“Onlar qərar yox, sifariş icra edirlər”

16-09-2015, 12:48
0
“Onlar qərar yox, sifariş icra edirlər”
Adəm Məmmədov: “Bir neçə məsuliyyətsiz məmurun hərəkəti dövlətin imicinə ziyan vurur”
Tanınmış vəkil keçmiş həmkarlarına qarşı məhkəmə və mətbuat müstəvisində savaş açdı

 

Ötən saylarımızdan birində tanınmış vəkil Adəm Məmmədovun Nərimanov rayon icra şöbəsi ilə bağlı tənqidi fikirləri və buna qarşı tərəfin mövqeyi dərc olunmuşdu. Məsələni daha detallı araşdırmaq və aydınlığa qovuşdurmaq məqsədilə təkrar A.Məmmədovla həmsöhbət olduq. Beləliklə:
- Adəm müəllim, qəzetimizə ötən açıqlamalarınız qarşı tərəfin sərt reaksiyasına səbəb oldu. Maraqlıdır, keçmiş həmkarlarınızla aranızda nə baş verir?
 
- Obyektivliyiniz və respublikada gedən proseslərə qərəzsiz yanaşmağınızdan dolayı, ötən günlərdə qəzetinizə müraciət edərək, fikirlərimi açıqlamışdım. Qarşı tərəfin münasibətini dərc etməyiniz, eyni zamanda məsələyə daha da aydınlıq gətirmək üçün təkrar fikirlərimi almaq istəyiniz də ədalətli mövqeyinizi bir daha sübut edir. Bunun üçün redaksiyanıza təşəkkür edirəm. 
Heç istəməzdim ki, keçmiş həmkarlarım barədə, daha doğrusu, onların vəzifə səlahiyyətini aşaraq törətdikləri özbaşınalıq haqda bu qədər açıq bir müsahibə verim. Amma deməliyəm ki, Nərimanov rayon icra şöbəsi qərar yox, sifariş icra edir. Bir müddət mən Moskva şəhərində olduğum üçün icra məmuru Fuad Kərimovun mənim birinci açıqlamalarıma verdiyi qeyri-peşəkar şərhə vaxtında münasibət bildirə bilmədim, hazırda o məsələlərin hamısına qanun çərçivəsində və detallı münasibət bildirəcəm. Səmimiyyətimlə qeyd edirəm ki, vəkillik fəaliyyəti ilə məşğul olduğum son üç ildən artıq bir müddətdə həmişə çalışmışam keçmiş həmkarlarım - icra məmurları ilə mənə müraciət edən vətəndaşlar arasında yaranmış anlaşılmazlıq və problemlər konfliktə çevrilmədən, bir-birimizin şəxsiyyətinə, işgüzar nüfuzuna, vəzifə və öhdəliklərinə qarşılıqlı hörmətlə yanaşaraq həll edim. Lakin son hadisə öz masştabı ilə, keçirildiyi ərazinin nüfuzu və önəmi nəzərə alınmaqla, eləcə də qanunlara və Azərbaycan dövləti adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə açıqca hörmətsizlik bir yana, hətta Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin yüksək vəzifəli, səlahiyyətli nümayəndələrinin, türk iş adamlarını təmsil edən qurumlarının (TÜSİAB və TİKA) yüksək vəzifəli nümayəndələrinə də saymazyana münasibət nümayiş etdirməklə həyata keçirilmişdir ki, həmin hadisə vaxtı vəzifə səlahiyyətlərini aşmağı bir kənara qoysaq belə, daha ağır cinayət əməlinin törədilməsinin ehtimalı çox yüksək olmuşdur. 
