Pis və oğru prezident

9-09-2023, 19:27
497
Pis və oğru prezident

Qənimət Zahid

Bu Rasim Balayev- İlham Əliyev- Babək söhbətləri çox zaman aldı. Hələ də sosial şəbəkələrdə adda- budda yazılar peyda olur, Rasim Balayevin İlham Əliyevə necə deyərlər, aşırı təşbehinə kinayə ilə, əlbəttə, mən ən yumşaq ifadələrdən istifadə edirəm, lağla, həqarətlə yanaşanları ittiham edən mövqe yazıları da olur, Balayevin Dədə Qorqud sayağı ad qoyma mərasiminə haqq qazandıranlar da olur.
Dəyərli millət, qiymətli ekspertlər, sevgili xalq. Söhbət, sadəcə olaraq, Rasim Balayevdən getmir. Mən Rasim Balayevin sənətini aşağılayan ciddi fikirlərə rast gəlmədim. Balayev əla aktyordur, öz rollarını yüksək məharətlə ifa edir. Azərbaycan kinosunda bu çapda olan sənətkarlar azdır, təəssüf ki. Məsələnin bu tərəfi ilə bağlı söhbət aydındır.
Bu hadisənin ya miqyasını görmürlər, ya da qəsdən təhrif edirlər, ya sadəcə olaraq, İlham Əliyevi ictimai rəydə bir az yuxarı dartmaq üçün nələrsə yazmaq- söyləmək lazım gəlir, ya nə bilim, min dənə başqa üsuli – ətiq və üsuli – cədidlər var ki, onları sadalamaq əziyyətli işdir.
İlham Əliyev prezidentdir və pis prezidentdir. Bunu Azərbaycanda bilməyənlər varsa, onları cahilliyin qurbanı adlandırmaq daha rahatdır, başqa cür yorum vermək mürəkkəbdir, mümkün deyil. Adam pis prezidentdir. Oğrudurmu- oğrudur, tayfabazdırmı- tayfabazdır, ailə klan hakimiyyəti qurubmu- qurub, dünya çapında korrupsiya çempionu adını alıbmı- alıb, diktatordurmu- əlbəttə, elədir, neft və milyonlar səltənətinin sakinlərini həyat naminə sürünməyə vadar edirmi- edir və ən başlıcası, lap əvvəldə dediyim kimi oğrudur, vəssəlam. Prezident oğrudursa, o, yaxşı prezident ola bilməz. Prezident oğrudursa, o, pis prezidentdir. Nəinki pis prezidentdir, oğrudursa, həm də çox pis adamdır. Üstəlik, bir var, bir dəfə təsadüfən tamahını saxlaya bilməyib oğurlayasan, əlindən xəta çıxmış kimi, amma bir də var, həyatının konstruksiyası bu oğurluq prosesinin üzərində qurula və o da hər saat, hər gün oğurlayır.
Bu da fövqəladə bir nəsnə deyil. Oğrular bütün cəmiyyətlərdə var, oğurlamağa meylli olan prezidentlər və dövlət məmurları da yalnız Azərbaycanda deyil. Amma İlham Əliyev bütün dünyadakı oğru prezidentlər arasında ən iri çaplılarından biridir. Uyğun olaraq, dünyadakı ən psi adamlar arasında da boyuna və xoyuna görə ön sıralarda dayanmağı haqqı etmiş adamdır, amma bu da bəla deyil. Bəla odur ki, on illər boyunca və hər saat, hər gün oğurlayan adam necə prezident olaraq qala bilir?
Bax, burda çoxlu suallar meydana çıxır !
Bir ölkədə diktatura qurulursa, günahsız insanların şərlənərək həbsxanalara atılması, ölkədən didərgin salınması o zaman kütləvi hal alır ki, toplumun özünümüdaifə mexanizmləri sındırılır. İctimai ləyaqətin və fərdi qürur göstəricilərinin standartları dəyişdirilir, uğurla dəyişdirilir. Yalnız xüsusi diqqətlə seçilmiş adamların deyil, bütün cəmiyyətin haqqı əlindən alınır, Dövlət adından zorakılıq adiləşir və kütləvi şüurda dövlət insanlaşır. Zor və talan, qarət, ədalətsizlik dövlətin müxtəlif məmur şəkilləri ilə identifikasiya edilən təsvirinə çevrilir. Prezident ölkə əhalisinin tamamının haqqını əlindən alaraq onun 1 faizini ıhalinin 1 faizlik kəsiminin rəyini satın almaq məqsədilə istifadə edir. Faizlər şərti ola bilər, mən riyaziyyat dərsi demirəm, sadəcə ümumi situasiyanı anladıram. Orta statistik azərbaycanlının ölçüləri məhdudlaşdırılır, mənəvi baxımdan qısırlaşdırılır, qorxaqlıq və yaltaqlıq həyat stimuluna çevrilir, bu keyfiyyətlər mükafatlandırılır. Bütün bunların başında şəxsən prezident dayanır. O, bu şəkildə əhali istəyir və israrla həmin əhali topasını yaradır. İnsafən, xeyli uğurları da var.
