Müəllimlər həyəcan təbili çalır: Homoseksuallığa münbit şərait yaranıb

19-11-2015, 16:27
0
Müəllimlər həyəcan təbili çalır: Homoseksuallığa münbit şərait yaranıb
Orta məktəblərin ibtidai sinif müəllimləri həyəcan təbili çalırlar: 6-7 yaşlı uşaqların təhsil aldığı siniflərdə oğlanların sayı qızlardan dəfələrlə çoxdur. Yəqin, siz də öz təcrübənizdə bunun şahidi olursunuz. Məsələn, Sabunçu rayonundakı 22 saylı orta məktəbdə ötənilki birinci siniflərdən birində 30 şagirddən yalnız 10 nəfəri qızlardır. Bəzi siniflərdə isə bu nisbətin daha kəskin olduğunu müşahidə etmək olar.
 
Bu problem və onun doğuracağı fəsadlarla bağlı araşdırma aparılıb.
 
Son illərdə selektik (seçmə) abortların sayı durmadan artır. Bunun qarşısını almaq üçün Milli Məclisdə qanun layihəsi müzakirə edilsə də, onun qəbulu, sanki tilsimə düşüb. Yaranmış boşluqdan istifadə edən vətəndaşlar dölü ana bətnindəcə məhv etməyə üstünlük verirlər.
 
Nədənsə Azərbaycan ailələrinin əksəriyyəti qız uşaqlarını dünyaya gətirməkdən birmənalı olaraq imtina edirlər. Bəzi hallarda qadınlar bunun əleyhinə olduqda ərləri və ya digər ailə üzvləri tərəfindən aborta məcbur edilir. Ən acınacaqlısı isə odur ki, qadın özü öz cinsindən olan övladını dünyaya gətirmək istəmir.
 
Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamalıq və Genokologiya İnstitutunun açıqlamasına görə, 2012-ci ildə ölkəmizdə abortların sayı 31 min, 2013-cü ildə 27 min 892, 2014-cü ildə isə 27 min 220 olub.
 
Nəzərə almaq lazımdır ki, bu statistikaya yalnız tibb müəssisələrində icra edilən abortlar daxildir. Qadınlar gizli yollarla, bəzən isə apteklərdə reseptsiz satılan dərman preparatlarını qəbul etməklə ev şəraitində də hamiləliklərini pozurlar. 
 
Bütün bunların nəticəsində isə bu gün orta məktəblərdə oğlanların mütləq üstünlük təşkil etdiyi siniflər meydana gəlir. Orta məktəblərin birində müəllimə işləyən Günel Treu hazırda  homoseksual sindromunun artıq qapımızın kəndarında olduğunu bəyan edib: 
 
“Bir müəllim olaraq deyirəm, təhlükə qapıdadır. Oğlanlarımız cəmi 10-15 ildən sonra evlənməyə qız tapmayacaqlar. Qız övladının ana bətnindəcə məhv edilməsi ilə biz əslində, cinsi azlıqlara münbit şərait yaradırıq”.
 
Bir müəllimənin həyəcanla səsləndirdiyi fikirlər əslində cəmiyyətimiz üçün ciddi mesajdır. 
 
Təxminən, 40 il əvvələ kimi homoseksuallıq (eynicinslilər arasında yaşanan romantika, eşq) psixoloji xəstəlik kimi qəbul edilirdi. Lakin nədənsə sonralar bu, psixoloji çatışmazlıq siyahısından çıxarıldı. Ən təhlükəli və müalicəsi mümkün olmayan AİDS/QIÇS orqanizmin tədricən zəifləməsinə, müdafiə qüvvəsinin tükənməsinə səbəb olur. Nəticədə orqanizm xəstəliklər üçün "açıq qapı" rolunu oynayır və xəstəlik törədən amillərlə mübarizə edə bilmir. Və insan ölümə doğru sürətlə addımlayır. Təsadüfi deyil ki bu xəstəliyə ən çox homoseksuallar, “köhnə peşə” sahibləri və narkomanlar arasında rast gəlinir.      
 
