“İlin yanğınsöndürəni” – Kəmaləddin Heydərov

29-05-2022, 12:52
14 903
“İlin yanğınsöndürəni” – Kəmaləddin Heydərov

Azərbaycanda qığılcım düşən bütün obyektlərin məsələsini kökündən həll etdiyinə görə “ilin yanğınsöndürəni” nominasiyasının qalibi Kəmaləddin Heydərov elan olunur. Yəqin razılaşarsınız ki, fövqəladə nazir bu işin əsl peşəkarıdır, zərgər dəqiqliyi ilə çalışır. Son illər ölkədə arzuolunmaz bütün ticarət mərkəzlərinin fatihəsini özü verib. Fikrinizə başqa şey gəlməsin, yəni həmin obyektlərin hamısı fövqəladə yanğınsöndürən komandasının “çevik” fəaliyyəti sayəsində yanıb külə dönüb. Nazirlik təmsilçiləri dönə-dönə vurğulayır ki, komandalarında bu iş üzrə əla təlim görmüş mütəxəssislər var. Şübhə etmirik. Amma nədənsə, həmin peşəkarlar heç bir halda hadisə yerinə gəlib çıxa bilmir. Cənab nazir isə hərdən axırda gəlir, özüdə adətən idman-jins qeyimində. Yanğınsöndürənlər də ya yolda tıxaca düşür, ya da yanğının ortasında maşınlarının suyu qurtarır. Yaxın günlərdə sosial şəbəkə istifadəçiləri son 6 ildə müəmmalı şəkildə yanan 10-dan artıq ticarət mərkəzinin siyahısını paylaşmışdı. Statistikaya görə,  bu müddətdə “Sədərək” və “Karvan” ticarət mərkəzində 2 dəfə, “Binə”, “Sahil”, Şəki, “Diqlas” və “EUROHOME” ticarət mərkəzlərində bir dəfə yanğın baş verib. Müəmmalı deyilmi? Bənzər yanğınların baş vermə səbəbləri qədər onların söndürülmə prosesində yaşananlar da müəmmalıdır. İllərdir fövqəladə nazirliyin yanğınsöndürmə yerinə gələn komandaları eyni dərəcədə yarıtmazlıq nümayiş etdirir. Nə sirdirsə, baş verən yanğının əhatəsində çərşənbə ocağının ətrafında dövrə vururmuş kimi atlanıb düşən adamların səyləri heç vaxt nəticə vermir və obyektlər yanıb külə dönür. Nəticədə, külü çıxan əmlakın sahibləri çarəsiz şəkildə qalır ortada. Sizcə, bənzər yanğınların zaman-zaman təkrarlanması və eyni hadisələrin eyni profilli obyektlərin başına gəlməsi təsadüfdürmü? Əlbəttə, deyil. Uşaq da anlayır ki, hakimiyyət daxilində klanlararası bir savaş var və yandırılan ticarət mərkəzləri də o intriqaların güdazına gedir. Yəni yandırmalı olan yandırır və söndürməli olan söndürmür. Xalq zarafat edir ki, yandırılan yerlərdə sonra Mehriban Əliyeva üçün “Bravo” marketlər tikilir.

Üç il əvvəl yaxın dostlarımızdan biri paytaxtda şahid olduğu yanğın hadisəsi haqqında bunları yazmışdı: “Binamızın həyətindəki uşaq bağçasına bitişik, dövlətə aid olduğu deyilən kiçik obyektə qəflətən od düşdü. FHN-nin yanğınsöndürənləri çox gecikmədilər. Amma dəhşətli bir mənzərənin şahidi oldum. Xilas briqadası açıq şəkildə yanğına seyrçi qaldı və obyektin külə dönməsini gözlədi. Ölkədəki obyekt yanğınlarının qəsdən törədildiyinə o zaman qəti şəkildə əmin oldum. Yanan həmin kiçik obyektin yerində isə, əvvəldən proqnoz verdiyim kimi,  3 mərtəbəli kafe-restoran tipli yeni obyekt tikdilər.” Bax, işin əsli belədir. FHN ölkədə ən çox yeyinti baş verən dövlət qurumlarından biridir. Nazirlik hər il fövqəladə hadisələrə hazırlıq məqsədi ilə milyonlar xərcləyir. Yanğın komandalarının təlim-məşqlərinə ayrılan vəsaitin məbləği də xeyli böyükdür. Amma ortalıqda heç bir xeyirli nəticə yox. Heydərov bu nazirliyin başına keçəndən bəri bircə dəfə də “FHN filan yanan obyekti söndürdü” xəbərini alıb, “şükür” kəlməsini dilimizə gətirə bilmədik. Adamın ağlına, sadəcə, bu əcaib fikir gəlir:  cənab nazir “yanğınsöndürmə” xidmətini əməkdaşlarına “yanğın söndürmə” şəklində tərsinə izah edir. Yoxsa tək bir ildə baş verən bu qədər uğursuz yanğınsöndürmə əməliyyatlarını başqa nəyə yozaq? Rəhmətlik Bəşir Səfəroğlunun dediyi kimi, axı bu obyektlər günün günortasında, millətin gözü qarşısında yavaş-yavaş niyə yansın ki?

