Demokratiya, yoxsa neft?

26-09-2015, 20:04
0
Demokratiya, yoxsa neft?

Azərbaycan ictimai təfəkküründə  belə fikir formalaşıb: “Ölkəmizdə həqiqi demokratiyanın inkişafı Amerika və Avropa üçün o qədər də önəmli deyil. Onsuz da istədiklərini alirlar. Neftimiz, qazımız qərbə axır, pullarımız ora gedir. Dempkratiya barədə şöhbətləri isə sifətlərini saxlamaq üçün otaya atırlar”. Belə yanaşma ilk baxışdan  məntiqli görünə bilər. Amma yalnız ilk baxışdan…

Son dövrlərdə baş verən hadisələr çox aydın şəkildə göstərir ki, həlledici gücə malik olan beynəlxalq qurumlar demokratik islahatlar məsələsində  son dərəcə ciddi dirəniş göstərirlər. Sual yaranır:  istədiklərinizi alırsınızsa, nə üçün demokratiya kimi mücərrəd dəyərə görə bütün qazanclarınızı risqə atırsınız? Qərbin siyasi dairələri öz qazanclarını və risqlərini çox gözəl hesablaya bilirlər. Buna şübhəniz olmasın. Deməli, öz real qazanclarını demokratiyaya görə risq altına qoyurlarsa, demokratiya anlayışı onlar üçün hansısa mücərrəd  dəyər deyil. Real maddi gəlirlər yalnız daha böyük maraqlar naminə risqə atıla bilər. Görəsən doğrudanmı Azərbaycanda demokratiyanın inkişafı  Qərb üçün neftdən daha önəmlidir?  Bu qəliz sualı iki aspektdən cavablandırmağa çalıçaq.

Birinci aspekt: Demokratiyanın həqiqi geopolitik dəyəri. Qərbin geopolitik mübarizə strategiyasına görə, Qərb-Şərq qarşıdurmasında ən əhəmiyyətli hücum vasitasi demokratiyadır. Qeyd edək ki, Qərb-Şərq qarşıdurması global miqyaslı ən mühüm geopolitik mübarizədir və predmeti ən böyük əraziləri və ən böyük sərvətləri nəzarət altında saxlamaqdır. SSRİ-nin çökdürülməsinin əsas ideoloqlarından olan Zbiqnev Bzejinski yeni yaranan demokratik dövlətləri “demokratik plasdarm” adlandırır. Plasdarm hərbi termindir və müharibə zamanı ön cəbhədə qazanılan, növbəti hücumlar üçün istinadgah rolunu oynayan əhəmiyyətli mövqe deməkdir. Qərblə Şərq arasındakı uzunmüddətli geopolitik mübarizənin gedişatı bir qədər ümumiləçdirilmiş şəkildə belə görünür: şərq avtoritar supergüclərinin cəngindən qoparılan dövlətlərdə demokratik rejim qurulur, demokratiyanın ardınca gənc demokratiyaları qoruyan NATO gəlir və avtoritar güclərin təsir dairəsi get-gedə daralır. Səksəninci illərin sonlarından baçlayaraq bu günə qədər davam edən çox əhəmiyyətli dəyişikliklərə baxaq. Əvvəlcə bütün Şərqi Avropa dövlətlərində, sonra baltikyanı dövlətlərdə, sonra Moldova və Ukraynada, daha sonra isə Gürcüstanda demokratik cəmiyyətlər quruldu. Yeni demokratik dövlətlər həm siyasi, həm iqtisadi həm də hərbi cəhətdən daha mütərəqqi Qərbə möhkəmcə bağlanırlar. Sovetlər Birliyinin dağılması ərəfəsində NATO qüvvələrinin şərq cinahı Qərbi Almaniya sayılırdı. Bu gün isə bütün şərqi avropa və baltikyanı ölkələr, Ukrayna və hətta Gürcüstan NATO qüvvələri üçün real plasdarm rolundadır. Demokratik cəmiyyətlərin və NATO qüvvələrinin əhatəsində qalan avtoritar supergüclərin çökdürülməsi Şərq-Qərb qarşıdurmasının ana xəttidir.  Geopolitika dərsliklərində belə yanaşma  ” demokratiyanın anakonda  həlqəsi” adlandırılır. Yəni, demokratik cəmiyyətlərin yaratdığı geniş coğrafi həlqə anakonda ilanı kimi sıxaraq avtoritar supergücləri çökdürür. Azərbaycanda demokratiyanın qurulması məsələsi də bu böyük planın tərkib hissəsidir. Gəlin etiraf edək ki, bütün dünyanın taleyini həll edən fövqəladə geopolitik qarşıdurma fonunda tükənməkdə olan Azərbaycan neftiı  xeyli əhəmiyyətsiz amildir.