İslamın homoseksuallara münasibəti
 
Eynicinslilərin münasibəti İslamda livat (kişi ilə kişinin cinsi yaxınlığı) və müsahiqə (qadınla qadının cinsi yaxınlığı) adlanır. Hər iki əlaqə İslam qanunları tərəfindən kəskin şəkildə pislənilir, haram və böyük günahlardan hesab edilir. İlk dəfə bu əməl Lut qövmünün insanlarında müşahidə edilib və İlahi əzabla cəzalandırılıb. Bununla bağlı “Qurani Kərim”də xüsusi ayələr endirilib:  “Lutu da (peyğəmbər göndərdik). O zaman (Lut) öz tayfasına demişdi: “Gözünüz görə-görə çirkin işləmi məşğul olursunuz? (Etdiyiniz əməlin qəbahətini, günahını başa düşə-düşə hələ də ona davam edirsiniz!)”
 
“Siz qadınları qoyub şəhvətlə kişilərin yanınamı (üstünəmi) gedirsiniz? Həqiqətən, siz cahil bir tayfasınız!”
 
“(Lut) tayfasının cavabı yalnız: “Lutun ailəsini yurdunuzdan qovub çıxardın. Çünki onlar (bizim gördüyümüz işlərdən) təmiz qalmaq istəyən insanlardır!”– deməkləri olmuşdu."
 
“Buna görə də Biz onu və ailəsini xilas etdik, yalnız övrətini (əzab içində) qalanlardan olmasını təqdir etdik. (Canında nə olduğunu bildiyimiz üçün onun barəsində əzəldən belə hökm verdik).”
 
“Onların üstünə (qızmar daşdan) bir yağış yağdırdıq. (Peyğəmbərlər vasitəsilə Allahın əzabından) qorxudulanların yağışı nə yaman imiş!”
 
(Nəml surəsi, 54-58)
 
Daha sonra Hud surəsində bu haqda açıqlama verilir:
 
“Tayfası (qonaq gəldiyini bilən) tələsik (Lutun) yanına gəldi. Onlar (Lutun yanına gəlməzdən və kişi qiyafəsində olan mələkləri görməzdən) əvvəl də pis işlər görürdülər (cavan oğlanlarla əlaqədə olurdular). (Lut onlara) dedi: “Ey qövmüm! Bunlar (balalarım və ya ümmətimin qadınları) mənim qızlarımdır (onlardan şəriətə müvafiq surətdə istifadə edin). Onlar (nikah baxımından) sizin üçün daha təmizdirlər”.
 
“Allahdan qorxun və (yaramaz əməllərinizlə) məni qonaqların yanında rüsvay etməyin. Məgər aranızda (sizə yaxşı işlər görməyi əmr edən, pis işləri yasaq edən) ağlı başında bir adam yoxdur?” Onlar dedilər: “Sənin qızlarına heç bir rəğbətimiz (və ya ehtiyacımız) olmadığını, şübhəsiz, bilirsən. Nə istədiyimizi də, yəqin ki, bilirsən!”
 
“(Mələklər) dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə toxuna bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə çıx get. Heç kəs dönüb geri baxmasın. Təkcə övrətin (arvadın) istisnadır. Onlara toxunacaq əzab övrətinə də toxunacaqdır. Onların (ölüm) vaxtı səhərdir. Səhər yaxın deyilmi?”
 
(Lut tayfasının məhvi barəsində) əmrimiz gəldiyi zaman o yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş (bir-birinə bitişik) bərk daşlar yağdırdıq.”
 
(Hud surəsi, 78-79, 81-82)
 
Digər bir surədə isə belə buyurulur: 
 
“(Lutun gözəl qonaqlarının gəldiyini bilən) şəhər əhli (sevinərək) bir-birini muştuluqlayıb (onun yanına) gəldi.”
 
“(Lut) dedi: “Bunlar mənim qonaqlarımdır. (Onlara hörmət etmək mənim borcumdur). Məni (biabırçı hərəkətlərinizlə onların yanında) rüsvay etməyin!”
 
“Allahdan qorxun və məni xar etməyin!”
 
“Onlar: “Məgər biz sənə (şəhərimizə gələn) adamları (himayə etməyi, onları qonaq saxlamağı) qadağan etmədikmi?” – deyə soruşdular.”
 
“(Lut) dedi: “Bunlar mənim qızlarımdır. Əgər (istədiyinizi) edəcəksinizsə (buyurun, onlarla evlənin)!”
 
