Elektron təhsilə keçid niyə gecikir? - Ekspert açıqladı

19-10-2016, 19:50
0
Elektron təhsilə keçid niyə gecikir? - Ekspert açıqladı
Dünya təhsilində ən uğurlu addımlardan biri elektron təhsil sisteminə keçiddir. Bu, həm dövləti hər il kitab, test və digər dərs vəsaitlərinə çəkilən xərclərdən azad edir, həm də şagirdlərin ağır çantalardan qurtulmasına şərait yaradır.
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi də 2011-ci ildə ölkə rəhbərliyinə təhsil sisteminin informasiyalaşdırılması, təhsildə elektron dərsliklərdən istifadə ilə bağlı layihə irəli sürüb və bu məsələ müzakirə edilərək qəbul olunub. Layihədə elektron təhsillə bağlı mütün maddələr detallı şəkildə öz əksini tapıb. Lakin Azərbaycan təhsilinin informasiyalaşdırılması və təhsildə elektron vasitələrdən istifadə tam formada həyata keçirilə bilmir.
 
ANN.Az məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədlinin fikirlərini öyrənib. Ekspert bu problemin bir sıra səbəblərdən gecikdiyini bildirib:
 
"Dərsliklərin çapı zamanı müəyyən məmurlar gəlir əldə edir. Kiminsə nəşriyyatı, kiminsə tanışı olan müəlliflər kitab çapından külli miqdarda gəlir götürür. Buna görə də, onlar elektron təhsilin sürətli inkişafında maraqlı deyillər. Digər problem odur ki, istər məktəblərimiz, istərsə də müəllimlərimiz elektron təhsildən istifadəyə tam hazır deyillər. 2007-ci ildən bəri ölkə rəhbərliyi hər bir şagidə kompüter verilməsinə başlayıb. Lakin 1 milyon 400 mindən çox şagird olsa da, hazırda hər 30 şagirddən 1-inə kompüter çatır. Bundan əlavə, region məktəblərinin internetlə və müasir elektron avadanlıqlarla təminatı tam olaraq həll edilmədiyindən, bir sıra problemlər yaşanır. Yalnız bu məsələlər həllini tapsa, elektron təhsilə keçid edilə bilər”.
 
K. Əsədovun sözlərinə görə, uzun müddətdir ki, Gürcüstan bizim indi istifadə etdiyimiz çap məhsulu olan dərsliklərdən imtina edib: 
 
 
"Gürcüstanda şagirdlər 10 kq ağırlığında çantalarla məktəbə getmirlər. Dövlət və Təhsil Nazirliyi şagirdlərin hər birinə planşetlər verib. Həmin planşetlərə ölkənin Təhsil Nazirliyinin hazırladığı elektron dərsliklər yüklənib. Şagirdlər tədris müddətində lazımi elektron dərs vəsaitləri və internetlə təmin olunub. Bizdə isə təəssüflər olsun ki, elektron dərsliklər, ümumilikdə, elektron təhsil demək olar ki, fəaliyyət göstərmir. Sadəcə olaraq, Təhsil Nazirliyinin elektron dərsliklərlə bağlı saytı var və oraya ənənəvi dərsliklər yüklənib”. 
 
Bir müddət əvvəl valideynlər Təhsil Nazirliyinə şagirdlərin çantalarının ağır olması və dərs vəsaitlərinin çoxluğu ilə bağlı müraciət etmişdi. Təhsil nazirinin müavini isə valideynlərə müraciət edərək bildirib ki, təqdim olunan dərsliklər, onların sayı, çəkisi uşaqlar üçün  nəzərdə tutulan normadan artıq deyil. 
 
