Parlamentdə kazinoların bərpası təklif olundu; deputatlar Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasına dəstək verdi; “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi isə müzakirələrdən çıxarıldı
Martın 4-də Milli Məclisin növbəti plenar iclası keçirilib. Spiker Oqtay Əsədovun sədrliyi ilə baş tutan iclasın gündəliyinə həmişəkindən xeyli çox, 43 məsələ daxil edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə prezident İlham Əliyevin fevralın 3-də Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında imzaladığı fərmanın əhəmiyyətindən bəhs edib. O, iclasın gündəliyinə çıxarılan məsələlərin hamısının bu fərmandan irəli gələn vəzifələr olduğunu söyləyib.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlı çıxışında bildirib ki, palatanın yaradılmasında əsas məqsəd pul siyasəti funksiyası ilə maliyyə bazarlarının tənzimlənməsi funksiyası arasında ziddiyyətləri bir-birindən ayırmaqdır: “Ötən dövr ərzində işçi qrup palatanın fəaliyyətinin mütərəqqi beynəlxalq prinsip və standartlara uğun təşkil olunmasını təmin etmək məqsədi ilə bu sahədə mövcud olan beynəlxalq standartları araşdırıb. Bunun nəticəsi olaraq isə dövlət başçısına həm təşkilati, həm normativ xarakterli təkliflər təqdim edilib. Bu gün müzakirə olunan qanunvericilik aktları zərfi məhz normativ və qanunvericilik xarakterli təkliflərin məcmusudur. Azərbaycanda yenilik olan maliyyə bazarları tənzimləyicisi bir müddətdir ki, həm Qərbdə, həm Şərqdə geniş tətbiq olunur”.
R.Aslanlı qeyd edib ki, bütövlükdə palata kredit təşkilatları, sığorta sektoru, qiymətli kağızlar bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarını həyata keçirəcək. Palata həmçinin çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət sahəsində dövlət siyasətini, onun tətbiqini təmin edəcək. Palata sədri bildirib ki, Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin bütün funksiyaları Maliyyə Bazarlarına Nəzarət Palatasına keçəcək. İşçi Qrupunun rəhbəri vurğulayıb ki, iclasın gündəliyində təqdim olunan qanunvericilik zərfi məhz palatanın sadalanan mandat çərçivəsində fəaliyyəti üçün hüquqi əsaslar yaratmağa xidmət edir. Hazırda bank, sığorta və kapital bazarları sektorlarını müxtəlif orqanlar tənzimləyir və orada nəzarət tədbirləri həyata keçirir. Bu tənzimləyici orqanlar isə Mərkəzi Bank, Maliyyə Nazirliyi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsidir. R.Aslanlı təklif olunan sənədlərin Mərkəzi Bank və palatanın səlahiyyətlərinin bölgüsünü dəqiq müəyyən etməyə imkan yaratdığını deyib. Mərkəzi Bank pul siyasətini həyata keçirəcək, ödəniş sistemlərinin fəaliyyətini təşkil edib onu tənzimləyəcək. Eyni zamanda nağd pul təsərrüfatını təşkil edəcək. “Valyuta tənzimi haqqında” Qanunla Mərkəzi Bankın valyuta nəzarəti orqanı funksiyası olduğu kimi saxlanılır. Bank sisteminin tənzimlənməsi və nəzarəti funksiyası isə palatanın səlahiyyətinə keçir.
R.Aslanlı qeyd edib ki, hələlik palatanın nizamnaməsi təsdiq olunmayıb, bunun üçün müəyyən prosedurlar həllini tapmalıdır. Ancaq ölkə başçısının tapşırığı əsasında bir sıra işlər həyata keçirilib. Palatanın iki səviyyəli idarəetmə orqanı yaradılacaq - Direktorlar Şurası və İdarə Heyəti, palata tam əməliyyat və maliyyə müstəqilliyinə malik olacaq. Eyni zamanda palatanın direktorlar şurasının üzvləri tam müstəqil şəxslər olmalıdır.
Sonra Milli Məclisin deputatları qanun layihəri haqqında fikirlərini səsləndiriblər.
Deputat Qüdrət Həsənquliyev R.Aslanlının peşəkar bank işçisi olduğunu deyib: “Əgər doğrudan da Nəzarət Palatası Mərkəzi Bankın kölgəsinə çevrilməyəcəksə və Rüfət Aslanlı öz bacarığına uyğun şəkildə fəaliyyət göstərəcəksə, məncə, biz böyük uğurlar qazanacağıq. Hökumət nə qədər qərarlar qəbul edir-etsin, əgər xalq, iş adamları buna inanmayacaqsa, inkişaf etmək çox çətin olacaq. Yeni yaradılmış qurum həm də ictimaiyyəti inandırmağa çalışmalıdır, ictimaiyyətlə işləməlidir”. Q.Həsənquliyev icbari tibbi sığortanın tətbiqinə başlamağa da çağırdı: “Nəhayət, icbari tibbi sığorta və səhiyyə obyektlərinin özəlləşdirilməsinə qərar verilməlidir”.