Bəs, bütün bunlarda Rasim Balayevin günahı varmı? Birbaşa, əlbəttə, yoxdur. Özünü ağıllı sayaraq «əl çəkin millətin bu istedadlı oğlundan» deyə hikkə saçan ekspertləri, ziyalı cücərtilərini də məyus etməli olacam.
Əl çəkmək, kimsəni xilas etmir.
Bir rejim, bir dəstə adamın harın iddiaları, millətin haqq və hüququnu soymaq, talamaq əzmi ilə yola çıxmış, haramı quldruları kimi azğın və qəddar insanların, millətin heysiyyəti və iradəsi ilə oynayanların qarşısına kim çıxmalıdır? Ölkənin ziyalı təbəqəsi. Bu, hər yerdə belədir. Millətin, yəni, bütün millətlərin ziyalı kəsimi mənsub olduqları xalqların kapitalı- söhbət təkcə maddi anlamda kapitaldan getmir, səyi və gücü, potensialı hesabına xüsusi qabiliyyətlərini üzə çıxararaq ziyalı adlandırılan o qoruyucu qatın tərkibinə qarışıblar. Azərbaycanlıların min illər ərzində yaratdığı mənəvi dünyanın, elmi vərdişlərin, ədəbiyyatın, tarixin qəhrəmanlıq səhifələrinin hərflərini əzbərləyərək, kitablarını oxuyaraq böyüyüblər- böyüyüblər və olublar bu millətin ən pozitiv dəyərlərini daha da irəli aparmaq missiyasının daşıyıcıları. Heç bir azərbaycanlı bir ingilis və ya rus, tanzaniyalı, hindistanlı, hətta türkiyəli elm- sənət, siyasət xadimlərindən nəsə ummaz. Öz içindən yetişdirdiyi insanlardan umar, çünki bu insanların boynunda onun haqqı var.
Söhbət konkret olaraq Rasim Balayevdən gedirsə. Onun yaratdığı obrazların hər birinə görə qazandığı şöhrətin içində böyük bir dəstə adamın xidməti- əziyyəti var. Ssenari müəllifi, rejissor, işıqçı, operator, quruluşçu rəssam,.. kino istehsalatının nəhəng bir dəstəsi. Rasim Balayevin ifaslnda azərbaycanlılara təqdim edilən Babək, Nəsimi, Beyrək, nə bilim o biri personajların hamısı gerçəyindən ədəbi təxəyyül məhsulu olanına qədər Azərbaycan xalqına aiddir. Aktyor, heç, ssenari müəllifinin yazdığı sözləri əzbərdən də xətasız deyə bilmir, sonradan səsyazma otağına gedib səsləndirir və kadrların üstünə qoyurlar. Babəkin ədəbiyyat obrazını yaradan Ənvər Məmmədxanlı, yəni ssenari müəllifi niyə bu qədər məşhur deyil, çünki, o, yalnız rejissorla və ya kino dəstəsi ilə işləyir. Personajlar isə bütün xalqa hazır məhsul kimi təqdim edilir, xalq da əgər bu ifa qəşəng alınıbsa, onu sevir, yarıtmaz alınıbsa boş verib keçir. Hələ mən demirəm ki, Babək obrazını bir kənara qoyun, Babəkin özü özünü yaratmış tarixi şəxsiyyətdir. Və bütün bunlar azərbaycanlılara, onların tarixinə, bu gününə aiddir. Yəni, sponsor Azərbaycan xalqıdır. Sadəcə Rasim Balayevə aid deyil, ölkənin ziyalılar qatına aid olmalı olan tanınmışları sırasında, təbii kii, pozitivləri sırasında tanınmışlarına aid olan bütün övladlarına aiddir.
İstər aktyor olsun, istər alim, istərsə də hər hansı başqa pozitivləri ilə o sıraya qatılmaq haqqı olanların hər biri.
