Unudulmaz Əlaif bəy

29-10-2023, 12:47
63
Unudulmaz Əlaif bəy
Hüquq müdafiəçisi
2011-ci ilin əvvəliydi.
Kənd Təsərrüfatı Nazirliyində baş hüquqşünas, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının üzvüydüm.
Hökumət evində əyləşirdim.
İşlərim pis getmirdi.
Vəzifə pilləsində yüksələcəyim şəksiz idi.
Günün birində atam Eldar Sabiroğlu iş telefonuma zəng etdi: “Azərbaycan” qəzetində elan veriblər. Prokurorluğa yeni kadrlar tələb olunur. Səndən çox xahiş edirəm, hazırkı işini burax, hazırlaş, prokurorluq orqanlarına imtahan ver”.
Həvəssiz şəkildə milli və beynəlxalq qanunvericiliyə yenidən nəzər saldım.
İş elə gətirdi ki, 3 mərhələli imtahanı uğurla keçdim, prokurorluğa qəbul oldum.
Zərdab rayon prokurorluğunun stajor-müstəntiqi təyin edildim.
Rayona gedib çıxmamış ölkəboyu tanınmış hüquqşünas, vəkil Əlayif Həsənov barədə düşündüm.
Məlumatlı idim ki, Əlayif bəy rayonda yaşayır.
Onu Qənimət Zahidin, Leyla Yunusun, “Nida”çıların, Bəxtiyar Hacıyevin və digər siyasi yüklü cinayət işlərindən tanımışdım, mediadan çıxışlarını dinləmişdim və anlamışdım ki, hüququn dəyərsizləşdiyi Azərbaycanda təkəmseyrək prinsipial vəkillərdəndir.
01 oktyabr 2011-ci ildə Zakir Qaralovla görüşüb, xidməti vəsiqəmi aldım, 04 oktyabrda rayona yollandım və qərarlaşdırdım ki, ilk olaraq Əlayif bəyi axtarım, tanış olum, yeni mühitə uyğunlaşmaqçün dəstəyini xahiş edim.
Tezliklə rayonda çox böyük nüfuz sahibi olan Əlayif Həsənovla nəinki tanış olduq, hətta dostlaşdıq.
Vaxtaşırı dərdləşdik.
Bir dəfə mənə dedi: “Cənab, mənim bir sualıma cavab ver. Bu düşüncə ilə prokurorluqda nə işin var? Niyə mahiyyət və əqidənin tam ziddinə gedib, prokurorluğa gəlmisən? Məncə, belə hüquq psixologiyasına malik birisi özünə tezliklə yeni bir peşə tapmalıdır”.
Əlbəttə, ustad hansı məzmun kəsb etdiyimi düzgün oxumuşdu və 2015-ci ilin dekabrında xidməti vəsiqəmi cırıb, fəaliyyətimi yoxlamağa gələn Baş Prokurorluğun idarə prokurorlarının üstünə atanda, qanunsuz davranışlara məruz qaldığıma görə kirayədə qaldığım evdə aclıq aksiyasına başlayanda yanıma gəlib, təəccüblənmədiyini demişdi:
“Cənab, əlbəttə, dəstəkləyirəm. Tam təbii halın budur. 4 ildir ki, səni tanıyıram. Mayan ittihamdan yox, müdafiədən yoğrulub. Düz etdin. Ümid edirəm ki, səni nələr gözlədiyinin fərqindəsən. İradəli olmağa məhkumsan və zamanla uğur qazanacaqsan”.
Bu sətirləri yazarkən həyat yoldaşım Nuraydan “Əlayif bəyin aclıq etdiyim zaman dediklərini xatırlayırsan, səhv xatırlamıram ki?” soruşdum.
“Yox, səhv deyil, Allah rəhmət eləsin, indiyiə kimi yadımdadır. O, bu sözləri deyəndə ağlıma gəlmirdi ki, nələr yaşayacağıq”.
Polis və prokurorluq əməkdaşlarının yaşadığım evə basqın edib, axtarış apardığı zaman ustad zəng etdi: “Cənab, işlər ciddiləşir. Məncə, yoldaşını ya bizə, ya da şəhərə-atangilə göndər. Ümumiyyətlə, məndən olsa, rayonda qalma, Bakıya üz tut, amma iradəli ol”.
Dediyi kimi də etdim.
Bir də Şirvanda görüşdük.
Məni “Stolıpin”lə (məhkumların daşınması üçün vaqon) Bakıdan Hacıqabula, oradan da polis avtomobili ilə Şirvana gətirmişdilər-apellyasiya instansiyasına.
Məhkəmə salonuna hamıdan qabaq Əlayif Həsənov daxil oldu.
Zərdabdan Şirvan Apellyasiya Məhkəməsinə gəlmişdi.
Barmaqlıqlar arasından burunlarımızı bir-birinə dayayıb, salamlaşdıq.
Dedi: “Cənab, “Azadlıq”da son yazını-“Hüququn qətli”ni oxudum. Şübhəsiz ki, möhkəmsən, iradəlisən. Bu, məni sevindirir. Səbrlə davran, zamanla işlərin qaydasına düşəcək, azadlıqda elə bərabər işləyəcəyik. Sadəcə, 2-3 il gözləməli olacaqsan”.
Elə də oldu.
2 il 6 aydan sonra azadlıqda görüşdük.
