Avropa Məhkəməsi ilə bağlı açıqlamalar səmimi deyil

27-10-2023, 14:01
54
Avropa Məhkəməsi ilə bağlı açıqlamalar səmimi deyil
Sübhan Həsənli
Bəzən hətta çox tanınmış ictimai-siyasi şəxslər açıqlamalar verir ki, guya Avropa İnsan Hüquqları Məhkəməsinə iş göndərmək dövlətə, ölkəyə qarşı olmaq deməkdir. Məsələn bugün Vahid Mustafayev də, oxşar çıxış edib. Əvvəllər mən şəxsən yaxud sosial media vasitəsilə xeyli adamdan bunu eşitmişəm. Bu açıqlamaların heç biri mənə səmimi gəlmir. Həmin adamların əsas arqumenti nədir? Əgər şikayət versək, orda yazılacaq ki, “X Azərbaycana qarşı iş” onlar isə öz ölkəsini xarici hansısa məhkəməyə şikayət etmək istəmirlər. Mənə elə gəlir ki, bu açıqlamaları verənlərin hamısı vəziyyəti yaxşı bilir lakin yenə də, bilərəkdən bu tip manipulyasiyalara əl atırlar. Əgər bilmirlərsə, o zaman qısa bir məlumat vermək yerinə düşər.
Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərmək üçün ölkə birinci Avropa Şurasına üzv olmalıdır. Avropa Şurasına üzv olarkən isə, bu mexanizmi təsdiqləyirsən və bu KÖNÜLLÜ qaydada baş verir. Heç kim hansısa ölkəni buna məcbur etmir. Üzv ölkə qəbul edir ki, onun vətəndaşı nə zaman düşünsə ki, ölkədə hüquqları pozulur onu məhkəməyə göndərəcək və məhkəmə qərar çıxaranda da onu İCRA EDƏCƏK. Yəni bu hansısa gizli yolla baş verən prosess deyil. Birbaşa dövlətin özünün öz istəyi ilə qəbul etdiyi mexanizmdir.
Digər arqument budur ki, biz istəyirik ki, məsələni ölkə qanunları ilə həll edək. Yəni hansısa avropalının qanunu ilə yox.
Bu arqumentin də, hansısa məntiqi tərəfi yoxdur. Elə Azərbaycanın qəbul etdiyi Cinayət-Prosessual məcəllənin 455-ci maddəsində qeyd edilir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları, işə yeni hallar üzrə baxılması üçün əsasdır. Yəni bizim məhkəmədə qərar vətəndaşın əleyhinə, Avropada lehinə çıxıbsa, bu yeni hallar üçün əsasdır.
456-cı maddəsində isə deyilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və ya İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduqda Ali Məhkəmənin sədri hakimlərin birinə işin plenumun məhkəmə iclasına hazırlanmasını və məruzə edilməsini tapşırır. İşə plenumun məhkəmə iclasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və ya İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduqdan sonra 3 aydan gec olmayan müddətdə baxılır.
Yəni bu məhkəmənin qərarları bizim üçün məcburi xarakter daşıyır və bunu Azərbaycanın deputatları, Milli Məclisdə könüllü olaraq qanuna əlavə ediblər.
Bugün Azərbaycanda çıxarılan məhkəmə qərarlarının 50-60 faizində ən azından formal olaraq, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına istinad var. Azərbaycana qarşı çıxarılan işlərin bir qismi dövlətin öz qurumlarının saytlarında (məsələn Ali Məhkəmə, Ədliyyə Nazirliyi və.s) yayımlanır. Belə olan halda, məhkəməyə müraciət etməklə, dövləti satmaq ya da başqa hansısa oxşar məsələlər arasında hansı bağlantı ola bilər?скачать dle 12.1
Xəbər lenti