Bəxtiyar Hacıyev quru aclığa başladı

18-02-2023, 12:56
4 214
Bəxtiyar Hacıyev quru aclığa başladı

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin artıq sudan da imtina etdiyi və quru aclıq aksiyasına keçdiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna Hacıyevlə fevralın 16-da telefonla danışan vəkil Aqil Layıc məlumat verib.

Vəkil bildirib ki, fəal müalicə müəssisəsində ona qarşı rəftardan çox narazı olduğunu deyib:

“Ombudsmana və ailəsinə zənglərinə məhdudiyyət qoyulduğunu deyir. Söyləyir ki, aiddiyyatı yerlərə yazdığı ərizəiləri qəbul etmirlər, valideyni ilə bu gün, fevralın 16-da görüşə imkan verməyiblər “.

Vəkil qeyd edib ki, Hacıyevin sözlərinə görə, o fevralın 16-ı, günortadan etibarən quru aclığa keçib və bununla bağlı ərizəsini belə qəbul etmirlər.

Layıc habelə vurğulayıb ki, bununla bağlı Ombudsmana, Ədliyyə Nazirliyinə müraciət edib:

“Bəxtiyarın məsələsinə dərhal reaksiya vermələrini xahiş etdim…”

Vəkilin bu açıqlamasına, hələlik, Ədliyyə Nazirliyindən, bu qurumun Penitensiar Xidmətindən və Ombudsman Aparatından münasibət almaq mümkün olmayıb.

Əvvəlki günlər

İctimai fəal Bəxtiyar Hacıyev fevralın 10-da Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin müalicə müəssisəsinə köçürülüb.

O, ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə saxlanılıb. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib. Bu ittihama səbəb olan insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib.

O, ittihamla razı deyil.

Dekabrın 15-də Hacıyev azad edilməsi tələbi ilə aclıq elan edib. Bəzi ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin çağırışlarından sonra o, dekabrın 28-də aclığı dayandırdığını bildirib.

Amma yanvarın 9-da Apellyasiya Məhkəməsi onu azad etməkdən imtina etdikdən sonra aclığı bərpa etdiyini açıqlayıb və hələ də davam etdirdiyi deyilir.

Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini 1 ay uzadıb.

скачать dle 12.1
Xəbər lenti