O, məhbusların informasiya hüquqlarını təmin etmək üçün qanunvericilikdə dəyişiklik təklif edirİşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov həbsxanadan yazdığı məktubunda
bildirir ki, Daxili İşlər Nazirliyinin (DİN) saxlanma yerlərində və Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində məhbusların media və informasiyaya çıxışı məhdudlaşdırılır, senzura tətbiq olunur və qanunlar pozulur.
Afiəddin Məmmədov yazır ki, DİN-in nəzdində olan inzibati qaydada həbs olunan şəxslərin saxlanıldığı təcridxanada baxmağa icazə verilən yeganə kanal “Xəzər TV”-dir.
“Niyə dövlət kanalı olan “AZTV” və ya “İctimai TV” yox, məhz “Xəzər TV”? Kameralardakı televiziyaların idarəsi müəssisə tərəfindən ümumiləşdirilmiş sistem vasitəsi ilə həyata keçirilib. Yəni, baxacağımız kanalı da, saat aralığını da müəssisənin növbətçi hissəsi təyin edir. Kanalın dəyişdirilməsi tələb edildikdə isə “bütün məhbuslar “Xəzər TV”-yə baxmaq istəyir” cavabı ilə rədd edilir”.O deyir ki, öz kamerasındakı məhbuslardan istisna digər məhbuslarla kommunikasiyada olmaq mümkün olmadığı üçün bu cavabın nə qədər real olduğunu demək mümkün deyil.
Konfederasiya sədri deyir ki, Ədliyyə Nazirliyinin həbsxanalarında vəziyyət fərqli, lakin hələ də problemlidir.
“1 saylı Bakı İstintaq Təcridxanasında məhbuslar aylıq 10 manat ödəyərək “ATV+” şəbəkəsinə qoşulub xarici kanallara baxa bilirlər. Amma 3 saylı “Umbakı” Penitensiar Kompleksində bu imkan yoxdur. Kompleksin qapalı rejimli hissəsində televiziya ümumiyyətlə təmin edilmir. İstintaq təcridxanası hissəsində isə yerli kanallarla yanaşı, Azərbaycanda yayım hüququ olmayan İran və Gürcüstan kanalları antenalar vasitəsilə göstərilir. Bu kanalların məhbuslara niyə izlədildiyi bəlli deyil”.Afiəddin Məmmədov deyir ki, Audioviual Şuranın qərarına əsasən, erotik yayımların istehsalı, daşınması və yayımı qadağandır. Lakin, həm “ATV+” şəbəkəsində olan rus kanallarında, həm də gürcü kanallarında erotik görüntülər senzurasız yayımlanır.
Afiəddin Məmmədov həmçinin yazır ki, məhbusların qəzet və jurnal əldə etmək imkanları da məhduddur.
“Televiziyalar olduğu üçün qəzet və jurnallar dövlət tərəfindən təmin olunmur. Daxili İşlər Nazirliyinin müəssisələrində qəzet və jurnallara ümumiyyətə çıxış imkanı yoxdur. Penitensiar müəssisələrində isə bəzi krossvord olan qəzetlər satılır”.Afiəddin Məmmədov həbsxanalarda məhbusların informasiya hüquqlarını təmin etmək üçün qanunvericilikdə dəyişiklik təklif edir. O, Gürcüstan və bəzi Qərb ölkələrindəki kimi məhbuslara internetə çıxış imkanı verilməsini, bütün qəzet və jurnalların satılmasını istəyir. Bu, məhbusların psixoloji vəziyyətini yaxşılaşdırar, onların cəmiyyətdən təcrid olunmasını azaldar və yenidən inteqrasiyalarını asanlaşdırar.
Afiəddin Məmmədov azərbaycanlı ictimai fəaldır və İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri kimi tanınır. Bu təşkilat 2022-ci il martın 1-də yaradılıb və Azərbaycanda işçilərin hüquqlarını müdafiə etmək məqsədi daşıyır.
Afiəddin Məmmədov işçilərin əmək hüquqlarının qorunması ilə bağlı etiraz aksiyalarında fəal iştirak edib. O, fəaliyyətinə görə, bir neçə dəfə inzibati həbslərlə üzləşib. Bu həbslər xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmama ittihamları ilə əsaslandırılıb.
2023-cü il sentyabrın 20-də isə Afiəddin Məmmədov cinayət işi ilə həbs olunub və ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3 (silahla xuliqanlıq) və 228.4 (qanunsuz silah saxlama) maddələri ilə ittiham irəli sürülüb. Yanvarın 14-də ona 8 il həbs cəzası verilib.
скачать dle 12.1