Cəmiyyətimiz üçün azad iqtisadiyyat qurmaq çox vacibdir

14-09-2023, 19:42
235
Cəmiyyətimiz üçün azad iqtisadiyyat qurmaq çox vacibdir

İqtisadçı ekspert Qaşqay İsmayıl

Hər hansı siyasi sistem, ilk növbədə iqtisadi münasibətlərin göstəricisi kimi özünü göstərir. İqtisadi azadlıqların olmadığı, təşəbbüskarlığın boğulduğu, azad biznes mühitinin,iqtisadi rəqabətin olmadığı cəmiyyətdə siyasi azadlıqların da yoxa çıxması tamamilə təbii prosesdir

Ölkədə mövcud iqtisadi modelin yetişdirdiyi cəmiyyətin nə azadlıq, nə demokratiya, nə azad seçki, nə azad mətbuat, nə ədalətli məhkəmə, nə də azad biznes problemi yoxdur. Əhalinin problemi daha çox sosial müavinət, sosial yardım, uşaq pulu, ucuz marşurut, ucuz çörək, pulsuz işıq, pulsuz qaz, pulsuz su, pulsuz ev və s. bu qəbildən olan tələblərdir. Nəticə olaraq isə cəmiyyət “bəs kim gələcək?” sualı ilə vəziyyətin çıxılmazlığını izah etməyə çalışır. Halbuki əsas sual “bəs hansı iqtisadi model qurulacaq?” olmalıdır

Tarixi təcrübə göstərir ki, istisna halları çıxmaqla, iqtisadi baxımdan azad sistemlərdə demokratiya, insan hüquq və azadlıqları, azad mətbuat çox qısa bir vaxtda formalaşa bilir. Ən əsası isə, belə cəmiyyətlərdə kimlərin gəlməsi və ya kimlərin getməsi hər hansı ciddi dəyişikliklərə səbəb olmur, çünki sistem fərdlərin hüquq və vəzifələri əsasında qurulduğu üçün, stabil şəkildə fəaliyyət göstərməkdə davam edir

Əgər ölkədə siyasi hakimiyyət dəyişikliyi iqtisadi modelin dəyişməsinə gətirməyəcəksə, ən yaxşı halda mövcud büdcədən qidalanma sistemi nisbətən korrupsiyadan təmizlənəcək, lakin zaman keçdikcə yenidən siyasi hakimiyyətin avtoritarlaşması baş verəcək.

Yalnız iqtisadi modelin kökündən dəyişməsi siyasi hakimiyyətin oyun qaydalarını tamamilə dəyişə bilər. Nümunə üçün Gürcüstanda sovet hakimiyyətindən qalmış iqtisadi modeldən tamamilə imtina olunmasının müsbət nəticələri hələ də özünü göstərir

Ona görə də, cəmiyyətimiz büdcədən daha çox sosial müavinət, sosial yardım, uşaq pulu, ucuz marşurut, ucuz çörək, pulsuz işıq, pulsuz qaz, pulsuz su, pulsuz ev istiqamətində yox, azad iqtisadiyyat qurmaq istiqamətində çalışmalıdır.

скачать dle 12.1
Xəbər lenti