Avtoritar rejimlər üçün ən böyük təhlükə demokratiya qığılcımının ölkə daxilinə sıçramasıdır. Təhlükəni önləmək üçün avtoritar supergüclər özlərini yarımdiktator rejimli dövlətlərlə əhatə etməyə çalışırlar. Qonşuluğunda demokratik rejimlərin qurulması avtoritar idarəçilik üçün real təhdiddir. Bu sadə həqiqəti həm avtoritar supergüclər,  həm də demokratiyanı ən mühüm hücum aləti sayan qərb siyasiləri gözəl anlayırlar. Məhz bu səbəbdən Çin, Rusiya və İran regiondakı yarımdiktator rejimlərinin ömrünü maksimum uzatmağa, Qərb isə həmin rejimləri demokratik idarəçiliklə əvazləməyə çalışır.

Yuxarıda deyilənlər kontekstində obıvatelin səsləndirdiyi  ”güya bizə canları yanır ki bizdə demokratiya istəyirlər” sualı öz əhəmiyyətini itirir. Bizə canları yanır, ya yanmır, deyə bilmərik.  İnsafən bunu amerikalıların və avropalıların özləri də iddia etmirlər. Burda söhbət maraqların üst-üstə düşməsindən gedir. Yəni, Azərbaycanda demokratiyanın qurulması həm Qərb üçün həm də Azərbaycan cəmiyyəti üçün olduqca önəmli məsələdir.

İkinci aspekt: İran-Qərb yaxınlaşmasının yaratdığı yeni vəziyyət.  Yuxarda qeyd edildiyi kimi, növbəti ölkənin demokratik plasdarma çevrilməsi Qərb üçün son dərəcə əhəmiyyətli məsələdir. Gürcüstan və Ukrayna uğrunda gedən qaynar çarpışmalar bu deyiləni  birmənalı şəkildə təsdiqləyir. Həmin ölkələrdə demokratiyanı qurmaq və qorumaq üçün ABŞ və Avropa liderləri hətta açıq müharibəyə belə hazır olduqlarını aşkar nümayiş etdirdilər. Bununla belə, demokratiya sərhədlərinin şərqə doğru genişlənməsi bir anda baş verə bilməz. Bu, ağır və vaxt aparan prosesdir. Zamanı yetişənə qədər demokratikləşməyə “namizəd” olan avtoritar rejimlə müvəqqəti  oyun qurulur. Oyun belədir: demokratiya tələbləri nisbətən arxa plana keçirilir, iqtisadi və təhlükəsizlik sahələrindəki əməkdaşlıq maksimum həddə genişləndirilir. Bu vəziyyətdə avtoritar rejimlər özlərini yetərincə komfortlu hiss edirlər.  Oyunun bütün gedişatı boyunca demokratiyanın növbəti həmləsi üçün münasib zaman gözlənilir və zəmin hazırlanır. Həmin münasib zamanın yetişməsini  şərtləndirən amillər sırasına bölgədə vəziyyətin kəskin dəyişməsi, avtoritar rejimin zəifləməsi, bu rejimlə əməkdaşlığa olan ehtiyacın azalması və.s. daxildir. Azərbaycan üçün bu şərtlərin hamısı artıq reallaşıb. YAP iqtidarının apardığı yarıtmaz sosial-iqtisadi siyasət və neftin kəskin ucuzlaşması rejimi çox əhəmiyyətli şəkildə zəiflədib. İranın Qərblə yaxınlaşması isə bölgədə elə radikal dəyişikliklərə start verib ki, Qərbin siyasi və işgüzar dairələri üçün Azərbaycanın müstəsnsa rolu aradan qalxıb. Şərqin enerjidaşıyıcılarının Avropaya nəqli üçün İran kimi geniş meydan açılıb. Belə imkanlar fonunda dar və təhlükəli Azərbaycan dəhlizi artıq əhəmiyyətsiz görünür. Üstəlik, Azərbaycan hakimiyyətinin əsas dayağı olan Rusiya beynəlxalq sanksiyaların və dərin iqtisadi böhranın ağuşundadır. Belə Rusiya demokratiyanın növbəti həmləsinin qarşısını ala biləcək gücdə deyil. Demokratiya zəngi Azərbaycan üçün çalınacaqsa, çox güman ki, Rusiya bu məsələdə Qərblə bazarlaşmaya gedəcək.

Namiq Şəmkirli

скачать dle 12.1
Xəbər lenti