Hakimiyyət dövlətin imicini necə məhv edir?

25-09-2015, 17:33
0
Hakimiyyət dövlətin imicini necə məhv edir?

Elə vəziyyət yaranıb ki, beynəlxalq aləm Azərbaycandan çox  Belarusa inanır

Hər ötən gün Azərbaycan hakimiyyətinin özünüifşa prosesi güclənir, dünyadakı etimad limiti tükənir və dövlətin imici ləkələnir. Hakimiyyət bütün baş verənləri dərk etsə də adekvat addım atmaq, yaranmış böhrandan çıxış yolu tapmaq istəmir. Çünki, bu hakimiyyət üçün əsas şəxsi maraqların təmin olunmasıdır. Demək olar ki, YAP hakimiyyətini tənqid etməyən mötəbər qurum qalmayıb. Artıq o mərhələ yetişib ki, dünya bunların əhilləşməyəcəyindən əmin olub. Ona görə də hakimiyyətin korrupsiya layihələri, repressiv siyasəti, seçki saxtakarlığı faktlarla ortaya qoyulur.

Iki gün öncə isə ATƏT-in tədbirində siyasi məhbuslara dəstək aksiyası keçirildi. Polşanın paytaxtında keçiriliən insan hüquqları və demokratiya məsələlərinə həsr olunan böyük konfransda iştirakçılar Azərbaycandakı siyasi məhbusların fotosu olan köynəklər geyiniblər. Bəli, növbəti dəfə beynəlxalq aləm Azərbaycan nümayəndə heyətini pərt vəziyyətə salıb və ölkədə şər-böhtan siyasətinin hökm sürdüyünü bildiriblər.

Qeyd edək ki, ATƏT noyabrın 1-də Azərbyacanda keçiriləcək seçkiləri müşahidə etməkdən imtina edib və konfransdakı aksiya da bu boykotun səbəblərini izah edir. Məsələ burasındadır ki, hakimiyyət bütün bu beynəlxalq təzyiqləri “islamafobiya”, “ksenofobiya”, “ikilistandartlar”, “erməni lobbisi” kimi arqumentlərlə zərərsizləşdirmək istəyir.

Bugünlərdə Azərbaycan Respublikasının ATƏT-dəki daimi nümayəndəsi Qalib Israfilov “AzərTac”a müsahibə verib və ATƏT-in müşahidəçilikdən imtinasına don geyindirməyə çalışıb: “Müqayisə üçün bildirim ki, 2013-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkilərində tərəfimizdən DTIHB ilə aparılmış məsləhətləşmələr nəticəsində Azərbaycana 280-ə yaxın müşahidəçi göndərilmişdi. ATƏT-ə üzv olan digər dövlətlərdə keçirilmiş seçkilərə nəzər yetirsək, DTIHB Rusiyaya 260 nəfər, Belarusa 310 və Tacikistana 170 nəfər tövsiyə etmişdi. Əlli milyon əhalisi olan Ukraynaya 600, 9,5 milyon əhalisi olan Azərbaycana isə 400 müşahidəçinin göndərilməsi məntiqi hansı metodologiyaya əsaslanır? Bu rəqəmləri, eləcə də parlament seçkilərinə digər beynəlxalq qurumların və ATƏT üzv dövlətlərinin müşahidəçilər göndərmək marağını nəzərə alsaq, Azərbaycan seçkilərin müşahidəsi məqsədilə DTIHB tərəfindən Milli Məclisin 125 üzvünün seçilməsi üçün rasional sayda müşahidəçi göndərməyi gözləyirdi” – deyə Qalib Israfilov bildirib.

Qalib Israfilov bu rəqəmlərə istinad etməklə, öz aləmində ATƏT-in qərəzli olduğunu sübut etmək istəyir. Əvvəla, əgər sənin şəffaf seçki keçirmək fikrin varsa, istənilən sayda müşahidəçinin ölkəyə gəlməsindən narahat olmamalısan.  Müşahidəçilərin say tərkibinə qarşı bu qədər aqressiya, hakimiyyətin məkrli niyyətindən xəbər verir.

Ikincisi, sadalanan rəqəmlər Azərbaycanın hansı vəziyyətə salınmasının göstəricisidir. Bu hakimiyyət ölkəni elə vəziyyətə salıb ki, Rusiyadan, Ukraynadan, Belarusdan fərqli olaraq bura daha çox müşahidəçi göndərmək zərurəti yaranıb.

Əslində bu müqayisələrə görə utanmaq lazımdı. Azərbaycanda seçkilər o qədər kobud şəkildə saxtalaşdırılır ki, daha çox beynəlxalq müşahidəçinin gəlməsinə ehtiyac duyulur. Görünür, beynəlxalq aləm Azərbaycanda gördüklərini, hətta  Belarusda, Rusiyada da görə bilməyib.

Bir sözlə, hakimiyyətin istənilən arqumenti öz əleyhinə işləyir. Faktiki olaraq Azərbaycanı qeyri-azad ölkələr siyahısına salıblar, ötən seçkilərdə 58 faiz saxtakarlıq qeydə alınıb və proses sanksiyalar həddinə çatıb. Indiki halda Azərbaycana daha çox müşahidəçini göndərmək istəmələri də Azərbaycan hakimiyyətinin “qabiliyyət”inə adekvatdı. Hakimiyyət utanmaq, ayıbına kor olmaq əvəzinə, cılız arqumentlərdən sallaşa qalıb.

скачать dle 12.1
Xəbər lenti