Tarixi qəhrəmanlarımız rəssamları üz-üzə qoydu

16-11-2015, 20:10
0
Tarixi qəhrəmanlarımız rəssamları üz-üzə qoydu


"Tarixi şəxsiyyətin qəbul olunmuş simasını dəyişmək olmaz"

Koroğlu deyərkən yəqin ki, hamının gözü önünə nəhəng cüssəli, burma bığları və qabarıq əzələləri ilə fərqlənən, əlində toppuz tutan bir şəxs canlanır. İstər “Koroğlu” filmində, istərsə də eyniadlı operada, həmçinin bir çox ədəbiyyatlarda Koroğlu məhz belə təsvir olunur. Bunun əsas səbəbkarı isə Azərbaycanın və SSRİ-nin xalq rəssamı Tahir Salahov olub. Çünki onun ərsəyə gətirdiyi “Koroğlu” portreti başqa Koroğluların üz cizgiləri üçün istinad rolunu oynayıb. Eyni sözü Babək, Cavanşir, Uzun Həsən və başqa qəhrəmanlar haqqında da demək mümkündür. Məsələn, 5-6 il bundan əvvəl orta məktəblərin beşinci sinfinin “Ata yurdu”, 8-ci sinfin “Azərbaycan tarixi” dərsliyində Ağqoyunlu dövlətinin banisi Uzun Həsən tam fərqli təsvir olunub. 
 
Beşinci sinfin “Azərbaycan dili” dərsliyində “Keçəl Həmzənin Qıratı oğurlaması” qolunda Koroğlu ilə Həmzənin qarşılaşmasını əks etdirən şəkildə hiyləgərliyi və cılızlığı ilə seçilən Həmzə az qala Koroğludan cüssəli görünür. Bu cür faktların sayını artırmaq da olar.
 
 

 

Tarixi qəhrəmanların bir çoxlarının real simalarını əks etdirən şəkillərin, portretlərin dövrümüzə qədər gəlib çıxmadığından rəssamlar heç vaxt görmədikləri şəxsləri öz təxəyyülünə uyğun olaraq yaradırlar. Bu zaman tarixi şəxsiyyətin üz cizgiləri onun xarakterinə aid olan informasiyalar əsasında cızılır. Müxtəlif dərsliklərdə ən çox təhrifə məruz qalanlar isə dastan qəhrəmanlarıdır. Bu qəbildən Dədə Qorqudun o qədər də çox problemi olmasa da, Koroğlu, Qaçaq Nəbi, Aşıq Qərib kimi obrazlar surət baxımından təhriflərə məruz qalır. 
 
Folklor İnstitutunun direktoru, professor Muxtar İmanov açıqlamasında bunun o qədər də böyük qəbahət olmadığını deyib. Onun fikrincə, Koroğlunu hər rəssam öz təxəyyülünə uyğun çəkə bilər:
 
“Koroğlu deyərkən, ağlımıza gələn ilk sima rəssam Tahir Salahovun çəkdiyi Koroğludur. Biz hamımız Koroğlunu o cür bilirik. Amma bir kitabda başqa cür, o birisində azacıq fərqli çəkilibsə, bunu şişirtməyə ehtiyac yoxdur. Hər rəssamın tarixi şəxsiyyət barəsində folklor qəhrəmanı ilə bağlı öz təxəyyülü ola bilər. Hər rəssam qəhrəmanlığı obrazın üzərində bir cür əks etdirir. Məncə, bunda o qədər də böyük qüsur yoxdur. Bizim Folklor İnstitutu ilə təbii ki, bu məsələlər müzakirə edilmir. Biz ancaq folklorla əlaqəli mətnlərə rəyimizi verə bilərik. Portretlərin yanlış çəkilməsində isə qabardılası ciddi məsələ yoxdur. Hər rəssam öz təxəyyülünə uyğun çəkə bilər”.
 
 
Rəssam Hafiz Nəsiroğlu isə məsələyə bir az fərqli yanaşır. Onun fikrincə, əgər bir tarixi qəhrəmanın siması insanlar üçün müəyyənləşibsə, artıq onda heç bir təhriflər aparmaq olmaz: “Bu, insanlarda çaş-başlıq yarada bilər. Burada dəqiqləşdirmə aparmaq lazımdır. Birincisi, əgər bir tarixi şəxsiyyəti insanlar artıq konkret sima ilə qəbul ediblərsə, hansısa rəssamın çəkdiyi əsər artıq uzun müddətdən sonra hamının yaddaşına köçübsə, onda həmin şəxsi başqa cür çəkmək olmaz.  Çünki o artıq qəbul olunub, onu başqa cür necə çəksək, alınmayacaq. Məsələn, götürək, rəssam Qəzənfər Xalıqovun çəkdiyi “Nizami” portretini. Ona qədər Nizamini kimsə çəkməmişdi. Məhz onun əsərindən sonra hamı Nizamini o cür qəbul etdi. Bütün kitablarda, albomlarda - hər yerdə Nizami o cür qəbul olundu. O rəsmin əsasında film də çəkildi, Nizamiyə heykəl də qoyuldu.
 