- Oxucularımıza aydın olsun deyə, hadisənin mahiyyəti haqqında daha geniş məlumat verə bilərsinizmi?
- Ola bilsin ki, oxucularınızın çoxu bilmir. İcra məmurları məcburi icra orqanını təmsil edən qurumun əməkdaşlarıdır. Onların bütün hərəkətləri "İcra məmurları haqqında" və "İcra haqqında" Azərbaycan Respublikasının Qanunları ilə tənzimlənir. Bu o demək deyil ki, onlar məcburi icra orqanı kimi istənilən hərəkəti həyata keçirə bilərlər. Onlar Qanun çərçivəsində hərəkət etməlidirlər, yəni müvafiq məhkəmənin qətnaməsi əsasında verilmiş icra sənədində göstərilənləri tələb edə bilər. Mənim üçün də təəccüblüdür. Vəzifə səlahiyyətlərini aşaraq etdikləri özbaşınalığa görə niyə sorğu-sual edilməyəcəklərindən əmindirlər? Nəyə arxayındırlar ki, bu qədər açıq-aşkar vətəndaş hüququna, vətəndaşın müdafiə hüququna, vətəndaşın mülkiyyət hüququna, şirkətlərin fəaliyyət və sahibkarlıq hüququna qanunsuz müdaxilələrinin qarşısının alınmayacağını düşünürlər? Bu hadisə məni o qədər hiddətləndirdi ki, türklər demişkən, "bardağın daşdığı andır" deyərək mən bu fikirləri bəyan etmək qərarına gəldim. 
Mən qəti olaraq bildirirəm ki, Nərimanov rayon icra məmuru Fuad Kərimovun qəzetinizə verdiyi açıqlamasında vəzifə səlahiyyətini aşmaqla etdikləri özbaşınalığa absurd formada, ümumi sözlərlə don geyindirmək istəsə də, de-fakto mənim dediklərimi etiraf etmişdir. De-yuri, yəni qanunlara və konkret maddələrə istinad edərək cavab vermək istəyirəm. Birincisi, deyir, qanunsuzluğa yol verilməyib. Onda "İcra haqqında" Azərbaycan Respublikasının Qanunu kimin üçün yazılıb? Qanunun 8.2-ci maddəsində konkret göstərilir ki, icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu 10 gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir.  Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun  72.3-cü maddəsinə əsasən, icra məmuru çıxarılmanın günü və vaxtı haqqında borcluya rəsmi bildiriş verir.
İkincisi, bildirir ki, həmin obyekt bankın girovundadır, "İpoteka haqqında" Azərbaycan Repsublikası Qanununun 25.1.1-ci, 26.1.3-cü maddələrinin tələblərinə əsasən,  ipoteka müqaviləsi üzrə ipoteka predmetinin ipoteka saxlayanın sahibliyinə və (və ya) istifadəsinə verildiyi hal istisna olmaqla, ipoteka qoyulmuş əşyaya sahib olmaq və təyinatına uyğun olaraq ondan istifadə etmək ipoteka qoyanın hüququdur. İpoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin banka verilməsini tələb etmək ipoteka saxlayanın (bankın) hüququdur. "İpoteka haqqında" Azərbaycan Repsublikası Qanununun Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. 
- Qeyd etdiyiniz icra məmuru sahibkara nə kimi təzyiq göstərib?
 