Deputat ölkədə kazinoların bərpasına da çağırdı: “İdman mərc oyunları da qumarın bir formasıdır. Gürcüstanın Batumi bölgəsi kazinoya görə xeyli turistlər cəlb etdi. Biz də Azərbaycanın turizm bölgələrində kazinoların fəaliyyətinə icazə verə, bununla Türkiyə, Gürcüstan, İrandan çoxlu sayda turist cəlb edə bilərik. Onsuz da bəziləri o pulları aparıb xaricdə uduzurlar, kazinoları bərpa edək, elə burda uduzsunlar. Bu da iqtisadiyyata töhfə verərdi”.
Deputat Siyavuş Novruzov iqtisadi blokun inkişafı, dövlət büdcəsinə əlavə gəlirlərin gəlməsi, maliyyə nəzarətinin təmin olunması üçün təqdim olunan qanunları qəbul etməyə çağırıb. Deputat son vaxtlar evlərin yarılması, pulların aparılması ilə bağlı hadisələrin çoxaldığını deyib. O bildirib ki, müxtəlif qruplar, təşkilatlar yaradılıb və banklardan pulunu götürən adamların mənzillərinə girirlər. S.Novruzov mərc oyunlarından da bəhs edib: “Onsuz da qeyri-rəsmi şəkildə belə hallar var, bəziləri qeyri-rəsmi pullar yığır. Amma dövlətə vergi verilmirdi. Biz qanuna dəyişiklik etməklə bu cür qanunsuz fəaliyyətin qarşısını alırıq”.
Müzakirələrdən sonra qanun layihələri səsvermə ilə qəbul edilib.
“Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən millət vəkili Hüseynbala Mirələmov bildirib ki, qanun layihəsi Bakının daha da gözəlləşməsinə, eləcə də investorların ölkəmizə cəlb edilməsinə şərait yaradacaq. Lakin deputat qanunda müəyyən boşluqların olduğunu bildirib. O deyib ki, layihəyə qaz anbarlarınin tikilməsi ilə bağlı məsələlər də daxil edilməlidir: “Bundan başqa, Bakının 9 rayonunda qəzalı binalar sökülərək, yerində yeniləri tikiləcək. Bu qərar qəzalı binalarda yaşayan insanların sevincinə səbəb olub”.
Spiker deputatın boşluqlarla bağlı fikirlərinə münasibət bildirərək söyləyib ki, sözügedən qanunun I oxunuşda müzakirəyə çıxarıldığı nəzərə alınmalıdır: “Qanunlar üç oxunuşdan sonra qəbul olunur. Hazırda isə birinci oxunuşdur. Burada səslənən bütün təkliflər nəzərə alınacaq”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, burada layihə ilə bağlı səslənən bütün təkliflər nəzərə alınacaq: “Qanun layihəsi ilə əlaqədar işçi qrupu yaradılacaq. Ümumiyyətlə, layihə konseptual baxımdan vacib və düzgündür. Qanun investisiya axını baxımdan mühüm olacaq. Qanun I oxunuşda qəbul olunmalıdır”.
Qeyd edək ki, qanunda xüsusi maliyyələşmə tikinti və infrastruktur obyektlərinin və onlara oxşar obyektlər ilə əlaqədar investisiya layihələrinin “Tik, idarə et, təhvil ver” (TİT) modelinə uyğun maliyyələşmə nəzərdə tutulub.
“Lisenziyalar və icazələr haqqında” qanun layihəsinin üçüncü oxunuşu isə təxirə salınıb. Z.Səmədzadə deyib ki, sahibkarlıq fəaliyyətinə görə lisenziyaların verilməsi məsələsi birmənalı qarşılanmır. Belə ki, lisenziyaların sayının çox olması narazılıq yaradır. Z.Səmədzadə əlavə edib ki, bu səbəbdən lisenziyaların verilməsi ilə bağlı icazələrin sayının azaldılmasına görə Prezident Administrasiyası ilə danışıqlar aparılır. Komitə rəhbəri hələlik danışıqlar başa çatmadığı üçün qanun layihəsinin müzakirəsini təxirə salmağı xahiş edib. Spiker Oqtay Əsədov da onunla razılaşıb: “Səhv etmirəmsə, əvvəlki layihədə 199 icazə var idi, ancaq yeni siyahıda onların sayı 164-dür. Ona görə də layihəni gündəlikdən çıxaraq, lazım olar hökumətin hesabatından sonra təkrar müzakirə edərik”.
Milli Məclis “Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna qoşulmaq haqqında” sənədi də müzakirə edib. Parlamentin sədr müavini Valeh Ələsgərov bu tip sənədlərin Azərbaycan dilinə çox bərbad tərcüməsindən, əksər hallarda əcnəbi sözlərin istifadəsindən şikayətlənib: “Adam belə sənədləri oxuyanda bəzən utanır. Dəfələrlə Milli Məclisə belə beynəlxalq sənədlər daxil olanda mənə elə gəlir ki, bunu tərcüməçi yox, kompüter tərcümə edib. Heç nə anlamaq olmur. Biz müstəqil dövlətik və müstəqil qanunvericiliyimiz var. Niyə axı öz dilimizə belə yanaşırıq?! Məsələn, preambula sözü bizə ruslardan gəlib. Məgər biz ruslara qədər yazıb oxumağı bilməmişik? Bir vaxtlar rus dilində danışmaq modda idi, indi də, deyəsən, sənədləri əcnəbi dildə yazmaq moda düşüb. Bu, məni çox əsəbiləşdirir”.