“(Ya Rəsulum!) Canına and olsun ki, onlar məstlikləri (küfrləri) içində sərgərdan (şaşqın) vəziyyətdə durub qaldılar. (Lutun nəsihətini qəbul etmədilər).”
 
“Şəfəq doğanda o dəhşətli (tükürpədici) səs onları bürüdü.”
 
“Onların altını-üstünə çevirdik və başlarına odda bişmiş gildən bərk daşlar yağdırdıq.”
 
“Bunda (bu əzabda) düşünüb-daşınanlar üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır!”
 
“Həqiqətən, o (Lut tayfasının yaşadığı Sədum şəhərinin xarabaları Qüreyş kafirlərinin Məkkədən Şama getdikləri) yolun üstündə hələ də durmaqdadır!”
 
(Hicr surəsi, 67-76)
 
Bu ayələrdən də aydın görünür ki, hər şeyin həqiqətini və hikmətini bilən Allah öz yaratdıqlarının bu kimi əməllərdən uzaq olmasını əmr etmiş və əks təqdirdə, şiddətli cəzalara məruz qalacaqlarını ibrətlə vurğulayıb.
 
 
“Qorxunc zəlzələ Lut qövmünü yerin dərinliklərinə basdırıb”
 
Rəvayətlərə görə, Lut qövmü İordaniyanın şərqində - İraq ilə Fələstin arasında yerləşən bölgədə yaşayıb. Lut gölü və ya digər adıyla Ölü Dənizin cənub və şərqində qalan və bu gün tamamilə kimsəsiz olan bölgədə bir çox qədim şəhər qalığı mövcuddur. Lut qövmünün yurdu olaraq bilinən həmin ərazi bu gün üçün çox sayda əhalini təmin edəcək təbii xüsusiyyətlərə sahib deyil. Meşələr, məhsuldar ərazilər və su qaynaqları olduqca azdır. Ancaq bu bölgə qədim qaynaqlarda İordaniyanın ən yaşıl və ən məhsuldar bölgəsi olaraq tanınırdı. Müasir arxeoloq və tarixçilərin qənaətinə əsasən, bu xoş və yamyaşıl bölgə şiddətli bir sarsıntı nəticəsində Ölü Dənizə çevrilib.
 
 
Araşdırmalar Ölü Dənizin bu fəlakətdən əvvəl cənub istiqamətində günümüzdəki qədər uzanmadığını göstərib. Bu gün Krek şəhərinin tam qərbində Ölü Dənizə bir dil şəklində uzanan və adını şəklindən alan "Lisan" (dil) adında kiçik bir yarımada yerləşir. Bu yarımadanın dəniz tərəfindən başlanğıc nöqtəsi qədim zamanlarda Ölü Dənizin sahili idi. Yarımadanın cənubunda hazırda gölün suları altında qalan dayaz bölgədə Lut qövmünün yaşadığı Sodom, Homorra, Adma, Sanbuyem və Zoğr şəhərləri olub. Bu bölgədəki arxeoloji qazıntıları ilə məşhur olan alman arxeoloqu Verner Keller bu barədə gəldiyi nəticəni belə açıqlayır: "Bu bölgədə bir gün çox böyük bir çökmədə partlamalar, ildırımlar, yanğınlar və təbii qazlarla birlikdə qorxunc bir zəlzələ olmuş və Sodom vadisi ilə birlikdə Lut qövmünün şəhərləri də yerin dərinliklərinə gömülüb". 
 
Günümüzdə də eynicinslilərin münasibətlərini, hətta evlənməsini dəstəkləyən qərarların sonda Allahın qəzəbini gətirəcəyinə şübhə etməyənlər çoxdur. Bundan qurtulmağın tək yolu isə beyinləri yumaqdan, uşaqlarımızı doğru istiqamətə yönəltməkdən keçir.
 
Eyni zamanda valideynlər öz övladlarında hər hansı dəyişiklik, qeyri-ənənəvi hərəkətlər gördükdə, hiss etdikdə bunu gizlətməkdənsə, həkimə, psixoloqa müraciət etmələri daha uğurlu olar. Bununla gələcəkdə baş verəcək çox ciddi fəsadların, faciələrin qarşısını almış olacaqlar. Qız övladlarına qarşı diskriminasiya, həmçinin, uşaqların cinsi tərbiyəsi də bu faciədən yan keçməyə yardım edəcək.
скачать dle 12.1
Xəbər lenti