İngilis, yoxsa rus bölməsi? - Ekspertlər cavab verir

9-09-2015, 17:22
0
İngilis, yoxsa rus bölməsi? - Ekspertlər cavab verir
Əvvəllər valideynlər uşaqlarını rus bölməsinə qoymağa can atsalar da, dövlət dili Azərbaycan dili olduqdan sonra rus dili ikinci plana keçdi. Artıq "rus dilli"lər də azalır. Əksər iş yerlərində də ana dilini yüksək səviyyədə bilmək tələb olunur. Həm də müasir dövrdə ingilis dilinə tələb getdikcə artır. Lakin ölkədə fəaliyyət göstərən ingilisdilli məktəblər özəldir və təhsil haqqları yüksəkdir. Ekspertlər və valideynlər hesab edir ki, dövlət məktəblərində də ingilis dili bölməsinin açılması bir çox uşağa bu dili mükəmməl öyrənməyə kömək edərdi.
 
Valideyn Südabə Xəlilovanın sözlərinə görə, orta məktəblərdə rus bölməsi öz aktuallığını itirib və bağlanmalıdır: "Rusiyada Azərbaycan bölməsi olmadığı halda niyə bizdə hələ də ruslaşmanın qalıqları qalmalıdır. Rus bölməsinin bağlanmasının tərəfdarıyam. Əgər məktəblərdə başqa xarici dildə bölmənin olmasına ehtiyac varsa, bunun ingilis dili bölməsi olması daha məqsədəuyğundur. Şagirdlər məktəbi bitirdikdən sonra yaxşı işdə işləmək və ya təhsilini xarici ölkələrin öndə gedən təhsil müəssisələrində davam etdirmək üçün İngilis dili repetitorlarına, ingilis dili kurslarına getməli olmazdılar".
 
Təhsil eksperti Məlahət Mürşüdlünün sözlərinə görə, bizdə ingilis və fransız dilli məktəblər var: "Amma onlar ödənişlidir, özəldir".
 
Rus bölməsinin fəaliyyətinə gəlincə, M.Mürşüdlü bildirib ki, sosial sifariş olduğu üçün vətəndaşların istəyi ilə rus bölməsi fəaliyyət göstərir: "Rus bölməsinin fəaliyyətinin dayandırmamasının da səbəbləri var. Belə ki, rus bölməsində təlimin keyfiyyəti Azərbaycan bölməsindəkinə nisbətən yüksəkdir. Bu xüsusilə də ibtidai siniflərdə qabarıq müşahidə olunur. Azərbaycan bölməsində çatışmayan cəhətlərdən biri uşağın sosiallaşmasına, cəmiyyət üçün hazırlanmasına diqqət yetirilməməsidir. Onu da qeyd edim ki, rus bölmələrində də çalışan müəllimlərin 99 faizi azərbaycanlıdır. Lakin bu bölmədə çalışan Azərbaycan müəllimləri daim axtarışdadır, öz üzərində işləyir, valideynin tələbatını, sosial sifarişi mükəmməl şəkildə yerinə yetirir. Bizim valideynlər bunu dərk edir. Ona görə də uşaqlarını əlindən tutub ibtidai siniflərdə rus bölməsinə aparırlar. Hətta uşaq baxçasında da rus bölməsinə qoymağa üstünlük verirlər".
 
"Digər səbəb rus bölməsinə dil öyrənmək baxımından meylin olmasıdır. Düşünürəm ki, bu, yanlış fikirdir. Məktəb dil öyrətmək mərkəzi deyil. Rus dilini başqa yerlərdə ingilis dilini öyrəndikləri kimi öyrənə bilərlər. 3-cü bir səbəb isə məktəblərdə Azərbaycan bölməsində rus dili fəninin saatlarının birdən-birə azaldılmasıdır", - deyə ekspert bildirib.
 
M.Mürşüdlü qeyd edib ki, bu gün ingilis dilinə böyük tələbat var: "İngilis dilinin tədrisi ilə bağlı saatların sayı da orta məktəblərin tədris proqramında rus dili ilə müqayisədə üstünlük təşkil edir. Məktəblərdə şagirdlər arasındakı apardığımız sorğunun nəticələrinə əsasən, şagirdlər öyrənmək istədikləri xarici dil kimi ən çox ingilis dilini seçiblər. Rus dilinin tədrisinin azalmasının da bir səbəbi budur".
 