- İcra məmuru Fuad Kərimov nə vaxtdan Bankın xahişini icra edən orqan olub?! Əlində hansı məhkəmə qərarı və ya icra sənədi oldu ki, Fuad Kərimov gəlib mülkiyyətçinin sahiblik və istifadə hüququnu məhdudlaşdırır, saxlanca banka təhvil verir və oraya bankdan mühafizə təyin edir? Bütün bunlar azmış kimi, sahibkarı təhdid və təzyiqlə "obyekti bağlayıram" deyərək, qeyri-qanuni iltizam verməyə belə məcbur edir. Onun nəzərinə çatdırım ki, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 1-1-ci maddəsində açıq-aydın göstərilir: İcra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Belə olan halda, Fuad Kərimovu vəzifə səlahiyyətini aşaraq Bankın tərəfində durmağa məcbur edən nədir? Həmin Qanunun 29-cu maddəsini diqqətlə oxusa, icrada iştirak edən tərəflərin hüquq və vəzifələrinə hörmətlə yanaşardı. 
Bir daha Fuad Kərimovun və onun rəisi Kamal Əliyevin nəzərinə çatdırıram ki, həmin Qanunun 57.3-cü maddəsində ipoteka predmetinin üzərinə tələb yönəldilməsinin xüsusiyyətləri müvafiq qanunvericiliklə müəyyən edilir, sifarişlə, rəhbərliyin göstərişi ilə, bankın xahişi ilə yox! "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 59.3.1-ci maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Belə olan halda, bu iş üzrə verilmiş icra sənədində obyektin boşaldılması (çıxarılma) və müddəti haqqında heç bir göstəriş yoxdursa, sizin də vəzifəniz icra vərəqəsində göstərilənləri icra etməkdirsə, onda bu özbaşınalığınıza nə ad verək?!
Sonda, redaksiyanız vasitəsilə xahiş edirəm ki, göstərdiyim xüsusatlar üzrə, boş sözlərlə yox, qanuna müvafiq və qanunlara istinad edərək qarşı tərəfin mövqeyini də araşdırın, axı sonuçda, onlar da hüquqşünasdırlar. Bir faktı da qeyd edim ki, həmin özbaşınalıq zamanı Ədliyyə Nazirliyinin "qaynar xəttinə", eləcə də aşağıdakı nömrələrə 012 510 10 01 (daxili 1030) zəng edilmiş, o isə bildirmişdir ki, "məsələnin bizə aidiyyəti yoxdur, icra şöbəsinə müraciət edin". Nə qədər gülüncdür, deyilmi?! Sonradan İcra Baş İdarəsinin rəisinə 012 510 10 01 (daxili 1400) yığılır, ondan da bir cavab alına bilmir. Bu azmış kimi icra məmurlarının təzyiq, təhdid və təsiri ilə "KRAL" mebel dükanının sahibindən qeyri-qanuni olaraq iltizam alınır ki, yarımçıq boşaldılmış dükan ayın 20-dək tam boşaldılıb banka təhvil verilsin. Bank da gətirib qapının ağzına təhlükəsizlik xidmətinin işçisini qoyur. Bu qədər də olmaz! Dəfələrlə edilən hərəkətlərin aktlaşdırılmasının tələb olunmasına baxmayaraq, icra məmurları gülərək kinayəli surətdə "nəyi aktlaşdırıb imza atmalıyıq?!" deməklə qarşıdakıları alçalda biləcək nümayişkaranə hərəkətlərlə hadisə yerini tərk etmişlər. Burada mən bir təklif xarakterli çıxış etmək istəyirəm. Çox istərdim ki, Ədliyyə Nazirliyinin "qaynar xətti" də digər nazirliklərdəki 3 rəqəmli nömrə olsun və onların da belə hadisələrə anında müdaxilə etmək imkanları olsun. Axı bu vəziyyətə düşmüş onlarla, yüzlərlə vətəndaş, iş adamı bu özbaşınalıqların qarşısını almaq üçün sonradan məhkəmələrə müraciət etmək məcburiyyətində qalırlar, bu proseslər də illərlə davam edir, bu proseslər zamanı ağ köynəyinin ağ olmasını məhkəmə qərarı ilə sübut etməyə çalışan vətəndaşlar, iş adamları həm maddi və mənəvi, həm də iqtisadi sıxıntılar yaşayırlar. Bu azmış kimi, belə məhkəmə prosesləri Avropa Məhkəməsinə qədər gedib çıxa bilir. İndi baxın, bir neçə məsuliyyətsiz məmurun hərəkətləri 3-5 il məhkəmə çəkişməsinə səbəb olmağı bir yana, sonuçda dövlətin imicinə də ciddi ziyan vurur. Əgər bura tərəflərə dəymiş maddi və mənəvi ziyanı əlavə etsək, bunu dövlətə əlavə maliyyə itkisinə səbəb ola biləcək hal kimi qiymətləndirsək, bu məsuliyyəti məmurun dərk etməsi məcburidir. 
- İcra məmurlarının hərəkətləri ilə bağlı kifayət qədər narazılıqlar dolaşır. Həmin  qurumun keçmiş əməkdaşı kimi fikirləriniz maraqlıdır: bu sistemdə nə baş verir? 
- Bu olduqca geniş bir mövzudur. Başqa bir söhbətimizdə bu haqda ətraflı məlumat verəcəm. Xırda bir faktı qeyd edim ki, əgər bir rayonun icra məmuru qərar, bildiriş belə təqdim etmədən, xırda məbləğ olan pul tələbi ilə digər rayonun icra məmuruna onun xəbəri olmadan axtarış verirsə və həmin icra məmuru da ailəsi ilə birlikdə Azərbaycandan kənara istirahətə gedərkən axtarışla tutulub saxlanılarsa, ailəsinə və təmsil etdiyi quruma hörmətsizlik gətirirsə, deməli, doğrudan da nələrsə baş verir. Lakin bir şeyi də qeyd edim ki, icra qurumlarında icra məmurları arasında kifayər qədər vətənpərvər, ləyaqətli, cəsarətli və peşəkar, "Ədliyyədə qulluqkeçmə haqqında" Qanuna və etik davranış qaydalarına riayət edən insanlar var və dəqiq əminəm ki, Ədliyyə Nazirliyinin rəhbəri tərəfindən bu hadisəyə ədalətli qiymət veriləcək, bu özbaşınalığı törədən icra məmurları və onları buna təhrik edənlər cəzalandırılacaqlar. Bir daha qeyd edirəm, Ədliyyə Nazirliyinin tərkibində belə hadisələrə anında müdaxilə etmək statusu və mexanizmi olan bir quruma ehtiyac var.

 

скачать dle 12.1
Xəbər lenti