Səfirliklərin mediaya informasiya vermək öhdəliyi varmı?

6-10-2015, 23:26
0
Səfirliklərin mediaya informasiya vermək öhdəliyi varmı?
Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər bir çox hallarda mətbuata qapalı olması ilə diqqəti cəlb edir. Media nümayəndələri hər hansı məsələ ilə bağlı səfirliklərin müvafiq şöbəsinə müraciət etsə də, nəticəsi olmur. Bəs, qanunvericilikdə bununla bağlı nə nəzərdə tutulur?
 
Media eksperti Ələsgər Məmmədli Modern.az saytına bildirib ki, diplomatik missiya xüsusi qanunvericiliklə tənzimlənir:
 
"Bu baxımdan onların fəaliyyətində ilk növbədə öz dövlətlərinə qarşı olan məsuliyyət məsələsi var. Söhbət Azərbaycanın xaricdəki səfirlik və konsulluqlarından gedirsə, onlar birmənalı olaraq Azərbaycan jurnalistlərini informasiya ilə təmin etməlidirlər.
 
Əksinə, söhbət İran, Rusiya, Türkiyə və digər ölkələrin Azərbaycandakı səfirlik və konsulluqlarından gedirsə, onların informasiya paylaşımı uyğun gördükləri çərçivədə olur. Müəyyən informasiyalar mətbuata açıqlanır. Bu baxımdan onların üzərinə öhdəlik qoymaq mümkün deyil. Onlar diplomatik prosesi icra edərək daha çox diplomatik qaydalara uyğun davranırlar. Diplomatik nümayəndəliklər, təmsil etdikləri ölkənin bu və ya digər sosial, iqtisadi sferada gördüyü işlərin işıqlandırılması zamanı, medianı onlara ehtiyac olduğuna əmin etməyə çalışırlar".
 
Xarici ölkələrin səfirlik və konsulluqlarının ictimaiyyətlə əlaqələr şöbəsinin, mətbuat xidmətlərinin fəaliyyət göstərdiklərini nəzərə alsaq, bu halda həmin qurumların onlara ünvanlanan sualları cavablandırmaq zərurəti doğmurmu?
 
Ekspert bildirir ki, diplomatik nümayəndəliklərin informasiya öhdəliyi yoxdur:
 
"Qurum informasiyanı verə də bilər, verməyə də bilər. İndiki halda qanunvericiliyə əsasən, buradakı diplomatik missiyalar informasiya vermək öhdəliyi olan tərəf deyillər. Biz onlara "qanunla bu informasiyanı verməlisən" deyə bilmərik. Arzu olunan budur ki, onlar mediaya açıq olsunlar. Dediyim kimi bu, onların siyasətinə bağlı məqamdır.
 
Bəziləri öz işlərinə yaradığı vaxt daha açıq olur, medianı konfranslara dəvət edirlər, daha səmimi görünürlər. Lazım olmadığı vaxt isə mediaya qapanırlar. Bu bütün dövlətlərdə və diplomatik nümayəndəliklərdə təxminən belədir. Əksər vaxt mövqe bildirməmək üçün Xarici İşlər Nazirliyi, yaxud ölkənin xarici siyasətini müəyyən edən qurumların icazəsi ilə hərəkət edirlər ki, bu da onların media ilə münasibətlərinə mənfi təsir edir. Sürətli və adekvat cavab vermək baxımından da problemlər yaranır".
скачать dle 12.1
Xəbər lenti