- Yəni format təkrar olunsa, necə davranacağınızı qərarlaşdırmamısınız...
- Sabahla bağlı söz demək, hansısa hərəkəti etmək zərurətimiz yoxdur. Bugünkü mövqeyimizi də mən sizə açıqladım.
- Hacı, bir çox dostları da təəccübləndirdi... siz AXCP-nin qurultayına getdiniz, çıxış elədiniz. Ona görə təəccübləndirdi deyirik ki, AXCP-nin qurucularından olan bir sıra müxalifət liderləri o tədbirdə yox idilər, çoxu çağırılmamışdı. Sizi çağırmışdılar, hətta çıxış da elədiniz. Hansı zərurətdən orada idiniz, niyə çıxış elədiniz?
- Ölkədəki demokratik prosesin bütün oyunçuları ilə dialoqumuz, salam-əleykimiz, münasibətimiz var. Həm siyasi partiyalarla, həm media quruluşları ilə, həm vətəndaş cəmiyyətinin fəalları ilə. Hesab edirik ki, bizim davranışımız bugünkü Azərbaycan reallığında yetərincə optimal yanaşmadır və bu, bizim şüurlu seçimimizdir. Ölkədə bu formatda bütün qurultaylara, tədbirlərə dəvət olunuruqsa və müsait oluruqsa, qatılmağa çalışırıq. Çıxış təklifi də olursa və bizim də orada deməyə sözümüz varsa, çıxış da edirik. Ona görə də bizim üçün AXCP qurultayına dəvət alıb, o təklifi dəyərləndirməməyimiz təəccüblü olardı. Biz ən təbii işimizi görmüşük. İndiyə qədər AXCP-nin bir çox qurultaylarına dəvət almışıq, getmişik, söz veriləndə də, sözümüzü demişik. O cümlədən də, Müsavat Partiyasının da bu cür mötəbər tədbiri olanda dəvət ediblərsə, çıxış imkanı yaradılıbsa, bu imkanı mütləq dəyərləndirmişik. Bugünkü gündə də hesab edirəm ki, bizim ölkədə bölünmüş cəbhələrdən hansınasa aid olmaq zərurətimiz yoxdur. Ölkənin indiki durumunda ölkədəki demokratik prosesə bütün oyunçuların, bütün qurumların faydası var və biz bu qüvvələrin hamısı ilə ünsiyyət saxlamaqda fayda görürük. Bizim bu məsələlərə öz yanaşmamız var. Bölücülük deyil, quruculuğun tərəfdarıyıq.
- Orada sizə münasibət necə idi?
- Mən istər müsavatçılar, istər cəbhəçilər tərəfindən özümə qarşı hər zaman ən yaxşı münasibəti görmüşəm.
- Hacı, dünyanın gündəmində bir də Suriya məsələsi var. Rusiya prosesə hərbi müdaxilə edir. Qərb yalnız İŞİD-ə zərbələr endirir. Gələn xəbərlərdən görünür ki, Rusiya fərq qoyulmadan, Suriya ərazisindəki bütün hərbi birləşmələri bombalayır. Sizcə, proses necə davam edəcək, uzunmüddətli sülh yaratmaq təşəbbüsləri nəticə verəcəkmi?
- Birinci Qərbin İŞİD-i bombalaması haqda xəbərlərə aydınlıq gətirmək istəyirəm. İŞİD mahiyyətcə ABŞ-ın eks-prezidenti Corc Buşun layihəsidir. Bunu biz dəfələrlə demişik. Bu mövzunu dərk etmək üçün biz hadisələrin trayektoriyasına nəzər salmalıyıq. Ərəb baharı baş verdi, bunu “İslam oyanışı” kimi də qeyd eləyirlər. Bu prosesdən sonra yeni bir səhifənin açılması, müsbət tendensiyalar müşahidə olundu, yeni bir potensialın ortaya çıxması baş verdi. Bu proses çox müsbət gəlişmələrlə irəliləyirdi.
Sanki gözəl bir yolla, normal magistralla gedilən bir halda birdən-birə bu prosesi, bu sürəci gətirib bataqlığa saldılar. Hesab edirəm bu da təsadüfi deyildi. Kimlərsə düşündü ki, zamanıdır, Suriyada da öz maraqlarını təmin etmək üçün bu işi həyata keçirsinlər. Yəni, normal prosesi keçirdilər bataqlığa və birdən ayıldılar ki, dalana dirəniblər. “Bütün qonşularla 0 problem” deyən əziz Türkiyəmizin iqtidarı bütün qonşularla problemli münasibətlərə girdi... Bu gün Türkiyənin daxilində baş verən siyasi proseslərdə bu sürəcin acı nəticələrini görürük. Bundan sonra İslam dünyasına zaman-zaman yerləşdirlən minalar işə salındı.