Təbii ki, baş verən yanğın hadisələri mülk və obyektlərin sığortalanması məsələsini yenidən gündəmə gətirib. Xüsusən ticarət obyektlərində yanğın nəticəsində mülkləri yanan sahibkarlar dəymiş ziyana görə müxtəlif instansiyalara üz tutur, dövlətdən kompensasiya istəyirlər. Fövqəladə Hallar naziri isə deyib ki, dünyanın heç bir ölkəsində təbii, yaxud texniki səbəblərdən baş verən fəlakətlərdə əhalinin əmlakına dəyən zərəri dövlətin ödəməsi halı yoxdur: “Dəfələrlə ölkəmizdə sel, zəlzələlər, o cümlədən bəzi ticarət obyektlərinin yanması zamanı zərər çəkmiş vətəndaşlara möhtərəm Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun humanist addımları nəticəsində kompensasiyalar ödənilib, onlar üçün evlər tikilib. Amma bu, başqa dövlətlərdə yoxdur. Azərbaycan dövlətinin qanunvericiliyində də bu məsələlər əksini tapıb. Yəni hər bir fərd özünü, öz həyatını sığortalayır, yaşamaq üçün ev, ticarət mərkəzləri tikir, hər bir şeyi gözəl bəzəyir. Amma insanlar sığorta məsələsinə diqqətsiz yanaşırlar. Haqsız olaraq da dövlətdən kompensasiya istəyirlər. Qanunvericilikdə hər bir məsələ əksini tapıb. İdxal olunan, daxildə istehsal edilən, ticarət mərkəzlərində satışa çıxarılan mallar, əmlaklar necə sığortalanır, bütün bunlar qanunlarda əksini tapıb. Məcburi sığorta ilə bağlı qanunlarımız var. Ona görə də bu sahədə Fövqəladə Hallar Nazirliyinin və bilavasitə bu işlərlə məşğul olan digər dövlət qurumlarının fəaliyyəti artmalıdır”.

Onda biz də, haqdan danışan, “İlin yanğınsöndürəni” nominasiyasını almış cənab nazirə sual verək-hansı ölkədə Prezident (daha doğrusu qeyri-leqitim diktator) öz həyat yoldaşını dövlət rəhbəri təyin edir və həmin acgöz xanım bu dövlətin, bu xalqın haqqını yeyir? Biz ikinçi belə ölkə tanımırıq…

“Fövqəlnazir” hətta məsələnin insan təhlükəsizliyi olduğunu vurğulayıb: “Birincisi insan təhlükəsizliyidir. Bizim cəsur yanğınsöndürənlərimizin apardığı aktiv işlərin nəticəsində çox şükürlər olsun ki, insan həyatına təhlükə yaranmayıb, insanları xilas ediblər. Ancaq yanğında insanların mülklərinə, əşyalara zərər dəyib. Əgər sığorta mədəniyyətini həm orta, həm xırda sahibkarlarımıza mənimsətdirsək, gələcəkdə belə problem, ümumiyyətlə, olmamalıdır, olsa da, sayı az olmalıdır. Heç kim heç bir şeydən sığortalanmayıb. Heç kim də təminat verə bilməz ki, istismara qəbul edilmiş hər hansı ticarət obyektində, yaxud evdə bu və ya digər səbəbdən hadisə baş verməyəcək. Ona görə də əhali, iş adamları özləri də diqqətli olmalıdır. Bəzən biçilməmiş taxıl əraziləri yandırılır. Nədən olur bu? Biçilmiş ərazilər yandırılır, sonra da yanğın biçilməmiş ərazilərə keçir. Bu, həm il ərzində çəkilmiş zəhməti yerə vurur, eyni zamanda oradan keçən infrastruktur qurğularına da zərər dəyir. Gələcəkdə biz gərək bu məsələləri daha çox maarifləndirmə, nəzarətin gücləndirilməsi və digər formalarda əhalimizə çatdıraq. Gərək nəzarət qurumlarımız, həm bizim nazirliyimiz, həm də bilavasitə bu işlərlə məşğul olan digər qurumlar tərəfindən bu məsələlər tam şəkildə aydınlaşdırılsın, əhali maarifləndirilsin. Görürsünüz ki, digər ölkələrdə aylarla söndürülə bilinməyən meşə yanğınları, dağlıq ərazilərdə yanğınlar olur. Yanğınsöndürənlərin, bizim də yadındadır ki, bəzi yerləri qəsdən yandırırlar. Meşələrdə ağacları kəsib, izi itirmək üçün belə əməllərə əl atırlar. Bu da cəmiyyətdə müxtəlif söz-söhbətlərə səbəb olur. Niyə yandı, necə yandı? Hər halda mətbuat orqanlarının da diqqətinə çatdırmaq istərdim ki, bu və ya digər hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi, yaxud digər hüquq-mühafizə orqanları tərəfindən rəy verilmədikcə öz bildiklərini, öz düşündüklərini kimə necə lazımdırsa, öz kanallarında, saytlarında yazarkən bir az diqqətli olsunlar”.  Nazirin çıxışından sonra bir-iki aforizm yada düşdü. Kant deyirdi ki, “yalanın ən böyük düşməni həqiqətdir”, Dostoyevskiy isə deyirdi ki, “özünə də yalan satan insan bir müddətdən sonra doğru ilə yalanı bir-birindən ayırmaz..