 
İmadəddin Nəsimiyə aid olan portreti ilk dəfə xalq rəssamı Mikayıl Abdullayev çəkib. “Nəsimi” filmində də Rasim Balayevi ona uyğun seçiblər. Siz diqqət edin, görün Rasim Balayevlə həmin portret bir-birinə nə qədər bənzəyir. Deməli, artıq Nəsimi insanların gözündə bu cür qəbul olunub. Ona artıq başqa don geydirib öz təxəyyülünə uyğun çəkmək olmaz. Bu, insanlarda çaşqınlıq yaradar.
 
İkinci məsələ isə budur: elə tarixi qəhrəmanlarımız olub ki, onların adı çəkiləndə Nizamidə, Nəsimidə olduğu kimi insanların göz önünə bir sima gəlmir. Bu zaman rəssam artıq öz təxəyyülündən istifadə edə bilər. Məsələn, Babəkin bir tarixi qəhrəman kimi siması hələ də dəqiqləşməyib.  “Babək” filmindəki Rasim Balayevin siması ilə kitablardakı Babəkin portretini müqayisə edin. Görəcəksiniz ki, aralarında az qala yerlə-göy qədər fərq var. Əgər mən bir rəssam kimi Babəkin portretini çəkmək istəsəm, əvvəlcə onun həyatını, tarixini oxuyub xarakterini, üz cizgilərini özüm üçün müəyyən edərəm. Bu zaman çəkdiyim Babəklə başqa bir rəssamın çəkdiyi Babək arasında fərq olacaq. Çünki o qəhrəmanın xarakterini, ona uyğun üz cizgilərini bir cür təsəvvür edir, mən isə başqa cür. Dərsliklərə salınanda buna xüsusi diqqət etmək lazımdır. Çünki Koroğlunu, yaxud Babəki beşinci sinfin dərsliyində bir cür, yeddinci sinfin dərsliyində başqa cür görmək şagirdlərdə çaşqınlıq yaradacaq. Onların xarakteri barəsində düzgün fikir yarada bilməyəcək”.
 
Bir çox dərsliklər və monoqrafiyalarda tarixi qəhrəmanların surətini yaradan rəssam Vasif Səftərovun sözlərinə görə, haqqında söhbət gedən şəxsləri təbii ki, heç birimiz görməmişik. Amma cəmiyyət tarixi qəhrəmanların bir çoxunu artıq müəyyən simada canlandıra bilir. Bunun əksinə hərəkət etmək isə artıq həmin dərsliyi tərtib edən qrupun səhvidir:
 
“Əslində, o qəhrəmanları canlı olaraq dəqiq təsvir etmək qeyri-mümkündür. Sadəcə, biz dastanlardan və həmin dövrün yaşayış tərzinə uyğun olaraq həm geyim, həm də silah baxımından tarixi araşdırmalara əsasən onların üz cizgilərini yaradıb çəkirik.
 
Bu da təbii ki, hər rəssamın fantaziyasında müxtəlif görünüşdə ola bilər. Hər rəssamın düşüncə və baxış tərzinə görə fərdi olaraq dəyişir.
 
Amma qəhrəmanlarımızın əsasən qəbul olunan bir forması var və elə həmin formadan da başqa portretlərin çəkilişində istifadə oluna bilər. Biz də əvvəldən onları xarakter baxımından o formada görmüşük.
 
Dərsliklərdə də keçmişdə qəbul olunan formalarının qorunub saxlanılması şərtilə yeniləşmiş bir metodla çəkilməsi daha yaxşı olar. Biz əsərlərdə daima Koroğlunu bığlı, biləkli, qoppuzlu, qürurlu formada görmüşük və bu kriteriyaları saxlamaq şərti ilə müxtəlif formalarda çəkilməyi, məncə, qəbahət deyil. Dərsliklərdə bu cür nöqsanların başverməsinin rəssamların işə cəlb edilməməsidir. Bunu həm də nəşriyyatın eybi saymaq olar”.
скачать dle 12.1
Xəbər lenti