Ekspert bildirib ki, nazir müavinin dediklərində həqiqət var: 
 
 
"Bu gün məktəbə çanta ilə gedənlərin demək olar ki, hamısı ibtidai sinif şagirdləridir. Yuxarı siniflərdə isə təəssüf ki, şagirdlər kütləvi olaraq, çanta götürmürlər. Azərbaycanda istənilən sinif üzrə tədris olunan fənlərin sayı 8-9, bəzən 10 olur. Qonşu dövlətlərdə və ümumilikdə, dünya təcrübəsində belə bir fakt var ki, ibtidai siniflərdə fənnlərin sayı 5-i, yuxarı siniflərdə isə 6-7-i keçə bilməz. Ola bilər ki, bizdə istifadə olunan dərsliklərin çəkisinin 70-80%-i beynəlxalq standartlara uyğun olsun, amma say fərqi var. Məsələn, Amerikada da kitabın çəkisi 1 kq-dır, bizdə də. Amma Amerikada məktəbə gedən şagird kitabla yanaşı, test, çalışma dəftərləri və s. aparmır. Ona görə də, çəki etibarilə beynəlxalq standartlara uyğun olsa da, çantaya qoyulan vəsaitlərin sayı digər ölkə məktəblilərinin istifadə etdiklərindən dəfələrlə çoxdur. Eyni zamanda, istənilən məktəblinin çantasını valideynlərin qoyduğu ərzaqları çıxardıqdan sonra da çəksək, fərqi görərik.
 
"Lakin elektron təhsildən istifadə etsək, bir sıra üstünlüklər - əyani dərs vəsaitlərin sayı azalması, rahat hərəkət, mobillik, sürətlilik kimi üstünlüklər əldə edə bilərik. Əgər ciddi problemlər olmasa, valideynlər də bu məsələlərə görə nazirliyə müraciət etməzlər”, - deyə K. Əsədov qeyd edib. 
 
Kamran Əsədov deyir ki, ümumi statistikanı təkcə paytaxt məktəblərinə görə ölçməməliyik. Regionlardakı məktəblərdəki vəziyyəti də nəzərə almaq lazımdır. 
 
"Eyni zamanda, müəyyən problemlər hətta Bakı kəndlərindəki məktəblərdə də yaşanır. Paytaxt kəndlərində fəaliyyət göstərən məktəblərdə internetdən, kompüterdən istifadə demək olar ki, sıfıra bərabərdir”. 
 
Azərbaycanda və dünyada baş verən iqtisadi çətinliklər, manatın devalvasiyası elektron təhsilə təsirsiz ötüşmür. Çünki kompüter və planşetlərin alınmasına da xeyli vəsait xərclənir. Lakin ekspert elektron təhsilə keçid bu cür problemlərin və əlavə xərclərin aradan qalxmasına gətirib çıxaracaq:
 
 
 
"Dövlət hər bir sinif üzrə dərsliklər paketini prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, şagirdlərə pulsuz verir. Hər il buna görə, dövlət büdcəsindən milyonlarla vəsait ayrılır. Əgər elektron dərsliklərə keçid etsək, hər kəsə planşetlər veriləcək və bu, bütün tədris müddətində istifadə ediləcək. Bu zaman Gürcüstanda və digər ölkələrdə olduğu kimi hər il milyonlarla vəsaiti dərsliklərə və müəlliflərə xərcləməmiş olarıq. Ümumi götürsək, devalvasiya elektron təhsilə keçiddə ciddi şəkildə təsir göstə bilməz. Dünyada və ölkədə baş verən iqtisadi çətinliklər və manatın devalvasiyası elektron təhsil kimi az xərc tələb edən, böyük nəticələr əldə edilə bilən yollar seçməyə sövq edə bilər. 
 
Hər il bir neçə dəfə çap olunan test kitabçalarında müxtəlif yanlışlıqlar aşkarlanır və kitabçalar yenidən çap edilir. Ekspert bildirir ki, bu, əlavə xərclərin artması deməkdir:
 
"Bu gün dünya təcrübəsində test tapşırıqları sadəcə olaraq, bir neçə nüsxə çap edilir. Bütün bunlar kütləvi şəkildə elektron formada hazırlanır. Biz hələ də, 70 il əvvəlin tədris sistemində qalmışıq. Əlbəttə, dərsliklər vacibdir və düşünülə bilər ki, effektiv nəticə verməyə bilər. Lakin dünya təcrübəsi sübut edib ki, dərslər elektron formada keçirilməli və mənimsənilməsi daha asan formada keçirilməlidir”. 
скачать dle 12.1
Xəbər lenti