Diqər maraqlı məsələyə də toxunaq. Səfər Mehdiyevin Gömrüyə rəhbər təyinatından sonra baş verən dəyişiklikləri bir cümlə ilə ifadə etmək olar: Səfər Mehdiyev artıq Kəmaləddin Heydərovun adamı deyil. Əksinə, onun düşmənidir. Əslində, zamanında Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun sayəsində bir siyasi fiquraya çevrilmiş Səfər Mehdiyevin son addımlarının FHN şefinə qarşı istiqamətlənmiş kimi təqdim olunması təbii qarşılanmalıdır. Gömrükdən “təmizlənənlərin” əksəriyyətinin məhz Kəmaləddin Heydərova adamları olduğunu görməmək mümkün deyil. Onlarda Səfər Mehdiyevi qane etməyən yeganə cəhət də məhz bu idi: Kəmaləddin Heydərova yaxınlıqları. DİA agentliyi yazır ki, buna görə də “rüşvətlə” yanaşı həm də “xəyanətlə” barışmayacağını iddia edən Səfər Mehdiyev öz işçisini hədəfə çevirdiyi zaman daha çox xəyanət məsələsinə önəm verdiyini tam çılpaqlığı ilə hiss etdirmiş oldu. Yəni realda rüşvət-müşvət boş şey idi… Ələ verilən adam məhz Səfər Mehdiyevə xəyanət etmişdi. Ona görə də o, “gömrük işçilərinə saxta xidmət” ittihamı ilə həbs olundu. Bunu hər kəs yaxşı bilir ki, istənilən bir DGK əməkdaşını istəınilən vaxt konkret real ittihamlarla həbs etmək, etdirmək mümkündür. Belə olan təqdirdə kimlərsə hədəfə çevrilmirsə, deməli, Səfər Mehdiyevin işinə yarayır. İşinə yaramayanlar isə təbii hədəflərdir…Deyirlər ki, Səfər Mehdiyev “təmizləmələrini” davam etdirəcək. Qaynağın söylədikləri: “Proses davam edəcək. Çünki gömrük sistemini başdan-başa Kəmaləddin Heydərov qurub. Səfər Mehdiyevin “görməli olduğu işlər” hələ çoxdur. Sırada kimlərdir? Bunu zamanla biləcəyik. Səfər Mehdiyev özünə bir “qara siyahı” da hazırlayıb. Həmin siyahı üzrə də hərəkət edir”…

Bizim nominantın izinə həm media sektorda da rast gəlmək olar. Bu yaxınlarda bağlanan və bir neçə aydan sonra yenidən fəaliyyətə başlayan “APA” da məhz Heydərovun patronajlığı altında fəaliyyət göstərir. Yəni, gördüyünüz kimi bu məsələdə də Kəmaləddin Heydərovu alçaldıblar. Xalq vaxtilə tanıdığı varlı və “çörəkverən fövqəlnazir” böyük transformasiya yaşadı və indi heç varlı da deyil. Maliyyə Bazarlarına Nəzarət Palatasından tutmuş xırda aqentliklərə qədər, kim gəldi ona daş atır, ona görə ki, belə də bir məlumat yayılmışdır ki, Mehriban Əliyeva Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovu qəbul edib. Kəmaləddin Heydərova izah edilib ki, onun vəzifədə qalması arzuolunmaz nəticələr yarada bilər. Adam 25 ildən coxdur ki, nazir (rəhbər) vəzifələr tutur və eyni zamanda da, o, vitse-diktatorun kriteriyalarına cavab vermir. Buna görə də K. Heydərovun bu yaxınlarda diqər “köhnələrlə” birlikdə istefası tələb olunacaq. Şirkətləri bankrot olmuş, maliyyə baxımdan sınmış nazir vəzifədə son günlərini yaşayır. Bu da onun cəzasıdır, ona görə ki vaxtilə Əliyevlərə loyal “Mister nömrə 1” ləqəbi ilə tanınan K.Heydərovun ilə rəhbərliyi altında böyük xalq mitinqləri dağıdılırdı, eyni qaydada da bizim ofislər sökülürdü. Necə deyirlər, Bumeranq…

P.S. Bu arada yeni il qabağı bəstəkar nazirimizdən “məni yanğınlarda buraxma” adlı yeni mahnı bəstəsi də gözləyirik.

скачать dle 12.1
Xəbər lenti