləri olan bir partiyadır. Məntiqi olaraq seçkidə özünü sınamaq istəyən çoxlu sayda  üzvləri var.  Siyahı çoxsaylı  namizədlər sırasından seçim etmək  çətinliyi üzündən gecikmiş ola bilər.
 - Seçkini boykot taktikasına necə baxırsız? Belə qeyri-müəyyən durumda mübarizə bəribaşdan uğursuzluq vəd edirsə, seçkiyə niyə gedilməlidir?
- Seçkinin boykot edilməsinə birmənalı olaraq,  mənfi baxıram. Seçki dövlətin və cəmiyyətin həyatında ən mühüm siyasi proseslərdən biridir. Siyasətlə məşğul olan insanların, qrupların və təşkilatların siyasətdə ən mühüm  hadisələrdən olan  seçkidə iştirak etməməsinin məntiqi izahını görmürəm. Qeyri-müəyyən durumda mübarizə aparmaq məsələsinə gəlsək, siyasət mövcud imkanları dəyərləndirərək gələcəyə baxmaq, mövcud şəraitlərdən yeni imkanlar yaratmaq sənətidir. O üzdən özünü siyasətlə ciddi məşğul olduğunu söyləyən qurum, təşkilat və ya fərdin  seçkidə iştirak etməmək seçimini doğru hesab etmirəm.
 
 - Avropa Parlamentinin Azərbaycanla bağlı son mövqeyi, ardınca ATƏT-in seçkini müşahidə missiyasından geri çəkilməsi prosesə necə təsir edəcək? Bu, seçkini saxtalaşdırmağa adət etmiş Azərbaycan hakimiyyətinə daha geniş imkanlar vermirmi? Qərbin bu taktikası Azərbaycanda Rusiya meyllərini daha da artırmayacaqmı?
- Keçən həftə Avropa Parlamenti Azərbaycan məmurlarına qarşı sanksiyalar tətbiq etmək və siyasi məhbusları qeyd-şərtsiz azad etmək, habelə onlara qarşı bütün ittihamları ləğv etmək çağırışı yer alan qətnamə qəbul edilib. Düzünü söyləyim, qətnamə mənim üçün gözlənilməz deyildi. Hələ bir az irəli gedərək deyə bilərəm ki, vəziyyət belə davam edəcəyi halda gələn payız Azərbaycan məmurlarına qarşı sanksiyaların tətbiqi qaçılmazdır. 
Qətnamənin ardınca  Azərbaycan XİN  Avropa İttifaqının nümayəndəsini  çağırdı və Bakıya qarşı sanksiyaları qəbul etməməyi tələb etdi. Bu vəziyyətin ciddiliyindən xəbər verir. Ümumiyyətlə isə mən hesab edirəm ki, Avropa Parlamentində  səslənən tənqidlərə, qəbul edilmiş qətnamələrə cavabları  Azərbaycan mediasında deyil, bu qurumların özündə və ən əsası, zamanında  vermək lazımdır. Çox təəssüf, Azərbaycanı təmsil edən nümayəndə heyətinin  bu istiqamətdə nəinki fəaliyyət göstərmək təşəbbüsü, heç imkanı da yoxdur.
Xarici dil və müasir strateji kommunikasiya imkanları,  hətta onları əldə etmək istəyi və qabiliyyəti olmayan  nümayəndələrlə Avropada uğurlu siyasət aparmağın mümkünlüyündən danışmaq yersizdir. İngiliscə danışmaq hələ  avropalının anladığı dildə danışmaq mənasını vermir. İndiki nümayəndə heyətinin fəaliyyəti Azərbaycanı, onun milli maraqlarını, beynəlxalq təşkilatlarda müdafiəsiz buraxıb. 
Builki seçkilər bu istiqamətdə mövcud vəziyyəti yaxşıya doğru dəyişmək üçün əla imkan ola bilər. Problemlər varsa, onları inkar etmək yox, danışıqlar yolu ilə çözüm tapmaq, onları həyata keçirmək lazımdır. ATƏT-in müşahidə missiyasının Azərbaycana gəlməsindən imtina etməsindən ilk narahat olası tərəf  rəsmi Bakıdır. 
Bu parlament seçkilərinin beynəlxalq legitimliyini şübhə altına ala bilər. Bu halda növbəti ildə Azərbaycan  maraqlarını beynəlxalq  təşkilatlarda tamamilə müdafiəsiz qalacaq. Bu, sanksiyaların həyata keçirilməsi üçün münbit şərait yaradacaq. Qərbin bu yanaşmasının Azərbaycan hökumətində  Rusiya meylliyin artırması ilə nəticələnəcəyinə isə şübhə edirəm. Azərbaycan regional və qlobal layihələrlə Qərblə çox sıx bağlıdır, bu bağlar asanlıqla qırıla bilməz.
скачать dle 12.1
Xəbər lenti