Millətin ziyalı təbəqəsi, qoruyucu qatı millətin öz enerjisi, gözünün nuru, passionarlığı, qeyrətləri- səyləri ilə yaratdığı bir qatdır. Bir valideyn öz oğlunu oxutmaq, ona təhsil vermək üçün nə qədər əziyyətlər çəkirsə, Azərbaycan xalqı da öz ziyalı təbəqəsinin yetişməsi üçün o qədər əziyyət çəkir. Evinizdə körpəlikdən tutmuş ta əlinizdə iş, dizinizdə taqət, sözünüzdə kəsər izləri qalan çağa qədər övladlarınızın yetişməsi üçün diqqət ayırırsız, vəsait xərcləyirsiz. Bu, bioloji baxımdan da belədir, özünü törətmə, davamiyyət instinkti bütün canlılar üçün vaz keçilməz, uğrunda özünü fəda edəcək qədər mühüm keyfiyyətdir.
Azərbaycan ziyalıları, böyük əksəriyyət etibarı ilə millətin qoruyucu qatını təşkil etmək missiyasından imitna ediblər. Könüllümü, yox, o qədər də qəddar deyiləm ki, bu prosesi könüllü adlandırım. Zorla, məcburən. Həyat sınaqları ilə. Çünki, ölkənin idarə edən zümrə onları ictimai avtoritet kimi yox, saray bəzəkləri kimi görmək istəyib, inzibati və maddi imkanlarını bunun üçün sərf edib və etməkdədir. Rasim Balayev də o qoruyucu qatda millətin hələ də qaldığını güman etdiyi şəxslərdən biri idi və daha elə deyil. İnsanlar öz təsəvvürlərində yaratdıqları ümid çıraqlarının bir- bir söndüyünə görə məyusdurlar. Yoxsa, Rasim Balayevin bir məşhur sözü vardı, deyirdi ki, «Mən Nəsimi və ya Babək deyiləm. Mən qəhrəman deyiləm, qəhrəman obrazını kinoda oynamışam », sadəcə olaraq,
Bəyəm azərbaycanlılar Rasim Balayevə Babək gözüylə, Nəsimi gözüylə baxırdılar ki ? Azərbaycanlılar ona peşəkar bir aktyor, yetişmiş bi ziyalı kimi baxırdılar və yeri gəlmişkən, bütün peşəkar aktyorların heç də hamısına yalnız Azərbaycanda deyil, elə başqa ölkələrdə də gerçək milli ziyalı kimi baxılmaz. Rasim Balayev isə bu dəyəri almışdı və daha onu daşıya bilməyəcəyini göstərdi.
Kimsə ondan qəhrəmanlıq gözləmirdi ki. Yaxud, niyə fərqində deyilsiz ki, əslində elə həmin o başabəla ekspertlər də «Əliyevin verdiyi medaldan imtina etməyi» qəhrəmanlıq sayılar. Onların əksərriyəti bunu məhz bu cür təqdim ediblər. Bu medaldan imtina etməyi qəhrəmanlıq sayırlar, medalı götürməyi qəhrəmanlıq saymırlar, adi güzəran davranışı hesab edirlər. Qəhrəmanlığın tərsi qorxaqlıq və yaltaqlıqdırmı, yoxsa bir orta yol da varmı? Mənə görə orta yol da var. Qəhrəmanlıq deyilsə, sadəcə qorxaqlıq da deyil, bəlli bir missiyadan imtina etməkdir. Yəni, mənim də sevdiyim, fərqləndirdiyim, sayğı bəslədiyim Rasim Balayev daha Azərbaycan xalqının ziyalı qatında deyil, o zatən, çoxdan orda olmadığını bildirmişdi, adamlar bu istefanı qəbul etməmişdilər. İndi isə hamı bunu istefa faktı kimi yox, işdən qovulma faktı kimi qarşıladı.
Əks arqumentlər olacaqsa, söhbətin əvvəlinə baxın. Yəni, Azərbaycan dövlət səviyyəsində, prezident səviyyəsində, onun yaxın vəı uzaq çevrəsi səviyyəsində on illərdir ki, davam edən müdhiş oğurluqların, talanın qarətin, milləti hər gün bir az daha mağmınlaşdırmağın, bədbəxt etməyin şedevr nümunələrinə şahidlik edən ölkədir. Millətin ziyalı demək istədiyi adamlar bu şedevrləri görürlər, yaxşı görürlər, sadəcə olaraq özlərinə də bir əmzik istəyirlər və buna görə də adamlar onlardan üz döndərirlər, onlara əvvəlki kimi baxmırlar, baxa bilmirlər.
Başa düşürsüzmü, niyə belə alınır?..

скачать dle 12.1
Xəbər lenti