O.Əsədov isə bu işdə Xarici İşlər Nazirliyini günahlandırıb: “Dəfələrlə bu kimi sənədlər Xarici İşlər Nazirliyindən bizə gələndə irad bildiririk. Amma nəticəsi yoxdur. Hətta təklif etmişik ki, orada bəlkə bir tərcümə qrupu yaradılsın. On dəfə deməyimizə baxmayaraq, heç bir nəticə yoxdur”.
Siyavuş Novruzov deyib ki, bəzi partiyalar “Siyasi partiyalar haqqında” Qanunun müddəalarını pozur: “Təəssüf ki, bir sıra özünü müxalifət partiyası adlandıran, lakin müxalifətçilik yox, dövlətə və millətə qarşı müxalifətçilik edən qruplar bu gün maliyyə hesabatı verməkdən boyun qaçırır. Onlara qarşı cərimələr müəyyənləşməlidir”.
Qəbələ rayonunun bir qrup sakininin Ermənistana keçmək istəyi də parlamentdə müzakirə mövzusu olub. Bu barədə Qüdrət Həsənquliyev çıxışında bildirib: “25 nəfər qəbələlinin düşmən tərəfə keçmək istəməsi mətbuatda göstərildi, amma onlara qarşı hər hansı bir tədbir görülmədi”. Deputatın fikrincə, Cinayət Məcəlləsində dövlətə xəyanət maddəsi ilə onlar cəzalandırılmalı idi: “Təəssüf edirəm ki, həmin şəxslər haqqında indiyə qədər heç bir tədbir görülməyib. Onlara qarşı dövlətə xəyanət işi ilə əlaqədar cinayət işi qaldırılmalıdır. Düşmən tərəfinə arvad-uşağını keçirən şəxsin oğlu bir illiyə tutulub. Yuxarı orqanlara şikayət etmək, məsələ qaldırmaq əvəzinə, düşmən tərəfə keçir. Bununla bağlı hüquqi prosedurlar edilməlidir. Yoxsa bundan sonra haqsızlıqla üzləşən şəxslər hüquqi prosedurları kənara qoyub, Ermənistan tərəfə keçəcək. Cəzanın da bir xəbərdarlıq nöqtəsi var. Satqınlar layiqli cəzasını almalıdır. Onların içərisində qadın və uşaqlara güzəşt ola bilər, amma işin təşkilatçılarını elə-belə buraxmaq olmaz. Həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir”.
Q. Həsənquliyev həmçinin Novruz bayramı ərəfəsində gözlənilən əfv sərəncamından da danışıb. O, bəzi müxalif qrupların və onların nəzarətində olan mətbuatın bu sərəncama kölgə salmaq istədiyini də qeyd edib: “Yazırlar ki, guya Qərb dairələri Azərbaycana bəzi şəxslərin əfv olunması üçün təsir edir. Onlar bunu yazmaqla yenə qıcıq yaradıb, həmin şəxslərin adının əfv siyahısına düşməsinə əngəl olmaq istəyirlər. Adlarını müxalifət qoyublar, amma başqalarının ağrı-acısı üzərində iş qurur, manipulyasiya edirlər. Mən çox xahiş edərdim ki, biz həmin şəxslərin adlarının əfv siyahısına daxil edilməsinə nail olaq. Eyni zamanda həmin müxalif qrupların da öz maraqları üçün insanların həbsdə qalmasına çalışdıqlarını ifşa edək. Qoy, həbsdə olan şəxslərin özləri də, onların ailə üzvləri və yaxınları da onların azadlığa çıxmasına mane olanları tanısınlar”.
Spiker də deputatın fikirlərini dəstəkləyərək bildirib ki, həmin şəxslərin hərəkətinə hüquq-mühafizə orqanları tərəfindən hüquqi qiymət verilməlidir. O. Əsədov deputatın əfv məsələsi ilə bağlı dediklərinə isə “heç bir dövlət Azərbaycanın daxili işinə təsir edə bilməyib, indi daxildə hansısa iki-üç müxalif mətbuat təsir edəcək?”-deyə, reaksiya verib.
Milli Məclis Ali Məhkəmənin hakimi İslam Əliyevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar məsələyə də baxıb. Parlament hakimin öz ərizəsinə əsasən onun tutduğu vəzifədən azad edərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin sədri təyin edilməsinə müsbət rəy verib. İclasda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Müseyib Hüseynovun vəzifəsinin dəyişdirilərək Bakı Apelyasiya Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə də müzakirəsiz razılıq verilib.
скачать dle 12.1