Əli Zeynalın “karser”ə salındığı ehtimal edilir

26-04-2025, 17:19
18
Əli Zeynalın “karser”ə salındığı ehtimal edilir
Akif Qurbanovun isə ailəsinə zəng etməsinə məhdudiyyət qoyulub
“Toplum TV işi” üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynalın cərimə təcridxanasına (karser) salındığı ehtimal edilir.
Yaxınlarının məlumatına görə o, aprelin 25-də təcridxanada zəng günü olduğu üçün ailəsi ilə əlaqə saxlamalı imiş. Lakin zəng etməyib.
Yaxınları Əli Zeynalın ötən günkü məhkəmə prosesindəki çıxışından sonra “karser”ə salındığından şübhələnir.
Ötən günkü məhkəmə prosesində Əli Zeynal dövlət ittihamçısı Rauf Malışova etiraz edib. O bildirib ki, prokuror Rauf Malışov “AbzasMedia işi” üzrə məhkəmədə də ittihamı müdafiə edir və jurnalistlərlə pis rəftar göstərir. O, yeni prokurorun təyin edilməsini tələb edib və bunu “işlənmiş dövlət ittihamçısı” istəmədiklərilə əlaqələndirib.
“Toplum TV işi” üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanovun da ailəsinə zəng etməsinə məhdudiyyət qoyulub.
Bunu Toplum TV-yə onun yaxınları deyib.
Yaxınları bildirir ki, bu gün Qurbanovun onlara zəng günü idi, amma buna icazə verilməyib.
Bu məhdudiyyətin səbəbi kimi onun və digər təqsirləndirilən şəxslərin aprelin 24-də “Toplum TV işi” üzrə baş tutan məhkəmə prosesindəki sərt çıxış etmələri ehtimal olunur.
Prosesdə təqsirləndirilənlər prezident İlham Əliyevin şahid kimi dindirilməsini və Baş prokurorun ittihamları sübut etməsini istəmişdilər.
2024-cü il martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu”, həmçinin “III Respublika Platforması“nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb.
“Toplum TV”nin əməkdaşları Fərid İsmayılova, Elmir Abbasova, Müşfiq Cabbara və İDİ-nin rəhbəri, həmçinin ResPlatformanın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
2024-cü ilin martın 8-də “III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli və “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli də həmin ittiham üzrə həbs olunublar.
Bu cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub.
Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə (Fərid İsmayılov və Elmir Abbasov) istintaq dövründə azadlıqda qalmasına qərar verilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd də ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.
2025-ci il yanvarın 17-də “Toplum TV işi” üzrə istintaq yekunlaşıb.
Bu iş üzrə ittiham ağırlaşdırılıb, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 162-1.1 (Əmək müqaviləsi olmadan işə cəlb etmə), 192.3.2 (Qanunsuz sahibkarlıq, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitini leqallaşdırma, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 193-1.3.2 (Eyni əməllər, xeyli miqdarda törədildikdə), 206.4 (Qaçaqmalçılıq, mütəşəkkil qrup tərəfindən törədildikdə), 213.2.1 (Vergiləri ödəməkdən yayınma, mütəşəkkil qrup tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
“Toplum TV işi” ilə bağlı məhkəmənin qərarı ilə polis nəzarətinə verilmiş jurnalist Fərid İsmayılov həmin gün – yanvarın 17-də həbs edilib.
2025-ci il fevralın 5-də jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) “Toplum TV işi”ndəki ittihamlar üzrə şübhəli şəxs qismində saxlanılıb. Fevralın 6-da Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalist barəsində 3 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Fevralın 26-da Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalistin həbsi ev dustaqlığı ilə əvəz edilib.
Təzyiqlərin artması “Toplum TV”-nin ölkədə fəaliyyət göstərməsini mümkünsüz etdiyindən, media qurumu fevral ayından sonrakı fəaliyyətini ölkə xaricində yaşayan jurnalistlər vasitəsilə həyata keçirməyə qərar verib.
2023-cü ilin noyabrından bu yana ölkədə 30-a yaxın jurnalist həbs olunub.
Onlara qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb.
Həbs olunanların əksəriyyəti “Meydan TV”, “AbzasMedia”, “Toplum TV” əməkdaşlarıdır.
Jurnalistlər özlərini təqsirli bilmir, dövlət başçısı və digər məmurların korrupsiya əməlləri, digər qanunsuzluqlar haqda araşdırmalarına görə cəzalandırıldıqlarını bildirirlər.скачать dle 12.1
Xəbər lenti