Daha doğrusu, çıxdığım gün Zərdabdan zəng etdi:
“Cənab, xahiş edirəm, ciddiyyətini qoru, yaxşı olacaq”.
Qısa müddət sonra dostlarla birgə “Müdafiə Xətti”ni elan etdik-heç şübhəsiz, Əlayif xocanın öndərliyi ilə.
Bütün tövsiyələrini icra edə bilməsəm də hüquq müdafiə fəaliyyətində prinsip və vərdişlərini rəhbər tutmağa çalışdım.
Keçən il Qəbələyə qonaq çağırdı.
Bizimçün ev kirayələmişdi.
Quzu da kəsdirmişdi.
Yeyə-yeyə, içə-içə gecədən xeyli keçənədək dərdləşdik.
İndiyə kimi yadımdadır, ustad bir çox məsələlərdən, eləcə də hüquq tarixindən, Böyük Fransa Burjua İnqilabından, Çar Rusiyasının hüquq sistemindən, “Əsrimizin Siyavuşu”ndan, bir də deyəsən, İsa Muğannanın “İdeal”ından danışdı, sözarası məni narahat edən bir cümlə də işlətdi: “Ürəyim, belə emosionallıq səni tükədəcək. Nə olub sənə? Bir az özünə gəl. Əmin ol ki, hər şey yaxşı olacaq”.
Bilənlər, tanıyanlar əmindirlər, bilməyənlər və tanımayanlar üçün deyim ki:
Əlayif Həsənov ləyaqət mücəssəməsi idi.
Müasir dövrdə çox az rast gəlinən vicdanlı vəkil və hüquqşünas idi.
Yüksək səviyyəli dəyərlər daşıyıcısı idi.
Azərbaycanda sərbəst hüquq düşüncəsinə xidmətin parlaq nümunəsi idi.
Mütaliə dairəsi çox geniş və hərtərəfli idi.
Əzilənlərin hüquqlarının yanında, əzənlərin qarşısında dimdik idi.
Gəncliyini Milli Azadlıq Hərəkatına, sonrakı illərini isə hüququn, qanunun, qaydanın müdafiəsinə həsr etdi.
Heç zaman repressiya mərkəzindən çəkinmədi, daim tənqidi rəylərini ən yüksək tribunalardan səsləndirdi.
Hakimiyyətin qəzəbinə tuş gələn siyasi fəalların, ictimai aktivistlərin, jurnalistlərin, dissidentlərin müdafiəsini yüksək peşəkarlıq və əzmkarlıqla təşkil etdi.
Təsadüfi deyil ki, hüquq müdafiəçisi Leyla Yunusun işində hökumətin səbir kasası daşdı, Əlayif xocanı Vəkillər Kollegiyasından uzaqlaşdırdılar.
Hakimiyyətin hüquq sistemi ilə davada sözün birbaşa mənasında gözünün nurunu və qəlbini əritdi, bir neçə il qabaq ağır ürək əməliyyatı keçirdi, lakin fəaliyyət və mübarizəsinə ara vermədi.
Ölümündən iki saat qabaq dostumuz Rüfət Muradlı ilə danışdı, efirə çıxmağa, bəzi hüquqi məsələlərin müzakirəsinə ehtiyac yarandığını söylədi, vaxtı müəyyənləşdirdilər, amma sözünü tutmadı, çünki ürək vəfasız çıxıb, əbədi olaraq dayandı.
Baxın, belə bir ziyalını, kişini, vətəndaşı təkcə biz yox, Azərbaycan itirdi!
…Və dünən Zərdabda Əlayif xocanın oğlu Sübhan bəylə xətirələrimizi bölüşürük.
Öyrəndim ki, 2011-ci ildə bizim Bəxtiyar Gəncədə həbs edilərkən müdafiəyə qoşulan Əlayif xoca özünü məhkəmə prosesinə çatdırmalı imiş.
Həmin zaman Ucar Rayon Məhkəməsinin sədri məzuniyyətdə olduğundan, Zərdabın hakimi hər iki rayonun işlərinə baxırmış.
Belədə iki xidməti avtomobil olubmuş.
Siyasi məhbus Bəxtiyar Hacıyevin işinə tələsən Əlayif bəy yaxın münasibətləri olan hakimdən xahiş edir, xidməti maşınlardan birini götürür, Bakı-Qazax avtomobil yoluna çıxır, yüksək sürətlə Gəncəyə çatır.
Bir neçə cərimə, radar və s.
Aləm bir-birinə dəyir.
Aydınlaşır ki, siyasi məhbusun məhkəmə prosesinə tələsən tanınmış vəkil Gəncəyə iki rayonun işinə baxan məhkəmə sədrinin xidməti avtomobili ilə çatıb…
…Həyat fanidir.
Mürəkkəbliklərlə zəngin olan bu dünyada ləyaqətlə yaşayıb, ömrü şərəflə başa vurmaq hər kəsə nəsib olmur.
Azərbaycan hüquq ictimaiyyətinin adı tarixə böyük hərflərlə yazılacaq parlaq təmsilçisinin-Əlayif Həsənovun 61 illik həyat yolu gənc hüquqçularçün örnək və mayak olacağına şübhə etmirəm.
Allah sənə rəhmət eləsin, Xoca!
Daim xatırlayacağam.скачать dle 12.1
Xəbər lenti