O vurğulayıb ki, ingilis dili zamanın tələbidir: "Lakin ingilis dilində bölmələr yaratmaq üçün kadrlar lazımdır. Şagirdlərə müxtəlif fənnləri ingilis dilində tədris edə bilən müəllimlər hazırlaşdırılmalıdır. Özəl məktəb tanıyıram ki, dərslərin tədrisi ingilis dilində olan ibtidai siniflər açılsa da, ora 4-5 fənni ingilis dilində tədris edə bilən müəllim tapılmadı. İngilis dilini bilən kadrların yetişdirilməsi vacibdir. İngilis dili dünyaya açılan pəncərədir. Bu dili bilməyən dünyada, Azərbaycanın daxilində də yaxşı karyera qurmaqda çətinlik çəkəcək".
 
Ekspert hesab edir ki, ingilis dilində bölmələr yaradılsa, rus bölmələri öz-özünə bağlanacaq: "İngilis dilinin ibtidadi siniflərdən bütöv bölüm kimi tədris olunmasına ehtiyac var və bu, Azərbaycanın kadr potensialının inkişafında mühüm rol oynaya bilər".
 
Mürşüdlü əlavə edib ki, rus bölməsini bitirən abituriyentlərin ali təhsil almaq problemi yaranır: "Hər ixtisas üzrə rus bölmələri yoxdur. Elə ali məktəblər var ki, orada da rus bölmələri olmur. Lakin rus bölməsini bitirənlər işə düzəlmək problemi ilə qarşılaşmırlar".
 
Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev bildirib ki, rus dili bölməsi bağlanmamalıdır: "Təhsil müəssisələrində, hətta lazım olan başqa dillərdə də bölmələr açılmalıdır. Məktəblərdə erməni dili bölməsini də açmaq lazımdır ki, o dili öyrənib bizə düşmən olan xalqların arasına girə bilək və onların həyatı ilə yaxından tanış olub onlara qarşı istifadə edək"".
 
Ə.Ağayev bildirib ki, bütün dünyada ingilis dili aktualdır: "Amma dünyanın universitetlərinin çoxunda müxtəlif dilləri, hətta ölü latın dilini öyrədirlər. İtalyan, fransız, alman dillərini keçirlər. Müxtəlif dillərdə təlimin təşkili kütləvi olmur. Lakin burada məqsəd xarici dildə təlim alanların fəaliyyətinin gələcəkdə o dil istiqmətində təşkil edilməsidir".
 
Onun dediyinə görə, məktəblərdə rus bölməsi bağlansa belə, rus dili fənni tədris olunmalıdır: "90-cı illərdə təlimi rusca olan məktəbləri bağladılar. Rusiya ən böyük qonşu ölkədir, onun dilini bilməliyik. Son bir-iki ildə rus dilinə maraq artır. Təcrübə göstərdi ki, bu dil vasitəsilə dünya bazarına, dünya mədəniyyətinə çıxmaq mümkündür".
 
Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, bu il rus bölməsini qurtaranlar qəbul imtahanlarını çox zəif veriblər: "Rus bölməsi ilə bağlı bir çox ali təhsil müəssisələrində problemlər yaranıb. Belə ki, ali təhsil müəssisəsinə rus bölməsinə abituriyent tapılmır. Rus bölməsinə ballar aşağı olsa belə, bu problem qalır".
 
Ə.Qəşəmoğu bildirib ki, indiki rus bölməsi 20-50 il əvvəlki rus bölməsi deyil: "50 il əvvəlki rus bölməsində olduqca güclü müəllimlər dərs deyirdi. Nizam-intizam da yüksək səviyyədə idi. İndisə vəziyyət dəyişib. Rus bölməsi və Azərbaycan bölməsi arasında fərq elə də qalmayıb. İnsanların daha çox ingilis dilinə marağı yaranıb. Buna baxmayaraq, rus bölməsinin bağlanması düzgün olmazdı. Çünki Rusiya böyük qonşu ölkədir. Rus dilini bilməklə onlarla əlaqəni saxlayırıq. Rusiyada çoxlu azərbaycanlı işləyir və yaşayır. Ola bilsin ki, rus bölmələri müəyyən qədər ixtisar olmalıdır".
 
Təhsil Nazirliyinin İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektorundan Milli.Az-a bildirilib ki, orta məktəblərdə rus bölmələrinin bağlanması gözlənilmir. Əksinə, rus bölməsində təhsil alanların sayı artır. Dövlət orta məktəblərində ingilis dili bölmələri yoxdur və yaxın gələcəkdə də yaradılması nəzərdə tutulmur. Bəzi özəl ümumtəhsil məktəblərində ingilis dili bölmələri fəaliyyət göstərir.
скачать dle 12.1
Xəbər lenti